Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Ailə Günü” Törəni
Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 39-cu ildə (fevral, 2018) Asif Atanın Mütləqə İnam Ocağı “Ailə Günü” törənini həyata keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ruhsal Günümüzə başlayırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir. Onların adına ayağa dururuq. Onlar həmişəlik Ocaqdadırlar.
İndi isə bir neçə məqama ciddi toxunmaq istəyirəm. Ata niyə Ocağı yaratdı? Əslində Ocağın yaranması “Yol” kitabının “Ocaq Məramı” çağırışında var. Ocaq hansı zərurətdən yarandı deyə Ata orada çağırışlar edir. Ancaq mən bunu burada qabartmaq istəyirəm. İnsan həyata gəlir. Əslində həyata bəlirsizlik içinə gəlir. Həyat nədir, İnsan kimdir, Dünya nədir, necədir? Bunu insan bilmir, dərk eləmir. Həm də bu biliksizliklə, dərk eləməməklə ömrü başa vurur. Bəs niyə gəlmişdin həyata? Doğrudur, doğulmaq bizdən asılı deyil. Ancaq bunun nədənini dərk eləmək bizim iradəmizdən asılıdır. Asif Atanın dünyabaxışı çox aydın cavab verir. Deyir gəlmişəm, öz Mənama çatım, ona uyğun yaşayım. Ona uyğun yaşadığım sürədə böyük bir təsdiq yolu keçim. Gəlmişəm qalım. Necə qalım? Əlimlə, ayağımla, gözümlə qalmıram. Ruhumla, mənəviyyatımla, kamilliyimlə qalıram. İnsanilik adlı məna daşıyıram. O Mənanı doğrultmağa gəlmişəm. Məna tələbindən gerçəkləşmişəm. Mənanı təsdiq eləməliyəm. Ömrüm mənalaşmalıdır. Dünyada, həyatda yüksək, gözəl nə varsa, hamısını ömrümə gətirməliyəm. Ömrümdə ifadə etməliyəm. Onunla ömürlərə paylanmalıyam, qalmalıyam. Ona görə Asif Ata Ocaq yaratdı. İnsan bu həqiqəti, hikməti dərk eləmək üçün ortam tapmır. Özündən soraqsız, özümlüksüz yaşayır. Qaçır ora, bura. Özünü heç yerdə tapmır. Yaşamı qaranlığa bürünür, insan qaragünlü (bədbəxt) olur. Ata insanı ağgünlü (xoşbəxt) eləmək üçün Ocaq yaratdı. Bəs insanın ağgünlülyü nədədir, necə ağgünlü olmalıdır. Yenə də həyatda bu həqiqəti dərk eləməyə ortam olmadığına görə ağgünlülüyü başqa-başqa məsələlərdə axtarmalı olur. İnsan maddi nemətlər axtarışında olur. Maddi nemətlərdə nə qədər rol əldə edərsə, nə qədər onun içində üzərsə, bir o qədər özünü ağgünlü sayar. Cəfəngiyyatdır bu. Donuz da darıya düşə bilir. Bu onun, bəlkə də, ağgünlülüyüdür, ancaq insanın yox.
İnsanın həyatda özünü tapması üçün ayrı-ayrı baxışlar, düşüncələr ortaya gəlib, axtarışlar olub. Hərəsi insana bir cür vəd verib. Onların hamısının başında ruhaniyyat məsələsi durur. Ruhaniyyat adına yarananlar insana ağgünlülüklər vəd eləyir. Necə vəd eləyir?! – Öləndən sonra ağgünlü olacaqsan. Yenə donuz darıya düşən kimi, Cənnət kefinə düşəcəksən. Cənnət eşqinə, həvəsinə salır səni. Cənnətdə hərşey səni gözləyir. Hüri-pəri, bağ-bostan dinlərin ağgünlülüyünün adıdır. Əslində insanı bəri başdan ölümə məhkum edirlər. İnsan gözüyumlu yaşayır. O Dünya neməti diləyə-diləyə Dünyadan soraqsız yaşayır, Dünyanı dərk eləmir. Heç nəyi dərk eləmir. Ancaq dinlərin ona dediyi ölümdən sonrakı mənasız, cəfəng bir ağgünlülük haqqında düşünür. İnsanı diri-diri öldürməkdir, mənəviyyatını söndürməkdir bu. İnsana qarşı belə bir amansızlıq, haqsızlıq hökm sürür.
İkinci, sosial quruluşlar da insana ağgünlülükər vəd eləyir. Hamısı güzəran vəd eləyir. Ancaq heç biri o güzəranı ona verə bilmir. Niyə? Çünkü güzəranın hər kəsin ixtiyarında olmasını anlayan insan yaranmır. Gərək öncə kamil, ləyaqətli insan olsun, sənin güzəranının uğurlu olmasına qarşı çıxmasın, əlindən almasın. Böyük devrimlər baş verdi. Heç bir devrim insanı ağgünlü eləyə bilmədi. Çünkü heç bir devrim insanın içində baş vermədi, hər biri insanın dışında baş verdi. Hər bir devrim insanın ağlını söndürdü əslində. İnsana yalan vədlər verib həvəsləndirdi, ancaq maddi nemətlərə yenə də seçilmişlər yiyə çıxdı. Bütün olanaqları onlar əldə elədi. Yenə insan qaldı qaragünlü. Ona görə Ocaq yarandı.
Bunların ağgünlülüyünün adı maddi firavanlıqdır. Doğa zəngindir, gözəldir. Ancaq heç vaxt insan maddi firavanlığa qovuşmayıb. Çünkü təbəqələr yaranıb. Adam İnsan olmayıb. Çünkü mənəviyyat dirçəlməyib. Heç kim mənəviyyat səviyyəsində yaşamadığı üçün ədalət bərqərar olmayıb, haqq yerini almayıb. Vicdan əsasında davranış ortaya gəlməyib. Bir yanda dinin vəd elədiyi yalançı ağgünlülük, o biri yanda sosial quruluşların vəd elədiyi yalançı ağgünlülük.
Bəs Asif Ata nə vəd eləyir? Asif Ata əslində vəd eləmir, yetirir. Birinci növbədə, səni sənə tanıdır. Sənə deyir, sən həyata bəlli olmayan bir əhvalda gəlibsən. Ancaq sən özünlə məna da gətiribsən. İçində insanlıq deyə həqiqət, hikmət var. Fəzilətlər, gözəlliklər var. Onların hamısı sənin cövhərində, varlığındadır. Səndən qıraqda deyil. Onları qıraqdan sənə verməyəcəklər. Sən özün içindən üzə çıxardacaqsan. İçindəki balacalıqları yenəcəksən. İçindəki cılızlıqları yenəcəksən. Yendikcə içindəki ucalıqları, insani keyfiyyətləri üzə çıxaracaqsan, yenilməz olacaqsan. Özgürlüyünə qovuşacaqsan, içindəki canavardan özgür olacaqsan. Atada özgürlüyün adı nədir? – İçindəki balacalıqdan qurtulmaq. Hələ sənin içində canavar baş qaldırmayıbsa, heç kimi parçalamayıbsa, bu o demək deyil, sənin için hər şeydən arıdır. O demək deyil, sən kiməsə ağgünlülük verə bilərsən. Əlinə fürsət düşən kimi sən azğınlardan daha azğın olacaqsan. Hamı xalqa qarşı formalaşır, yaşayır. Öz güzəranını, məişətini düşünür. Çünkü içindən özgür deyil. İnsan içindən özgür olmayınca nə dövlətinə, nə millətinə, nə ailəsinə xeyir verə bilər. Asif Ata bunun üçün sənə ortam yaradır. Sənə fəlsəfə verir, dünyabaxış verir, idrak verir, ruhsal göz verir. Özünü gör, anla. Bax, Asif Atanın insan ağgünlülüyünün adı budur. Dinlərin ağgünlülüyünün adı cənnət kefidir. Sosial quruluşların ağgünlülüyünün adı maddi firavanlıqdır. Asif Atanın ağgünlülüyünün adı İnsanlaşmaqdır. İnsanlaşmaqda hər şey var. Adam İnsan olarsa, onda həyatda ədalət bərqərar olar. Nə qədər, Adam İnsan olmayıb həyatda ədalət olmayacaq.
Asif Ata deyir, quruluşun sənə verdiyində yalan var. Yalanla özünü aldatmamaq üçün, öz başını qatmamaq üçün onunla döyüş. Yalanla, quruluşla döyüş. Necə döyüş? İçində balacalıqdan özgür olmaqla başlayırsan. İçində yetkinləşərək, şəri tanıyaraq, sonra toplumsal şəri döyərək. İçində yetkinləşmədən, böyümədən toplumsal şərlə döyüşə bilmirsən, çünkü tanımırsan toplumsal şəri. Çünkü içindəki şər səni aldadır. Deyir o şər deyil, xeyirdir. İçindəki şər çölündəki şərlə doğmalaşır, onu qoruyur. Ona görə gərək içindəki şərdən özgür olasan.
İkinci, Ata deyir, dinin vədlərində, ağgünlülüyündə yalan var. Səni aldadır. Yalanla barışmaq istəmirsənsə, döyüşməlisən. Görürsən dinin yalanları cəhalət, cəfəngiyyat, sürü yaradır. İnsanı kölə durumuna gətirir. Sən isə insanı tapmaq, sevmək istəyirsən, əlinə insan keçmir. Özündə heyvan gəzdirən, hər addımda səni ilan kimi çalan, hər addımda insanlığa xəyanət eləyən birini necə sevəcəksən. Ailədə sənə arvad, ər, oğul, qız gərəkdir xəyanət eləməyən, aldatmayan. Qonşunda qonşu gərək, vətənində millət gərək. Yoxdur. Yaratmalısan. Necə yaratmalısan? Döyüşməlisən. İnsanı sevmək istəyirsənmi? – Yalanla, cəfəngiyyatla döyüş. Yalan şüurumuza, beynimizə girir, mənəviyyatımıza hakim olur. İnsan tapa bilmirik, öyək, şeir yazaq ona. Hər şey bayağılaşa-bayağılaşa gedir. Sən də deyirsən mən bu həyatla barışmıram. Yaxşı həyat deyil. Yaxşı deyil, döyüş. Gəl Ocağa, öyrədim necə döyüşmək gərəkdir. Gəl İnsanlığı dərk elə, mənim fəlsəfəmi öyrən, gör necə döyüşəcəksən. Evinin içində oturmaqla, səhərdən-axşama məişətinin dalınca yüyürməklə döyüş olmur. Hürufilər niyə izlənildilər, öldürüldülər? Çünkü evinin içindən meydana çıxırdılar, söz deyirdilər, şərlə döyüşürdülər. Bizim çağımız hürufilərin çağı olmasa da, qaranlıq həmin qaranlıqdır. Qaranlığa qarşı söz demək gərəkdir hər yerdə. Alimsən elm, təhsil ocaqlarında, fəhləsən müəssisədə, kimsənsə orda. Gücün artdıqca, qüdrətin artdıqca, idrakın böyüdükcə ora sığmayacaqsan. Əgər fəhləsənsə sığmayacaqsan o mühitə. Gedib elm adamlarıyla söhbət aparacaqsan. Sənin idrakın o qədər böyüyə bilər, alimə dərs deyə bilərsən. Mən sizə neçə tədbirdə demişəm. Ocaqçı elə səviyyəyə yüksələ bilər, alim ondan çox şey öyrənə bilər. Alim konkret ixtisas üzrə mütəxəsisləşir. İnsanlığın, həyatın, dünyanın sirlərinə yetmir. Sən ruhaniyyatı öyrəndikcə elmi də sevəcəksən, ədəbiyyatı da. Hamısı sənin içinə axıb dolacaq. Bir bütöv yaranacaq sənin içində. İnsanın varlığında bunlar hamısı var. Musiqi də, şeiriyyət də, elm də, poeziya da var. İnsan varlığında hər şey var, ancaq İnsan hər şeyə sığmır. İnsanın sığmazlığını əlindən alıblar, Ata bundan ötrü yaratdı Ocağını. Bundan ötrü Ruhsal Ailələr yaratdı. Üç adam, beş adam bir araya gəlib Ailə yaratmalıdır. O Ailə ayda bir yol Ailə Günü keçirməlidir. Özüylədöyüş haqqında, kamilləşməsi haqqında, xalqlaşması haqqında hesabat verməlidir. Tədbirə azərbaycanlıların içərisindən insanlar çağırmalıdır. Onlara da öyrətməlidir Atalığı. Ocağa gəldi, gəlmədi öyrətməlidir. Azərbaycan Ocağa çevrilməlidir qurtulsun, Bəşəriləşsin. Bəşər də Ocağa çevrilməlidir. Heç nəyə asan demirik. Ancaq gözümüzü qorxutmur Ocaqçılığın çətinliyi. Çünkü insanıq. Bunlardan yüksəkdə dururuq mənaca. Ailələşdikcə xalqlaşırsan. Ailədən Ailə doğur.
Balacalaşmaq, cücü ömrü yaşamaq ölümdür. Bir az çalışmaq, öz üzərində işləmək gərəkdir. Mənəvi səfalətdən qurtulmaq gərək. Ocaq ondan ötrüdür. Ailələşmək ondan ötrüdür. Yoldur Ailələşmək. Ona görə Asif Ata Ocaqda Ailə yaratdı. İlk Ailə Ocaqkənd adıyla yarandı, Cəlilabadlılardan oluşan bir Ailə. O Ailədən sonra başqa Ailələr yarandı. İlk Ailənin yaranışını Asif Ata Törənləşdirdi. Ailəçiliyin nə demək olduğunu anlamaq üçün, dərk eləmək üçün Ailə Günü Törəni yarandı.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur.
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Gediş Yazımızda qonu qoyulub Ailəçiliklə bağlı, Ailəçilər hansı sorumluluğu daşımalıdır. Soylu Atalı vurğuladı bunları. Ayda bir dəfə bir araya gəlirik. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı veririk.
Toplumda ailə biçimi niyə yarandı? Çünkü insan birey olaraq özünü ifadə eləyə bilmir. O, ailəyə arxalanır. Ailə təkcə biryerdəlik məsələsi deyil. Bir araya gəlmək biryerdəlikdən artıq olandır. Bu, birlikdir. Mənəvi birlik, ruhsal birlik. Yəni fizikidən artıq olan bir şeydir. Ocaqda da Ata Ailə biçimini yaratdı. Ata var, Evlad var, Ailə var. Tamamilə ruhsal birliyə söykənən biçimdir bu. Xalqlar ailələrdən oluşur, ailələr də bireylərdən. Xalqlar ailələrdən oluşur o deməkdir, yəni xalqın gücü ailələrin gücü demək olur. Ailə də bireylərdən oluşur. Ailənin də gücü insanların gücü deməkdir. Ocaqda da belədir. Bir Ocaqçı içində, ruhunda əksilirsə, Ocaq da əksilir. Belə deyək, Göylü var olmayanda Ocaq da əksilir. Anlayıram. Mən “Ulufərəh” Ailəsində təmsil olunuram. Əslində Soylu Atalının icazəsiylə demək istəyirəm, belə Ailə yükümlülüyü olmur. Güntaydan xahiş eləyirəm, yükə yiyə çıxsın. Ailənin bütövlüyü, tamlığı ortada olsun.
Atamız Var olsun!
Soylu Atalı: Doğrudur. Bütövlük, müəyyənlik. Ailənin taleyinə elə yanaşmaq olmaz. Onun, konkret olaraq, ruhsal görəvi var. Onları daşımaq gərəkdir. Elə-belə olmur. Yük altına girilir. Bu məsələnin bir yanı. İkinci, Ocaq Ailəsi, bir də fiziksəl Ailə məsələsi. Ocaq Ailəsi fiziksəl ailənin həm davamıdır, həm də onun göyüdür, zirvəsidir. Niyə? Fiziksəl Ailədə üç faktor var. Ata, ana, övlad. Ruhsal Ailədə iki faktor var. Ata, Evlad. Burda ana yoxdur. Çünkü fiziksəl Ailədə övlad cisimdən doğulur. Ruhsal Ailədə Evlad ruhdan doğulur, mənəviyyatdan doğulur. Ailənin canı, cövhəri ruhdur, mənəviyyatdır. Ruhsal Ailədə Evlad o keyfiyyətlərdən doğulur. O keyfiyyətlərə başçılıq eləyən, yiyəlik eləyən, atalıq eləyən şəxsiyyət olur. Biz ruhsal Ailədə hər birimiz Evladıq. Ata deyir, Ocağın Evladı olmaq Bəşəriyyətin öyrətməni olmaq deməkdir. Ocağın Evladı olmaq sıradanlıq deyil, sıradan çıxmaqdır. Öyrətmənlik, kamillik, şəxsiyyətlilikdir. Cismani ailə ilə Ruhsal Ailənin ayrıntısı odur. Fiziksəl ailənin övladı atanın, ananın körpəsi olur. Ancaq o böyüdükcə, toplumdan qırağa çıxdıqca həm də özünü toplumda ifadə eləyir. Bu elə ruhsal keyfiyyətə yüksəlmək deməkdir. Ocaqda Ruhsal Ailənin yaranması insanı sürünün içində adiləşməkdən qurtarmaq üçündür. O anlamı onun ağlına yeritmək, ömrünə gətirmək üçündür. Ruhsal Ailə fiziksəl ailənin göyüdür. Cismani ailə ruhsal səviyyəyə qalxanda, ailə özündən yüksək olur, öz anlamına bərabər olur. Əgər bu olmursa, heyvanat səviyyəsinə enir. Heyvanatçılıqla ailənin heç bir ayrıntısı qalmır. Heyvan kimi döl vermək, soy artırmaq azdır. Təkcə bu ailə anlamını doğrultmaz. İnsan öz mahiyyətinə yüksəlirsə, onda analıq görünür, bilinir, atalıq görünür, bilinir, övladlıq görünür, bilinir. Onda o ailə heyvanlıqdan, biolojilikdən yüksəyə qalxır. İnsanlaşır.
Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Adamların yaşayışı insani anlama uyğun olmadığına görə arzuları bütünlüklə məişətə, gerçəkliyə bağlı olur. Adam məişətə bağlı arzularına çatmağı Allahdan umur. Get-gedə adamların durumu, yaşamı çox sürətli üzü aşağı gedir. Mənim çatışmayan cəhətlərimdən biri də, hər kəs kimi, gerçək baxımdan həyata bədbin yanaşmağımın qalmasıdır. Baxmayaraq, Ocaq ölçüsüylə içimi yaratmaq arzularım var, ömrümü böyük mənəvi istəklərə yönəltmək istəyindəyəm. 26 illik cismani yaşamda yeniyetməlik çağından üzü bəri hansısa arzular olub, nə əldə eləmişəm? Bir də Ocaqçı kimi yaşamımla hara gəlib çıxmışam? Bir neçə müddətdir Ocaqçı sözünün sorumluluğu məni rahatsız edir. Doğurdanmı layiqəm bu ada? Əsasən də keçən ay iş rejimimin sıxıcı olması bu haqda məni daha çox düşündürdü. İş rejimi zamanımın çoxunu ona verməyə zorlayır. Əhvalım qalxıb-ensə də, nikbinliyim məni tərk eləmir. Belə anlarda sakitliyə çəkilib Ata ilə təmasda olmuşam. Ricanı demişəm. O anda içimin ucalmağı, işıqlanmağı özümə sığdırmayıb məni. Çox uzun çəkməsə də bəlli qədər fərəhli əhvalımla düşüncələrimlə olmuşam.
17 ildir Ocaqdayam. Necə ola bilər, hələ də bu baxımdan içim tam azad olmasın?! Adamların duyğularının, düşüncələrinin üzdə olduğunu görürəm. Buna görə özümə bu cür yanaşıram, mənim elə olmağa haqqım yoxdur. Ata deyir: “Gərək biləsən, İnsan Mahiyyəti bütövdür. İnsan təbiəti isə ziddiyyətlidir, qarışıqdır. Təbiəti mahiyyətə yüksəltmək gərək.” Bu ziddiyyətli, qarışıq insan təbiətini mahiyyətə yüksəltmək üçün gərgin, əzablı illər yaşamaq gərəkdir Ocaqda. Bu illər qutsal yolda bütöv mahiyyətimə doğru, yəni xoşbəxtliyimə gətirib çıxarır. Özümə inamım nikbinliyimi daha da artırdığına görə “kim olmuşam” sualına daha aydın cavab tapıram. Mənəvi istəklərə sevgimin, ehtiyacımın artdığını bilərək, tükənməyən arzularla yaşamaq tələbi var qarşımda.
Soylu Atalı: İnsan bəzən illərlə rahatsız yaşaya bilir, özünü tapmaya bilər. Mümkündür. Ancaq nə zamansa özünü tapa bilirsə, bu onun ağgünlülüyünün başlanğıcıdır. Tapandan sonra gərək itirməyəsən. Çünkü bir dəfə itirdinsə, dirçəlmək olduqca çətin olur. Bəzən heç alınmır. Ölünün dirilə bilməsi kimi bir şey olur. Dönə-dönə sarsılmışam Ocaqda. Gücüm, inamım azalıb birdən. Görəsən Ocaqda qala biləcəmmi? Türkelin dediyi kimi, bu qədər vaxtda Ocaqda olmuşam. O qədər sarsılmışam. Baxmayaraq, bu qədər böyük işlərin peşində olmuşam. Hesab eləməyin, Ocaqlaşmaq sadə bir məsələdir. Ocaqlaşmaq göydə yaşamaq kimi bir şeydir. Gərək qanadın ola, göydə yaşaya biləsən. Ayrı cür mümkün deyil. Mən o qədər görüşlər keçirirdim, səfərlər edirdim. Birdən sarsılırdım. Deyəsən bu toplum düzəlməyəcək, insan dəyişməyəcək, millət əmələ gəlməyəcək, bəşər belə gedəcək. Ağlıma gəlib belə şeylər. Sarsılmışam. Birdən necəsə güc baş qaldırıb, ağlım, halım yenilənib – bu yolu başlamısan, geri dönmək olmaz. Geri baxma məsələsi çox böyük nikbinlikdir. Çox böyük addımdır, təkandır. Bizim nağıllarımızda da var. Geri baxma. Geri baxsan, daşa dönərsən. Ona görə qabağa bax. Qabaqda böyük üfüqlər var. Ucalıqlar var. Səni gözləyir. Sənin əlindən tutub yüksəkliklərə qaldırmaq adlı sonsuzluq var. Özgürlük var. Ona görə içimdə həmişə belə bir güc səslənib, geriyə baxma. Ancaq qabağa bax. Qabağa bax, qabaqda Atanı görəcəksən. Ata adlanan güc görəcəksən. Ata mənim üçün elə bir gücə çevrilib. Əlimdən tutdu, sarsıldım, ancaq dayanmağa, geriyə qayıtmağa, çaşmağa qoymadı. Babək də deyir, bir gün özgür yaşamaq, qırx gün boyunduruqda yaşamaqdan daha ucadır. Cəhalətlə, yadlıqla, yalanla barışmayan hürufilərimiz də deyib. İnsan kimi yüksəl, özünə bərabər yaşa.
Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Düz deyirsiniz, Soylu bəy, geri baxmaq olmaz. Hər dəfə mərasimlərdə özümə ölçülər götürürəm. İstənilən Ocaq tədbirlərində. Ancaq nə yazıq, indiyə qədər özümü ifadə eləyə bilməmişəm. Ata qarşısında dəfələrlə söz verib, bu halı adiləşdirmək də istəmirəm. Göylüdən bu gün elədiyi ricanı açığı gözləyirdim. Belə bir söhbət olmuşdu aramızda. Ocaqda Ailə olayı gerçəkdən öz ruhsal məhsuldarlığıyla seçilməlidir. “Ulufərəh” Ailəsində son çağlar zəifləmələr meydana gəlib. Onları zaman-zaman, mənə elə gəlir, birlik içində, doğmalıq içində aşacıq. Bütün problemlərimizi özümüz üçün bəlli eləyəcəyik. “Ulufərəh” Ailəsi Asif Ata Ocağında layiqli yerini qoruyacaq. Ocağımızın görəcəyi işlər qabaqdadır. Eyni zamanda Ocağımızın deyəndə öz üzərimə düşən işi vurğulamaq istəyirəm. Bayaq siz dediyiniz kimi, Soylu bəy, Ata dünyanı dəyişməyi hədəfləyir. Atanın bizdə ruhsal mənada öyrətmən olmaq bəkləntisi var. Bu bəkləntini doğrultmaqdan başqa yol yoxdur.
Soylu Atalı: Sənin sözünə qüvvət deyim. Bəzən geriyə baxmaq gərəkdir. Ancaq geriyə baxmaq qabaqdan qorxub geriyə baxmaq anlamına gəlməməlidir. Qabağa getməkdən qorxub getmək var. Bir də var geridə buraxdıqlarına örnək olaraq baxmaq. Sən ev görüşü ideyası yaratdın, ortaya gətirdin. Atanın 80 illiyini necə yüksək səviyyədə təşkil elədin evində. Necə dalğalandı, əks-sədaya çevrildi o. Qırılmamalıdır, dayanmamalıdır bu işlər. Adamları yığdın stolun başına. Gəldik orda görüş keçirdik, söz dedik. Bundan böyük xalqlaşma olar? Gərək gedib oxulda görüş keçirək? Belə məsələləri bərpa eləmək gərək. Necə bərpa eləyərsən? Elə bir vüqarla, qürurla yaşayarsan, evdəkilərin, qonşuların ona ehtiyacı yaranar. Sənin varlığından ilhamlanar, işıqlanar. Bununku döyüşüymüş, bir atımlıq barıt deyilmiş. Bunları düşünmək gərəkdir yenidən. Bu qədər çətinliklərin olmasına baxmayaraq, içindən sıyrılıb çıxmaq. Getdik nənənə yas mərasimi keçirdik. Camaatın içində iş gördük. Necə əks-sədaya çevrildi o. Dalğaya çevrildi. Bütün bunların hamısı bizim yaşadıqlarımızdır. İndi bunlar bizim yaşadıqlarımız olaraq ömrümüzdə davam eləməlidir. Bizim icra elədiymiz bir məqama bərabər olmamalıdır. Ömrümüzə çevirməliyik davam eləsin. Biz icraçı deyilik.
Güntay Atalı: Biz belə yaşamalıyıq, aqibətimizə çevirməliyik. Onları daha dolğun sadaladınız. Mən özüm də o xatirələrə qayıdanda görürəm, həqiqətən yaşamaq mümkündür. Bu bizim öz əlimizdədir. Həyat qayğıları heç vaxt tükənən deyil. Bu həyat qayğısının əlindən yaxanı çəkə bilmək gərəkdir.
Atamız Var olsun!
Soylu Atalı: Bu hünərlər hamısı nəylə bağlıdır? Hünərlər adamın içindəki təpərlə bağlıdır. Atanın dediyinə inanırsan bir anda. Bir anda deyil, gərək həmişəlik inanasan. Atanın dediyinə inandığın anda addım atırsan. Sonra qayıdıb süstləşməyəsən. Hələ inam içində işığa çevriləndə bu əməllər davamlı şəkildə olur. Dayanmaq olmaz. Üstün bir ilin içində üç-dörd rayona gedirdi. Görüşlər keçirirdi, səfərlər eləyirdi öz xərcləri ilə. Tək-tənha gedib görüşlər keçirirdi. Nəyin hesabına idi bunlar? Qırıla bilməz belə bir hünər, əməl. Dayanması ölüm deməkdir. Bir vaxtlar hesabat verməyə uçurdunuz. İndikindən daha yüksək əməllərlə uğraşırdınız. O ürək sizdədir də. İçinizdədir həmin qətiyyətli, sevdalı ürək. Onu qorumaq, bərpa eləmək durur qarşıda.
Üstün Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ailə Günümüz qutlu olsun. Ailəçilərin tələbləri haqqında geniş deyildi. Ailələşmək üçün gərək birinci növbədə Evlad özünü özümləşdirsin, Ailəyə qovuşsun. Göylü cəmiyyətdəki ailədən danışdı. Ailədə birlik olanda onda o xalqda da özünü göstrərir. Birliyi də nə yaradır? Evladların birliyi yaradır. Mən əgər Ocaq Ailəmdən danışıramsa, gərək öz işimdən, ömrümdən danışam, onda ailəyə qatılmış oluram. Əgər olmursa, ailələşmək, bütövləşmək alınmır. Mən hələ süstlükdən çıxa bilməmişəm. İçim çox qarışıqdır, özüm üçün aydınlaşmamışam. Bəzən olur, hər hansı qərara gəlmək üçün oturub düşünmək gərəkdir. Nizamsızlıqdan çıxmanı bərpa eləyə bilsəm, öz halımı qaytara biləcəm. Bu da aydındır, ancaq özüm eləyəcəm.
Soylu Atalı: Mən dedim, bu boyda əməllər, hünərlər həyata keçirirkən sarsıntılarım olurdu. Sonradan çıxırdım ondan. Neçə il Ocaqda olmasından asılı olmayaraq, hər birimiz, bənzəri sarsıntılar yaşaya bilərik. Olmaya da bilər. Olmamalıdır. Ancaq bu gün istər Üstünün, istər Göylünün, istər Nurtəkinin, istər Günevin (Ocaqda çox illik ömürləri olduğu üçün bunların adını çəkirəm) bunların hər hansı bir səbəbdən çaşması, zəifləməsi ola bilər hardasa. Ancaq ondan çıxmağın mümkünsüzlüyü ola bilməz. Çünkü illərlə Ocaqda düşünəsən, yol keçəsən, nələrdəsə bərkiyəsən, sonra belə bir halın əlində aciz qalasan, bu mənim ağlıma sığmır, sığışdıra da bilmirəm. O açıdan deyirəm ordan çıxmaq sizin üçün çıxılmazlıq deyil. Sizin əlinizdədir. Mən inanıram, siz o əhvalı yara bilərsiniz, yarmalısınız.
Üstün Atalı: Özünü bərpa üçün düşünürəm, yenidən Atanı oxumaq. Adam məşğul olmayanda elə bil özündən aralanır. Buna qayıtmaq, düşünmək. Özümü buna kökləyirəm. İnanıram alınacaq.
Atamız Var olsun!
Soylu Atalı: Başqa hərəkatlardan, çalışmalardan Ocağın bir fərqi də odur. Başqa yerdə birey olmaq olmur. Ocaqda isə olduqca çətindir. Davamlı olanda, davamlı düşünəndə bu çətinlik aradan qalxa bilir. Birey deyəndə mən şəxsiyyət anlamında demirəm. Birey özünü olduğu yerdə görə bilməkdir. Başqa yerdə yerini asan görə bilərsən. Çünkü orda yer yersizliyə bərabərdir. Ocaqda birey kimi özünü yaratmaq üçün ortam var. Çünkü Ocaqda aydın, dolğun tələb var. Yetər, onu davamlı yaşayasan.
Ulunur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Çoxdandır söz demirdim. Bayaq Ocaq Yükümlüsünün dediyi kimi, öncələr hər tədbirdə söz deyirdim. Səbəb o idi ki, indi prosesi görmürdüm. İndi elə bir dönəmdəyik ki, adamı düşündürür. Gəncliyin hansı durumda olması. Bu məsələylə bir yazı yazıram. Gələn Ailə Günündə onu oxumaq fikrim var. Keçən Ailə Günündə Göylü Atalı bir ifadə işlətdi ki, köləliyin ən pis yanı sonda ona öyrəşmək olur. Toplumun ən pis cəhəti odur ki, bu duruma alışıb.
Ailə Günündə deyilən fikirlər fərəhləndirici idi. Düşünürəm.
Soylu Atalı: Çox yaxşı. Hər an düşünmək, özünü görmək gərəkdir. Toplum, mən. Toplum hansı durumdadır? Mənim toplumdan ayrıntım varmı? Toplumun içində ayrı-ayrı aydınlar var. Ancaq ümumi anlamda toplumun durumu qaranlıqdır. Toplumun pis yanını götürürəm. Onun içinə girirsən bataqlıqdır. O bataqlıqda sərbəst nəfəs ala bilirəmmi? Bilirəmsə, balacalığa, köləliyə alışma odur. Yox dözmürəmsə, onda içim mübarizə eşqi ilə dolur. Hər yerdə o bataqlığa qaşı sağlam söz deyirəm. Sözlə ömrüm birikləşəndə, mənim sözüm başqalarına etki göstərir. Tələb yaranır, ehtiyac yaranır.
Soylu Atalı: Ailələrin özünü əməli olaraq göstərməsi ilə bağlı bir neçə söz. Bu çağa qədər görülən Ocaq işləri başqa çalışmalarla tutuşdurarsaq, onda sınırsızlığını görərik. Bizim işlərin sınırsızlığı az qala sonsuzluq demək olar. Bunların içində ən böyük uğur Ocaqçının öz üzərində hansısa bir uğur, hansısa bir məqamda çaldığı qələbədir. Ocağa çox adamlar gəlib, gələcək də. Məsələn, Ruhaniyyat Ocağına bu çağa qədər 200-ə yaxın adam üz tutub. Onların da hərəsinin özünəxas işləri olub. Az olsa da hünər göstəriblər, ortaya özündənkeçmə qoyublar. Ancaq onların ortaya oyduğu iş, fədəkarlıq onların öz yaşamasına çevrilməyib. Ocaq yaşayır. Onlar yaşamır. Niyə? Yenə vurğu eləyirəm. Biz iş adamıyıq. Bundan sonra da Ocaqçıların yüksək əməllərini gözləyirəm. Ancaq hünərlə qüdrət birləşməlidir Ocaqçı ömründə. Birləşərsə, onda Ocaqçı ömrü Ocağa çevrilər. Ocaqdan gedənlər Ocağa gəlib, iş görüb Ocaqdan gedib. Ocaq var, yaşayır, davam eləyir. Ancaq o yoxdur. Söz yox, Ocaq tarixində hər kəsin atdığı addım qalır. Ancaq onun işi ölməzliyinə zəmanət vermir. Ona görə də Ocaqçı dərin Ruhsal idrakla, mənəviyyatla uğraşmalıdır. Ruhsal idrakla uğraşmaq Ocaçını yaradıcıya çevirir. Onun ömrü hünərə çevrilir. İstəkdən, həvəsdən gələn əməl ömrün əmələ çevrilməsindən aşağıda durur. Gərək ömrün özü hünərə çevrilsin, daim gördüyün iş, əməl sənin mənəviyyatına zamin dursun. Onda şəxsiyyət kimi qurulmağın, Ocaqlaşmağın sənin ölməzliyini, yaşarılığını yetirir. Hara gedirsən get, nə eləyirsən elə, əgər ruhsal idrakla uğraşmırsansa, onda həvəsini həyata keçirəcəksən, ancaq özün görünməyəcəksən. Özünün olmağın gərəklidir. Bəlkə fəlsəfi anlamda düşünərsiniz, təki həyat, insanlıq, Ocaq var olsun, mən olmaya da bilərəm. Mən elə düşünmürəm. İnsan var olmayacaqsa, onda nələrinsə var olmasının anlamı itir. Hər şey insanın var oluşuna bağlıdır. Bizim də işimiz insanın var olmasını sağlamaqdır. “İnsanlaşın – İnsanlaşdırın!” “Bəşərin qurtuluşu insanlaşmaqdadır!” Ona görə bu çağırış var. Sənin qurtluşun mənim üçün önəmlidir. Örnəkdir sənin varlığın. Bir var biz daim kağızdan oxuyaq örnəkləri, bir var ömürlərdən. Ona görə Ocaqçı ömrü, əngəlsiz olaraq, öz təsdiqinə doğru yürüməlidir. Məsələnin bu yanı. Başqa bir məsələ, Ocaqçının dünyaya etkisiylə bağlı. Bu da əslində insanın varlığına dayanır. Sən var olmasan, sənin dünyaya etkin də var olmaz. Dünyaya etki göstərmək nə demək? Dünya mənəviyat, ideya, idrak, hətta ideoloji qıtlıq yaşayır. Bu qıtlığı aradan qaldırmaq insana bağlı bir şeydir. Heç kim insanı bütöv görmür, götürmür, dərk eləmir. Hər kəs insanı küçümsəyir. Asif Ata deyir, qurtuluş insana bağlıdır. Qurtuluş insana bağlıdırsa, biz insanı yaratmalıyıq. Atadan qıraqda hamı ideya peşindədir. İdeya peşində olmalısan, ancaq insanla bir olan ideya peşində olmalısan. Tatarıstandan gələn dostumuz nə deyirdi? – İnsan xatalıdır, Günəşin içində insan olmaz. İnsan xatalıdırsa, sən niyə ordan bura gəlibsən? Nəyi sübut eləməyə gəlibsən, nəyi öyrətmək istəyirsən? Bizdən qıraqda, Atanın düşüncəsindən qıraqda hər şey nə qədər bəsitdir. Nə qədər adidir. İnsanda çaşır hamı. Asif Ata başının üstünə qaldırır İnsanlıq bayrağını. Bu başlıca məsələdir. Həm də bu başlıca nikbinlik qaynağıdır. Hər kəs səndə balaca görür, oğru, rüşvətxor, cani, əyri görür. Asif Ata səndə ruh görür. Ona görə yeni dünyabaxış yaradıb. Ona görə onun adı İnsanın qurtuluşudur. Sənə insanlığın anlamını, gələcəyini öyrədir. İnsana inamın göylərə tən olduğunu bildirir. İnsan yoxdursa, sənin göylərin cəfəngiyyatdır. Göylərə sən, insana bağlı olduğu dərəcədə, inana bilərsən. Göylərdən insanı ayırıb, göyləri cəfəngləşdirirsən. Yalançı Allah qaranlığına bürüyürsən göyləri. Göylərin işığı çəkilir başımızın üstündən. Həyatımız qaranlığa qərq olur. Atanın dediyindən üstünü, ötkünü yoxdur hələ. Olacaqmı, bilmirəm. Mən ona görə Atanın dediyinə tapınıram. Ata göylərdə, xatasız olmasaydı, özü necə mənim əlimdn tutub göylərə qaldıra bilərdi? Mənim əlim, ayağım yerdədir, özüm Göylərdə yaşayıram. Ruhum, fərəhim, eşqim göylərdədir. Bunu Asif Ata qaldırdı. Necə qaldırdı? Xatalı ola-ola? İnsan haqqında elə düşünmək eybəcərlikdir. Onu bilən, dərk eləyən Ocaqçı yerində dura bilməz, mübarizə aparmaya bilməz. Ocaq odur. Ocaqla fəxr eləməyənin ürəyi, atası, anası yoxdur. Bu boyda işıq yaranıb yurdumuzda. Uşaq olasan gərək. Korların gözünü açmaq üçündür bu işıq. Karların qulağını açmaq üçündür bu işıq. Lalların dilini açmaq, mənəvi çolaqların ürəyini düzəltmək üçündür bu işıq. Görün, göstərin. Onda görəcəksiniz dünya dəyişir, yoxsa yox?! Hamının biri kimi yerində oturub sayanda heç nə dəyişməz. Kim qalxıb onu dəyişmək üçün?! Asif Ata qalxıb. Sən də deyirsən hər şey əyridir. Əyriliyi düzəltmək üçün Asif Ata sənə işıq yandırdı. Elə bil bizim ağlımız kəsmir Asif Atanın şəklini bayrağın içinə niyə salmışıq. İnsan, insanlıq, ədalət, həqiqət istəmirsən? Mən də onu qaldırmışam da başımın üstünə. Onun simgəsidir. Fəlakət də insandadır, fəlakətdən çıxmaq da. Mənim istəyim budur, istəyimi eləyirəm. Sənin istəyin odur get onda qaranlığa baş əy, cəhalətə qarış. Elə bilirlər biz Atanı bütləşdirmişik. Atanın bütləşməyə ehtiyacı yoxdur. Mən, Soylu olaraq, bunu sizə, Asif Atanı dərin bilən, öyrənən biri kimi deyirəm. Asif Atanın mənim öygümə ehtiyacı yoxdur. Asif Atanın mənim işıqlanmağıma ehtiyacı var. Belə bir ucalıqda dayanmaq, yaşamaq gərəkdir. Belə bir ucalıqdan xalqlaşmaq olar. Sözümü bunula qurtarıram.
Atamız Var olsun!
Ocaq Yükümlüsü Soylu Atalı Yol sözü ilə Evladlıq Nişanələrini Ocaqçılara sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.
Köçəri Ayı, 39-cu il. Saray-Soylu.
(fevral, 2018.)