ESTONİYADA MİLLİ CƏBHƏ
Boyunduruğa salınanların boyunduruqdan çıxmaqdan başqa Müstəqilliyi yoxdur.
Müstəqilləşdirirlər ki, boyunduruqda saxlasınlar.
10 Arzu günü, Xəzan Ayı, 10-cu il. Bakı.
YALAN YARIŞI
Sovetlər ilə Qərbi “barışdırırlar”.
Barışıq Yalanını elan elədi təzə Şər.
Barışıq vasitəsiylə Yiyələnmə izlənir Yalanda.
Qərb də öz növbəsində Sovetləri aldadır, onun daxildən Qırılmasına çalışır.
Yalan Yarışındadır ictimai sistemlər – İnsan Hayında deyillər.
12 Ümid günü, Xəzan Ayı, 10-cu il. Bakı.
YAD DOĞMALIQ
Torpağı kəndliyə kirayə verir ki, kəndli onu özünə doğma saysın!
Müəssisəni təsərrüfat hesabına keçirir ki, fəhlə onu özünə doğma saysın!
Torpaq kəndlinin olmur.
Müəssisə fəhlənin olmur.
Yad doğmalaşmır.
KENTAVR
Sosializmlə kapitalizmin qarışığından ictimai-siyasi Kentavr yaradırlar – eybəcər, ölümlü…
“Dirildə-dirildə” öldürürlər sosializmi.
BÜROKRATİK SİSTEM
Sosializm – cəmiyyətin hərtərəfli (total) Dövlətləşməsi deməkdir.
Dövlətləşmə – çoxrəislik, çoxmərhələlik, çoxkağızlıq, formalçılıq yaradır, – bu baxımdan, sosializm elə bürokratizm deməkdir.
Bürokratizmin ləğvi sosializmin ləğvini tələb edir.
Sosializm ölməsə – bürokratizm ölməz!
TƏZƏ KÖHNƏLİK
Bəşərin Vahid aqibəti deyəndə Kommunist imperiyasının başçılıq eləyəcəyi Vəhdət nəzərdə tutulur.
Bütöv Bəşər deyəndə Kommunist imperiyasının başçılıq eləyəcəyi Bütövlük nəzərdə tutulur.
Erməni qəsdinə obyektiv münasibət deyəndə “parçala və hakim ol!” siyasəti nəzərdə tutulur.
Təzə Köhnəlik yetirirlər Təzələr.
QORBAÇOV YALANI
Sosializm daxilində əməkçi müstəqilliyi – Yalançı müstəqillik!
Sosializm daxilində demokratiya – Yalançı demokratiya!
Sosializm daxilində bəşərilik – Yalançı bəşərilik!
Sosializm daxilində çoxrəylilik – Yalançı çoxrəylilik!
Sosializm daxilində milli muxtariyyat – Yalançı muxtariyyat!
Sosializm daxilində azad seçki – Yalançı seçki!
Sosializm daxilində qanunçuluq – Yalançı qanunçuluq!
Sosializm daxilində beynəlxalq təhlükəsizlik – Yalançı təhlükəsizlik!
Böyük yalan və Möhtəşəm özünüaldatma!
TƏSLİMÇİ XƏTT
Qorbaçovşina – opportunizmdir, yəni gerçəkliyə təslim olmaqdır, bu baxımdan o, əslində, antimarksizm və antileninizmdir, ancaq gizlin, zahirdə o, marksist və leninçi kimi bilinməyə çalışır.
Qorbaçov Lenindən yapışır ki, yıxılmasın – əslində o, leninizmi yıxır.
Stalinlə döyüş əslində marksizmlə döyüşdür, çünki stalinizm marksizmdən başqa bir şey deyil.
Stalinlə döyüş həm də Leninlə döyüşdür, çünki Stalinlə Lenin arasında yalnız taktiki fərq var, strateji fərq yoxdur.
Sosializm potensiyasından danışırlar, əslində sosializmin stalinizm potensiyasından başqa potensiyası yoxdur; digər potensiyalar marksizmin lənətləndirdiyi – “burjua”, “kapitalist” potensiyalardır.
Qorbaçovşina – Əqidə riyakarlığı yaradır – marksist olmaya-olmaya marksist görünmək, leninçi olmaya-olmaya leninçi görünmək!
MİLLİ BARIŞIQ SİYASƏTİ
Dostu bəd ayaqda qoyub qaçmağın siyasi biçimi.
NƏTİCƏ
Ya sosializmin ardıcıl şəkildə öldürülməsi, ya çevriliş – təzə müstəbidliyin təsdiqi!
VƏZİYYƏT
Rus İmperiyası sosializm doktrinasından əl çəksə – yıxılar.
Bu səbəbdən də İmperiya başçılarının heç biri sosializmi açıq şəkildə rədd etmir.
Ehtimal ki, sosializmin yıxılması “xalq demokratiyası ölkələrindən” başlasın.
Hər halda, sosializmin Süqut dövrü başlanıb.
MÜNASİBƏT
Rus İmperiyası Dünyaya qarışır ki, Dünyanı qarışdırsın!
Dünya Rus imperiyasına qarışır ki, İmperiyanı udsun.
FƏRQ
Sosializm kapitalizmi ləğv elədi və Dövlət kapitalizmi yaratdı; mülkədarlığı ləğv elədi və Dövlət mülkədarlığı yaratdı.
Dövlət kapitalizmi daha möhtəşəm istismarçı oldu.
Dövlət mülkədarlığı daha möhtəşəm istismarçı oldu.
Sosialist Fəlakəti Kapitalist Fəlakətindən daha ağır oldu.
SOSİALİZM ANTİHUMANİZMİ
“Təzə nəzəriyyədə” sosializm humanizmlə eyniləşdirilir.
Bəşər tarixində özünü humanist saymayan ictimai sistem olmayıb.
“Təzə nəzəriyyədə” sosializm ictimai ədalətlə eyniləşdirilir.
Bəşər tarixində ictimai ədaləti inkar eləyən ictimai sistem olmayıb.
Sosializm – ictimai mülkiyyət, partiya hakimiyyəti, marksizm xurafatı deməkdir ki, bunlar labüd şəkildə siyasi, idraki, ruhani əsarət yaradırlar.
Humanizmi bərqərar eləmək üçün, sosializmi aradan qaldırmaq lazımdır.
TƏZƏ MİLLİ SİYASƏT
Dilini öyrən ki, Əsarət boyunduruğunda qalasan!
Tarixini öyrən ki, Əsarət boyunduruğunda qalasan!
Özün ol ki, Özün olmayasan!
19 Dözüm günü, Xəzan Ayı, 10-cu il. Bakı.
NİYYƏTLƏR
Sovet istəyir ki, Qərbin əliylə sosializmi xilas etsin.
Qərb istəyir ki, Sovetin əliylə sosializmi məğlub etsin.