Ürəyinizdə Günəş olsun!
1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.
Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…
Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər…
Siyasi Dünya Nəsimi tanımır, Füzuli tanımır – o, bizi balaca görmək istəyir, balaca saxlamaq istəyir.
Vahid Azərbaycan «balacalığımızı» aradan qaldırar, dünyada yerimizi bilərik, Dünya da bizim yerimizi bilər…
Vahid Azərbaycan ölkəmizin Qafqaz vadisində əhəmiyyətini artırar – Şimali Azərbaycanın Cənubi Azərbaycan kimi arxası var, bu, böyük Üstünlükdür – hələlik gerçəkləşməyən.
Nəhayət, Vahid Azərbaycan ölkəmizin iki gücünü — ruhanilik və Döyüşkənlik ənənələrinin – Nəsimiliyin və Səttarxanlığın Birliyi deməkdir.
Bu, Sabahın rəhnidir, onu bərpa etmək gərək.
2. Zənnimizcə, Cənubi Azərbaycanın Üç Ruhani Yağısı var: İslamçılıq, Farsçılıq və Qərbçilik.
İslamçılıq — Qismətçilikdir.
Qismətçilik Döyüşkənliyə ziddir. Dinə görə – Azərbaycanın indiki Fəlakətli halı – Allah işidir. Allah istəsə, səni xilas edər, istəməsə – eləməz. Allah nə elədiyini bilir. Döyüşməyin mənası yoxdur.
Qismətdən artıq yeyə bilməzsən. İkinci tərəfdən, əyər İslamçılıq bir zaman Ərəbçilik idisə, indi o, farsçılıqdır.
İran İslam vasitəsilə Dünyaya sahib olmaq istəyir – kommunizmin yerini tutmaq istəyir.
Bu səbəbdən də islamçılıqla ruhani Döyüş labüddür, bu nə qədər çətin də olsa – başlanmalıdır.
Ruhani Azadlıq – Siyasi Azadlığın Təməlidir.
Farsçılığın ən mürtəce cəhəti Cənubi Azərbaycanlıların Türklüyünü danmaq – onları fars saymaq, farslaşdırmaq – mahiyyətcə millət kimi ləğv etməkdir…
Bu təmayül mənliyini itirən, özgəçi azərbaycanlılar yaradıb – təhlükəli, fəlakətli.
Özümlüyümüzdən keçən, özgələşən azərbaycanlılar yarası yaranıb Azərbaycan sinəsində – onu sağaltmaq gərək.
Bunun üçün Azərbaycanın Etnos Birliyini Dərk etmək gərək. Azərbaycan Midiya dövründə də Türk ölkəsiydi, Albaniya dövründə də Türk ölkəsiydi, bütün başqa dövrlərdə də Türk ölkəsi olub və qalmaqdadır.
İran Midiyası – əfsanədir, udin Albaniyası – əfsanədir… Üç Azərbaycan ideyası – Məqsədli Yalandır – Azərbaycan Birdir: onun əsas Etnosu – Türkdür.
Farslaşan azərbaycanlı ruhani və ictimai eybəcərlikdir, cəfəngiyyatdır, onun Varlığı yoxdur əslində – o Yoxluqdur – Varlıq görünür…
Bu Yoxluqda milli Vüqarı, özümlüyü, aqibəti yox etmək niyyəti gizlənib…
O niyyətə qarşı – amansız, ardıcıl, qətiyyətli Ruhani Döyüş gərək.
Cənubi Azərbaycan Azadlığı, Vahid Azərbaycan İdeyasına qarşı – İranın parçalanması Təhlükəsini, «Ədalətsizliyini» qoyurlar və bu möhkəm olmayan İdraka və İradəyə təsir edə bilir, onları Fəaliyyətdən salır.
Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik – parçalanmalıdır, bu, ədalətli hadisədir, qaçılmazdır – imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da – mahiyyətləri, aqibətləri birdir…
İranda Azərbaycan Dərdi var – Azərbaycanın Dərdinə qalmaq gərək – Vahid Azərbaycan Məqsədi var – bu Məqsədi siyasətçi taktiki səbəblərdən gizlədə bilər – ancaq Ruhaniyyatçı, İnamçı gizlədə bilməz; Cənubi Azərbaycan Şimali Azərbaycanla Birləşməli, Vahid Azərbaycan yaranmalı, natam Azərbaycan Bütövləşməlidir; – bu, milli məqsəddir – Ədalətli, Zəruri… Bu, Zəbtçilik deyil, qəsdçilik deyil, zəbtçiliyə qarşıdır, qəsdçiliyə qarşıdır.
Türkmənçay yırtıcılığının nəticələri aradan qalxmalıdır.
İndi şimali Azərbaycanın İrana qatılması məqsədi sezilir; şimali Azərbaycanın İrandan ayrılıb Rusiyaya calanmasından – şimali Azərbaycanın İrana «qaytarılmasından» danışırlar… ikinci «İran Azərbaycanı» yaradırlar…
Bu həyadan uzaq niyyət – İdrak və İradə əskikliyinə qida vermək istəyinə əsaslanır: Azərbaycan yoxluğu iftirasını yaymağa çalışır, burda yırtıcılıq yönü tam aşkarlanır, bəyan edilir…
Farsçılıqla Döyüş Ardıcıllığı, Aramsızlığı, Qətiyyəti gərəkdir – azərbaycanlılara – hərtərəfli İnam, İdrak, Mənəviyyat, İradə əməli.
Qərbçiliklə İslamçılıq – eyni hadisənin – özgələşmənin iki qütbləridir.
İslam – farslaşdırır, Qərb Avropalaşdırır…
İslam – möminlik adıyla özgələşdirir, Qərb – azadlıq adıyla.
İslam – dini ağalıqdır, qərbçilik – siyasi ağalıq.
Hər ikisi biri-birini yaşadır. Təzadlar birliyi yaranır.
Cənubi azərbaycanlılar müasir Qərb siyasətinin mahiyyətini yaxşı dərk etməlidirlər.
İndi Qərb və xüsusən ABŞ – İrana qarşıdır…
İran Amerikanı özünə düşmən sayır – Amerika İranın zəifləməsini istəyir.
Lakin Amerika və ümumən Qərb – Azərbaycanın güclənməsini, iri, vahid Azərbaycan yaranmasını istəməz, bu, onun ağalıq iddialarına ziddir. Güclü ölkələr üzərində ağalıq etmək çətindir…
Güclü ölkələrin çoxalması – ağalığın azalması deməkdir əslində.
Bu səbəbdən də Qərbi – azadlıq uğrunda mübarizədə müttəfiq saymaq sadəlövhlük olardı.
Qərbin ağalıqdan başqa dərdi-səri yoxdur; azadlıq – ağalıq vasitəsidir, silahıdır; Qərbin İranla döyüşündə Azərbaycan dərdi yoxdur; Qərb İranda «demokratik hökumət» istəyir – Qərb ağalığına yarayan; Vahid Azərbaycan ideyası ona yaramır.
3. Cənubi Azərbaycanda müstəqil Uluyurd hərəkatı yaranmalıdır. Tarixdən ibrət dərsi götürməliyik.
İran məşrutəsini Səttarxan yaratdı.
İran məşrutəsi də Səttarxanı məhv etdi.
İran Molla inqilabının ən döyüşkən qüvvəsi Azərbaycanlılardı.
İran inqilabı Azərbaycanlıları əsarətdən qurtarmadı, əsarəti şiddətləndirdi.
Ümumiran hərəkatlarına rəğbət bəsləməli, ancaq onlara qatılmamalı, onlarda itməməli, müstəqilliyi qorumalı, yüksəltməli, ərsəyə çatdırmalı…
4. Şimali Azərbaycanın rəsmi siyasəti – açıq qapı yönüdür. Bu siyasət Azərbaycanın qapısını bütün ölkələrin – o cümlədən İranın üzünə açıb. Ancaq Azərbaycan təkcə rəsmi Dairədən ibarət deyil.
Cənubi Azərbaycanla Şimali Azərbaycan Yurdçularının birliyi gərək: İnam Birliyi, İdrak Birliyi, Mənəviyyat Birliyi, İradə Birliyi.
Bu Birlikdə Fəal iştirak etməyi Ocağımızın borcu sayırıq…
5. Siyasi Əməl – Ruhani Əməllə Birləşməlidir.
Xalqı ayağa qaldırmaq – Xalqı Ayaq üstə qoymaqla Birləşməlidir…
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
4 İşıq ayı, 18-ci il. Bakı.
(May, 1996).
(arxiv)