VƏZİYYƏT
Əgər SSRİ Fövqəlgücünü azaltmasa – Dünya ona etibar eləməyəcək, əgər SSRİ Fövqəlgücünü çox azaltsa – Dünya onu saymayacaq.
Bu səbəbdən də SSRİ Fövqəlgücünü “qədərincə” azaldacaq, yoxsa Dünyadan bəhrələnə bilməz, niyyətinə çatmaz.
KƏDƏRLİ HAL
Pribaltikalılar mütəşəkkilliyində təcavüzkar həqarət var, bu səbəbdən də onların məğlubiyyəti heç kəsi kədərləndirmir.
7 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
TƏZƏ LƏYAQƏT
Lenindən Litva millətçisi düzəldirlər,
erməni daşnakı düzəldirlər,
yəhudi dəllalı düzəldirlər.
FİTNƏKARLIQ
Konstitusiya çərçivəsində qəhrəmanlıq – fitnəkarlıqdır.
HƏQİQƏTSİZLİK
Demaqoq – Həqiqətsizdir, bu səbəbdən də Sözbazdır.
İQTİDARSIZLIQ
Pribaltika SSRİ daxilində Müstəqillik istəyir, İnadla – İnamsız.
TƏZƏ MƏRHƏLƏ
Yenidənqurma – dəhşətli tarixi fəlakət.
9 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.
QURULTAY MƏZMUNU
Haytalı, Həşirli, Qarışıq, Fəlakətli, Ləyaqətsiz Boşluq.
QURULTAY AŞKARLIĞI
Hakim sinif sayılan Fəhlə Sinfinin dəhşətli Hakimiyyətsizliyi, Sahibsizliyi tam aşkara çıxdı Qurultayda.
İNQİLABİ TRAGİKOMEDİYA
Xilaskarların xilas harayı!
QURULTAY DAVRANIŞI
Pribaltikalılar özlərini Evi qarət olunmuş Yiyə kimi aparırdılar.
Ruslar özlərini dəvəsi ölmüş ərəb kimi aparırdılar.
Ermənilər özlərini zəncir gəmirən köpək kimi aparırdılar.
Azərbaycanlılar özlərini üzü qara gəlin kimi aparırdılar.
QURULTAY ATASIZLIĞI
Evdə Ata olmayanda – Uşaqlar biri-birinin başını yarır.
BƏDNƏZƏR GERB
Oraq–çəkic: Kəndli ölümü, Fəhlə fəlakəti.
BİLMƏDİLƏR
Solçular Nazirlər Diktaturasını uçura bilmədilər.
Sağçılar Solçuları Hakimiyyətdən xaric edə bilmədilər.
Azərbaycanlılar Qarabağ məsələsində irəliləyə bilmədilər.
Qorbaçov Saxarova Sahib ola bilmədi.
“Cahanşümul tarixi hadisədə” əslində heç nə baş vermədi.
TƏZƏ ALİ SOVET
Partiyanın demokratik nökəri.
DÜNYƏVİ NƏTİCƏ
Qurultayı dinləyən hər bir xarici şəxs sosializm adlanan Yer cənnətindən cəhənnəmdən qaçan kimi qaçacaq.
11 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı.
EKOLOJİ FƏLAKƏT
Sosializm yırtıcılığı.
SOSİALİZM MÜBAHİSƏLƏRİ
Bəziləri deyir ki, sosializmin bünövrəsi qurulub, binası tikilməyib.
Bəziləri deyir ki, sosializm olmayıb – onu təzədən qurmaq lazımdır.
Leninin təzə sosializm konsepsiyasından xəbər verirlər – heç kəs də demir ki, o nədir.
Qorbaçov Sosializmi humanizmlə eyniləşdirir – özünü humanist saymayan ictimai sistem isə tarixdə olmayıb.
Əslində sosializm elə stalinizmdir (İctimai Mülkiyyət, Ehkam Hökmranlığı, Partiya Müstəbidliyi).
İndiki sosializm – Qorbaçov sosializmi, neososializm – stalinizmdir üstəgəl kapitalizmin bəzi xüsusiyyətləri (kooperasiya, parlamentarizm).
YENİLİKLƏR
Kooperasiya – alman kapitalisti Abbedən götürülmüş ideyadır: – Şəxsləşən kollektiv mülkiyyət.
(Kollektiv – kooperasiyada yuridik şəxs sayılır).
İcarəçilik – kirayəçilikdir, burada müstəqil mülkiyyətdən söhbət gedə bilməz.
Mülkiyyətin Sahibi kolxozdur – yəni əslində Dövlətdir.
Təsərrüfat hesabı – Dövlət Mülkiyyətində müstəqillik – sahibin verdiyi Müstəqillik – yəni əslində olmayan Müstəqillik.
Təzə Ali Sovet – “Burjua” parlamentarizmi üztəgəl Qurultay.
Demokratiya, Aşkarlıq – Soosializm çərçivəsində – yəni Antidemokratiyaya xidmət edən.
Təzə Milli Siyasət – Boyunduruq Qoruyan.
Təzə Mərkəzi Komitə – Ali Sovet adlı işlək icraçısı olan Mütləq Hakim.
Təzə Sülh Siyasəti – İmperiyanı möhkəmləndirən – yəni əslində müharibə təhlükəsini əbədiləşdirən.
Ümumi nəticə: Köhnə sosializm üstəgəl xaos, anarxiya, gərginlik.
12 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı.
DƏLLALLIQ VƏ AĞALIQ PRİNSİPİ
Kommunizm prinsipində Cəmiyyətlə Şəxsiyyət arasında Dəllallıq və Ağalıq hökm sürür.
“Hər kəsdən Qabiliyyətinə görə, hər kəsə Tələbatına görə” – münasibətində cəmiyyət qabiliyyət alıb Tələbat verir – Şəxsiyyətin maddi Aqibəti bütünlüklə cəmiyyətin ixtiyarında olur; cəmiyyət Şəxsiyyət üzərində ağalıq eləyir.
MÜDHİŞ PİRAMİDA
Sovet adamının üzərində dəhşətli hakimiyyət Piramidası ucalır: Pioner təşkilatı, Komsomol, Həmkarlar İttifaqı, Partiya, İcraiyyə Komitəsi, Mərkəzi Komitə, Rəis, Sədr, Briqadir, Şöbə müdiri, Milis, Prokuratura, Məhkəmə, Ali Sovet, Direktor – Uçurulası, Uçurulmalı!
ANTİBİRLİK
Müasir kollektivçilik – Dəhşətli, Fəlakətli Antibirlik.
MAHİYYƏTSİZLƏŞMƏ
Demokratiyada xalq mahiyyətsizləşir.
YENİ QLOBAL SİYASƏTİN
SATQINLIQ POTENSİALI
Almaniya Federativ Respublikasıyla dostlaşmaq üçün Almaniya Demokratik Respublikasını sata bilər Yeni Siyasət;
Cənubi Koreyayla dostlaşmaq üçün Koreya Xalq Demokratik Respublikasını sata bilər;
Amerikayla dostlaşmaq üçün Kubanı sata bilər.
Satqınlıq potensiyası böyükdür yeni siyasətin.
KOMMUNİZM YADLIĞI
Ümumi Mülkiyyət – Birlik yaratmır, Birgə Yadlıq yaradır.
Ümumi Təminat – Birlik yaratmır, Birgə Yadlıq yaradır…
Kommunizm Yadlar birgəliyi yaradır.
İQTİDARSIZLIQ
Sinif – Fərdiyyətsizlikdir.
Sinfin ləğvi – Fərdiyyətin təsdiqidir.
Kommunizm sinifləri ləğv edə bilməz, çünki əslində fərdiyyət tanımır.
13 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.
SİYASİ ASSİMİLYASİYA
Avropalaşma – əslində siyasi assimilyasiyadır – Şərqin hərarətlə qəbul etdiyi, qürrələndiyi.
GİZLİ AŞKARLIQ
Millətlərin biri-birinə qovuşmasından danışmırlar – millətlərin ölüm təhlükəsindən danışırlar – əslində bu, eyni şeydir – bundan danışmırlar.
NİCAT
Marksistlər formal saydıqları “burjua demokratiyasının” ətəyindən beşəlli yapışıblar – yenidənqurmanın qələbəsini onda görürlər.
SOSİALİZM SİYASİ İQTİSADI
Dövlət Mülkiyyətindən, Planlı Təsərrüfatdan yaxşı İqtisadiyyat yoxdur – o, ölkəni süquta uğratsa da.
KOMMUNİST ƏXLAQI
Kollektiv Əxlaqsızlığı.
KOMMUNİST PEDAQOQİKASI
Sürüyetirən.