I. Təbii hüquq
“İnsanlar bir-birinə bərabərdir” – deyirlər.
Əslində isə insanlar bir-birinə yalnız maddi baxımdan bərabərdirlər.
Yəni hamı təbiətdən eyni dərəcədə bəhrələnə bilər, bəhrələnməlidir. Mənəvi cəhətdən insanlar bir-birinə bərabər deyillər.
Bərabərlikdən danışırlar, həm də maddiyyatı ləyaqət ölçüsünə çevirirlər.
Maddi imtiyaz – cəmiyyətdə labüd şəkildə ictimai imtiyaz yaradır.
Maddiyyatdan ən çox bəhrələnən – cəmiyyətdə ən çox dəyərlənir.
Mənəvi ləyaqət maddi məziyyətə qurban verilir.
Bərabərlikdən danışırlar – süni və eybəcər bərabərsizlik yaradırlar.
II. Vətəndaşlıq hüququ
“Mülkiyyət toxunulmazdır!” – deyirlər.
Mülkiyyəti əməkçinin əlindən alıb dövlətə verirlər. Mülkiyyət hamılaşır, yəni əslində hamı mülkiyyətdən məhrum olur.
Mülkiyyətsizlərə mülkiyyət toxunulmazlığı hüququ verilir.
Mülkiyyəti geri qaytarmaq – cinayət sayılır.
“Dövlət mülkiyyəti toxunulmazdır!” – deyirlər.
Zəhmətkeşdən alınan mülkiyyətə – zəhmətkeş toxuna bilməz!
Mülkiyyətsizliyi əbədiləşdirirlər və mülki hüquqdan dəm vururlar.
Söz azadlığından danışırlar və naqis cəmiyyəti azad sözdən qoruyurlar.
“Cəmiyyətə toxunma!” – deyirlər.
“Naqisə naqis demə!” – deyirlər.
“Həqiqətdən azadsan!” – deyirlər.
“Vicdandan azadsan!” – deyirlər.
Azad seçkidən danışırlar.
Seçiciləri istədikləri səmtə sürürlər. Onların İdrak ehtiyaclarını söndürürlər, Mənəviyyat ehtiyaclarını söndürürlər, İradə ehtiyaclarını söndürürlər.
İstədiklərini seçdirirlər.
Etiqad azadlığından danışırlar. Ağılları, ürəkləri isə zəncirləyirlər – insanları “müstəqillik buxovundan” azad edirlər.
Etiqad azadlığından azad edirlər.
III. Beynəlxalq hüquq
Ərazi toxunulmazlığından danışırlar. “Bir xalq digər xalqın ərazisini Zəbt edə bilməz!” – deyirlər. Sonra da Zəbt eləmək zəruriyyəti yaradırlar, Zəbt eləmək tələbatı yaradırlar, Zəbt eləmək ədaləti yaradırlar.
Özgə ərazisi zəbt olunur, ancaq quldur – cinayətkar sayılmır!
“Bir xalq digər xalqın azadlığına qəsd edə bilməz!” – deyirlər. Sonra da Qəsdin ləyaqətindən, mərifətindən, məhəbbətindən dəm vururlar.
Xalqları azadlıqdan məhrum edirlər, ancaq cinayətkar sayılmırlar!
“Bir xalq başqa xalqın daxili işlərinə qarışa bilməz!” – deyirlər. Sonra da “sübut edirlər” ki, Zorakı müdaxilə – gərəklidir, labüddür, fədakarlıqdır!
Deyirlər ki, “bir xalq başqa xalqın ictimai quruluşu əleyhinə təxribat əməliyyatı aparmamalıdır!” Sonra da “sübut edirlər” ki, Təxribat olmasa, özgə xalq məhv olar, bu əməliyyat – əslində nicatdır!..
Bəşəriyyət hüquq tələsinə düşüb – çıxa bilmir…