Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

KANTÇILIĞA QARŞI
Fəlsəfə İdrakın Tədqiqi deyil, Özüdür.
Fəlsəfəni İdrakın Tədqiqi saymaq onu özgələşdirməkdir.

 HƏQİQƏT

Gərək biləsən ki, Hadisə Mənadan əmələ gəlib, Məna Hadisədən Yox.

Gərək biləsən ki, Konkret Ümumidən əmələ gəlib, Ümumi Konkretdən Yox.

Gərək biləsən ki, Sadə Mürəkkəbdən əmələ gəlib, Mürəkkəb Sadədən Yox.

Gərək biləsən ki, Gözün səni aldadır.

 HƏQİQƏT

Elm Təbiət Qanunlarını kəşf edir; Təbiət Qanunları Məna deyil – onun Təzahürüdür; bu səbəbdən də Elm əslində Təzahürü kəşf edir.

 HƏQİQƏT

Fizika Dünyanı öyrənir, Dünyanın Mənasını öyrənmir.

Biologiya Həyatı öyrənir, Həyatın Mənasını özrənmir.

Antropologiya İnsanı öyrənir, İnsanın Mənasını öyrənmir.

Dünyanın, Həyatın, İnsanın Mənasını Fəlsəfə öyrənir; İnam – Mənaya qovuşur.

Fəlsəfə Mənanı İnsana çatdırır; İnam İnsanı Mənaya çatdırır.

HƏQİQƏT

Şüur – Materiyanın xassəsi deyil, Materiya vasitəsiylə Məna ifadəsidir.

 HƏQİQƏT

Əgər Şüur Materiyanın məhsuludursa, onda Materiya – şüurludur – fikirlidir,  ideyalıdır… Qəribə bir idealizm törəyir materialist monizmdən (vəhdətdən).

 MƏNA YOLU

İdrak – Mənalandıran.

Əxlaq – Mənalanan.

Həqiqət – Məna.

HEGELÇİLİYƏ QARŞI

Dialektik Üsul (Metod) əslində Nisbilik Kultudur; Mahiyyətcə o, Mütləq tanımır, yəni Həqiqət tanımır.

HƏQİQƏT

Dünyanın Dünyalıq boyda Mənası var.

Həyatın Həyatlıq boyda Mənası var.

İnsanın İnsanlıq boyda Mənası var.

ƏMƏLLƏR

Elm İnsanı Məna Yoluna çatdırır.

Fəlsəfə Mənanı dərk edir.

İnam İnsanı Mənaya qovuşdurur.

VƏZİYYƏT

İnsanlığın Sonundan danışırlar, İnsanlıq nə vaxt başlayıb ki, qurtarsın?

HƏQİQƏT

Duyğunu Beyin yaratmır,

Beyindən kənardakı Məna yaradır;

Fikri Beyin yaratmır,

Beyindən kənardakı Məna yaradır;

İdeyanı Beyin yaratmır,

Beyindən kənardakı Məna yaradır.

Beyindən kənardakı Məna Beyin vasitəsiylə ifadə olunur.

Yəni Fikir – Məna İfadəsidir,

Beyin – Fikir Vasitəsi.

Duyğu – Məna İfadəsidir,

Beyin – Duyğu Vasitəsi.

İdeya – Məna İfadəsidir,

Beyin – İdeya Vasitəsi.

 12 Mərhəm günü, Yağış Ayı, 14-cü il.Bakı.

 FƏRQLƏR

Həyat Adamı – Güzərançı.

Cəmiyyət Adamı – Siyasətçi.

Amal Adamı – İnsançı.

 16 Arzu günü, Yağış Ayı, 14-cü il.Bakı.

 HƏQİQƏT

Əgər İnsan – ictimai heyvandırsa, cəmiyyət heyvanlıqdır.

HƏQİQƏT

İctimai Əlaqə – Ruhani Təcriddir.

Ruhani Əlaqə – İctimai Təcriddir.

İNSAN FACİƏSİ

İnsan müstəqil olmaq istəyiylə Təbiətdən ayrıldı, cəmiyyət yaratdı, – cəmiyyət onun müstəqilliyini əlindən aldı.

 17 Ümid günü, Yağış Ayı, 14-cü il.Bakı.

HƏQİQƏT

Din İnamsızlığı.

İnam Dinsizliyi.

 13 Murad günü, Köçəri Ayı, 14-cü il.Bakı.

 RUHANİ SAY

Məna – Birdir, Təzahür – Min.

Bir – Mindən Artıqdır.

 18 Mərhəm günü, Köçəri Ayı, 14-cü il.Bakı.

 KANTA QARŞI

İnsan – əyri ağac deyil, əyrilmiş ağacdır – onu düzəltmək gərək.

23 Ümid günü, Köçəri Ayı, 14-cü il.Bakı.

HƏYAT HALI

Həyat ölmür.

Ölüm Həyatı qoruyur.

 24 Dözüm günü, Köçəri Ayı, 14-cü il. Bakı.

 

HAL

Şeirin ölümünü gördük – ağlamadıq, güldük.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir