Cəmiyyətin məqsədi ruhanidir: insanın ləyaqətini, böyüklüyünü, qüdrətini təsdiq etmək, sonsuz, əbədi, kamil mahiyyətini aşkara çıxarmaq.
İnsan təklikdə özünə çata bilmirdi.
O, cəmdə özünə çatmaq istədi.
İnsanın daxilindəki ruhanilik – sonsuzluğa, əbədiliyə, kamilliyə meyil onu özündən kənara çıxmağa, özünü cəmiyyətdə tapmağa sövq etdi.
Buna görə də o, öz azadlığını, sərbəstliyini cəmiyyətə tabe etdi. İnsan bu tabeçiliyi təbii saydı, onunla barışdı, ona əməl etdi.
Ancaq cəmiyyət insanın özünütəsdiqinə zidd oldu. İnsan cəmiyyətdə özünün ruhani təbiətinin əleyhinə yaşamağa məcbur oldu.
Cəmiyyətdə insan öz bütövlüyünü, zənginliyini, fərdi müstəqilliyini itirdi.
İnsan arzularından yaranmış cəmiyyət insani yox, antiinsani cəmiyyətdir. Cəmiyyətdə hakimiyyət cəmin hakimliyi biçimində təsdiq olunur: yəni fərd cəmin hökmünə tabe olur. Həmin hökm müxtəlif fərdlərin kollektiv hökmündən fərqlidir: bu, xüsusi cəmiyyət hökmüdür.
Fərd həmin hökmə mütləq mənada tabe olmalı, əməl etməlidir. Hakimliyin bu xüsusiyyəti özü-özlüyündə antiinsani səciyyə daşımır.
Ancaq gerçəklikdə hakimlik – fərdi itaətdə saxlayan, onun azadlığını əlindən alan, iradəsini sarsıdan, taleyinə qənim kəsilən son dərəcə yad bir qüvvəyə çevrildi. Həmin qüvvə insanı yox, onun mahiyyətini yox, hakimiyyətin özünü təsdiq etməyə başladı.
Hakimiyyət hakimlə eyniləşdikdə hakim öz xudpəsənd, azğın, hərcayi arzularını, niyyətlərini həyata keçirməyə başladı.
Birinci – hər şey, ikinci – heç şey oldu.
İnsan cəmiyyət adlanan dəyirmanda üyüdüldü.
Onun həyatı, taleyi hakimin ixtiyarına verildi.
Hakim fərdin ağası oldu.
İnsan cəmiyyətdə yalnız cismani, maddi varlıq kimi mövcud oldu, onun ruhani ləyaqəti tapdalandı.
Ona cismani varlıq kimi yanaşdılar, ondan cismani varlıq kimi istifadə etdilər, onu alətə çevirdilər.
Hakim – fərdi rəiyyət səviyyəsinə endirməklə onun ruhaniliyini əlindən aldı.
Cəmiyyətdə fərd istehsal münasibətlərində iştirak edirdi. Burada o, öz mahiyyətindən uzaq düşdü. Burada onun daxili dünyası, ruhani keyfiyyətləri lazım olmadı, onun istehsal etmək funksiyası, qabiliyyəti lazım oldu, həmin qabiliyyət başqa keyfiyyətlərdən təcrid olundu.
İnsan ruhani xilqət yox, istehsalçı oldu.
Cəmiyyət silklər, siniflər yaratmaqla insanlar arasında doğmalığı aradan qaldırdı, ictimai həyatda düşmənçilik bərqərar oldu, yırtıcı duyğular, vəhşi ehtiraslar, ədalətsizlik, həqiqətsizlik, şər, qəbahət cəmiyyəti bürüdü. Cəmiyyət insanın daxilindəki naqis duyğuları alışdırdı, insan ruhaniliyini unutdu, ona yad oldu. Cəmiyyət mexaniki, ruhsuz, düşüncəsiz ifaçılıq – ictimai xidmət, hakimliyə səcdə, rütbəyə pərəstiş yaratdı.
Nəhayət, cəmiyyət insanı fərdi mühitin quluna, alətinə, kölgəsinə çevirdi.
Mühit insanı böyütdü, ömrünü müəyyən etdi, onu istədiyi biçimə saldı və insan özünün mühitdən böyük, mühitəsığmaz mahiyyətini unutdu, bu səbəbdən də o, mühitə uyğunlaşmağa, ona pərçimlənməyə başladı: fəlakətli ruhsuzluq bəlası törədi. Buna baxmayaraq, cəmiyyət insanı öldürə bilmədi.
İnsan cəmiyyətin daxilində vətəndaşlıq ülviyyəti yaratdı və bu ülviyyətdə öz ruhani mahiyyətini təsdiq etdi, vətənsevərlik, xalqsevərlik səviyyəsinə ucaltdı. İnsan cəmiyyətlə barışmadı, onunla daim vuruşdu, onun antiruhani xislətini dərk etdi, cəmiyyətə sığmadı, ondan kənara çıxdı və onu öz ruhani tələbləri əsasında dəyişməyə çalışdı. Cəmiyyət maddiyyatı tərəqqinin meyarına çevirmək istədisə də, insan mənəvini özünə meyar seçdi və bu səbəbdən də cəmiyyəti bir vəziyyətdə qalmağa qoymadı.
Cəmiyyətin şəxsiyyətə layiq olmaması – insan tarixinin ən dəhşətli ziddiyyətidir.
Bu ziddiyyəti aradan qaldırmaq üçün bəşər ruhani cəmiyyət qurmalıdır!
