Xəbərlər

Amalın xalqlaşma yönləri

Asif Atanın ölümündən sonra Mütləqə İnam Ocağının həyatında yeni mərhələ başladı. Bir tərəfdən bölünmələr, ayrılmalar və bunun da müqabilində yox olma təhlükəsi, o biri tərəfdən təcrübəsizlik, böyük bir İntibah Yolunda başsız qalmağın yaratdığı çaşğınlıqlar. Ayaqda qalmaq, mübarizə aparmaq üçün qeyri-adi keyfiyyətlər gərək idi. Düşünmək, böyümək, özünü ötmək, Asif Atanın varlığını – işini, yerişini davam eləmək. Bunun üçün idraki yetkinliyə çatmaq, ruhani biliyə yiyələnmək, mənəvi qüsurlardan təmizlənmək, Atanın ruhani hədəflərini dərk eləmək gərək idi. İdeyaların mahiyyətinə varmaq, ideala münasibətdə dönməz sevgilərlə, İnamla dolmaq, Amalın aşiqinə çevrilmək. Asif Atanın Təlimini, Düşüncəsini, Dünyabaxışını başqa səviyyələrlə yaşatmaq, vermək mümkün deyil. İnsanlaşma yolu ilə ictimai dəyişiklik yaratmaq, həyatda ruhani nizam yaratmaq inqilabi hadisələrlə başa gəlməz. Bu işin müəyyən ahəngə gəlməsi üçün onillər lazım gələcək. Bu onillərə isə eşqli, səbrli, inadlı mübarizlər dözə bilər. Fədakar, təmənnasız, özündən keçməyi bacaran insanların səyi nəticəsində yeni sivilizasiyanın başlamasına inanmaq mümkündür.
Asif Atanın Evladları özlərini belə ağır, şərəfli və fərəhli sınaqlara hazırlayırlar. Bir ürəyin kamillik sevdası baş tutarsa, dünyanın ruhani nizamına yenilik gələr.
Ata Yolu uğur yoludur – İnsanı haqqa çatdırır. Bu haqqı düşünərək səfərlərə çıxırıq, xalqın içinə gedirik, Asif Atanın söylədiyi həqiqətləri bəyan edirik. Onun ölümündən sonra öz təbirincə desək, “Amal xurcunu çiynimizdə” onlarla səfərlər etdik, yüzlərlə görüşlər keçirdik. Bölgələrimiz sevgimizdən doğan haraylarımızı dinlədi. Bu gün səfərlərimiz azalıb, ancaq davam edir. Artacaq, yayılacağıq.

Çünki eşqimiz azalmadı, artdı. Heç nə hünərimizi susdura bilməz. İnsanı tanıdıq, vətəni anladıq. İnsan daxilində Mütləq gəzdirir, o, köləyə, acizə bərabər deyil. Həqiqət, ədalət İnsanla var ola bilər. Azadlıq insanın içində yaranır, emanasiya yolu ilə “Göylərdən” verilmir. Vətən – ali dəyərlərin yaşadığı zəmindir. Vətən insan üçün ali sərvətdir. Ona xidmət göstərmək şərəfdir…
Əvvəllər məktəblərdə çox durduq, gənclərlə görüşlər keçirirdik, çox qapılar açırdıq. Fərəhimizdən yerə-göyə sığmırdıq. Onda Ocağın Yükümlüsü Soylu Atalı deyirdi ki, vaxt gələcək, qapıları üzümüzə bağlayacaqlar, içəri auditoriyalar əlimizdən çıxacaq. Ancaq Amalımızın işi, sorağı dayanmayacaq. Yenə bölgələrə gedəcəyik, açıq havada, küçələrdə, mərkəzlərdə toplaşmış insanların içinə yeriyəcək, sözümüzü deyəcək, ədəbiyyatlarımızı verəcəyik. Bu məsələdə əski dövrlərə dönəcək, tarixdəkilərə bənzəyəcəyik. Həmin vaxt gəldi, məktəblərə girişlərimiz azaldı, qapılar bağlandı. Ancaq Soylu Atalı özü dediyi addımı atdı, örnək oldu. Qubada məktəblərdə görüşlər alınmadığına görə, küçədə topa halında söhbət edən insanlara yaxınlaşaraq Atadan, Amaldan soraqlar verdi, onlara Ocaq ədəbiyyatları bağışladı, ayrı-ayrı əlaqələr quruldu. Bu gün də bu ənənə davam edir. Qar Ayının (yanvar) 30-u şaxtalı, boranlı qış günündə, el dilində desək, qışın oğlan çağında Günev və Elana Atalılar Aran Qarabağda səfərə çıxıblar. Küçələrdə topa halında söhbət edən insanların içinə yeriyir, Atadan, Amaldan soraqlar verir, Ocaq ədəbiyyatları paylayırlar. Budur, Günev Soyluya zəng edir: “Bilirsən hardayıq,  Xalqımıza Amal sevincimizi paylayırıq”. Axşamüstü saat 18.30-dur. Günevin hərarətli səsi gəlir: “Hələ yol gedirik, səfər üstəyik, harda dayanacağıq bilmirik”. Texnologiya dünyasının sakinləri buna necə baxarlar?! Bu durumu anlamaq üçün Eşqi tanımaq gərəkdir. Nəsimi deyir: “Aşiqi-divanəyəm, gəldim ən-əlhəqq söylərəm!” Əslində Günev başqa bir biçimdə Nəsiminin dediyini deyir. Bu, təriflənmək və özünü sunmaq deyil, Azərbaycanın tarixi mahiyyətinin bugündə ifadəsidir.
Təxminən bir həftə öncə Günev Rusiyadan qayıtmışdır. O, Rusiyaya ailəsinin sağlamlıq qayğıları ilə bağlı getsə də, orada Ocaqçılıq əməllərini dayandırmamış, özünəməxsus Amalın tələblərini ifadə etmişdir: “Evdə dayana bilmirdim, sanki havam çatmırdı, boğulurdum. (Özümlə Ocaq ədəbiyyatlarının həm Azərbaycan türkcəsində, həm də rusca variantlarından aparmışdım. Paylayıb qurtardıqca üzünü çıxarıb artırırdım). Evdən çıxıb ayaqla Volqa sahilləri boyunca yol gedirdim. Bilirdim ki, söhbətlərim alınacaq, ədəbiyyatlar paylayacam. Bir adamla salamlaşmaq bəs idi ki, söhbətə başlayım. Alınırdı. İçimin halı, həvəsim, eşqim maraq yaradırdı, dinləyirdilər. Rus dilini kamil bilməsəm də, anladırdım. Kütləvi görüşlərim də alındı. Orada müvəqqəti yaşayan oğlumun köməyi ilə buna nail oldum. Azərbaycanlılarla da görüşlərim oldu. Yerli əhali arasında təbliğat aparan təriqət nümayəndələri ilə, inanclı insanlarla söhbətləşdim. Verdiyim ədəbiyyatları oxuyub yenidən görüşümə gəlirdilər. Mənim dediklərim onların təbliğatlarından daha ciddi maraq doğururdu. Orada yaxın-uzaq qohumlarımız da yaşayır. Günaşırı söhbətlər edirdik. Görüşdüyüm insanların həyatında dəhşətli bir boşluq görürdüm. Anladım, bir daha gördüm ki, İnamın gəlişi xilas məsələsidir. Ona görə də günlərimdə balaca bir boşluq yaranan kimi boğulurdum. Atadan, İnamdan asılılığımı dərk elədim. Soylu Atalının dediyi kimi, “Qürbət hər yerdədir, insan öz içində qəribdir”. İnam Məbədini (Evini) ucaltmağa, insanları Bayrağımızın altına toplamağa tələsiyir içim…”
İndi Günevin səsi Azərbaycanda Aran Qarabağdan gəlir. Atanın harayını çəkir, mənəvi-ruhani ehtiyaclarını, Yurduna, Ulusuna borcunu ödəyir. Açıq havada görüşüm, söhbətlərim çox asan alındı deyir. Əslində Yeniliyin təqdimatı, təbliğatı asan deyil. O da ola ki, arxanda heç bir qüvvənin maddi, fiziki imkanları dayanmaya. Öz içinə söykənirsən, öz İnamına güvənirsən. Yerişini asanlaşdıran, İşlərini yön gətirən Amala olan eşqindir. Özünsən, özünlə bir olmağındır. Asif Ata deyir, özüylə döyüşmək, özünü yaratmaq xalqı yaratmaq deməkdir. Bəli, içini qurmasan evindən ayrılmırsan, xalqın içinə getmirsən, həqiqəti demirsən, İnamın harayını çəkmirsən. Özünü yaradırsan, yəni hünərini, təpərini, fədakarlığını yaradırsan. Xəlqi istəklərini aşkarlayırsan. İctimai həqiqətsizliklə, ədalətsizliklə barışmırsan. Mübarizə Yola çevrilir və Yol gedirsən. Əbədi Yolçuluğu səadətinə çevirmək xilaskarlıqdır…

Ata Ruhu Ürəyimizdədir!

Atamız var olsun!

Qar Ayı, 33-il.

(yanvar, 2012)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir