HƏQİQƏT
Adamlar Allahdan özlərinə Ata düzəltdilər – Yetim qaldılar.
Cəmiyyətdən özlərinə Ata düzəltdilər – Yetim qaldılar.
Adamlar özlərinə Atalıq edə bilmədilər – Yetim qaldılar.
1 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı.
HƏQİQƏT
Ateizm Dinin qənimi olmadı, rəqibi oldu.
HƏQİQƏT
Din –Varlını qoruyur; Yoxsula rəhm eləyir.
HƏQİQƏT
Dini Dualar –Mənəvi Dilənçilik.
HƏQİQƏT
İslam Təməlçiliyi – Yeni Xəlifətçilik.
HƏQİQƏT
Dinçilik – Qismətçilik, Xofçuluq, Yalançılıq.
İnam – Özümçülük, Qorxmazlıq, Həqiqətçilik.
HƏQİQƏT
Din – əslində İnamsızlığa İnamdır.
9 Ümid günü, Günəş Ayı, 15-ci il.Bakı.
FƏRQLƏR
Dinçilik – Allahçılıq.
Ateizm – Maddiyyatçılıq.
İnamçılıq – İnsançılıq.
10 Dözüm günü, Günəş Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Soyuq Ağıl olmur – çünki Sönük Ağıl olmur.
HƏQİQƏT
Od – yandığı dərəcədə Oddur; Od sönəndə Od olmur, Kül olur.
HƏDD
Od – sönmək üçün Yanmır, Yanmaq üçün yanır, ancaq Sönməyə bilmir.
Varlıq – ölmək üçün Yaşamır, Yaşamaq üçün Yaşayır, ancaq Ölməyə bilmir.
Odun Sönmək adlı Həddi var.
Varlığın ölmək adlı Həddi var.
HƏQİQƏT
Kül Oddan törəmir – Odun Ölümündən törəyir;
Odun Ölümündə Od olmur.
“Od olmasaydı – Kül olmazdı!” – deyirlər.
“Od olsaydı – Kül olmazdı!” – deyirik.
Ölüm Varlığın Yoxluğundan törəyir; Yoxluqda Varlıq olmur.
“Varlıq olmasaydı – Yoxluq olmazdı!” – deyirlər.
“Varlıq olsaydı – Yoxluq olmazdı!” – deyirik.
HƏQİQƏT
Yaz Yazlığını tam İfadə edə bilmir – Yaya keçir.
Yay Yaylığını tam İfadə edə bilmir – Payıza keçir.
Payız Payızlığını tam İfadə edə bilmir – Qışa keçir.
Qış Qışlığını tam İfadə edə bilmir – Yaza keçir.
Ömür Ömürlüyünü tam İfadə edə bilmir – Ölümə keçir.
11 Mərhəm günü, Günəş Ayı, 15-ci il.Bakı.
FƏRƏH
Qabaqdan Qocalıq adlanan Ucalıq gəlir.
16 Ümid günü, Günəş Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Məscidlər, Kilsələr – Sənət İşığı, Din Qaranlığı.
HƏQİQƏT
Köləlik adlı Müqəddəslik Yoxdur – bu səbəbdən də Din Müqəddəslik tanımır.
Ağalıq adlı Mütləqilik Yoxdur – bu səbəbdən də Din – Mütləqilik tanımır.
FƏRQ
Misirlilər – Hökmdarları Allah sayırdılar;
Semitlər – Allahı Hökmdar saydılar.
HƏQİQƏT
Din – Ruhani Əsarət.
HƏQİQƏT
Dinçilik – Köləlik Yoluyla xilas.
HƏQİQƏT
Azadlıq – Vicdan Hakimliyi.
HƏQİQƏT
Din – Allahçılıq.
İnam – İnsançılıq.
HALLAR
Din Zülmü.
İnam Azadlığı.
FƏRQ
Din – Adamı Qul eləyir; İnam – Adamı İnsan eləyir.
HƏQİQƏT
Allaha Qul olmaq – əslində Cəmiyyətə Qul olmaqdır.
Din – əslində cəmiyyətçilikdir.
18 Mərhəm günü, Günəş Ayı, 15-ci il. Bakı.
İNSANSIZLIQLAR
Dində İnsan yoxdur – Allah var.
Marksizmdə İnsan yoxdur – İstehsalat var.
Freydizmdə İnsan yoxdur – Cinsiyyət var.
Nitsşeçilikdə İnsan yoxdur – Yırtıcılıq var.
NƏTİCƏ
Adam Dinə yaradı, Sosializmə yaradı, Faşizmə yaradı, Kapitalizmə yaradı – İnsaniliyə yaramadı.
HƏQİQƏT
Özünə inanmadığın dərəcədə Allaha inanırsan.
Özünə inandığın dərəcədə Mənaya inanırsan.
HƏQİQƏT
İnsan Dünyanı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan Dünyanı Bildiyi dərəcədə Mənaya inanır.
İnsan Həyatı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan Həyatı Bildiyi dərəcədə Mənaya inanır.
İnsan İnsanı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan İnsanı Bildiyi dərəcədə Mənaya inanır.
6 Ümid günü, Günəş Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Din – əlacsızlıq.
İnam – əlac.