Xəbərlər

Asif Ata. Gedimli  Dünya

İşığın bəbəkdən getməsi, çiçəyin çəməndən getməsi, sevgi­nin sevdadan getməsi!
İlhamın duyğudan getməsi! Ümidin ürəkdən getməsi! Hey­rə­tin gözlərdən getməsi! Mütləqin mənəviyyatdan getməsi! Eşqin hissiyyatdan getməsi! Doğmalığın səsdən getməsi!
Ağacın qırılması! Çayların quruması! Gözəlliyin solması! Bədənin məzara qoyulması!
Həsrət gedişi! Hiddət gedişi! Məqam, gün, ay, il gedişi! Yolların yollardan ayrılması! Biçimin məzmundan ayrılması! Övladın anadan ayrılması! Aşiqin məşuqdan ayrılması! İdrakın ehtizazdan ayrılması! Könülün Müqəddəslikdən ayrılması! Tari­xin qədimlikdən ayrılması! Vicdanın əməldən ayrılması! Budağın kökündən ayrılması! Gözəlliyin saflıqdan ayrılması! Sözün həqiqətdən ayrılması! Şöhrətin ləyaqətdən ayrılması! Ömrün gənclikdən ayrılması! Qocalığın ağsaqqallıqdan ayrılması! Məhəbbətin qüdsiyyətdən ayrılması! Möhtəşəmliyin mərhəmətdən ayrılması!
Rəyasətin ruhanilikdən ayrılması! Vüsalın həsrətdən ayrıl­ması! Qadınlığın mənəvi zəriflikdən ayrılması! Səsin könüldən, nəfəsin sinədən, insanın Vətəndən ayrılması! Durnanın qatar­dan, ağacın meşədən ayrılması! İgidin cərgədən ayrılması!
Dünyadan qəhrəman gedib, fədakar gedib, mahnısını çağıra bilməyən gedib, ürəyini açmayan, sözünü deməyən gedib, arzusunu, istəyini, qalibiyyətini özüylə qəbirə aparan gedib! Çiçəkləri açılmayan ağaclar, otları bitməyən çöllər, suları qaynamayan bulaqlar, danışmayan dodaqlar olub dünyada.
Zəkaların itiliyi itib, duyğuların incəliyi itib, gözəlliyin cazibədarlığı itib, firkin vüsəti, iradənin iqtidarı itib, heyrətin təbiiliyi itib, hicranın əzabı, vüsalın dadı itib, şirin zəhmi, maralın cəzbi itib.
Aşıq sazından ayrılıb, çay məcrasından ayrılıb, yanaq həyasından ayrılıb, doğma doğmasından ayrılıb, munis muni­sindən ayrılıb, bəşər Alisindən ayrılıb, neçə səadət binaları uçulub, neçə qanad qırılıb, dəniz sudan ayrılıb, ləçək güldən ayrılıb, neçə Koroğlu aldanıb, neçə Məcnun məzara gömülüb, neçə Qırat qaçırılıb, mizrab simdən ayrılıb.
Neçə fatehi yer fəth eləyib, neçə natiqi susdurub, neçə mərdi namərdə qurban eləyib, neçə vüqarlı başları əyib, neçə torpaq sahibini torpağa basdırıb, neçə təbibi dərdə salıb, neçə ucalanı alçaldıb, neçə nəğməni susdurub, neçə ürəyi qıfıllı saxlayıb, neçə kürəyi yerə qoyub, neçə beyni çürüdüb, neçə bədəni əridib, neçə zərifi əzib, neçə sinəyə dağ çəkib! Saysız ölkələr dağılıb, saysız yazılar pozulub, saysız qalalar uçulub! Saysız dözüm tükənib, fəryad tükənib, qüvvət tükənib!
Qırğın seli dünyanı götürüb! Fatehlər Qırğını, Hakimlər Qırğını, Tufan Qırğını, Əcəl Qırğını. Cismin ölümü, Ləyaqətin ölümü, Ümidin ölümü, İnamın ölümü.
Yalançı dirilik Ölümü, Yalançı müdriklik Ölümü. Yalançı fədakar ölümü. Yalançı böyüklük ölümü. Yalançı məhəbbət ölümü. Xurafat ölümü. Aldanış ölümü. Əyri yol ölümü. Özünüyanılma, özündənayrılma ölümü. Yalançı oyanma ölümü. Hərcayi dolanma ölümü.
Çoxluq ölümü. Şəhvət çoxluğu. Qorxaq çoxluğu. Əşya çoxluğu. Kölə çoxluğu. Bəzək çoxluğu. Loğman çoxluğu. Korlar, karlar çoxluğu, vüqarsızlar çoxluğu.
Yekrənglik ölümü. Düşüncə yekrəngliyi, ehtiras yekrəng­liyi, məna yekrəngliyi, arzu yekrəngliyi, sifət yekrəngliyi, yara­şıq yekrəngliyi, Mütləqsizlik yekrəngliyi!
Gedimlisən, dünya! Payızda fəsillərin gəncliyi, ağacların yarpaqları gedir, qışda təbiətin hərarəti gedir, yazda qışın qarı gedir, yayda yazın təravəti gedir, cavanlıqda körpəliyin məsum­­luğu gedir, yetkinlikdə gəncliyin coşqunluğu gedir, qocalıqda yetkinliyin gücü gedir, saçların dənində saçların qaralığı gedir.
Yağışı torpaqda itirirsən, çayları düzlərdə itirirsən! Evə matəm gətirirsən, ürəyə qəm gətirirsən, yetirdiyin hər nə varsa, hamısını itirirsən, gedimli Dünya! Sənə qeyzlənirəm, ancaq səndən usanmıram! Məni hiddətimdən ayırırsan, sehrkar dünya!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir