HƏQİQƏT – YALAN
Həqiqət – həyata sığmayan.
Yalan – həyatın sığındığı.
KAPİTALİZM – KOMMUNİZM
Kapitalizm – tək-tək Ağalaşma.
Kommunizm – hamılıqla Kölələşmə.
CƏMİYYƏT BACARIQSIZLIĞI
Cəmiyyət İnsanilik ehtiyacından yaranmayıb, özünüqoruma ehtiyacından yaranıb.
Cəmiyyət vasitəsilə İnsan özünü xarici düşməndən qoruya bildi, daxili düşməndən qoruya bilmədi.
RUHANİ UĞUR
Elə Qələbə qazan ki, heç kəs Məğlub olmasın!
Elə Ucal ki, heç kəs Alçalmasın!
Elə Böyü ki, heç kəs Kiçilməsin!
Elə Həyat sür ki, Həyata oxşamasın!
AİLƏ
İnsaniliyin irsi Doğmalıq biçimi.
CƏMİYYƏT – LƏYAQƏT
Cəmiyyətin aşağı pilləsində dayanıb İnsanlığın yuxarı pilləsinə çatmaq olar.
İnsanlığın aşağı pilləsində dayanıb cəmiyyətin yuxarı pilləsinə çatmaq olar.
YAŞAMADAN ÖLMƏK
Vəsiqələrə gömülmək.
İmtiyazlara gömülmək.
Rütbələrə gömülmək.
Nişanlara gömülmək.
UĞUR – MƏĞLUBİYYƏT
Bir dünya əldə etmək üçün bir qarış insanlıqdan keçirsənsə – Dünyadan keç!
Çünkü sənin bir qarış məğlubiyyətin bir Dünya qələbəndən böyükdür!
Çünkü İnsanlıq məğlub olursa – Qələbə yoxdur!
QANUNİ ƏMƏL
I
Qanuna zorla əməl edilirsə – o, Qanun deyil.
Qanuna əməl edilmirsə – o, Qanun deyil.
Qanuna könüllü əməl edilirsə – o, Qanundur.
II
Ədalətsiz Qanuna əməl etmək – Qanunsuzluqdur.
Ədalətli Qanuna əməl etməmək – Qanunsuzluqdur.
III
Könüllü Qəbul etdiyin Qanuna borclusan.
Borcuna Mütləq Mənada əməl etməlisən.
Etmirsənsə – Qanunsuzluq törədirsən!
QANUN ŞƏRHİ
Əsil Qanun – İnsanilikdir.
Başqa Qanunlar – onun şərhidir.
MADDİYAT – İDEAL
Maddi yüksəliş – maddi məhrumiyyətə son qoyur.
Ancaq İnam yaratmır.
Ədalət yaratmır.
Həqiqət yaratmır.
Yəni İnsan yaratmır.
İNSANLIQ VAXTI
Təzadlı Bəşər!
Tarixin Qədim, uğurların Zəngin, ancaq Mütləqdən kiçik!
Zahirə uymusan – Batindən uzaqlaşmısan!
Cismaniyə uymusan – Ruhanidən uzaqlaşmısan!
Heyvandan ayrıla bildin.
İnsanlıq vaxtıdır!