Xəbərlər

Soylu Atalı. Türkün İnamçılıq Dönəmi (Asif Ata – 76)

Asif Ata
Asif Ata

Asif Ata – 76

 

Soylu Atalı

 

Türkün İnamçılıq Dönəmi

 

Ürəyinizdə Günəş olsun sayğılı sabahdaşlarımız!

Bəşəriyyətin tarixi çox keşməkeşli bir tarixdir. Bu tarixin mərkəzi xəttində biz ən çox fatehləri oxuyuruq və onlara pərəstişi müşahidə edirik. Fatehlərə pərəstiş edən insan miskin varlığa çevrilmiş insandır. İnsanın da miskin duruma düşməsində xurafatın əvəzsiz rolu var. Xurafat insan qəlbindən asılmış daş kimidir, onu böyüməyə qoymur. Cəmiyyət xurafatla nəfəs alanda Bəşəriyyətin içini qaranlıq bürüyür. Bəşəriyyət mahiyyətindən ayrıldıqca heyvani xarakterlər onu idarə edir. Xalqların, əlində silah tutaraq bir-birinə cumması heyvaniliyin güclü olmasına şərait yaradır. Bəşəriyyət insanlığı problemlə üz-üzə qoyub. Onu həll etməyin yollarını tapa bilmir.

Dünyanın tənəzzülə endiyi belə bir vaxtda Asif Ata İnsanlığa İnam yaratdı və onun harayını çəkməyə başladı. Türkün bağrından qopan bu İnam onun mahiyyətini bütün dolğunluğu ilə ifadə edib bəşəri səviyyəyə qaldırır.

Yaşadığımız yüzili Türkün yüzili (əsri) sayırlar. Bunu ona görə edirlər ki, bir sıra türk xalqları bağımsızlıq əldə edibdir. Ancaq bu bağımsızlıq ruhani məna daşımır. Habelə türk dövlətləri öz coğrafi sınırlarının içində bərqərar olsalar da, onların siyasi bağımsızlıqları qismən təmin olundu. Təəssüf ki, türk xalqlarının xəlqi yönü özümləşməyə doğru deyil. Mədəniyyətləri, iqtisadi, siyasi quruluşları, idarəçilikləri bütünlüklə yadlıqlardan təşkil olunubdur. Əgər bu gedişatla razılaşsaq, onda yaşadığımız yüzili Türk yüzili adlandırmaq özünü doğrultmaz.

Biz, Mütləqə İnam Ocağı da, indiki yüzili “türk yüzili” adlandırırıq. Ona görə ki, Asif Atanın başladığı Mütləqə İnam Dünyabaxışı ilə və İnam Fəlsəfəsi ilə Türkün Özümləşməsinin təməli qoyulmuşdur. Bəşər xalqlarının siyasi xaos içərisində bir-birinə yağı kəsildiyi bir zamanda Asif Atanın İnsanlaşma Təlimi – Türklüyün mahiyyətini və keyfiyyətlərini yüksək səviyyədə təqdim edir. Bununla da O, Yeni Bəşər sivilizasiyasının üfüqlərini işıqlandırmağa təkan vermişdir. Bu Təlim – İnsanlığın, Türklüyün, Bəşəriliyin xilası üçün böyük bir başlanğıcdır. Bunu öyrənmək və öyrətmək gərəkdir. Azərbaycanda biz əlimizdən gələni edirik. Bu gün Türk Dünyasının ən çox oturuşmuş gücü hesab olunan Türkiyəmizdə də aydınlarımızdan diqqət umuruq.

Ruhaniyyat – xalqı yaradan əsaslı bir hadisədir. Ruhaniyyat – milləti Bəşər səviyyəsinə qaldırır, bəşəriyyəti dağınıq duruma düşməkdən qoruyur. Biz millətin etnik keyfiyyətlərinə müdaxilə edib onu içəridən dəyişən və özünə yadlaşdıran hadisələri ruhaniyyat saymırıq, ruhaniyyat pərdəsi arxasında gizlənən siyasət sayırıq. Bu gün bəşəriyyətin tapındığı dünyabaxışlar ruhani gücünü itirmiş durumdadır. Onların sağlam ideyalarla əvəzlənməsi gərəkdir. Asif Atanın təqdim elədiyi ideyalar belə bir siqlətə malikdir. Bu ideyalar aşağıdakılardır: Mütləqə İnam, İnsanlaşma (Kamil İnsan), Ruhani Cəmiyyət (Xəlqi Birlik), Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər. İnformasiya xarakterli bu yazıda ideyaları geniş təqdim etmək imkanımız məhdud olduğu üçün hələlik davam eləmirik. Asif Atanın ömür yolundan isə qısaca bilgi vermək istəyirik.

 

Asif Ata (Asif Qasım oğlu Əfəndiyev) 1935-ci il, sentyabrın 25-də Qaraqoyunlu mahalının Çaykənd kəndində doğulmuşdur. İbtidai təhsilini burada almış, sonradan ailəlikcə Ağstafa şəhərinə köçmüşlər. Orta təhsilini Ağstafada bitirdikdən sonra Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olmuş, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Moskva Asif Atanın ilk özünütəhsil mühiti olmuşdur. Yatmağı istisna olmaqla tələbəlik həyatı kitabxanalarda keçmişdir. O, bəşəriyyətin mənəvi, ruhani irsini tamamilə öyrənmişdir. Fəlsəfənin, ədəbiyyatın, tarixin, mifologiyanın, musiqinin ən dərin qatlarına qədər enmiş və özü üçün mühüm nəticələr çıxarmışdır. Burada o, öz türkçülüyünü tanımış və kimliyini dərk etmişdir. Türk ulusunun dağınıq olması, Azərbaycanın parçalanması onun düşüncələrini içəridən tarıma çəkmiş və böyük axtarışlar yoluna salmışdır. Türk Ulusunu ruhani və siyasi əsarətə salan səbəbləri ciddi araşdırdıqdan sonra bu qənaətə gəlmişdir ki, türkün mahiyyətindən doğan Yeni Dünyabaxışın yaranmasına və onun fəlsəfəsinin yazılmasına böyük bir ehtiyac var. Bu zərurət Asif Atanı Bakıya qaytarmış və fəaliyyətə yönləndirmişdir. İlk olaraq ədəbi tənqiddən başlamış və zaman-zaman özünü imperiyaya və onun ideoloji nüfuzuna qarşı hazırlamışdır. Elə ilk addımlarındaca (60-ci illərdə) Sovet DTK-sının təqiblərinə məruz qalmış və bütün imkanları məhdudlaşdırılmışdır. 8 il çapdan məhrum olmuş, ətrafla əlaqələri nəzarətə götürülmüşdür. 70-ci illərdə elmi yaradıcılığa keçmiş, müəyyən mənada diqqəti özündən uzaqlaşdırmağa çalışmışdır. 1975-ci ildə ADU-nun böyük tədbirlər salonunda “Etik və estetik tərbiyə” klubu adı altında görüşlər keçirmiş, İdeya və istəklərini təqdim eləməyə başlamışdır. Bununla da Təqiblər, Yasaqlar yeni mərhələyə qədəm qoymuşdur. Doktorluq işinə xitam verilmiş, elmi dərəcəsinin əlindən alınması haqqında göstəriş verilmişdir. İşdən qovulmuş, təkrar 13 il çapdan məhrum edilmişdir. Antimarksist, antikommunist, antisosialist, pantürkist, klerikalist, hətta faşist epitetləri ilə damğalanmışdır. Böyük məhrumiyyətlər içərisində yaşayan Asif Ata 1979-cu ildə gizli fəaliyyətə keçmiş və Ruhaniyyat Ocağının əsasını qoymuşdur. İllər boyu cəmiyyətlə əlaqələrdən təcrid edilmiş Asif Atanın 1982-ci ildə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən ailəsi dağıdılmışdır. Azyaşlı yeganə oğlu anasının himayəsində qalmış, Asif Ata isə kirayələrdə yaşamışdır. Ancaq hər yerdə kirayə sahiblərinə təzyiqlər göstərilmiş və Asif Atanı öz yurdunun baş şəhərində didərgin salmışlar. Asif Ata bu təqiblərin heç birindən sınmamış və ruhani mücadiləsindən dala çəkilməmişdir. Gizli olaraq Ocağının Qaydalarını yaratmış, tək-tək Ardıcıllarını yetirmişdir. Həmçinin İnamının Təlimini və fəlsəfəsini özündə əks etdirən Kitablarını yazmışdır (bu kitabların sayı 45-dir).

Asif Ata 1997-ci il iyunun 5-də səhər saat 5-də hipertoniya xəstəliyindən vəfat etmişdir. Ölümündən 7 il öncəki vəsiyyətinə görə onun nəşini Günev Atalının Beyləqanda yaratdığı Amal Bağında torpağa qoyduq. Bir gün sonra mollaların həşir salıb özünəyadlaşmış kütləni ayağa qaldırması ilə qəbir açılmış və Asif Atanın nəşi Ağstafaya – ata-anasının uyuduğu qəbiristanlığa köçürülmüşdür. Bu işdə dövlət orqanlarının müdaxiləsi də mollalara dəstək vermişdir…

Asif Atanın barmaq sayda davamçıları onun Ocağını ölümündən sonra qorudular və bu günə qədər Asif Atanın işini davam etdirirlər…

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

 

 

AAO

One thought on “Soylu Atalı. Türkün İnamçılıq Dönəmi (Asif Ata – 76)

  1. Bu cur dozulmez omur yasayasan ve qaca-qovda Muqeddes Kitablarini Yaradasan.Heqiqetende tekrarolunmaz Omurdur!Insan seni her bir isgenceye(ister menevi istersede fiziki)meruz qoya sende evezinde Onun xilasi ucun bunlara dozub Ideyalarini yazasan.Seni doyeni seni soyeni evezinde Ucaldasan,Boyudesen Kamillik seviyyesine qaldirasan.Asif Ata(Inam Ata)sizleri xilas etmeye gelmisdi siz miskinlerse Ondan qorxduz mehv etmeye calisdiz.Ancaq anlamadinizki Ata Serqden Dogan Gunesdir Onu hec ne ile mehv etmek,perdelemek olmaz!Onun Nesinden bele qorxdunuz siz “Uzaqgoren mollalar”.Atanin harada defn olunmasindan asili olmayaraq artiq Onun Yaratdigi,Qaladigi Mutleqe Inam Ocagi sonmezdir,qarsisialinmazdir fedakar Evladlari sayesinde.Asif Atanin Dogulusu beserin Nicati Oldu!Turkun Inam Atasi,Peygemberi oldu!Butun Insanlara Ata Gunesi dileyirem.Atamiz Var Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir