Xəbərlər

Əkbər Qoşalı. -FƏRƏHMİ? -FƏRƏH!

Asif Ata hələ sağlığında əfsanəli bir insandı. Mən onu yalnız bir dəfə canlı görmüşəm – öyrənci vaxtlarımdı, Şəhidlər Xiyabanı səmtindən avtobusla ötürdüm, evladlarından biri ilə Şəhidlər Xiyabanına doğru addımladığını gördüm: – başı dik, üzü işıqlı, addımları mətin, özündən əmin və fərəhli..! Sonralar Asif Atanı yaxından tanıyanlarla söhbət etdikcə, öncələr oxumadığım əsərləri ilə tanış olduqca Asif Atanın yaradıcılığının məhz (daha çox) fərəhə səslədiyini, fərəhli olduğunu gördüm; fərəh onunçün alqışdı, duadı! Fərəh Asif Ata yaradıcılığında sanki xüsusi bir kateqoriyadır.

Fərəhli olmaq ümidli, inamlı, dönməz olmaqdı. Bizim fərəhli olmağa ehtiyacımız çoxdur. –Fərəhəli olmasaq, torpaqlarımızı yağı tapdağından necə azad edərik? Özümüz fərəhli olmasaq, başqalarını sabaha necə səslərik? Fərəhli olmayanın sözü cəlbedici olarmı heç?

Ayrı-ayrı ölkələrdə yaşayan fikir adamlarının yazdıqlarından da oxuduğum, özümün də gəldiyim qənaətə görə, fərəh fərəhi çəkir, fərəhlər çoxalmaq, dalğalanmaq, yayılmaq xassəsinə malikdir. Əlbəttə, burada çox incə bir məqam var: fərəhli olmaq, boş-boşuna gözləmək, əlini əlinin üstə qoyub oturmaq, yaxud əl-qolunu yaınına sallayıb veyl-veyl gəzmək deyil; fərəh işə, çalışmalara səsləməsi ilə yanaşı, məhz iş (yaradıcılıq), uğur… bəzən ilk addım özü fərəhin qaynağıdır. İş (yaradıcılıq) fərəhə, fərəh işə (yaradıcılığa) bağlıdır, bu hadisələr bir-birini tamamlayınca gözəllik saçılır, ömür-gün çiçək açır…

Mən Asif Ata Ocağının üzvü deyiləm, Ocaq evladları ilə üst-üstə düşməyən fikirlərimiz də var, təbii. Mən Asif Atanı filosof kimi qəbul edirəm, mənəvi evladlarısa peyğəmbər kimi; mən Asif Ata yaradıcılığını elmi müzakirələrə açıq qiymətli əsərlər kimi qəbul edirəm, evladlarısa toxunulmaz müqəddəs qaynaq kimi. Ancaq bir məqam dartışılmazdı: Asif Ataya kimin hansı ünvanı, mənəvi təyini yaraşdırmasından asılı olmayaraq, yaradıcılığına, şəxsiyyətinə biganə qalınmayacaq, gələcəkdə də oxunacaq, öyrəniləcək qeyri-adi, fərqli (çox fərqli), bir sözlə, böyük fikir adamıdır. Bilirsiz, bizdə belə bir ümumiləşmiş fikir olub: sanki böyük filosoflarımız uzaq keçmişdə “qalıb”, onlar da biləvasitə dini ibarələrlə yükümlü əsərlər yaradıblar; çağdaş dövrə yaxın filosoflarımızsa, ya ədibkən filosof sayılıblar ya da güncəlliyini itirmiş sosrealizm (Marksist) filosofları olublar. Asif Ata filosofluğu bütün bu və bənzəri yanaşmalardan fərqli yola sahibdir. Kimin qəbul edib-etməməsi, kimin bəyənib-bəyənməməsi, kimin öyrənməyə ehtiyac duyub-duymamasından asılı olmayaraq, çox zəngin mütaliəli, coşğun ilhama (vəcdə) sahib bir bilginin ömür sərf etdiyi cild-cild əsərlər gözardı edilə bilərmi? Əsla yox!

Bir də, axı Asif Ata bizimdir, özü­müzündür; dünya filosofları içrə üzümüzü ağ edən, fəlsəfə bayrağımızı qaldıran nadir şəx­siyyətlərdəndir. Bu özümlüksə bir daha bizi özümüzə inama səsləyir, bu torpağın, bu ölkənin bu mədəniyyətinin ürəticiliyini bir daha göstərir, təsdiq edir. Bütün digər məziyyətləri bir qırağa qoysaq, yalnız elə bu fakta görə Asif Atanı oxumağa, öyrənməyə dəyərdi…

Sayğılarımla

 

   

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir