AKADEMİK İDRAK
Həqiqətsizlik mövqeyi.
SƏBƏB
Sosializm Yerdə bitmədi, Göydən düşmədi – Zorlaşdırıldı.
İDMAN İQTİDARSIZLIĞI
İdman Həyatı təqlid eləyir – yaxşılaşdırmır.
TƏZAD
Hökumət – Antixalq.
Hökumət Adamı – Xalqa Zidd.
Xalq Adamı – Hökumətə Zidd.
AĞALIQLAR
Müəssisə Dövlətin olanda – Direktor Ağalığı Yaranır.
Torpaq Dövlətin olanda – Sədr Ağalığı Yaranır.
Mətbuat Dövlətin olanda – Redaktor Ağalığı yaranır.
Respublika Mərkəzi Komitənin olanda – Katib Ağalığı Yaranır.
Dövlət Ağalığında Ağalıq azalmır – artır.
VƏHŞİLƏŞMƏ
Maddi Mənafe uğrunda döyüşdə Vəhşilik irəli çıxır.
TƏZƏ SƏDD
Kim nə deyir desin, hamı Yenidənqurma deməlidir.
YENİDƏNQURMA FƏALLIĞI
Camaatı siyasiləşdirmirlər – əqidəsizləşdirirlər.
MÜASİR ZİYALI
Köpək kimi bağlanıblar cəmiyyətə – açıla bilmirlər.
VƏZİYYƏT
Xalq özünü dolandırar – Dövlət onu dolandırmasa.
QORBAÇOVŞİNA ÇOXRƏYLİYİ
İtlərin birgə boğuşmasından həqiqi səs hasil olacaq!
MURDARLIQ
“Hər kəsə qabiliyyətinə görə” prinsipində “qabiliyyəti çox olan daha çox yeməlidir” – murdarlığı təsdiq olunur.
17 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı.
SOSİALİST HƏYAT TƏRZİ
Kollektiv Tənhalıq.
HƏQİQƏT
İclas – İdraki İflas.
ÖLÜMCÜL TƏHLÜKƏ
Kommunizmlə barışmaq Atom müharibəsiylə barışmaqdan pisdir.
TƏZƏ HAL
SSRİ başını aşağı salıb Dünyanı qarışdırmaqla məşğuldur.
HƏQİQƏT
Maddi Tərəqqi – əslində Bazarlaşmadır.
BAZAR QİSMƏTİ
Cəmiyyət Qisməti Bazar Qismətidir əslində – Satılan, Satan.
DÜNYANIN SSRİ-yə GƏLƏCƏK MÜNASİBƏTİ
Əvvəl: “SSRİ – Hə, Sosializm –Yox!”
Sonra: “SSRİ – Yox, Sosializm – Yox!”
SOSİALİST BEYNƏLMİLƏLÇİLİYİ
Ağa deyir “Sür dərəyə!” – Sür dərəyə.
ÖLÇÜ
Yenidənqurmadan iyrənməyən adam – adam deyil.
BÖYÜK BAZAR
Adam Smit cəmiyyəti “Böyük Bazar”, adamları alverçi adlandırırdı; təbiidir ki, Böyük Bazardan və Alverçilərdən Ruhaniyyat gözləmək olmaz.
Smit cəmiyyətin Bazar Mahiyyətini – yəni satmaq, satılmaq xüsusiyyətini – gözəl tədqiq eləyir: cəmiyyət ruhaniyyata xidmət eləmir – Maddiyyata xidmət eləyir.
AZADLIQ
Daxili naqislikdən azad olmaq – Xarici əsarətdən azad olmaq.
RÜŞVƏTXOR
Rüşvəti şəxsə vermirlər əslində – sosializmə verirlər.
SOSİALİST ZİNDANLARI
Kolxoz Zindanında çürüyən Kəndli.
Zavod Zindanında çürüyən Fəhlə.
Mətbuat Zindanında çürüyən Ziyalı.
Məktəb Zindanında çürüyən Tələbə.
Akademiya Zindanında çürüyən Alim.
SOSİALİZM İQTİDARSIZLIĞI
Bazarı planlaşdırmazlar.
ƏLAQƏ
Cəmiyyət İqtisadiləşəndə – Dövlət Bazarkomlaşır.
CƏMİYYƏT TƏRBİYƏSİZLİYİ
Cəmiyyət – Bazardır; Bazarda – Təmənnasızlıq olmur, Dostluq olmur, Məhəbbət olmur, Ülfət olmur – Cəmiyyət adamı Pozur – Bazarlaşdırır.
Cəmiyyət Adamı – Bazar Adamı deməkdir.