Sabahdaşlara
Dedim ki, filosofun Sözü olmalıdır.
Dedilər ki, Sözlü olmaq günahdır.
Dedim ki, İdeyasız filosof səssiz xanəndəyə bərabərdir.
Dedilər ki, İdeya ağıla yükdür.
Dedim ki, filosofluq – yaradıcılıqdır.
Dedilər ki, filosofluq – yaradıcılığın şərhidir.
Dedim – fəlsəfə inkişaf etdirilməlidir.
Dedilər ki, fəlsəfə araşdırılmalıdır.
Dedim – zaman yeni fəlsəfi fikir tələb edir.
Dedilər ki, gərəkli fikirlər deyilib.
Dedim – bu, fəlsəfənin ölümü deyilmi?
Dedilər ki, yox, yeni aqibətidir.
Dedim, Azərbaycan fəlsəfəsi yaradaq.
Dedilər – bu dəlilikdir.
Dedim – Şərq ənənələrinə üz tutaq.
Dedilər – bu gerilikdir.
Dedim – klassiklərə ayıq nəzərlə baxaq.
Dedilər – bu cinayətdir.
Dedim – əxlaq pozulur.
Dedilər – yeni əxlaq yaranır.
Dedim – özümüzdən ayrılırıq.
Dedilər – sabahımızı tapırıq.
Dedim – İnam azalır.
Dedilər – şübhəyə tapınırıq.
Dedim – qeyrət azalır.
Dedilər – qeyrət maddi deyil, qoy azalsın.
Dedim – Mütləqə inanmaq lazımdır.
Dedilər – nisbini Mütləq sayırıq.
Dedim – filosof zəmanəyə sığmaz.
Dedilər – zəmanə bizi görmür.
Dedim – fəlsəfədə düşüncə səviyyəsi əsasdır.
Dedilər – fəlsəfədə rütbə səviyyəsi əsasdır.
Dedim – Sokrat zəhər içdi.
Dedilər – biz meyi xoşlayırıq.
Dedim – Diogen İsgəndəri saymadı.
Dedilər – bizi sayan görünmədi.
Dedim – həqiqət hər şeydən qiymətlidir.
Dedilər – biz onu aramırıq.
Özümü eşitdim. “Mütləqə İnam” Beşliyini (“İnsan”, “İnam”, “Ruh”, “Həyat”, “İntibah” kitablarını) yazıb qurtardım. Borana düşdü Beşlik. Çap olunmadan qadağan olundu. Bəxtiyaram. Ömür sevdam baş tutdu, arzuma çatdım. Kitablarımın, Övladlarımın Atası oldum.
Kitabları ilk növbədə azərbaycanlılar üçün yazdım. Mənim üçün Azərbaycan azərbaycanlıların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz Müqəddəs mənasına layiq olsun.
Kitabları həm də bütün insanlar üçün yazdım.
Mənim üçün bəşər insanların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun.
İstədim ki, insanlar yaşasınlar…
Yağış ayı, 5-il.
(Noyabr. 1983).
Bakı.