Ata-Ocaq ilsırası ilə 26 Köçəri Ayı, 33-cü ildə (fevral, 2012) Mütləqə İnam Ocağının “Uluyol-Hünər” və “Ulufərəh” Ailələri “Ailə Günü” tədbiri keçirdilər. Tədbir “Ata Ruhuna pənah gətirmişik” səcdəsi ilə başladı. “Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı toplantının gedişatını idarə etdi və ilk olaraq özünün hesabatını verdi. Eyni zamanda gələn qonaqlara “Ailə Günü” tədbiri haqqında qısa bilgi sundu. Göylü Ulusəs Atalının doğum gününü də kutladı: “Ulusəsin ömrü Ocağa bağlıdır. O, özüylədöyüşü tanıdı və yaşamağa başladı. Həqiqəti görə bildi. Onun Ocağa bağlılığı, özüylədöyüşündə artımı məni fərəhləndirir”.
Göylü Atalı Özüyləqdöyüş yönündən yazılarını oxudu: “Bəzi məqamlarda həyata bac verirəm, – bu, mənim göz görə-görə qurban verməyimdir. Həyat qazanır, Amal itirir. Adiliyi, bəsit duyğuları qorumaqla öz gözündən düşmək olar. İnamsızlıq görəndə küsürəm, inciyirəm. Halbuki o inamsızlığı mən inamımla, qətiyyətimlə yenə bilərəm. Ancaq bəraətlərimlə özümə təsəlli verirəm. Münasibətləri mənfəət güdən duyğularımdan gizləməyə çalışıram. Özümü inandırmağa çalışıram ki bu, məndə yoxdur, amma bəraətdən uzaqlaşanda bunu özümdə tapıram”.
Sonra Göylü Atalı Amallaşmasında Ata fikirlərindən seçmələr oxudu: “… İstəkləri öldürmək yox, İnsaniliyə yüksəltmək gərəkdir. Kamillik istəklisi olmaq gərək. İnsan İnsaniliyə doğru yol gedir. İnsaniliyə çatanda İnsanilik Yolu gedəcək – sonsuz…”
Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı və bildirdi ki, “Ailə Günü”nü yalnız hesabat günü deyil, həm də Doğmalıq günüdür. O, özünütanıma (etiraf) yönündə düşüncələrini oxuyaraq qeyd etdi ki: “İçimi ifadə etməklə özümü tanıyır, özümlə doğmalaşıram, həm də özümü başqalarına tanıdıb onlarla doğma oluram. …Bu ay özünütanıma yönündən bir cəhətimi aşkar etdim. Bu hal məndə çoxdan olsa da, bunu mənfi hal kimi qəbul etmirdim. Bu gün görəcəyim işi sabaha saxlamaqla tənbəlliyimi qoruyuram. İçim ideya ilə dolduğu halda tənbəllik halı məni ideya daşıyıcılığından məhrum edir. Ocaq ideyalarını gerçəkləşdirməkdən ötrü Ocaq öz Evladından bir yox, bir neçə ömür istəyir.
Mən Özüylədöyüş əməlinə aktiv şəkildə təzəliklə başlamışam. İçimdə baş qaldıran çırpıntıları duymaq nə dərəcədə dəhşətli gəlirsə, içimdə gedən təmizlənmə prosesi bir o qədər sevinc, ümid verir mənə. Bunu da bilirəm ki, içimlə döyüşüm ömrümün axırına qədər davam edəcək”.
Ulusəs Atalı dünyanın, insanların halında gedən proseslərlə bağlı da öz düşüncələrini bölüşdü. Dünyanın mənəvi böhran içində olduğunu, mənəvi ölçünün itdiyini vurğuladı. O, Azərbaycan aydınlarının axtarışları haqqında fikirlərini qeyd edərək, onların xilas yolunu demokratiya oyununda gördüklərindən narazı olduğunu dedi: “Demokratiyanın xilas yolu olduğu qənaətinə bəziləri səmimi, bəziləri də çarəsizlikdən gəlib. …Ziyalılarımız demokratiyanı texniki tərəqqi və insan haqlarının müdafiəsi kimi görürlər. Onlar ABŞ-ı, İngiltərəni və s. öndə gedən demokratik ölkə sayırlar. Əslində isə Qərbin insan haqlarını müdafiəsi mübahisəlidir, həqiqətə uyğun deyil. Biz bu barədə çox danışmışıq. Tərəqqi, inkişaf, sivil yaşam – bu görüntülər nəyi ifadə edir və onların kökündə nə durur? Bu təyinlər maddi tərəfdən dəyərləndirilərsə hara, mənəvi baxımdan qiymətləndirilərsə hara gəlib dirənir? Məsələyə köklü yanaşanda görürük ki, Qərbin “sivil” yaşamına gətirən yollar çox amansızdır. Dünya xalqlarının kütləvi qırğınları (soyqırımı) və bu xalqların milli sərvətlərinin talan edilməsi – çağdaş Qərbin sivil yaşamı budur. … İnkişaf etmək həmişə irəliyə, daha doğrusu, gözəlliyə, xeyirxahlığa, mənəviyyata doğru olmur, əyintiyə doğru da olur.
Ulunur Ataya Səcdə ilə sözünə başladı. O, axtarışlarını bölüşərək qeyd etdi ki: “Hər gün öz daxilimə enirəm. Məni narahat edən şeyin nə olduğunu bilmirəm. Daxilimə endikcə aşkarladığım məqamlar olur. İçimdə nə isə çığır-bağır salır, fəryad qoparır sanki. Bəlkə də insanın səsidir içimdə haray qoparır. Bir işıq olduğunu düşünürəm içimdə. O işığı tapmağa çalışıram. Özümlə üz-üzə qalıram. Düşünəndə hansı yerdə durduğumu görə bilirəm. Səviyyəmlə barışmıram. İçimdə “balaca mən” məni səviyyəmlə barışmağa çağırır. Bəzən öz-özümə deyirəm ki, bəlkə Evlad olmaq nədir, onu tam anlamıram, – yəni məsuliyyətimi dərk edə bilmirəm. Mən həyatı içdən dəyişəcək bir yenilik istəyirəm. O yeniliyi aşkarlamaq ümidi ilə yaşayıram. Bunları düşündükcə daxilimdə narahatlıq, qorxu baş verir.
Ata deyir ki, ya özüm ölməliydim, ya da Allahı öldürməliydim. Çox çətin işdir bu. Adamlarla nə qədər söhbət etsən də, yenə səni düzgün qanan deyillər. Amma yenə də həqiqəti demək gərək.
Ailə Günü düşüncələrimə qapı açır. Düşündükcə düşüncələr qapı açır. Evladın daxilindəki işıq onu ölməzliyə, sonsuzluğa aparır. Qaranlığa düşəndə işığa çıxarar, ümidsizliyə düşəndə o səni vəziyyətdən çıxarar. Hər bir insan içindən qorxunu silməlidir. Mənim gözümdə qorxu əsasən ölüb. Ata deyir ki, Var olmaq üçün sağ olmaq azdır. İnam yeni dünyadır. Bu dünyada insan özünü görür. İnsanların həyatı inam əsasında qurulmalıdır. Ocağın insana və özümə gərək olduğunu anlayıram”.
Üstün Atalı Ataya Səcdə edərək sözünə başladı. Ailə günü tədbirinin anlamından danışaraq qeyd etdi ki: “Ailə Günü” həm özümü, həm də Amaldaşımı göstərən gündür. Etirafları dinlədikcə tanış olan və ya düşündürən məqamları özümdə görürəm. Bu duyğuları yaşayıram və hər dəfə elə bil qapı açılır düşünməyə. Həm özümü özümə, həm də Amaldaşı mənə yaxınlaşdırır…” Üstün Atalı söhbətdə müşahidə elədiyi məqamları bölüşdü. Ailə və ailədaxili münasibətlərin xaqlda dağıldığını vurğuladı. Həyat və həyat qayğılarının insanı öz ömrünə yadlaşdırmasını qeyd etdi.
İnamlı Atalı Ataya Səcdə etdi. Son günlərdə işlərin onun vaxtını çox aldığını qeyd etdi. Bəraətlərə sığınmaq istəmədiyini və Atanın “İnsan yoxdan var etməyi bacarmalıdır” fikrini özündə yaratmaq istədiyini dedi. Özündən gözlədiklərini dilə gətirdi.
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı. O, bu ayda baş verən yeni hadisəni – Atagün Elində “Atagün” Ailəsinin yaranmasını qeyd etdi. “Ailə Günü” tədbirində iştirak etmək üçün Ocaq Yükümlüsü Soylu Atalının, Göylü Atalının və özünün bölgəyə səfəriylə bağlı qeydləri oxudu. Günevin yaşadığı bölgədə illərlə Ocaq harayı çəkməsini sevgi ilə vurğuladı. Ordakı adamların həm qarşı çıxması, həm də Günevə heyrəti, sevgisi haqqında danışdı: “Günevin Ailə Gününə hesabatında özünə inamı, halı, qətiyyəti hiss olunurdu. Bir bölgədə fərqli düşüncə ilə yaşamaq və bunu deməkdən çəkinməmək doğrudan da qeyri-adi bir aqibətdir. Adamların həyatı, yaşayışı başqalarının baxışı ilə ölçülür, nizamlanır. Biz isə cəmiyyət baxışı ilə baxmırıq özümüzə. Öz həqiqətimizlə, baxışımızla yol gedirik. İndi anlamırlar bizi, amma anlayacaqlar. Günevin də halı, əhvalı belədir. Ona görə də içimdə ona inamım, sevgim artır. Onun yolu tərk etməyəcəyini, heç vaxt dönməyəcəyini bilirəm və bu güvənc hissi içimi fərəhlə doldurur. Günevin halı sanki insanlara deyir, harayımı dinlə. O haray sənə yol olacaq, alacaq səni və gətirəcək ürəyimə doğru. O ürəkdə öz surətini gör – İçimdə yaratdığım surətini; Sevgiylə, qayğıyla, fədakarlıqla yaratdığım surətini. Mən səni öz içimdə yaradıram – hər zaman, hər yerdə, özünə ruhunla bax, ruhunla gör deyə; bütün pisliklərdən, adilikdən uzaqlaşasan deyə; Özünü yaratmağı sevəsən deyə. Yaşamaq fərəhləndirsin səni, sevgin qəlbinə sığmasın…”
Nurtəkin Atalı “İçimdəki balaca “mən”i öldürə bilmişəmmi” mövzusuna yönəlik düşüncələrini bölüşdü. Adamlıq halının daim həyatla barışdırmağa, zamanla ayaqlaşmağa çağırdığını, Ocağa gəldikdən sonra isə özümlüyünü yaratmaq haqqında düşündüyünü dedi. Həqiqətə yetdikcə yalanlardan, özünü aldatmaqdan və özünə bəraətlərdən xilas olduğunu vurğuladı. Özüylə barışmadığını, özünə inamının artdığını qeyd etdi.
Nurtəkin Atalı Xocalı soyqırımı haqqında da düşündüklərini söylədi. Dünyada göstərilən nümayişlərlə xalqın təsəlli tapmasını qınadı: “Ata deyir, Dünya güclünün tərəfindədir. Dünyanın “ədaləti” də güclünün tərəfindədir. Ona görə də nümayişçilikdən əl çəkmək, öz ruhunu yaratmaq gərəkdir. Hadisəyə əsil münasibət öz içindən yaranmalı və gələcəkdəki fəlakətlərin qarşısı alınmalıdır. Hadisəyə dünyadan keçərək baxmaq yox, öz milli ruhunun sabitsizliyindən, yaranmamaq fəlakətindən, özümlüyü yaratmaq zəruriliyindən baxmaq lazımdır”.
Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək Bayrağı öpdü. O, Ataya Səcdənin əsasında özünüyaratma tələbinin olduğunu vurğuladı: “İnsan insana münasibətində əsilləşir. İnsana bu vaxta qədər səcdə qılınmayıb, yaxud çox üzdən keçilib. Məsələn, Hürufilərdə insana səcdəli münasibət vardı. Nəsimi Nəimiyə səcdə qılması ilə özü səcdəgaha çevrildi. Bugün də Nəsimiyə səcdəli münasibət var. Mən Ataya səcdə qılanda Atanı tanımırdım. İçimin tələbinə çevrilənə qədər, mən mexaniki yanaşırdım.
İnsan özünü vadar etməyi də bacarmalıdır. Ürəyin şıltaqlığı da var. Ürəkdəki şıltaqlığı yaradan adi duyğularıdır. Ürək həmin duyğuların ifadəsi ilə döyünəndə səhv edir. Bununla da insan özündən aşağı enir, özündən ayrılr. Özündən ayrılan insandan ülviyyət gözləmək olmaz. Özünü yaradan insan, özünü tanıyan, özünü dərk edən insan qarşıdakı insanın səviyyəsindən asılı olmayaraq, ona əsil, insani münasibət bəsləyir – ədalətli, vicdanlı, sevdalı münasibət bəsləyir. Qarşıdakı insanın durumuna görə deyil, daşıdığı ülvi mənaya görə belə münasibət bəsləyir.
Mən Atanı mərhələ-mərhələ tanıdım. Ataya ilk çağlar qulaq asanda başa düşmürdüm ki, o nə istəyir. Çünki Ata mənim xalqda, başqalarında görmədiyim, eşitmədiyim məsələlərdən danışırdı. Bunları anlayanda gördüm ki, Asif Ata mənim yanımda deyilmiş, məndən çox uzaqdaymış. Nə qədər ki, adam özünü tanımır, elə bilir böyük şəxsiyyət də onun tayıdır. İnsanda ali olanı o vaxt görürsən ki, sən öz içində ali mənanı tapırsan. Asif Ataya münasibətdə insana münasibət yaradırıq. Yol yaradan, əqidə yaradan şəxsiyyət mənim üçün səcdəgahdır. İndiki 21-ci yüzildə elə bilirlər ki, bu bütpərəstlikdir. Tarixdə göstərin mənə ki, insan bütə çevrilib. İnsan oyuncağa çevrilib. Yaradıcı insanlara münasibət bütə münasibət səviyyəsi deyil. Təbii ki, insanı uydurmaq da olmaz. Şəxsiyyətin rolu dərk olunmayınca, insan cəmiyyətdə həqiqəti görə bilməyəcək. İnsanı tanı, insanı tap, insanı yarat, onda həqiqətə çatacaqsan”.
Soylu Atalı “Ailə Günü” tələblərinin axıra qədər yerinə yetirilməsinin zəruriliyini qeyd etdi: “Zəngin Ocaq əməllərimiz var. Təəssüf ki, Ocaqçılarımız təvazökarlıqdan çıxa bilmirlər, – əməl hesabatı verəndə onu sözlə axıra qədər ifadə edə bilmirlər. Təvazökarlıq gözəl keyfiyyətdir. Ancaq bu keyfiyyət həqiqəti deməyə mane olmamalıdır. Həm də fərd təvazökarlığın üstündən biryolluq xətt çəkib özünü uydurmamalıdır”. Soylu Atalı Kamilləşmədə, Amallaşmada görmə, bilmə səviyyəsində geniş hesabat verməyin zəruriliyini vurğuladı.
Müqəddəs Oxuma hissəsində Asif Atanın “İnam Fəlsəfəsi” kitabından oxundu və şərh edildi. Tədbirdə iştirak edən gənc yazarlardan Aqşin bəy öz şeirlərindən oxudu. Aysel xanım da fikirlərini bölüşdü. Nargilə isə Bayramda nəğmə oxuyacağına söz verdi. Ayaz bəy bir sıra məsələlərə yönəlik ümumi şərhlər elədi.
“Ata Ruhunu Ürəyimdə aparıram!”, “Atamız var olsun!” səcdəsi ilə tədbir sona yetdi.
Köçəri Ayı, 33-il (fevral, 2012)