Köləlik çirkinliyi. Zəlillik çirkinliyi. Cəhalət çirkinliyi. Qəbahət çirkinliyi. Xəbislik çirkinliyi. Xəsislik çirkinliyi. Heyvanilik çirkinliyi. Şəhvanilik çirkinliyi. Fitnəkarlıq çirkinliyi. Riyakarlıq çirkinliyi. Hərislik çirkinliyi. Sünilik çirkinliyi. Yalan çirkinliyi. Xülya çirkinliyi. Xəyal çirkinliyi. Küdurət çirkinliyi. Qorxaqlıq çirkinliyi. Ruhsuzluq çirkinliyi. Həqiqətsizlik çirkinliyi.
Duyğu karlığı, idrak korluğu. Harınlıq vəhşiliyi, qan içmək vəhşiliyi, yadlıq, özgəlik vəhşiliyi, gözəlliyə, ülviliyə biganəlik vəhşiliyi! Hərcayilik əsarəti! Var-dövlət əsarəti! Əyri yol əsarəti! Cismani nəşə əsarəti! Bər-bəzək əsarəti! Təmtəraq əsarəti!
Hakimi Mütləq saymaq çirkinliyi! Səlahiyyətliyə səcdə qılmaq çirkinliyi! Tərif, təltif, mükafat əsarəti! Böyüklüyə nifrət əsarəti. Süni bütlər əsarəti! Sürüləşmə əsarəti. Ölüləşmə əsarəti. Aldanmağa alışmaq əsarəti. Şəhvətin zəkanı söndürməsi. Vəhşiliyə qayıtmaq vəhşiliyi! Qadınların qadınlıqdan ayrılması!
…Əbədi tələbəlik əsarəti. Çürümək çirkinliyi. Qurmamaq çirkinliyi. Dağıtmaq çirkinliyi. Əbədi körpəlik əsarəti. Zora qəyyumluq əsarəti. Ağalıq çirkinliyi. Yalançı Peyğəmbərlik çirkinliyi. İnsanı əşya saymaq çirkinliyi. Kütləvi əşyalaşma çirkinliyi. Xurafata alışmaq çirkinliyi. Sürülmək, sürünmək çirkinliyi. Diriykən məzara gömülmək çirkinliyi. Dinməmək, bilməmək, görməmək çirkinliyi. Cəsarəti, hünəri daxildə öldürmək çirkinliyi!
Zülmətə qarışmaq, zülmətdə itmək çirkinliyi! Əhdi pozmaq, anda xilaf çıxmaq çirkinliyi! Heçin dəbdəbəyə meyili! Cılızın izdihama meyili! Çirkinliyi gizlətmək çirkinliyi! Zahirin batinə yadlığı! Həyatın ruha yadlığı! Maddinin mənəviyə yadlığı! Xalqın özünə yadlığı! Ürəyin inama yadlığı! Vüqarın əmələ yadlığı! Bəzəkli bəsitlik çirkinliyi! Ədalı naşılıq çirkinliyi! Zəkalı bədən çirkinliyi! Balıq soyuqluğu! Müstəbid çılğınlığı! Uydurma çirkinliyi! Qudurma çirkinliyi!
Dəllal xisləti. Zülmkar xisləti. Mənsəbpərəst xisləti. Sifətsizlər, vüqarsızlar. Yalan danışan dodaqlar, əyri görən gözlər. Tərs eşidən qulaqlar. Nifrətin məhəbbəti öldürməsi! Küdurətin mərhəməti öldürməsi! Eyş-işrətin sədaqəti öldürməsi! Ağılın duyğunu öldürməsi. Qəzəbin idrakı söndürməsi.
Müstəbidin dahiliyi. Satılmışın sərbəstliyi. Qarımışın şuxluğu. Gümüş saçlarda gizlənən qəbahət! Ağsaqqallıq sanbalında gizlənən hərcayilik! Xeyirin əzəmətində gizlənən Şər! Qələbə libasında məğlubiyyət! Sahiblik libasında əsirlik! Məsumluq libasında zalımlıq! Çirkli vicdan, çirkli əl, çirkli əməl, çirkli yol! Böhtan ləkəsi, Qan ləkəsi.
Saxta alqış yağışı. Kəsilən dillər, çıxarılan gözlər, zəhərlənən bədənlər, yerlə-yeksan edilən ölkələr! Neronların, Borçiaların, İrodların hakimiyyəti! Çirkli suyun təmiz suyu bulandırması! Çirkli suyun təmiz su sayılması! Saxta işıqların gözləri qamaşdırması! Cəlladlıq peşəsinə ehtiyac! Sərsəm nəşələrə ehtiyac! Don Juanlara maraq.
Aldatmaq çirkinliyi. Ağlatmaq çirkinliyi! Ucalıqdan yanıltmaq çirkinliyi! Kor etmək, kar etmək, lal etmək çirkinliyi! Həyadan, ismətdən, qeyrətdən “sağalmaq” çirkinliyi! Mərifətdən xilas etmək çirkinliyi! Təbiilikdən azad etmək çirkinliyi! Vəcddən, ehtizazdan, müqəddəslik duyğusundan azad etmək çirkinliyi!
Çirkinliyin saysızdır, dünya! Səni rədd edərdim, gözəlliklərin olmasaydı!