Asif Atanın şəxsiyyətinə qiymət vermək üçün gözümüzün önündə totalitar bir sistem canlandırmalı və onun “tərbiyəsində” böyümüş insan xarakterlərinə baxmalıyıq. Sistem insandan nə tələb edirdi və Asif Ata insan dedikdə nə başa düşürdü? Bu zaman görəcəyik, Asif Ata özünün şəxsiyyət, insan anlayışları ilə sistemə qarşı bir sistemdir. Asif Atanın fəlsəfəsini anlamaq üçün antik Yunan fəlsəfəsindən tutmuş klassik Şərq, müasir Qərb fəlsəfəsinə qədər fikrin keçdiyi uzun yola nəzər salmalıyıq.
Antik yunan filosofları insanı daha çox heyvani formasiyaların son həlqəsi kimi müzakirə edirdilər. Diogen Platonun “insanını” xoruza bənzədərək onun fikirlərini ələ salırdı. Klassik Şərq fəlsəfəsində insan allahın bədənləşmiş halı kimi nəzərdən keçirilirdi (sufilik). Bədən sınaq üçündür, əgər insan bu sınaqdan üzü ağ çıxsa, yenidən tanrılaşacaq. Müasir Avropa fəlsəfəsi insanı heyvanla üstinsan arasında keçid növü kimi gördü. Nitşe insanı burjua əxlaqının, bir növ, invertarı hesab edirdi. Asif Atanı oxuyanda isə biz insanın ilk dəfə müstəqillik qazandığını görürük. Asif Ata insanı heyvanilikdən, ilahilikdən, utopiyadan təmizləyir, onu gerçəkliyin özünə çevirir, “İinsanlaşın, İnsanlaşdırın!” deyir. Bunlar çox ciddi sözlərdir. Asif Atanın əxlaqa, sənətə, siyasətə baxışını da insana baxışı müəyyən edir. Oxuduğum qədəriylə, Asif Ata əxlaqı, sənəti, siyasəti də bir-birindən ayırır, onların bir-biriləri ilə işbirliyini qəbuledilməz hesab edir. Xüsusilə onun türk ruhaniyatı yaratmaq istəyində biz insanı əxlaqın, sənətin, siyasətin muzduru kimi görmürük. İnsanlaşan insan qəlibə sığmayan varlıqdır. İnsanlaşan insan özü bir sənət əsəridir. İnsanlaşan insan siyasətə ehtiyacı olmayan bir kamillikdir. Əlbəttə, bütün bunlar çox idealist və maksimalist yanaşmalardır, “mümkün olmayanı arzulamaqdır”. Buna baxmayaraq, mən Asif Atanı keçmişimizdəki yanlışlarımız üçün üçün mütləq bir son, gələcəyimiz üçün ideal bir başlanğıc hesab edirəm.