Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu il biz Ata Ayının (sentyabrın) 25-i Asif Atanın 85 illiyi qarşısındayıq. Düz 23 ildir Asif Ata aramızda yoxdur. Bu 23 il bizim üçün nə demək oldu, ya da bütövlükdə Asif Ata ömrü bizim üçün nə deməkdir?! Qısaca vurğu edək. Öncə onu deyək ki, Asif Ata bizi Ocağına çağıranda heç nə vəd eləməmişdi, qarşımızda insanlaşma, vətənləşmə, xalqlaşma tələbi qoymuşdu. Sağlığında biz onun bu tələblərini nə qədər dərk eləmişdik – demək çətindir. Bu tələblər mücərrəd səslənirdi. Biz elə bilirdik, Ocağında olduğumuz üçün, artıq onun tələblərinə yetmişik. Halbuki bu, üzdən elə görünürdü, bizə elə gəlirdi. O, bizə nə deyirdisə, biz də başqalarına deyirdik. İdeyalarının hikmətini ömrə çevirmək isə sadə bir məsələ deyildi. Cəsarətli olanlarımız da vardı, fədakar olanlarımız da. Sevirdik Asif Atanı, sadiq idik. Ancaq sədaqətimiz yüksək idrak quruculuğu ilə, dönməz dərk yoluna düşməyimizlə möhkəmlənməmişdi. Ona görə də aramızdan getdiyi gündən çaşqınlıq içinə düşdük. Düşüncə ayrılıqları yarandı. Asif Ataya olan sevgimiz birliyimizə, bir-birimizə bağlanmağımıza yardımçı olmadı. Asif Atanın bənzərsiz ideyalarını gerçəkləşdirmək üçün ruhani hünərlər yetişməli idi. Hələliksə bu hünərlər kövrək olduğu üçün çətin günlər qarşıladı bizi. Toplumda da Ocağa inam sarsılmışdı. Bu sarsılmış inamlılar içərisində Ataya – Ocağa rəğbət bəsləyənlər də vardı, Ocağı istəməyənlər də. Bir sıra istəməyənlər, ən yaxın illərdə, Ocağın ayaqda durmağa gücünün tükənəcəyini, tarixin arxivinə qovuşacağını proqnozlaşdırırdılar. İstəməyənlər özləri bilər, bizim qarşımızda Ocaqsevərlərin inamını bərpa eləmək sorumluluğu dururdu. Özümüzdə güc tapdıq, Asif Atanın dediklərini dərk eləməyə başladıq…
Vətənin özgürlüyü, bağımsızlığı, bütövlüyü İnsanlaşmadan başlayır. Millətin özümləşməsi – yaşaması, var olması, dünyada öz yerini bəlirləməsi insanlaşmadan başlayır. Xalqlararası münasibətlər, bəşərin yüksək, ülvi mənasına qovuşması insanlaşmadan başlayır. İnsanlaşma özüylədöyüş tələbi əsasında gerçəkləşir. Tanrısal məsələlərin dərk olunması, ruhaniliyin cismanilik üzərində qələbəsi – Xəlqi Birliyin başlıca şərtidir. Bu həqiqətlərlə doğmalaşdıqca Ocağı yaşatmağa başladıq. Dönənlər döndü, qopanlar qopdu. Onsuz da dönənlər heç vaxt Ocağın yükünü ifadə eləməmişdilər. Yeni insanlar çağırdıq, Ocağın ruhani yükünün altına girdilər. Səfərlər elədik, görüşlər keçirdik, çoxsaylı Ocaq ədəbiyyatları hazırladıq, hər səfərdə, hər görüşdə yurddaşlarımıza bağışladıq. Soraqlarımız yayıldı, Asif Atanın işini bəlli bir düzeydə bərpa eləyib yaşada bildik.
Ocaq təkcə az sayda davamçılarının məsələsi deyil, ümumxalq, ümumbəşər məsələsidir. Ona görə Asif Atanın 85 illiyinin anlamından danışarkən hansı yolun yolçusu olduğumuzun fərqinə varırıq. Bizim düşüncəmizə görə bu Yol İnsanlığın qurtuluş yolu – Mənəvi İntibah Yoludur. Bu açıdan yanaşanda Asif Atanın ömrü dünyaya qarışan deyil, dünyaya söz deyən ömürdür – əbədi sabaha üz tutan, əbədi sabaha söz deyən ömür!
Ata Ruhu Ürəyimizdədir!
Atamız Var olsun!
Asif Atanın Mütləqə İnam Ocağı adından Soylu Atalı.
Ata Ayı, 42-ci il. (sentyabr, 2020).