Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

HƏQİQƏT

Məhəbbətsiz ailə – İstehsalatdır.

5 Murad günü, Şölə Ayı, 15-ci il. Bakı.

 HƏQİQƏT

Cəmiyyət Ailəni müdafiə eləmir – Ailədə Cəmiyyəti müda­fiə eləyir.

13 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı.

ƏNƏNƏ

Şeyx Nəsrullah qaçdı…

Kefli İsgəndər ölülərin üzünə tüpürür.

18 Qismət günü, Şölə Ayı, 15-ci il.Bakı.

YOX OLMAQ QORXUSU

Adam Həyatdan getməkdən qorxmur – Yox olmaqdan qorxur.

Adam Yox olmasaydı – Həyatdan getməkdən qorxmazdı.

Ölümdən qorxmaq – Yox olmaqdan qorxmaqdır əslində.

 

BİRLİK

İnsan Öləndən sonra Dirilərə qarışır, təzə Fərdlərə paylanır.

28 Arzu günü, Şölə Ayı, 15-ci il.Bakı.

İNSANDAN  UTANMAYANLAR

İnsanı Şəhvətlə (Libidoyla) eyniləşdirən Freydi vəsf edirlər – İnsandan utanmırlar.

İnsanı Fövqəlinsan aləti sayan Nitsşeni vəsf edirlər – İnsandan utanmırlar.

ÖLÜM – HƏYAT

Ölüm Həyatdakıları öldürə bilir, ancaq həyatı öldürə bilmir.

O, Həyatdakılardan güclüdür, Həyatdan zəif.

 9 Murad günü, Xəzan Ayı, 15-ci il. Bakı.

NİTSŞEYƏ QARŞI

Əxlaq – Gücdür.

Əgər o, Zəiflərin silahıdırsa, Zəiflər güclüdürlər.

 1 Murad günü, Qar Ayı, 15-ci il. Bakı.

TÜRK XORU

Evlərdən-eşiklərdən, Dağ ətəyindən, Çay qırağından, Düzlərdən gəlib Dərddə birləşirlər və birlikdə Ağlaşırlar.

3 Arzu günü, Qar Ayı, 15-ci il. Bakı.

HAL

Adamları biri-birinə bağlayan – Mənadır.

Adamlar – Mənasızlaşıb; bu səbəbdən də biri-birindən Ayrılıblar.

Biri-birindən Ayrılanlar Birliyi yaranıb – hay-həşirli.

 12 Ümid günü, Çiçək Ayı, 16-cı il. Bakı.

HAL

Gerçəkləşmə – Nisbiləşmə.

Mahiyyətləşmə – Mütləqləşmə.

GEDİŞAT

Mütləqdən Nisbilər yaranır.

Birdən çoxlar yaranır.

Vahiddən Müxtəliflər yaranır.

Mütləqdən Mütləqlər yaransaydı, çoxlu Mütləqlər peyda olardı; müxtəlif Mütləqlər peyda olardı – yəni Mütləq olmazdı, çünki çoxlu Mütləq olmur; müxtəlif Mütləq olmur; Bir Mütləq olur, Vahid Mütləq olur.

 

HƏQİQƏT

Əgər Mahiyyət Bütövlüyü olmasaydı – Gerçəklik öz Ziddiy­yətlərində boğulardı.

Əgər Mahiyyət Dəyişməzliyi olmasaydı – Gerçəklik öz Dəyişkənliyində itərdi.

Əgər Mahiyyət Sonsuzluğu olmasaydı – Dünya sona çatardı.

HAL

Xeyirlə Şərin Birliyi – Dialektik uydurmadır.

Xeyir bütün vəziyyətlərdə Şərə qarşıdır.

Xeyir Şərdən  bəhrələnmir əslində – Şərin məğlubiyyətindən bəhrələnir.

HAL

Metafizika – Gerçəklikdən təcrid olunmuş Mahiyyəti tədqiq edir, Dialektika – Mahiyyətdən təcrid olunmuş Gerçəkliyi.

Məqsəd isə Mahiyyətlə Gerçəkliyin Birliyini tədqiq etmək­dir.

 

HAL

Dünyanın Mahiyyəti Bütövdür, Təzahürü – Ziddiyyətli.

 13 Dözüm günü, Çiçək Ayı, 16-cı il. Bakı.

 

İNAM TƏLƏBİ

İdrakdan kənardakı – İdrakda dərk olunur.

İdraka İnanmasan – İdrakdan kənardakını dərk etməzsən.

İNAMSIZLIĞA QARŞI

Dünyanın dərkinə inanmasan – Dünyanı dərk etməzsən.

Dünyanı dərk etməmək mümkün deyil.

Bu səbəbdən də İdraka inanmamaq mümkün deyil.

HAL

Gerçəklikdə hər şey Nisbidir.

Mahiyyət Gerçəkləşəndə Nisbiləşir.

BİRLİK

 

1. MAHİYYƏT TƏZAHÜR

Birlik Mahiyyət – Təzahür Ziddiyyətindən yaranmayıb.

Mahiyyət – Təzahürləri Birləşdirir.

2. XEYİR – ŞƏR

Birlik Xeyir – Şər Ziddiyyətindən yaranmayıb.

Dünya Xeyirlə Birləşir.

3. HƏQİQƏT – YALAN

Birlik Həqiqət – Yalan Ziddiyyətindən yaranmayıb.

Dünya Həqiqətlə Birləşir.

Ziddiyyətlərin Birliyi – Dialektik uydurmadır.

HƏQİQƏT

Mütləqilik – Həqiqi sayılmasa, Nisbilik – Həqiqi sayılma­lıdır.

Nisbilik – Həqiqi sayılmır, bu səbəbdən də Mütləqilik – Həqiqi sayılır.

HƏQİQƏT

Əgər Mahiyyət Mütləq olmasaydı – Nisbi Təzahürlər tükənərdi.

Əgər Mahiyyət Əzəli olmasaydı – Ötəri Təzahürlər tükənərdi.

Əgər Mahiyyət Əbədi olmasaydı – Keçici Təzahürlər tükənərdi.

Əgər Mahiyyət Sonsuz olmasaydı – Sonlu Təzahürlər tükənərdi.

Əgər Mahiyyət Kamil olmasaydı – Qeyri-kamil Təzahürlər tükənərdi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir