Qardaşım İnam Evinin mahiyyətini andatdı. Hər bir inancın özünün ünvanı olub. Buddistlərin məbədləri, zərdüşt məbədləri, sonra səmavi dinlərin məscidi, kilsəsi, sinaqoqu olub. Bizə görə çatışmazlıqlar olub insana münasibət baxımından. Həqiqət nisbi mənada, ədalət nisbi mənada, azadlıq, vətən anlamı, İnsanlıq, ruhaniyyat nisbi mənada öyrədilib. Ata deyirdi bunlar bəşəriyyətin yarım işıqları idi gəlmişdilər. Ancaq səmavi dinlərin olduğu yerlərdə getdikcə qaranlıqlar artdı. İnsanı elə günə saldılar ki, bu gün insan mənəviyyatdan, müqəddəslikdən daha çox hərisliyə meyillidir. Fərasətli sözünü fırıldaqçı, rüşvətxor, nanəcib adamların ünvanına deyirlər. Ona görə Asif Ata mənəvi ehtiyacdan ortaya çıxdı. Asif Ata Ocağının bütün işlərini bu ehtiyacı ödəmək üçün qurdu: kitablarını, Evladlarını, İnam Evini. 11-ci il, Ata Ayının 27-də Ataya söz vermişdim. Bəlkə də fərqinə varmadan demişdim. Eləyə biləcəm, eləyə bilməyəcəm, axı buna güc çatmır. Adi bir kəndçi, minimal gəlir ilə dolanan bir şəxs sinəsinə döysün ki, mən bu işi görəcəm (İnam Evi tikəcəm). Ailəsi var, uşaqları var, onları dolandırmaq var. Ancaq o istək vardı. Ataya söz vermişəm. Bir də ki, bu işin gərəkliliyi Ataya verdiyim sözdən az önəm daşımır. Sonradan mən bu işin gərəkliliyini bütün varlığımla dərk edirdim. O daşı daş üstə qoymaq, o divarları yaratmaq burda xüsusi söz deyəcək. Müxtəlif maneələr oldu. Bir-birinin ardınca çox maneələr yarandı bu işə qarşı. Ancaq döyüldükcə, söyüldükcə bərkidik. Bunun üstündə məni döyüblər də, kənddən çıxardıblar da. Ailəmin əlindən tutub çıxmışam, müəyyən dövr sonra yenə yavaş-yavaş qayıdıb davam eləmişəm. Axı qaçmaq olmaz düşüncənin arxasından. Dəqiq tarix yadımda deyil, toplumun (iyirmi, iyrimi beş adamla) qatqısı ilə (fotoları var) İnam Evinin özülünü tökdük. Kənd adamlarının qatqısı ilə oldu. Hamısı yox, rəğbətçilər gəlmişdi. Sonra yenə dövr-dövr etirazlar başlayırdı, sonra onu sakitləşdirmək üçün müəyyən bir gediş edirdik, yenidən bir də başlayırdıq, bir də… Sonra elə oldu ki, adamlarda heyrət yarandı. Bizim kəndin dörd bir tərəfindəki kəndlərdə məscid inşa olunub. Hər axşam-səhər azan səsi qulaq deşir. Bizim kənddə o alınmadı. Dinçilər çalışdılar, bütün gücü ilə çalışdılar, alınmadı. O heyrətin, İnam Evinin tikintisinin sonucu idi. İnam Evinin tikintisinə yönəlmiş inadımız iş gördü, bu inad heyrət yaratdı. Bu gün onların içində İnam Evini ziyarət eləmək istəyənlər var, bir-birindən ehtiyatlanırlar, gəlmirlər. Ancaq İnam Evinin həyətinə qızıl töksən bir nəfər ona yaxınlaşmaz. Həmin o etirazçılar, haray salanlar belə. Bunun hamısını sadalamağa gün çatmaz hansı aşamalardan, hansı narahatçılıqlardan keçdik. Ancaq hər biri yerişimizi deməzdim, uçuşumuzu yaratdı. Axına qarşı uçuş. Yerişimiz demək azdır. Bu gün, xırda işləri çıxsaq, İnam Evi hazırdır.
Yeri gəlmişkən bir məsələni də deyim, Elana ən çətin məqamlarda arxamda dayanıb, çiyin-çiyinə olub. Atanın torpağa qoyulduğu dönəmdə, bütün kəndin, qohum-qardaşın üstümüzə qalxdığı bir zamanda öz sözünü dedi, həmin söz dillərə düşdü. Atanın Amal Bağında basdırılmasına dirəniş göstərirdilər. Mən deyirdim, döşəməni söküb Atanı orda basdıracam. Elana da bu inadın arxasında duranda addımı dala qoydular. Ancaq onun bu işə qarşı bir boz baxışı məsələni başqa cür həll eləyə bilərdi…
İnam Evinin anlamı nədir?! – Biri var ehkamla insanın beynini yükləmək, sənin xilasın göydəki gözə görünməzdədi, biri də var orda insanın özünü xilaskara çevirəsən, orda vətən anlamı öyrədilə. İnam Evi İnsanlığın ünvanıdır. Bu ünvanda insan özü ilə uğraşmalıdır, özünün yaradıcısı olmalıdır, bunun hesabatını verməlidir. Bu baxımdan İnam Evimizin Günü özəldir.
İnam Evinin özülü töküləndə Göylü, Nurtəkin zərif əlləri ilə daş tökürdülər. Bax, bu hünər, bu sevgi, bu inam İnam Evinin anlamını daha yaxşı anladır. Göylü Beyləqana görüş üçün getmişdi, görüşü baş tutmadı, gələndə (görüşə xərcləyəcəyi pula) 5 kisə sement alıb gətirdi. Belə yaranır, aqibətlər budur.
Bu gün hansı düşüncə ilə hər kəs evlərindən çıxıb bura gəliblər, – İnam Evi Gününü gerçəkləşdirməyə. Burada elə bir hal yaranıb ki, mən yaşadığımı düşünürəm. Yaşamaq mənim üçün bu deməkdir. Sizə sevgimi, sayğılarımı bildirirəm. Sizə İnsanlığın ən böyük neməti olan heyrət eləyirəm.
Atamız Var olsun!