Xəbərlər

“Anım Günü” törəni

Asif Atanın – İnam atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 45-ci ili
İllər öncə yaşamını itirən Ocaq Evladı Bağbana “Anım Günü” törəni

Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı:  Günümüzə başlayırıq. Bu gün Ocaq tarixində özümüzün bəlirlədiyimiz bir gündür. Yəni konkret hər ilin Çiçək Ayının ikisi bizdə belə bir törən yoxdur. Söz yox, olmayacaq. Ancaq yenə də ayrı-ayrı dönəmlərdə Ocaqda ölənlərimizin adına gün ayırıb toplana bilərik, bir dəfə olmaqla. Bununla belə bir günün oluşumu qutsaldır. Çünkü Ocaq elə bir olaydır, onun yaşamasına ömür ayıran insanlar Ocaq üçün dəyərdir. Ocağın istənilən dəyəri qutsaldır.


Bilirsiniz, bu günü keçirmək mənim özümün bireysəl istəyimdir. Ocağın hər mərasimində deyirik: “Sabahlı, Amaltay, Bağban bizimlədir”. Onların adını anırıq,  onların adına ayağa dururuq. Ancaq məndən soruşsanız, Amaltay üçün ayrıca bir gün keçirmək gərəkdirmi, doğrusu, mən deyə bilmirəm gərəkdir. Niyə? – Amaltay Ocaqda çox qısa arada oldu. Yadımdadır, hərbi geyimdə Atanın qarşısına gəldi. “Birinci Qarabağ savaşı”na qatılmışdı. Gəldi Atanın hüzurunda oldu, ad alıb getdi, sonra da öldü. Yəni əslində Amaltay bilmirdi hara gəlib. Ocağı tam bilməmişdi, dinləməmişdi, öyrənməmişdi. Bununla belə, onun adını mərasimlərdə çəkirəm. Çünkü Ocaqda ola-ola ölüb. Ata ona ad vermişdi. Ancaq belə bir gün keçirmək üçün səbəb olmalıdır. Yəni ortada onun Ocaq ömrü, çalışması, düşüncəsi, işi olmalıdır ki, onu qiymətləndirək. Qiymətləndirmək üçün şəxsin çalışmaları olmalıdır, əməyi olmalıdır, özüylə uğraşması olmalıdır. Ocağa qatqısı olmalıdır ki, bunları dilə gətirim. Gələcək-də bizi düzgün başa düşsünlər deyə deyirəm, yəni gün keçirmək xatirinə olmamalıdır. Biz özümüzü göstərirmiş kimi görüntü yaratmaq olmaz. Eləcə də Sabahlı. Sabahlını mən şəxsən tanımıram, şəklini görmüşəm, iki yazısını oxumuşam. Atanın üslubunda idi. Sonra qadını ilə bağlantı qurdum, oğlu ilə telefon söhbətimiz oldu. Atanın elmi işi ilə bağlı soruşacaqdım, sorumun cavabını ala bilmədim. Sabahlı Asif Atanın yanında Ocağın başlamasından öncə olub. Ancaq  Ata ona Sabahlı adı verib. Ata mərasimlərdə onun  adını çəkirdi. Hələ Bağbanın, Amaltayın ölümünə qədər deyirdi, Sabahlı bizimlədir. Mən də Atanın prinsipinə uyaraq onu qüvvədə saxlayıram. Ancaq yenə deyirəm, ayrıca Sabahlı Ocaq üçün kimdir, mən bilmirəm. Ona görə ayrıca bir anım günü də keçirə bilmirik. Bundan sonrakı dönəmlərdə, hansısa uğurlu bir Ocaqçı öləndən sonra, ona anım toplantısı keçirmək olar. Yenə deyirəm, ortada ömrü, işi olarsa.
Bilirsiniz, mən mərasimlərdə həmişə şifahi söz deyirəm. Ancaq indi Bağbanla bağlı yazdığım yazını istəyirəm oxuyam. Həm Ocaq arvixində, tarixində qalsın, həm də bundan sonrakı kitabımda olsun.

 Ocağın ölümsüzləşən “Bağban”ı

Asif Ata deyirdi: “Ocaq heç bir planda, proqramda olmayan bir olaydır”.
  Başlanğıcda Asif Atanın istəyi ruhaniyyat yaratmaq deyil, milli dövlət yaratmaq idi. Ancaq milli dövləti yaratmağa insan gərəkirdi – satmayan, satılmayan, millətə, dövlətə, insanlığa xəyanət etməyən. Asif Atanın bu işi gerçəkləşdirmək istədiyi çağlar milli düşüncənin, demək olar, susdurulduğu bir dövr idi. Sovet imperiya maşını milli düşüncələrin qətliamını davam eləməyə hazır dayanmışdı. Hər yerdə gözümçıxdıya salınan düşüncə yiyələrinin gözü qorxudulmuş, mənliyi susdurulmuşdu. Belə bir aşamada milli düşüncəni oyatmaq, bəlkə də yenidən yaratmaq gərəkirdi. Axı oyanış hansı özüllər üzərində yürüdülə bilərdi?! – Milli dəyərlərin anlamı dəyişdirilmiş, yalançı qardaşlığın ixtiyarına verilmişdi. Dədə Qorqudun, Babəkin, Nəsiminin, çağdaş yaşamda, insanın düşüncələrini böyüdən, formalaşdıran uzantıları yox idi. Onlar tarix eksponatları kimi öyrədilirdi. Ölçü isə Marksizm-Leninzm antimilliliyindən oluşdurulmuşdu. Bir sözlə, Asif Atanın işi çox ağır idi. Milliliyin, insanlığın dağıldığı bir ortamda əngəlləri aşmaq, qabağa getmək böyük qüdrət tələb edirdi. Bu qüdrəti nə yarada bilərdi?! –  Qorxu, zor, güc üzərində qurulan hakim ideologiyadan dərin, üstün, sarsılmaz bir ideya sistemi. Bu ideya sisteminin adı Mütləqə İnam idi. İnsanlığın Qaranlıq içində görünməz olduğu bir dünyanı işıqlandıran, varlığı aydınlığa çıxaran bir İnamın Ocağı qalanmalı idi. Ürəkləri yalanlardan, riyalardan, qorxulardan arındıran, böyüdən bir Yol yaranmalı idi. Ona görə də “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” dedi Asif Ata.
Yolu elan eləmək onu getmək qədər çətindir. Gözünün odu alınmış bir toplumun içində sənə yol yoldaşı olmaq istəyənləri necə axtarmalı, necə çağırmalı?! – Hər şeyi ayaqlayıb məhv etməyə hazır duran imperiyanın hər yerdə gözü, hər yerdə özünə yad saydığı səsləri dinşəyən qulağı vardı. Bunun üçün Ocağa özündən keçənlər, ölümün gözünün içinə dik baxanlar gəlməli idi. Ancaq Asif Atanın taleyinə ortaq olmaq hər adamın işi də deyildi. Bu adamları tapmaq, seçmək üçün bölgələrə getmək, xalqın içinə çıxmaq – iş aparmaq, Asif Atanın hakim Quruluş üçün qorxulu olan ideyalarından soraq vermək gərək idi. Ocağın işığı yavaş-yavaş hər yerə düşməli idi. Həqiqəti gözlərə göstərmək, qulaqlara duyurmaq – ağılları işıqlandırmaq gərək idi. Bir sözlə, Yol başlamalıydı.
  Ən çətin anlarda bütün bu işləri – Asif Atanın özü görürdü. Sonra Ona inanan tək-tək adamlar bu işə girişdilər. Hədələmələrin, izləmələrin basqısı altında dik duran Asif Ata bu təpəri öz Ocaqçılarına, yeni ruhaniyyat anlayışı ilə desək, Evladlarına da yansıtmağa başlamışdı. Başqa sözlə, Ocağın ilkinlərini yaratmağa girişmişdi. Bu ilkinlərin içərisində Ağdamda doğulub Mingəçevirdə yaşayan ölməz Bağban da var idi. Asif Ata xalqın sıradan bir övladı olan Hüseynov Rafiq Poluş oğlunu öz Ocağının Ruhani bağbanlarından birinə çevirdi. Ona Bağban adı verdi. Rafiq də gerçəkdən Ocaq ruhaniyyatına bağbanlıq eləmək yükünün altına girdi.
Doğrudur, Rafiqin Ocağa gəlişi imperiyanın çöküş illərinə düşürdü. Ancaq qorxu, çətinlik tam aradan qalxmamışdı. Yadlıqları saqqız kimi çeynəməkdən ağızları əyilmiş soydaşlarının ağzının əyrisini düzəltmək asan bir sürəc deyildi. İddialı bilim adamları ilə, komprodorlaşmış sovet “ziyalıları” ilə üz-üzə gəlmək, onların əkstəbliğatına uymamaq, səbrlə doğru bildiyi yolda yürümək – sadə xalq adamlarının bacaracağı iş deyildi. Bunun üçün bireyin Yola inamı dönməz bir düzəyə qalxmalı idi. İnamla demək olar, Bağban o çağlarda belə bir düzəyə qalxmışdı.
  Yadımdadır, Asif Ata Mərasimlərdə Bağbanın uğurlarını dəyərləndirib alqışlayırdı (Təqdir edirdi). Ocaqçıların baxışını onun uğurlarına çəkib örnək göstərirdi. Sevinirdi Bağban kimi Evladının olması ilə. O çağlarda basın orqanları Asif Atanın yazılarını Asif Əfəndiyev imzası ilə çap edirdilər. İlk dəfə “Asif Ata” imzasını, Mingəçevir qəzetlərinin birində, Bağban çap etdirdi. Qəzeti götürüb Bakıya gəlmişdi. Asif Atanın sevincinin sınırı yox idi. Söz yox, Asif Ata bu işə şöhrət məsələsi kimi baxmırdı. Min ildir xalqın şüurunda qaranlıq yayan din geriliyinə qarşı İnamın dirənişi görünməyə başlayırdı. Bu, yeni sivilizasiyanın – “Atalıq-Evladlıq” anlayışları ilə şəkillənən bir əqidə Yolunun xalqın içinə çıxmasının başlanğıcı idi. Ondan sonra başqa basın orqanlarında da “Asif Ata” imzası görünməyə davam elədi. Bağban öz bölgəsində, Ocaq tarixində ayrıca bir səhifə açan, uğurlu işlər gördü. Ancaq amansız ölüm bu işləri davam eləməyə imkan vermədi. Ocaq Bağbansız qaldı. Asif Ata onun ölümünə çox üzülmüşdü. Uzun çağlar kədər onun halından, üzündən ayrılmadı….
Bu gün o çağlardan çox illər keçib. Asif Ata da həyatda yoxdur. Ancaq onun Mütləqə İnam Ocağı öz çalışmalarını, yaşamını sürdürür. Asif Ata Ocağın ölümsüzlük anlamıdır. Onun yolunda yürüyüb ölənlər də Ocağın anlamında – Asif Atanın varlığında ölümsüzləşən Ocaq Evladlarıdır. Bağban bu ilkinlərdəndir.
Biz hər bir Ocaq mərasimlərində onun adına sayğı ilə ayağa durub varlığımızda olduğunu dilə gətiririk, bundan sonra da gətirəcəyik…
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

01 Çiçək Ayı, 45-ci il. Saray-Soylu.
(aprel, 2023).

Ocaq saytında odalar var. Orada ayrıca bir “Bağban” odası yaratdıq, Bağbanın əlimizdə olan şəkillərindən ora yerləşdirdik. Ocağın saytına girənlər ordan baxa bilər. Bu günkü törənimiz başa gələndən sonra bunu səsdən sözə çevirib kitablaşdıracağıq. Kitabı da o odaya yerləşdirərik, qalsın.
Bizim hamımızın varlığımızda Ocaq tərbiyəsi var. Bayaq sözümün başlanğıcında da dedim, bu “gün” Ocaq tarixində birinci yoldur gerçəkləşir. Bu günə qatılmayanlar oldu. Hansı səbəbdən olursa olsun, mən buna haqq vermirəm. Qatılmaq gərək idi, yaxın Ocaqsevərlər də qatılmalı idi. Bu, Bağbanın Günüdür.
İndi sözü sizə verirəm, buyurun.
Atamız Var olsun.
Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bağban haqqında xatirələrimi dilə gətirmək istəyirəm. Əslində Bağban qonusu çətin bir qonudur. Çünkü çoxları onu şəxsən tanımır. Onu tanıyanlardan, fərdi keyfiyyətlərini bilənlərdən biri mənəm. İkimiz bir gündə Ocağa gəlmişik. O, 11-ci ilin 25 Ata Ayında gəldi. Güneylilərdən 7 nəfər gəlmişdi. Bir gündə 7-8 nəfərin Ocağa gəlməsi doğrudan da böyük olay idi. Ondan da öncə 7-8 nəfər Ocaqdan getmişdi.
Bir az gendən gəlmək istəyirəm. 64-cü il idi. Televizor təzə görünməyə başlayırdı. Bir balacası da bizim var idi. “Leyli və Məcnun” operası gedirdi. Onda işığı söndürüb televizora baxırdıq. Bütün ailə üzvlərimiz üst mərtəbədə yığışmışdı. Yüz yaşını keçmiş bir nənəm var idi. O da bizimlə oturub baxırdı. Opera qurtaranda işığı yandırdıq, gördük hamının yaxası yaşdı. Hamı ağlayıb. Onda Arif Babayevin elə çağı idi ki, harayı dünyanı dağıdırdı. Yarı hissəsini də Qulu Əsgərov oxuyurdu. Elə oxudular ki, mən özüm də uşaq idim, ancaq elə heyrətlənmişdim. Yüz yaşında nənəm də ağlamışdı. Bu, ruhaniyyat idi. Bu evdən, bu ailədən mən çıxmalı idim. Eyni halı Bağbanın ailəsində gördüm. Bağban xəstəxanada olanda da getmişdik. Öləndən də bir neçə gün sonra getdik. Getdim, anasının yol çəkən baxışlarını gördüm. Eynilə bu baxışları öz ailəmdə də görmüşdüm. Orda da eyni hissi yaşadım ki, nə gözəl bir əhvaldan ortaya çıxıb Bağban.
Biz dedik, gedirik Bağbanı ziyarət eləməyə. Dedilər getməyin. Yer-göy lərzəyə gəlir atışmadan, vuruşmadan. O kəndin içindən meyidlər daşınır. Biz oturduğumuz mağarda stəkan stolun üstündə qalmırdı. Biz ikimiz, mən, Elana dedik gedək. Ağlımıza gəlmirdi bomba düşər, uşaqlar da körpə. Bizim kəndin cavanları dedilər biz də gedirik sizinlə. İnandırım sizi, o qüvvənin qarşısını almaq mümkün olmadı. Cavanlar hamısı doluşdu avtobusa. Getdik, ziyarət elədik, özünü də, körpəsini də. Orda da yaxşı çıxışımız oldu, söz dedik, dinlədilər.
Ürəyimdə Bağbanla bağlı bir nisgil qalıb. Bağban son anlarında Ocaqçıları görmək istəyib. Bunu onun həyat yoldaşı dedi. O danışdı ki, son məqamları idi, elə gözü qapıda idi. O zaman qohumlardan bir neçə nəfər səs-küylə darvazadan giriblər. Yoldaşı elə bilib Ocaqçılardır. Təlaşla deyib, uşaqlar gəldi. Deyə bilmərəm, elə ondamı nəfəsi dayanıb, ya yox. Ancaq o vaxt başının üstündə bir nəfər olmayıb. Mən uzun müddət ona sızıldadım. O vaxtlarda, doğrudan da, gərək idi. Hansısa səbəblərdən olmadı.
Bağban o xoşbəxtlərdən idi, Soylu da vurğuladı, Ata ona görə uzun müddət göynədi, ağı dedi ona.

Göy kişnər bulud ağlar,
Eşidər dağlar ağlar,
Çağlayar çağlar ağlar,
Küllü asiman ağlar.

Əzizinəm can yanar,
Damarlarda qan yanar,
Yanma deyən bəxtəvər,
Dərdə düşən can yanar.

Bağbanın deyimləri də vardı. Biri yadımdadır: “Qorxu it kimidir, qorxduqca dalınca düşür”. Ata dedi, əgər bunu Bağban yazmamış olsaydı, mən yazacaqdım.
Bağbanla amal yoldaşı olmaq bir yana, yol yoldaşı da olmuşam, evində qonaq da olmuşam, gecəni də qalmışam. Bağbanın çox nüfuzedici baxışları vardı. Çox danışmırdı. Ancaq bir həyalı baxışları var idi, adamın bütün qəlbinə siyarət eləyirdi. Mən Bağbanla bağlı duyğulu hallarımla yaşayıram, onu dilə gətirirəm. Elinin, obasının zirvəsi idi Bağban. İlkinin yerini heç nə vermir. Birincilər başqadır. Mən yeri gəlmişkən deyim, bir neçə gün bundan qabaq söhbət etdik. 1908-ci ildən indiyə qədər “Leyli və Məcnun” oynanılır. Heç vaxt Hüseynqulu Sarabskinin oynadığı  kimi oynayan olmayıb. Birincilik odur. O elə bir ilahi haray idi ki. Bağban da həmin birincilərdən idi. Həmişə bizim ürəyimizdədir, Bağban o xoşbəxtlərdəndir, əbədi Ocaqda qaldı. Yurdunda, Ulusunda yaşasın! Ocağında yaşasın!
Atamız Var olsun.

Abil Ulusoy: Tədbir Ocaq tədbiridir. Bağban da Ocaqçıdır. Mən ola bilər, bir az uzun danışım. Əslində mənim danışdığım xatirələr olacaq.
1964-cü ildə Ağdamın Mahrızlı kəndində anadan olub. Ailədə 4 qardaş 3 bacı idik. Bağban qardaşlardan üçüncüsüdür. Ən böyüyü mənəm. Uşaq vaxtından seçilməyi vardı. Bu, təbii alınırdı. Musiqini çox sevirdi. Valları qoyub qulaq asırdı. Bizim kənddə muğamat konsertində bütün kənd lal olardı. İşə gedənlər də gələrdilər, muğamat konsertinə hamı qulaq asırdı. Kənddə qardaşım sayılan, məndən yaşca böyük, indinin özündə də ipə-sapa yatmayan bir əmim oğlu vardı. Ansamblın rəhbəri idi. Hər səhər onun məşq eləməyi ilə oyanırdıq. Bir həyətdə üzbəüz evdə olurduq. Bir tərəfdə də Vahid Abdullayevin evi idi. Ordan Vahidin də səsi gələrdi. Əbülfət Əliyev də gələrdi. Yaqub Məmmədov, Arİf Babayev, İldırım Həsənov gəlirdi kəndə. Dövrün tanınmış, seçilən xanəndələri idilər. Yəni muğam mühitində böyüyürdük. Bağban onlara həm qulaq asardı, həm də səsi var idi. Özü oxuyurdu. Adətən hündür bir yerə çıxardı. Həmin yerdə dəbdə olan xalq mahnılarını özünəxas şəkildə oxuyardı. Çox ailəcanlı idi, hər işdə yardım edirdi. Nə iş olsaydı, mən deyib qabağa durardı. Məktəbdə yaxşı oxuyurdu. Neft Kimya İnstitutuna girmişdi. İki imtahanın nəticəsinə görə qalan imtahanları vermədən qəbul olunmuşdu. Qəbul vaxtı 44 dəqiqəyə çıxdı. Soruşdum niyə burdasan, dedi həll edib çıxdım. 16 sualı həll edib çıxmışdı. Riyaziyyatdan yazılı idi, dedi həll etmişəm, beş alacam. İnstitut vaxtı güləşlə məşğul olurdu. Bir haşiyə kimi çıxım, bizim bir dayımız tanınmış güləşçi idi. Həm məşqçi idi həm də güləşirdi. Azərbaycanda yeganə adamdır ki, idmanın  üç növü üzrə Respublika dərəcəli hakim idi. Çox cavan yaşda – 27 yaşında erməni qatilliyinin qurbanı oldu. Xocavənddən olan bir erməni qəflətən bıçağı ürəyinin başından vurmuşdu. Sabunçu xəstəxanasına gətiriləndən yeddi dəqiqə sonra ölmüşdü. Onun arxivi məndə idi. Bağban o arxivə baxdı. Onun güləşlə bağlı paltarları, ayaqqabıları qalmışdı. Bağban götürdü. Həmin dövrdən erməni qatilliyinə qarşı nifrətimiz vardı.
Ocağa gəlişi də yadımdadı. Ocaqçılar bizə gəlirdilər, Ocaqdan danışırdılar. Mən onda siyasi fəaliyyətlə məşğul idim. Ata ilə mənim görüşümü də Bağban təşkil eləmişdi. Bağbanın mənə qarşı böyük sevgisi vardı, məni olduğumdan çox böyük görürdü. Atanın “qardaşın savaşçıdır ancaq kaldır” deməyi onda bir məyusluq yaratmışdı. Mən dedim, kal yetişəcək. Ondan sonra Ata ilə görüşlərimiz başladı. Bağbanın Mingəçevirdə gördüyü işlərdən xəbərim var idi. Əslində Mingəçevirdə bizim kənddən olanlar çox idi. O dövrdə Mingəçevirdə ad-san qazananların çoxu bizim kənddən olanlar idi. Sovet dövrü idi. Həmin vaxtlar qəzetdən birini də mənə gətirmişdi ki, gördün Asif Əfəndiyev Asif Ata oldu. Mən alıb oxudum. Bir oğlan da vardı, adı Zahid idi, o da gəlmişdi. Ocaq haqqında olan söhbətləri eşidirdim. Lent səslərini oxudan maqnitafon vardı. Atanın çıxışlarını o maqnitafonda dinləyirdim.
Muğamda Arif Babayevi sevirdi. Kənddə olanda isə vallara çox qulaq asırdı.
Bağban bir gün Mingəçevirdən gəldi. Gördüm ayağını çəkir. Dedi həkim deyib ki, ayağın kəsilməlidir. İmkanlarım geniş idi, Səhiyyə Nazirliyinin xətti ilə müayinə elədik. Xəstəxanaya yerləşdirdilər. Beş əməliyyat keçirdi. Əməliyyatın ən uzunu  18 dəqiqə çəkdi. Heç bir əməliyyatda xərçəng xəstəliyi bilinmədi. Ayağı tez-tez çirk verirdi. Xəstəxanada olan çağlarda bir dəfə də olsun ah-uf eləmirdi. Almaniyaya göndərmək imkanı da vardı. Konsiliumdan sora həkimlər dedilər, göndərməyin mənası yoxdur.  Artıq gec idi. 10 gün vaxt qoymuşdular. Özümü çox pis hiss edirdim. Sayılı günləri qalmışdı. Ata ilə görüşdüm. Ata ilə tez-tez görüşürdük. Bağbanla bağlı bəzən hər gün görüşürdük. Ata ilə görüşüb həkimin dediklərini ona dedim. Ata çox rahatsız oldu. Sonra mətbəxə keçib su gətirdi. Dedi oğul, iç belə şeylər də olur. Bunu da yaşamalıyıq. Dedi sənə bir yazı verəcəm, onu Bağbana verərsən. Ata Bağbana məktub yazmışdı. Mən o məktubu nə yazıqlar oxumadım. Aparıb verdim, məktubu alıb gülümsədi. Nə yazıqlar, o məktub itdi. Ağdamda vəziyyət pis idi. İşğal ərəfəsi idi, çox raket atılırdı. Qarabağ qospitalı bizim kənddə idi. Ölülər, meyidlər daşınır, vertolyotlar uçurdu. Camaat da böyük qəhrəmanlıq göstərirdi, o hay-küydə necə oldusa, o məktub yoxa çıxdı. Ocaq Atasının Ocaq Evladına, son məqamda, yazdığı bir şey kimi Ocağın tarixində qalardı. Bəzi əlyazıları da vardı, o əlyazılar da ora-bura köçəndə itdi. Çox az sayda şəkilləri qaldı. Məktəb yoldaşlarından, ailə üzvlərindən qalan şəkilləri topladıq.
Ata Ocaq Evladlarından bir neçəsini göndərmişdi. Bağban çox hissiyyatlı adam idi. O bilirdi vəziyyət nə yerdədi, bunlar son görüşə gəliblər…
Dəfn günü kənddə vəziyyət çox pis idi. Camaat kənddən çıxmağa hazırlaşırdı, çox adam da çıxmışdı. Buna baxmayaraq, o atəş altında kənddə kim vardısa hamısı gəldi. Heç kim getmədi, atışmanın olmasına baxmayaraq. Əslində kənd qaydası ilə dəfn olundu, ancaq yarımçıq oldu…
Bağbanın yazıları, deyimləri də vardı, sonralar itdi. Mənim üçün çox ağrılıdır. Həyat ona qarşı amansız oldu. Oğlu da öldü. Uşaq sudurğa olmuşdu, heç cürə yardım edə bilmədik.
Bağban heç nə vəsiyyət eləmədi. Son sözü bu olmuşdu (qardaşıma demişdi): “Mən bütöv Azərbaycan istəyirəm”.
Ocaqçılar sağ olsunlar, onu yaşadırlar. Bu ideyasına görə Soyluya çox sağ ol deyirəm. Uzun illərdir bir-birimizi tanıyırıq. Birgə səylərimiz olub, Azərbaycan üçün nələrsə eləmək yönündə. Onun bu uğurlu əməli çox yerində oldu.
Bir-iki əkləmə də eləyim. Bağbanın Nərmin adlı bir qızı var. Mingəçevirdə oxudu, burda texniki universiteti qutardı. Atasının ixtisasını seçdi. Alternativ Enerji mənbələri üzrə dövlət şirkətində baş mütəxəssis kimi işləyir. Bağbanın bir nəvəsi var. Eynilə Nurlana oxşayır uşaq. Bağbandan bir övlad xatirəsi, nəvə xatirəsidir…
Var olun. Ocağın Bayrağını öpürəm.

İnamlı Atalı ( Ataya səcdə edib  Bayrağı öpür – G.A.): Bağbanımız Ocağında yaşasın. Bu gün doğrudan da, qardaşımızın təşəbbüsü ilə belə bir mərasim keçirmək çox gərəkli idi. Mən bir yazı oxumuşdum. Bir qəbiristanlıqda qəbirlərin üzərinə bir il, iki il yazılıb. Bəzilərinin üstündə heç yaş göstərilməyib. Təəccüb edirlər, soruşurlar bu necə olur? Deyirlər, baxmayaraq ki, bunların arasında 50-60 il, hətta 100 il yaşayanlar da var, onların ömründə həmin göstərilən 1-2 il vətən üçün, xalq üçün gərəkli olub. Onların yaşamı da onunla ölçülür.
Bu gün mən elə başa düşürəm ki, Ocaqda fəaliyyət göstərilən illər elə ömrə yazılan illərdir. Bu illər müqəddəs illər kimi insan ömrünü səciyyələndirən illər olur. Qardaşımızın yazısından, dinlədiyim xatirələrdən çox etkiləndim. Biz o vaxtı eyni gündə Ocağa gəlmişdik. Ancaq bizim əyalətlər ayrı-ayrı istiqamətlərdə olduğundan mərasimdən mərasimə görüşürdük. Bağbanın ən çox xatirəmdə onun qəzeti gətirəndə üz ifadəsi qalıb. Ata əlinə aldı qəzeti, sevinə-sevinə baxırdı. O səhnə gözümün qabağındadı. İlk dəfə “Asif Ata” adı yazıya gətirilmişdi.
Zaman məzmunca bir-birindən fərqlənmir. Sovet rejiminin çətinliklərini qardaşımız sadaladı. Elə indiki zamanın da həmin zamanla məğzində eyniliyi var. İndi ideyalarda daha çox şaxələnmələr gedib. Bu gün Azərbaycan mühiti çox acınacaqlı bir durumdadır. Bütün güclü dövlətlərin casus şəbəkələri öz fəaliyyətlərini Azərbaycanda qurublar. Artıq son illər terror sistemi də bu mühitə gəlməkdədir. Qorxulu görünən odur, idarəçilik məhvərindən çıxsın. Onsuz da indikilər soyğunçuluqla, talançılıqla məşğuldurlar. Buna idarəçilik deməzlər. Ancaq hər halda dövlət sistemi qorunub saxlanılır. İndi Ocağın boynuna çox böyük yük düşür. Bu yükü Ocaq kimi daşıyacaq ikinci bir qurum tanımıram. Bütün qurumlar hardasa insanlarda məişət, dolanışıq baxımından diqqət, maraq oyada bilir. Ancaq Ocağın məramı fərqlidir. Qardaşımızın son sözü kimi bizim də ən böyük istəyimiz, arzumuz Bütöv Azərbaycandır. Asif Ata deyirdi, Azərbaycan bir yerdə olsaydı, 60 milyonluq bir dövlət olardı, Fransa boyda bir dövlət. Onda erməni də, rus da, fars da indiki kimi cəsarətli ola bilməzdi Azərbaycana qarşı. Bir daha deyirəm, qardaşımız Ocağımızda yaşasın. Ocağımız yaşasın. Bu elə Bağbanımızın da, o biri Ocaqçıların da yaşaması deməkdir.
Atamız Var olsun.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bağban haqqında başqa Ocaqçılardan da eşitmişdim, Atadan da. Düşünürəm ki, Atanın Bağban haqqında yazdığı “Bağbanım-Əvəzsizim” yazısı Atanın Bağbana qarşı ən böyük sevgisini ifadə edirdi. Hətta mən onu görməsəm belə, Atanın o sevgisini bilmişəm. Abil bəyi bir dəfə təsadüfən gördüm Atanın evində. Tanımırdım. Ata dedi ki,  Bağbanın qardaşıdır. Dedi mənə çoxlu suallar verdi, Bağbanın qardaşı da artıb. Onda mən bildim ki, Bağbanın qardaşı var, Asif Atanın yanına gəlir. Bağbanın varlığı, əməlləri, Atanın ona böyük sevgisi, İnamı Ocaq adlı dünyamızda, birliyimizdə yaşayacaq. Ocaq, Ata, Evladlar birliyi özü bir dünyadır, bütünlükdür. O bütünlüyə daxil olan, Ocaqda əməli olan, Ocağa sevgisi, bağlılığı olan hər kəs yaşayacaq. Ocaqda Atanı görməyən Ocaqçılar sonralar da olacaq, onların da Ataya sevgisi, bağlılığı, Ocaq əməlləri o bütünlüyə, o dünyaya daxil olacaq. Burda Bağban haqqında xatirələr dinlədim, çox duyğulandım. Əlbəttə, kaş belə olmazdı. Hətta kiçik bir arada gəlsə belə özünü göstərib, özünü qazanıb, Atanı qazanıb, Atanı ömründə yaşada bilib. Bunun özü həqiqətən onun ruhunun, idrakının, Ataya İnamının böyüklüyündən xəbər verir.
Atamız Var olsun.

Elana (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): O vaxtı Günevlə mən Qədimin avtobusu ilə Bağbanın yasına getmişdik. Həmişə danışırdıq onun əməllərindən. Çox yadımda qalmayıb, mən orda Bağbanı hardasa 4-5 bəndlik analardan eşitdiyim bayatılarla ağladım. Həm də sözlə ağladım. Onun necə bir insan olduğunu sözlə dedim. Onda Bağbanın anası da, yoldaşı da hər ikisi məni qucaqladı. Dedilər sən Bağbanı görmüsənmi? – Dedim bir dəfə görmüşəm. Dedilər biz elə bildik sən Bağbanla həmişə bir yerdə olmusan. O qədər danışdıq ki, onlar çox təsirlənmişdilər. Onda heç bir narahatçılıq bizi qorxutmadı Günevin dediyi kimi. Gedib onun qəbrini də ziyarət elədik. Ocağında yaşasın. İndi də yaşayır ürəyimizdə, Ocağımızda.
Atamız Var olsun.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu mərasimi təşkil etdiyiniz üçün var olun. Çox önəmli bir tədbir oldu mənim üçün. Ocaqda ölənlərimizin adını hər dəfə çəkirik, onların adına ayağa qalxırıq. Ancaq onlar haqqında bilgim geniş deyildi. Bu gün Bağban qardaşımızın mübarizəsi, ömür yolu haqqında ətraflı öyrəndim. Abil bəy də sağ olsun, geniş bilgi verdi. Onun mübarizə yolu mənim üçün bir örnəyə çevrildi. Ocağımızda yaşasın qardaşımız. Atamız Var olsun.

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):  Bağban haqqında Soylu bəydən bir az öyrənmişdim. Asif Atanın yolunda olan, mübarizə aparan insanlar müqəddəsdir. Bu gün mənim üçün də önəmli günlərdən biri oldu. Bağban Ocağımızda həmişə yaşasın.
Atamız Var olsun.

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən şəxsən tanımasam da indi tanıdım. Çox sevindim. Belə bir mənəvi qardaşımız var. Bu ideyanı ortaya gətirdiyi üçün Soylu bəyə təşəkkür edirəm.

Soylu Atalı: Var olun. Mən bir neçə söz deyim, tədbirimizi sonlandıraq. Mən sizin hər birinizə içimdən sevgimi, səcdəli münasibətimi bildirirəm, sayğı sizə azdır. Həm özünüzü ifadə elədiniz, həm Bağbanı. Həm də əslində Ocağın mahiyyətini ifadə elədiniz. Ocaq budur, Ocaq insan deməkdir. Ocaq onu yaşadan, onun varlığını gələcəyə daşıyan insanlar deməkdir. Ayrıca Ocaq deyə bir şey yoxdur. Qurumdur, təşkilatdır, nə istəyirsən de. Ocaq sənsən, mənəm, bizik, Ocaq Bağbandır. Bir araya gəlirsən, ideyadan danışırsan, xalqının gələcəyi haqqında bir söz dilə gətirirsən, sevgini ifadə edirsən, mübarizəni yönləndirən söz açırsan. Ocaq qurumu belə olur. Biri var fərdi qaydada olursan, biri də var 5-10 adam bir araya gəlir, belə bir ovqat yaradır, belə bir mübarizə yönü yaradır, belə bir toplantılar, tədbirlər keçirir, olur qurum. Ona görə deyirəm, Ocaq elə bu deməkdir. Həyat insanın hər şeyini qapsayır, hər şeyini içinə alır. İnsanın kədərini də, sevincini də, xəstəliyini də, ağrısını, acısını da, yıxılmasını da, durmasını da, işləməsini də, övlad dünyaya gətirib onu böyütməsini də, ölüb getməsini də. Həyat bunların hamısı ilədir, yəni ölənə qədərdir. Bunların hamısı elə həyat deməkdir. Ocaq da həyatı daha yüksək məzmuna yüksəldən, həyatı urvata mindirən, həyatı insan varlığında arındıran bir ideya sistemidir. Yüksək bir ideya sistemi. Belə bir sistemlə yaşamaq, belə bir qurumla iç-içə onun varlığında özünü ifadə eləmək böyük bir ərdəmlikdir. Xalqın içindən, ayrı-ayrı bölgələrdən insanlar bir araya gəlib belə bir taleni yaşayırlar. Biz də hərəmiz Azərbaycanın bir bölgəsindənik. Bizi birləşdirən,  bizi bir araya gətirən dəyərlər var, istək var, hədəf var. Bu hədəf söz yox, ruhani hədəfdir. Bizi bir-birimizə doğmalaşdıran, bizi qardaşa, bacıya çevirən, bizi xalqın öyrətməninə çevirən, bizi xalqın dərdməninə çevirən belə bir yol, belə bir əqidə var. Bunu davamlı şəkildə yaşayırıq. Bu bizim üçün məcburi bir şey deyil. Hər birimiz həyatımızı yaşadığımız kimi, evimizin qayğılarını yaşadığımız kimi özümüzdən artıq olan bir mənanı da yaşayırıq. Ocaq bizim özümüzdən artıq olan bir mənadır. Həyatdan yüksək olan bir mənadır. Biz bunu zorlanıb yaşamırıq. Biz burda hansısa çıxarılar peşində qoşub özümüzü buna kökləmirik. Bizim burdan fərdi, özəl çıxarımız yoxdur. Bizim hədəflərimiz bəllidir. İnsan özünə bənzəməlidir, dünya özünə bənzəməlidir, həyat özünə bənzəməlidir. İnsan öz həqiqi qiymətini tapmalıdır. İnsanın başına kül ələmək olmaz, insanı yalanlar, eybəcərliklər içinə atmaq olmaz. Çünkü o xalqı əmələ gətirir, çünkü o ailə əmələ gətirir, çünkü o bəşər əmələ gətirir, çünkü o Allahı yaşadır, var edir. Ona görə qorumaq gərək, insanın yönünü bəlirləmək gərək, ona doğru yön vermək gərəkdir. Bizim istəyimiz budur. Bu yolda da bizim prinsiplərimiz var, qarşımızda duran hədəflər var, özüylədöyüş ideyası var, arınmaq, qurulmaq, yaranmaq var. Eyni halda arındırmaq, qurmaq, yaratmaq var. Qurulduqca quruluruq, yarandıqca yaradırıq, özümüzə gərək olduğumuz dərəcədə özümüzdən qıraqdakılara gərək oluruq. Özümüzə gərək olduğumuz dərəcədə xalqa, insana, vətənə gərək oluruq. Yoxsa nə desən boğazdan yuxarı olacaq. Vətəndir, evinin içində otur, ailənlə məşğul ol, bağında, baxçanda yer bellə, yaxşı edirsən. Bunlar hamısı doğal gedişlərdir, bunlar hamısı fiziki mövcudluğun koşullarıdır. Başqa bir şey deyil. Sən bununla durub ağız dolusu vətəndən danışarsan, mən səni başa düşmərəm. Çünkü vətəndən danışmaq üçün vətənə gərək olan bir düşüncə, ömür yaratmalısan. Vətən sənin düşüncələrində, varlığında, ömründə özünə bənzəyə bilər. Onu sən yaratmalısan. Bizim işimiz budur, bizim bugünkü tədbirimizin məzmunu da budur. Bizim işimiz burda Hüseynov Poluş kişinin oğlu Rafiqi ağırlamaq deyil. Bizim işimiz burda Hüseynov Poluş kişinin oğlunun vətəninə, xalqına, insana gərək olduğunu görmək, göstərməkdir. Özündən yüksəyə qalxdı, xalqının taleyinin, gələcəyinin yükünə çiyin verdi. İnsanlığın varoluşunun yükünün altına çiyin verdi. Biz onu dəyərləndiririk, onu qiymətləndiririk. Taleyimizi birləşdiririk. Hər birimizin çiyninə düşən yük bizi bir araya gətirir, bizi birləşdirir, doğmalaşdırır. Bizim başqa dərdimiz yoxdur. Bizim icra başçısı olmaq kimi bir dərdimiz yoxdur. Bizim dərdimiz insan olmaqdır, öz mahiyyətimizə bərabər yaşamaqdır. Özümüz özümüzü dərk edirik, dünyanı dərk edirik. Özünü, dünyanı dərk eləyə bilən adam yarada bilər milləti, insanlığı, gələcəyi. Bizim işimiz budur. Hər bir mərasimimizin yönü, anlamı, məzmunu bu dediklərimizə bağlıdır. Biz o məzmunu ifadə edirik.
Bir daha sizin hər birinizə öz sevgimi bildirirəm. Amaldaşımızın ləyaqətini dilə gətirdik, onun Ocaqda varlığını sübut elədik, bəyan elədik. Bizimlə yaşadığını, bizim varlığımızda, əməlimizdə olduğunu sözümüzə, düşüncəmizə gətirdik.
 İndi qurallarımızı yerinə yetirək.

Mütləq
(harayı Soylu Atalı oxuyur)

Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibə­darlığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım Odur!
Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!
Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!
Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xal­qın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ən­gin­liyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!
Bunlar Mütləqin təzahürləridir!
Mənim Allahım Mütləqdir!
İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adili­yin­dən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özün­dəki Mütləqə yaxınlaşır!
Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsiz­liyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxın­laşır!
Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Müt­lə­qə yaxınlaşır!
Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuş­maya çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır!
Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxa­vətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!
Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!
Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…
Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təza­hü­rü­dür.
Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!
Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmət­də, Qüdsiyyətdə Mütləq yaşayır!
Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!
Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müd­rik­liyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!
Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!
Mənim Allahım Mütləqdir!
Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.
Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.
O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsit­lik­dən ibarətdir.
Dünya heç vaxt tam Mütləq olmur.
Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!
Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxın­laş­mağa, onunla bir olmağa meyil var.
Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.
Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.
Mənim Allahım Mütləqdir!
Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəq­qi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!
Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.
Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçək­liklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.
Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!
Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.
Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.
Həm Sonsuzdur Mütləq, həm də Sonlu!
Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.
Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!
Həm Görünəndir Mütləq, həm də Görünməz!
Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyət­lərdə, Təzahürlərdə!
Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.
Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmü­rəm!
Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!
Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!
Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuş­mağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.
Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiət­də mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bun­lar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıq­dır.
Mütləq Dünyanı yaratmayıb.
Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kəna­ra çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.
Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:
– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik  verən – Mütləq!
Mənə kömək et!
Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlı­yam, qəbahətliyəm!
Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!
Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyim­dən, naqisliyimdən uzaqlaşım!
Necə varamsa, azam, cılızam,  səndən uzağam.
Yaxınlaşdır məni özünə.
Həmişə mənimlə ol.
Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyim­də də, cavanlığımda da, qocalığımda  da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!
Ömrüm boyu sənə xidmət edəcəyəm!
Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Mü­qəd­­dəs nə varsa, hamısını yığacam qəlbimə,  onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və  ona səcdə qılacam.
Sən mənim Atamsan!
Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!

Ölümlə Görüş
(Günev Atalı oxuyur)

 – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlə­rimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpilə­cəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəman­lığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdu­rursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünya­ya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!                           

Aqibət
(Soylu Atalı oxuyur)

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.

Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyun­ca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya­caq, arayacaqdı.

Matəm üstə Mütləqlə Təmas
(Nurtəkin Atalı deyir)

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

Çiçək Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir