Xəbərlər

Asif Ata Cəmiyyətlə Görüş

İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı.İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı.
Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib oldular. Ancaq insan özünü cəmiyyətdə tapmadı, itirdi və indi də itirmiş sayır. Fərqləndirdiyi, özündən ayırdığı, ucaltdığı başçı özünü insana qarşı qoydu, özü ilə insan arasında uçurum yaratdı və İnsanı həmin uçuruma atdı. Öz möhtəşəmliyini təsdiq edən başçı insaniliyi unutdu və insanı öz xidmətçisinə çevirdi. İnsan öz fəaliyyətinin kölgəsinə döndü, əkinçi oldu, ovçu oldu, ancaq insan olmadı, cəmiyyətdə insan kimi görünmədi.
Başçı insanın insani mahiyyətini mənimsədi. Sonralar dövlət yarandı, başçını hökmdar əvəz etdi, insan hakiminin köləsinə döndü, minlər bir nəfərin sərəncamına verildi. Cəmiyyət ilə insan arasında barışmaz ziddiyyət törədi. Hökmdarlar əzəmətli imperiyalar yaratdılar və minlərlə insanı bu niyyətə qurban verdilər. Onları insan saymadılar, əsgər saydılar.
Cəmiyyətdə insan olmaq və əsgər olmaq başqa-başqa şeylər idi. Hökmdarın ölümü cəmiyyət üçün misilsiz faciə idi. Ancaq minlərlə adilərin ölümü ölüm deyildi! İnsan sözünün mənası dəyişilmişdi. Bu söz böyüklüyünü itirmişdi. Onun yerini başqa anlayışlar tutmuşdu: hakim, zadəgan, rəiyyət!
Artıq insana insan deyə müraciət etmirdilər. Çünki əsil bütöv İnsan cəmiyyətdən xaric edilmişdi. Cəmiyyətdə isə insan yox idi. Hökmdar da insan deyildi, qorxunc, yad, heybətli qüvvə idi! Zadəganda insanı axtarmırdılar, var-dövlət axtarırdılar. Rəiyyət heç cür insan deyildi. Cəmiyyət onu insan hesab etmir-di. Ona qarşı qəddar və amansız idi. Rəiyyətin aqibətində insanilik itmişdi. Beləliklə də cəmiyyəti yaradan insan cəmiy-yət¬də məhv olmuşdu. Onun daxili aləmindən cəmiyyətin xəbəri yox idi. Çünki o, cəmiyyətə gərəkli deyildi. Cəmiyyətə insan yox, alət lazımdı. Cəmiyyətə insanın arzuları, niyyətləri gərəksiz idi. Çünki cəmiyyətdə insan özü istədiyi kimi yaşamırdı, istənilən kimi yaşayırdı. Cəmiyyət öz arzularını həyata keçirməklə məşğul idi və insan səadətini nəzərə almırdı. Qeyri-adi qüdrət, möhtəşəm dövlət yaradırdı və insanı görünməmiş müsibətlərə düçar edirdi. Ancaq bu, müsibət sayılmırdı, qabiliyyət sayılırdı. Neçə-neçə sinələrə dağ çəkilirdi, şəhərlər, ölkələr yerlə-yeksan edilirdi, insan kəllələrindən binalar ucaldılırdı, ancaq səlahiyyətli cəlladlar lənət əvəzinə, pərəstiş qazanırdılar.
Təbiidir ki, belə cəmiyyət insanı özünə pərçimləyə bilirdi. Ən dəhşətlisi o idi ki, İnsan öz taleyini özündə yox, cəmiyyətdə aramağa başladı. Bu, qətlə məhkum olunanın öz səadətini qatildə axtarmağına bərabər idi. İnsan artıq bilirdi ki, hökmdar öz fəaliyyətində, niyyətində onun mənafeyini heç vaxt nəzərə almayacaq, ona görə də nəinki dünyanın taleyi, hətta özünün – insanın taleyi də öz əlində deyil! Bu onun qəlbini təlaş hissiylə doldururdu! İnsan bir şəxsiyyət kimi parçalanır, paralanırdı.
Cəmiyyət İNSANI siniflərə, silklərə bölmüşdü. Bu, insanlar arasında doğmalığı öldürmüşdü. Insanlar bir-birinə qohum olduqlarını unutmuşdular. Varlı – yoxsulu, səlahiyyətli – əməkçini, hökmdar – rəiyyəti insan saymırdı. Ülvi duyğular tükənir-di. Kin, nifrət, hiddət ürəklərə sığmırdı, oda çevrilib ətrafı yandırırdı; köhnə cəmiyyəti dağıdıb yenisini qurdular, ümid seli dünyanı tutdu, ancaq tezliklə köhnə fəlakətlər təkrar olundu, insan yenidən cəmiyyətin köləsinə, kölgəsinə çevrildi. Şəhərlər salındı, mədəniyyət çiçəkləndi, ancaq insanilik artmadı – azaldı. İnsan insan axtardı. Cəmiyyət ona rəis–icraçı, varlı–yoxsul təqdim etdi… Qəribə vəziyyət yarandı. İnsan yalqızlığından, yadlığından xilas olmaq üçün cəmiyyətə qovuşdu, əvəzində isə misilsiz yalqızlıq, yadlıq əldə etdi. İnsan cəmiyyəti öz insaniliyini təsdiq etmək üçün yaratmışdı, ancaq cəmiyyətdə o öz insaniliyini itirdi. İnsan cəmiyyətdə heç vaxt özü olmadı, həqiqəti söyləyə bilmədi, daxili dünyasını qıfılla¬malı oldu. Cəmiyyətdə insanın yalnız cəmiyyət tərəfindən qəbul olunan, təqdir edilən fəaliyyəti gərək idi. Cəmiyyət insana cansız əşyaya baxan kimi baxırdı. İstəyəndə başa çəkirdi, istəməyəndə aşağıda saxlayırdı; istəyəndə sığallayırdı, istəməyəndə başını kəsirdi.
O, İnsan ömrünün istiqamətini əvvəldən müəyyən etmişdi… Həmin istiqamətdə bütün insani keyfiyyətlər tədricən yoxa çıxırdı. İnsan tamamilə kölələşmişdi. Ona deyirdilər “qalx” – qalxırdı, “otur” – otururdu!
Cəmiyyət insanı daim eyni dairədə saxlayırdı. Insanın öz daxili dünyasına enməyə imkanı olmurdu. İnsana bəzən elə gəlirdi ki, o, daxili dünyasını haradasa itirib.
Dəhşətli ruhsuzluq bəlası peyda olmuşdu. İnsanın özünəməxsusluğu, fərdiyyəti heç kəsə və heç nəyə lazım olmurdu. Onu heç görmürdülər də!
Orduda insan əsgər, yaxud zabit idi; idarədə rəis, yaxud icraçı idi.
Daxili böyüklük, əsillik, ləyaqət nəzərə alınmırdı… İnsan cəmiyyət adlanan dəyirmanı fırladan sulardan fərqli deyildi! Ona görə də cəmiyyətə daxil olmaq özünü tərk etmək demək idi. Özünü tərk edən məqamda insan məcmuu – sürüyə çevrilirdi. Sənin özünəməxsusluğun itirdi, sən çox asanlıqla hamılaşırdın və bu eybəcər məqamda şiddətli bir kəskinliklə hiss edirdin ki, sənin mənliyini əlindən alıb səlahiyyətlilərə veriblər. Səlahiyyətlinin hər adi xüsusiyyəti misilsiz sərvət sayılır, onun paltarının rəngindən başlamış, bayağı vərdişlərinə qədər nə varsa – səmaviləşir. Sən anlayırsan ki, səlahiyyətli əslində oğrudur. O, sənin mənliyini oğurlayıb. Bu, həm də sənin ona könüllü bəxşişindir. Sən özündən kəsib ona calamı¬san. Ancaq indi o, sənin kimi minləri yer üzündən silə bilər.
Onun zalım, əxlaqsız, kinli, qəddar, mənəviyyatsız olmağa haqqı var. O, insaniliyi hər addımda tapdalayır, ancaq bunu hamı onun alçaqlığı yox, üstünlüyü sayır.
İki bir-birinə zidd baxış yarandı: dövlət baxışı və insan baxışı. Dövlət baxışına görə, insani ləyaqəti qurban vermək – qəbahət sayılmır. Çünki dövlətin mənafeyi İnsanın mənafeyin-dən yüksəkdir. Dövlət mənafeyi xatirinə hər cür vasitəyə, hətta ən alçaq cinayətə belə əl atmaq məqbuldur. Məlum olur ki, dövlət insan üçün, onun səadəti, ləyaqəti, mənəvi təsdiqi üçün deyilmiş.
Deməli, mən – İnsan dövlət yaratmaqla özümü dəhşətli quyuya salmışam. Deməli, mən – İnsan möhtəşəm səltənətdə qul vəziyyətində yaşasam da, hər addımda mənliyim təhqir olunsa da, sevincimdən, iftixarımdan yerə-göyə sığmamalıyam, çünki qüdərtli ölkənin vətəndaşıyam… Faciəvi bir vəziyyət yarandı. İnsan – insan kimi yaşamaq üçün tər tökdü, qan axıtdı, əzəmətli dövlət yaratdı və dövlət onu heç etdi. Bunu anlayan İnsan hiddətləndi: dövlətə qarşı vuruşdu, dövləti yıxdı, yeni dövlət yaratdı, ancaq həmin dövlət də İnsanı heç saydı.
İnsan cəmiyyəti insaniləşdirməyin yeni yollarını aradı, monarxiyanı (hökmdarın hakimiyyətini) demokratiyayla (xalqın hakimiyyətiylə) əvəz etdi. Ancaq xalqın hakimiyyəti bərqərar olmadı və demokratiya monarxiya şəklinə düşdü; hakimiyyətə sahib olmuş demokrat monarxlaşdı, İnsan üzərində ağalıq etməyə başladı. Dövlət baxışı ilə İnsan baxışı arasındakı ziddiyyət daim artdı.
İnsani baxışa əsasən – yalan danışmaq günahdır. Dövlət baxışına əsasən – ali məqsəd naminə yalan danışmaq müdrik¬lik-dir. İnsani baxışa əsasən – bir şəxsin məhvi belə faciədir. Dövlət baxışına əsasən – böyük bir ordunun – tarixi nailiyyət naminə – məhvi faciə deyil, zəruri hadisədir. İnsani məntiqə əsasən – məhəbbəti zorla qazanmaq olmaz, dövlət baxımına görə – zorla sevdirmək mümkündür. İnsani baxışa görə – insanın sözü ilə işi arasında təzad olmamalıdır, dövlət baxışına görə – bu, zəruridir. İnsani baxışa görə – vicdana xəyanət etmək olmaz, dövlət baxışında vicdana yer yoxdur. İnsani baxışa görə – bir şəxs bəşərin gözü qabağında və bəşərin hesabına özünü dəbdəbəli şəkildə təsdiq eləyə bilməz, dövlət baxışında – bu mümkündür, qılınc sahibləri ad-san qazanmaq üçün milyonları qurban verirdilər…
İnsan dövlətə baxırdı, bu yad qüvvənin öz məhsulu olduğuna inanmırdı, hiddətlənirdi, qeyzlənirdi, ancaq cəmiyyətə tabe olurdu. Çünki cəmiyyət İnsanın üzərinə topla-tüfənglə gəlirdi. Silahı insan vəhşi heyvanlarla vuruşmaq üçün icad etmişdi. Sonralar onu insanlara qarşı çevirdilər. Silahlar ordulara tapşırıl-dı, ordular fatehlərə tabe oldu, fatehlər bəşərin bir hissəsini qırıb tökdülər. Dövlət insandan ayrılandan sonra ordu İnsana qarşı çevrildi. O, İnsana dedi: “Sən istədiyin, bacardığın, öz mahiyyətinə uyğun hesab etdiyin kimi yaşamayacaqsan, dövlət deyən kimi yaşayacaqsan”. Beləliklə də həyat iki hissəyə bölündü: CƏMİYYƏT və İNSAN. Cəmiyyətdə İnsan rol oynadı, yaşamadı, öz əsil dünyasını dostluqda, məhəbbətdə, sənətdə, idrakda və xüsusilə Peyğəmbərlərin kəlamlarında tapdı.
Peyğəmbərlər dedilər ki, dünyanın, həyatın, dövlətin mənası İnsandır. İnsanilikdən ali möhtəşəmlik yoxdur. Əgər dövlət İnsanın əleyhinədirsə, İnsaniliyi itirirsə – o, məhv olmalıdır. Min dövlət bir insan səadətinə bərabər deyil – yüz ordunun qələbəsi bir insanın fəlakətini əvəz edə bilmir. Teymurləng bəzən bir döyüşdə minlərlə insanı divara basdırırdı, Nəimi isə insanı Allah sayırdı. Peyğəmbərlər hökmdarları inkar edirdilər. Hölmdarlar insanı alçaldırdılar və bununla da özlərini təsdiq edirdilər. Peyğəmbərlər insanı yüksəldir və bununla da insanlara məhəbbətlərini bəyan edirdilər. Napoleonlar milyon¬ların fəlakətini yaradırdılar və bununla da özlərinin insanlardan fərqini təsdiq edirdilər. İsalar insanlardan ötrü ölümə gedirdilər və bununla da İnsanı ali sərvət kimi qiymətləndirirdilər. Ancaq cəmiyyət İsanı çarmıxa çəkirdi, Napoleona isə heykəl qoyurdu. Çünki Napoleon imperiya və yeni Avropa yaradırdı, İsa isə əsil İnsan.
İnsan peyğəmbərləri eşitdi, ancaq hökmdarlara yenə də tabe oldu. Hökmdarlar peyğəmbərlərlə döyüşdülər, ancaq döyüşdə məğlub oldular, peyğəmbərləri özlərinə uyğunlaşdırdılar, onların təlimini öyrəndilər və özlərini həmin təlimlərin ardıcılları kimi qələmə verdilər. Qəddarlığın, zorakılığın məhəbbətlə, mərhəmətlə bir olduğunu sübuta çalışdılar, insanları öz gücünə tabe etdilər. Cəmiyyətə cəmiyyətin gözüylə baxan İnsan təxəyyülündə hökmdarı böyütdü, fədakar, qəhrəman saydı. Ona elə gəldi ki, hökmdarlar İnsana xidmət edirlər.
Beləliklə də İnsan sonsuz yanlışlıqlar içərisində itib-batdı, cəmiyyətə pərçimləndi, cəmiyyət adamına döndü. Ancaq daxi-lində yaşayan ruh onu özü haqqında gərgin düşünməyə vadar etdi.
Necə olur ki, sən özünlə, dostunla, sevgilinlə olanda bir adam olursan, cəmiyyətdə isə başqa adam? Niyə sən öz kiçik aləmində düşünən, daşınan, canlı, fəal şəxs, cəmiyyətdə isə məzlum, cansız əşya olursan?! Niyə sən burada həqiqətə, orada isə yalana pənah gətirirsən? Niyə sən öz ruhani aləmində şairanə xilqət, cəmiyyətdə isə itaətkar alət olursan? Dünyanın, təbiətin hissəsi olduğunu niyə unutmusan, öz yaşayışını niyə cəmiyyətlə məhdudlaşdırırsan?
Ruh insanı öz daxilinə qaytardı və insan həqiqəti tapdı. Onun qəlbində həyəcanlı kəlmələr səsləndi:
– Mənim özüm qeyri-kamil, natamam, nöqsanlı olduğum üçün yaratdığım cəmiyyət də naqis oldu. Mən özümü yaxşı tanımamışam. Mən elə bilmişəm ki, ali mahiyyətim – insaniliyim döyüşsüz, davasız, ziddiyyətsiz aşkara çıxacaq! Bu mənim səhvim imiş! Mən özümü dəyişdirməli, təmizləməli, ülviləşdirməliyəm. Kamil cəmiyyət qurmaq üçün mən özüm kamil İnsan olmalıydım, qəlbimdən çirkin duyğuları silib atmalıydım. Onda mən ali cəmiyyət qura bilərdim. Mən isə olanla kifayətləndim, özümü Mütləqə yaxınlaşdırmadım və mənim qüsurlarım cəmiyyətimdə aşkara çıxdı. Cəmiyyət adlanan güzgü mənim eybəcərliyimi gözəl göstərdi. Mən özümü yenidən yaratmalıyam, onda insaniliyim tam aşkara çıxacaq, ruhum instinktlərimin üzərində tam qələbə çalacaq; yalnız onda mən öz əsil cəmiyyətimi yaradacam. İndiki cəmiyyətlərin heç biri mənim cəmiyyətim ola bilməzdi. Əsil cəmiyyətimi mən indən sonra yaradacağam. Öz üzərimdə çaldığım qələbələrdə kamil cəmiyyətimin nişanələri görünəcək. Mən bu ali həqiqəti hədsiz qurbanlar, iztirablar, faciələr bahasına qazandım!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir