Xəbərlər

Asif Ata. Həqiqətlər (III Yan Bitiq) (davamı)

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

İMKANLAR
Elin çiynində hakimiyyətə gəlmək olar.
Elin çiynində Qəbrə getmək olar.
Eli çiynində Ruhaniyyata Yüksəltmək olar.
11 Arzu günü, İşıq Ayı, 14-cü il. Bakı.

 

HƏQİQƏT

“Otello”da bir Günahsız İnsan var – Dezdemona.

Yaqo – Murdardır; Otello – günahkardır,  çünki Axmaqlıq – Günahdır.

13 Dözüm günü, İşıq Ayı, 14-cü il. Bakı.

 

HƏQİQƏT

Kantçılıq – Həqiqətsizlikdir, çünki İdrakın Həqiqəti dərk etməyinə inanmır.

Hegelçilik – Mütləqsizlikdir, çünki Mütləqi Gerçəkliklə bərabərləşdirir.

Pozitivizm – Mahiyyətsizlikdir, çünki Mahiyyəti Gerçəkliklə eyniləşdirir.

 

HƏQİQƏT

Kəmiyyətin Keyfiyyətə keçməsi İdeyası – cəfəngiyyatdır.

Əslində Keyfiyyət Kəmiyyətə keçir, çünki Keyfiyyət – Mahiyyətdir, Kəmiyyət – Təzahür.

Kəmiyyət Dəyişiklikləri Keyfiyyət Dəyişikliklərindən yara­nır əslində.

Əksliklərin Birliyi İdeyası – cəfəngiyyatdır.

Birləşən əksliklər – əkslikdən məhrum olardılar.

İnkarı İnkar İdeyası – cəfəngiyyatdır.

Əsil İnkar – İnkarolunmazdır, İnkar olunan İnkar İnkar deyil; Nisbi İnkar, yarıminkar – İnkar deyil.

 24 İnam günü, İşıq Ayı, 14-cü il. Bakı.

 HƏQİQƏT

Sokrat Gerçəkliyi Zəkanın məhkəməsinə çəkdi və məhkum etdi; ancaq Zəkanı məhkəməyə çəkmədi; çəksəydi – Zəkanı da məhkum etməli olardı.

 HƏQİQƏT

Platon İdeyalar aləmini Zəka üzərində qurdu – bu səbəbdən də Mənaya çatmadı, çünki Məna Zəkadan böyükdür, yüksəkdir, artıqdır.

30 Murad günü, İşıq Ayı, 14-cü il. Bakı.

FƏRQ

Mosart – Musiqi; Bethoven – Musiqinin Ruhu.

 8 Arzu günü,  Şölə Ayı, 14-cü il. Bakı.

 

HƏQİQƏT

İnsan Gerçəkliyi dərk edir, Mahiyyətə qovuşur.

 11 Mərhəm günü,  Şölə Ayı, 14-cü il. Bakı.

 MÜDRİKLİK

Mənanı anlamaq, Mənanı duymaq, Mənalı yaşamaq.

 1 Dözüm günü, Od ayı, 14-cü il. Bakı.

 ƏLAQƏ

Bəşərin Məzmunu – Xalq.

Xalqların Biçimi – Bəşəriyyət.

6 Ümid günü, Od Ayı,  14-cü il. Bakı.

 

MÜTALİƏ

Boşluğa düşürəm və Boşluğu Fikirlərimlə doldururam.

 19 İnam günü, Od Ayı,  14-cü il. Bakı.

HƏQİQƏT

Fəlsəfə Tarixi – İçməli Suyu olmayan Nəhəng Dəniz

 20 Arzu günü, Od Ayı,  14-cü il.Bakı.

 OLAN – OLMAYAN

Olum – Ölüm Təzadında İnsan Olumu seçir, çünki Ölüm onsuz da labüddür – İnsan olmayanı seçir əslində.

6 Ümid günü, Od Ayı,  14-cü il.Bakı.

 HAL

İnamlıyam, çünki bütün Xülyalardan azad olmuşam.

 HAL

Qorxu İt kimidir. Qabağından qaçırsan – arxanca düşür; qaçmırsan – geri çəkilir.

7 Murad günü, Yağış Ayı, 14-cü il.Bakı.

 ÖLÇÜ

Əxlaq – Təmənnasızlıq.

Həqiqət – Mütləqilik.

Ədalət – İmtiyazsızlıq.

 ƏLAQƏ – ƏLAQƏSİZLİK

Ağa – Nökər Əlaqəsi olmur,

Ağa – Nökər Əlaqəsizliyi olur.

 10 Ümid günü, Yağış Ayı, 14-cü il.Bakı.

 

HƏQİQƏT

Əslində konkret nə varsa – Qeyri-müəyyəndir – dəyişkəndir, nisbidir, keçicidir, sonludur.

Əslində Ümumi müəyyəndir – sabitdir, mütləqdir, əbədidir, sonsuzdur.

Dəyişkən – müəyyən deyil, Sabit – müəyyəndir.

Nisbi – müəyyən deyil, Mütləq – müəyyəndir.

Keçici – müəyyən deyil, Əbədi – müəyyəndir.

Sonlu – müəyyən deyil, Sonsuz – müəyyəndir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir