Xəbərlər

“Ulufərəh” Ailəsinin “Ailə Günü” keçirildi

“Ulufərəh” Ailəsinin “Ailə Günü” keçirildi

Xəzan Ayının 30-u, 33-cü ildə (oktyabr, 2011) Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağının “Ulufərəh” Ailəsi aylıq mərasimini keçirmişdir. Tədbirdə Ailə Evladları ilə bərabər başqa Ocaqçılar və Ocaqsevərlər də iştirak etmişdir.

“Ata Ruhuna Pənah Gətirmişik!”səcdəsiylə “Gün”ün açılışı oldu və Ailənin Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə sözünə başladı. Öncə Amallaşma-Kamilləşmə -Xalqlaşma hesabatı verdi: “Asif Atanın “Ruhani Sənədlər” kitabını öyrənməyə başlamışam. Amalı öyrənməyimdə yeni çalarlar üzə çıxarıram. Atanı öyrənmək adamı həyatilikdən ayırır, Amala daha sıx bağlayır. Adam özündə güc tapır və ruhani mənada qolu-qanadı açılır”.

Sonra Göylü Atalı Asif Atanın “Kilsələrdə müqəddəslik yoxdur; məscidlərdə müqəddəslik yoxdur” fikrini izah elədi. Daha sonra özünü tanıma yönündə düşüncələrini dilə gətirdi. Maddiyyatçılıq əsarətindən duyğularının tam xilas olmadığını söylədi: “Ocaq tələblərinin çətinliyini yaşayıram. Ancaq heç vaxt həvəsdən düşmürəm, özümə inamım da azalmır. Sadəcə Özüylədöyüşün zəruriliyini, əqidə üçün bu əməlin aliliyini getdikcə dərinliklərdə dərk edirəm”.

Bundan sonra Türkel  Atalı Ataya səcdə ilə sözünə başladı. O, ayrı-ayrılıqda bir neçə məsələlərə toxundu. Öncə “Ata Günü” Mərasimi haqqında yaranan təəssüratlarını söylədi. “…Ocağın ömürləri bu dərəcədə nizamlaması, ömürdə ciddi yön yaratması insanın yerə-göyə sığmayan qələbəsidir. Məncə bu nizam yazılmalı, sabaha çatdırılmalıdır ki, ənənəyə çevrilsin. “Gündəlik” tutulmalı, yazılmalıdır. “Gündəliy”i yazmasan, yaşadığın zənginliyi bada verirsən, ənənəyə çevrilməkdən məhrum edirsən.

Hal sabitliyinə yönəlik fikirlərim: Fikrimi Ocaq Yükümlüsünə yönəltmək istəyirəm. Ocaq Yükümlüsünün hal sabitliyi məncə hamıya məlumdur. Ocaq Yükümlüsü heç vaxt “belə də”, “halım pisdir” ifadələri işlətmir, yazdığı Gündəliyində də bu sözə rast gəlmədim. Çünki o, qarşısındakına içinin, ruhunun halını bildirir. Bilir ki, gerçəklik qaçılmazdır. Ona görə gerçəkliyin qayğısını gerçəklikdə saxlayır. Gərəkəndə o qayğını qayğıkeşcəsinə yoluna qoyur. Başqasının halını, diqqətini özünün gerçək qayğıları ilə məşğul eləmir.

Gerçəkliyi beyində yük eləyib pis ola-ola yaxşıyam demək olmur. Soruşarlar ki, niyə yaxşısan, qalarsan sözsüz. Hər kəsin içində pis olmağın səbəbləri doludur. Ona görə hər kəsə zərrə qədər qığılcım vermək bəsdir ki, alışsın və adiliklərini sadalasın. Hər kəs bir-birinə yük olmaqdan ləzzət alır.

Tanıdığım qədər heç vaxt Günev əmidə də görməmişəm üzündə sönüklük, şikayət əhvalı olsun. Mənə elə gəlir, onda da bu cəhət öz təsdiqini tapıb. Daim içi qaynayır. İçinin odu, Ocaqla nəfəs aldığı gözlərindəki işıqdan, üzündəki yenilməzliyindən görünür. Ortaya qoyduğu, təsdiq elədiyi ömürdən görünür. Ürəyində əbədi günəş var. O günəş ki, onu sığmaz eləyir…”

Üstün Atalı  Atanın “Təməl” kitabı üstə düşüncələrini bölüşdü: “Ata İnsanı inandırmaq üçün əfsanə qoşmadı, onu inamıyla, idrakıyla, mənəviyyatıyla, iradəsiylə üz-üzə qoydu.

Ruhani öyrənmə adamın içində bir çox suallara cavab verir. Adam yaşadığı günün qiymətini bilir. Bu gün məzmuna çatdım, ya biçimdə qaldım; Sabahlaşa bildim, yoxsa bugündə qaldım?!

Biz həyatda qayğılarla yaşayırıq: məktəb qayğısı, ailə qayğısı, tələbə qayğısı. Ömrümün hər məqamında qayğı mənə dağ kimi görünüb. Ancaq Ata deyir ki, bir qayğı var – İnsanlaşmaq. Axı sənin qayğı bildiyin nədir? Sadaladıqlarımı hər kəs həyatında yaşayır və ötür, – mən də daxil olmaqla. Lakin qayğı birtmir.

Öz daxilini necə qurursansa, cəmiyyət də elə qurulur. Ola bilməz ki, daxilində Ocaq yansın və onun istisinə heç kim yığışmasın. Özümün susqunluğumdan çıxmağımı bu bitməyən qayğıya həsr olunmaqdan uzaqlaşmağımda görürəm.

Ocaq Yükümlüsü Soylu Atalı Ailəçilərin çıxışlarına yönəlik münasibətini bildirdi və dəyərləndirdi: “Balaca ağılla, balaca həvəslə, balaca səviyyəylə heç bir vaxt xalqa söz demək mümkün deyil. Bir atımlıq barıt ki, eldə deyirlər, bir atımlıq barıtın olar. Gərək elə qurulasan ki, elə geyinəsən ki, çıxanda borana düşsən də, məhv olmayasan. Adamı Adamlıq səviyyəsi ilə çıxardarsan toplumun içinə ki, iş gör, o məhv olar.

Bir var fərdi keyfiyyətlər, bir də var xəlqi keyfiyyətlər. Fərdi keyiyyətlər insanın əsasən toplumda tərbiyəsini ifadə eləyən səviyyədir. Xəlqi keyfiyyətlər isə daha böyük məsuliyyət qoyur qarşıya, – xalqı yaratmaq lazımdır. Xalqı məhv eləyən səbəblər nədir, bu səbəbləri müəyyən eləyirsən özün üçün. Özünü bütün dünyanın gedişatına qarşı qoymalı olursan. Ocaqçılıq, qəribə çıxmasın, dahilikdir. Ona görə hər kəs Ocaqçı ola bilmir…”

Sonra Soylu Atalı Asif Atanın “Din İnamla əvəz olunmalıdır; Siyasət Həqiqətlə əvəz olunmalıdır; Maddiyyatçılıq Ruhaniyyatçılıqla əvəz olunmalıdır” ideyalarına yönəlik fikirlər səsləndirdi. “İnsan özü içində Həqiqətə yetməyincə ona elə gələcək ki, bu deyilənlər nağıldır. Ağıl insana çox şeylərdə mane olur. Bir var ağıl, bir var idrak. İdrak ağılın ruhani səviyyəsidir. Amma gerçək ağıl insana mane olur. Filan şey eləmək mümkün deyil, özünü həlak eləmə. Cəmiyyətin dediyini deyir. Çünki ağıl topluma bağlıdır. Cəmiyyətin halına bağlıdır. Ondan fərqlənmir, fərqlənmək istəmir.

İnsan qüsurunu ardıcıl özünə deyə-deyə ondan əl çəkə bilir. İnsan gərək özüylə məşğul olsun. İçiylə məşğul olsun”.

Soylu Atalı Asif Atanın İnsana baxışını izah etdi. Dinin, elmin, siyasətin insana baxışını Atanın baxışı ilə rədd etməyin gərəkliyini vurğuladı: “Siyasət insanın insana inamının qırıldığı nöqtədir. İnsan insanın gözünün içinə baxır, ona inanmır. Üzündə deyir dostumsan, qardaşımsan, bacımsan, anamsan, içində isə şübhəylə yanaşırsan, görəsən bundan mənə xeyir gələr, yoxsa ziyan?! Bax, bu, siyasətdir artıq. Burdan başlayır siyasət. Gözünün içinə baxa-baxa içində ayrı hava çalırsan. İnsan insana, təbiətə, dünyaya sağlam, doğru, səmimi münasibət bəsləyə bilmirsə, mütləq fırıldaqla məşğul olacaq. Mütləq məkrlə məşğul olacaq. Hamının bir-biri ilə arasında siyasi münasibətlər var, Ruhani münasibətlər yoxdur. Həyat ona görə bu gündədir. Dünya ona görə bu gündədir. Ona görə insanı basıb əzir, – siyasət də basıb əzir, din də basıb əzir, Allah da basıb əzir, hamı basıb əzir insanı. Asif Atanın yönü İnsana doğrudur.  O deyir: sən öz içindəki mənanı tanı, məzmunu tanı, ona qalx, onda görəcəksən dünya necə olur. Bizim Zərdüştümüzdən başlayan, Atada Mütləqləşən Yoldur bu”.

Soylu Atalı bugünün gedişatına da münasibət bildirdi: “Siyasi mənada Türkiyəni  Amerika idarə eləyir, Azərbaycanı hamı.  Amerika da idarə eləyir, Rusiya da, İran da. Belə çıxır ki, Azərbaycanın, ya Türkiyənin həyatındakı bütün problemlər hamısı yalnız siyasi məsələlərə bağlıdır. Deyil! Toplum, birdən-birə Sovetlər dağılandan sonra, elə bil ki, o bağdan açılan kimi hamısı məscidlərə üz tutdu. Hamı başladı “mömin” olmağa. Müsəlmanların içində bir adam göstərin, sağlam olaraq özünün içiylə məşğul olsun. O, mücərrəd, ona aid olmayan Allahla məşğul olur. Vətənlə, millətlə, ümumiyyətlə, məşğul olmur. Çünki İslam mane olur. Deyirlər əsil İslam ayrı şeydir. Deyirəm ki, əsil İslam ayrı şey deyil. Bu gün İslam nədirsə, əsil İslam odur. VII əsrdən başlayan, mənası, məzmunu, ibadəti, hamısı odur.

Türkiyəylə Azərbaycan doğmalaşmayacaq. Çünki şiəlik Türkiyəni qıcıqlandırır, qısqandırır. Yaxın gəlməyəcək. Şiəlik vasitəsiylə İran onu əzməyə çalışır. Həm də şiəlik Azərbaycanı İranın ayağına bağlayır. Vəhhabilik onun kimi. Nurçuluq – “Amerika İslamı” qoymayacaq Türkün birliyi yaransın. Çünki siyasət dinə dayanır, ayağını dinə dayayır. Zəmin odur. Çünki din xalqın hisslərinə, içinə hakimdir. Xaqın içində bir müqəddəslik ehtiyacı var. Müqəddəsliyi öldürürlər və ona hakim olurlar. Xristian türk, buddist türk, musəvi türk, müsəlman türk… Müxtəlif mədəniyyətləri qafasında gəzdirən türkü bir araya gətirmək mümkün olmayacaq. Ona görə də zaman-zaman türk milləti öz içindən yaranan Asif Ata Dünyabaxışına gəlib çıxmalıdır”.

Tədbirdə iştirak eləyən Ocaqdostu Ağşın Ağkəmərli iştirakından məmnunluq bildirdi və Atanın türk ulusu üçün zəruriliyini bölüşdü: “Bəlkə də bu gün burda səsləndirilən Asif Atanın ayrı-ayrı sözlərinə  başqalarında da rast gəlmək olar. Ancaq bütövlükdə onlarla bunun arasında böyük bir fərq var. Onlar səni başqa yola aparırdı, yarı yoldan ötürürdü. Amma Asif Ata səni özünə qaytarır. Bütün varlığı, bütün müsbət gözəl cəhətləri səndə canlandırır. Dərdi deməklə yanaşı dərmanı ortaya gətirmək məqamı var. Asif Atanın Yaradıcılığında heç kimə bənzəməyən bir böyükülk var ki, bütün tarixi dəyərlərini sənin özünə qaytarır. Buna dayanıb Vətənini, dövlətini qura bilərsən…”

Şair-publisist Namiq Hacıheydərli “Ocaq tədbirində ilk dəfə iştirak etsəm də, sizin Yolunuza, işinizə bələdliyim var. Dəyərli fikirlərinizdən zövq aldım” dedi.

“Ailə Günü”nün sonunda “Ataya Axşam Ricası” və “Dünyadakı Mütləqlə Axşam Təması” deyildi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsiylə Gün başa çatdı.

 

2 Yağış Ayı, 33-cü il. Sumqayıt.

(noyabr, 2011).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir