Xəbərlər

Asif Ata. Ehkam Dairəsi (“Dairələr” əsərindən)  

“Varlıq Şüuru müəyyən edir”.
Ehkam Müddəası.
Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı?
Ehkam Şüuru Varlığa təslim eləyir, Şüur Ehkamda Varlığa qapanıb qalır.  İnsani­liyə Zidd, Həqiqətə Zidd, Ədalətə Zidd Varlığı – Varlığa qapanan Şüur necə dəyişsin?
Varlıq Şüuru müəyyən edirsə, onda Şüurun müstəqilliyindən (“Nisbi müstəqilliyindən”) danışmaq olarmı: nisbi müstəqillik nə deyən şeydir və onun varlığa fəal münasibəti nədən ibarət ola bilər? Ehkam Şüuru Varlıq Dairəsinə salıb – bu səbəbdən də Ehkamda Şüur özü olmur.
Əslində Şüur Varlığı ötür, bu səbəbdən də həqiqətə çatır.

“Cəmiyyət İnsanın iradəsindən və şüurundan asılı olamayan qanunlar – ilk növbədə istehsalat qanunları əsasında inkişaf eləyir”.
Ehkam müddəası.
Əgər cəmiyyətin inkişafı İnsanın şüurundan və iradəsindən asılı deyilsə – onda insanın cəmiyyətdə rolu yox kimidir; – insan cəmiyyətdə yersizdir; cəmiyyət allahlaşır Ehkamda, İnsan, onun şüuru bəndələşir.

“Mücərrəd həqiqət yoxdur, həqiqət həmişə konkretdir”.
Ehkam müddəası.
Bu o deməkdir ki, Şəraitdən, Mühitdən asılı olmayan həqiqət yoxdur, həqiqəti Mühit, Şərait doğur; Mühit, Şərait dəyişəndə həqiqət də dəyişir: – Mahiyyətcə bu, həqiqətsizlik deməkdir; çünki Mühit həqiqəti, Şərait həqiqəti olmur – həqiqət birdir və Şəraitdən, Mühitdən asılı deyil: Mühitə, Şəraitə uyğunlaşan “Həqiqət” Yalanlaşır.
Ehkam həqiqəti əslində Yalan Dairəsinə salır – Yalanı “həqiqətləşdirir”.

“Həqiqət meyarı – təcrübədir”.
Ehkam müddəası.
Təcrübə – həqiqətin meyarı ola bilməz, çünki o gerçəklik səviyyəsidir: – yəni keçicilik, sonluluq, nisbilik Dairəsidir. Təcrübə həqiqətin həqiqiliyini yox, faydalığını müəyyən edir;
Faydalıq həqiqətin meyarı ola bilməz, həqiqət faydalıqdan artıqdır, üstündür, böyükdür; həqiqət – faydalığın təsdiqi yox, Mahiyyətin dərkidir; Həqiqətin Meyarı – mütləqilikdir; yalnız Mütləq olan həqiqətdir.

“Mütləq həqiqət Nisbi həqiqətlərdən doğur”.
Ehkam müddəası.
Nisbi həqiqət – gerçəklik səviyyəsində olan “həqiqətdir” – yəni keçici, sonlu, ölümlü, qeyri-kamil həqiqətdir – əslində həqiqətsizlikdir; Mütləq həqiqət nisbi həqiqətin davamı yox – İnkarıdır.
Əslində yalnız Mütləq olan həqiqidir – nisbi olan – Qeyri-həqiqidir.

“İnsan – ictimai münasibətlərin məcmuudur”.
Ehkam müddəası.
İnsan Şəraitin, Mühitin, ictimai münasibətlərin məcmuyu, ifadəsi, təzahürü deyil; öz Ruhani Mahiyyəti – İnamı, İdrakı, Mənəviyyatı, İradəsi etibarilə o, Şəraitdən, Mühitdən, ictimai münasibətlərdən üstündür, yüksəkdir, böyükdür.
Bu səbəbdən də onları dəyişdirə bilir, onların üzərində qələbə çalır: insani mahiyyət heç bir konkret ictimai münasibətlərə sığmır; İnsanilik – ictimailikdən artıqdır, üstündür, böyükdür.
Ehkam İnsanı Nisbilik, İctimailik Dairəsinə salır, onu Mahiyyətdən ayırır, Yoxluğa sürükləyir.

1991.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir