Xəbərlər

Asif Ata İdealla söhbət

– Niyə Sən əlçatmazsan: məni cəlb edirsən, cəzb edirsən, çağırırsan, həm də daim məndən uzaqlaşırsan? Niyə sən gerçəklikdə özün olmursan, özünə bənzəmirsən, öz əksinə çevrilirsən?
– Çünki mən SƏNİN hüdudsuz arzularından doğuram. Arzu­ların sonsuzdur, kamildir, ülvidir, ancaq hissiyyatın, mənə­­viy­yatın, idrakın hələ naqisdir, adidir, nöqsanlıdır. Sən qədim olsan da, özünü tapmamısan, özünə çatmamısan, özünün ali imkanlarından uzaqsan. Sənə sığmazlıq, ruhanilik, müqəd­dəs­lik bəxş olunub, ancaq sən onları indiyə qədər tam aşkara çıxara bilməmisən. Bunun səbəbi odur ki, səndə əsil insani ehtiraslarla, düşüncələrlə, meyillərlə yanaşı, naqis duyğular, fikirlər, əməllər də var.
Sənə sığmazlıq, sonsuzluq, ruhanilik bəxş olunub, ancaq sən onları tam aşkara çıxara bilmirsən. Sənin daxili aləmində kamil­lik, ülvilik, gözəlliklə bərabər, bəsitlik, eybəcərlik, hərca­yi­lik də yaşayır. Sən mənəviyyatını, idrakını, hissiyyatını onlar­dan təmizləyə bilməmisən.
İdrakının gücü möhtəşəmdir, ancaq onda həqiqətə atəşin məhəb­bətlə yanaşı, yanlışlığa, naşılığa, xülyaya meyil də var. Sən həyatda özündən kiçiksən.
Sənə ilahi qüdrət verilib, ancaq sən həyatda Allah ola bilməmisən. Mən sənin ilahiliyinin ifadəsiyəm, ancaq gerçək­likdə zəifliyinin, keçiciliyinin, adiliyinin, natamlığının təcəssü­münə dönürəm, özümdən əl çəkirəm, özüm olmuram. Xəyalda, təsəvvürdə, niyyətdə mən sənin Mütləq mahiyyətini, gerçək­likdə nisbi, adi mənanı əks etdirirəm. Mən öz ziddiyyətim, mürəkkəbliyim, ikiliyimlə sənin ziddiyyətini, mürəkkəbliyini, ikiliyini təsdiq edirəm. “Sən busan!” – deyirəm: imkanda sonsuz, qeyri-adi, kamil, gerçəklikdə – keçici, adi, natam!
Sənin özündən təcrid olunmağının ikinci səbəbi – cəmiy­yətdir. Sən indiyə qədər insani böyüklüyünü, aliliyini, ruhani­liyini təsdiq edən cəmiyyət yarada bilməmisən! Əksinə, yarat­dığın cəmiyyətlərin hamısı səni özündən ayırıb, səndəki cılız duyğuları, çirkin ehtirasları alışdırıb, ali duyğuları söndürməyə çalışıb, səni əşyalaşdırıb, cansızlaşdırıb. Özünə layiq cəmiyyət yaratmağa idrakının, mənəviyyatının, hissiyyatının gücü çatmayıb. Daxilindəki natamlıqlar, naqisliklər belə cəmiyyəti qurmağa imkan verməyiblər. Yırtıcılığın, xudpəsəndliyin, haki­miy­yət ehtirasın, şöhrətpərəstliyin, paxıllığın səni soyuq, yad, qeyri-insani cəmiyyətdə yaşamağa vadar edib.
– Bəs insandan kənarda olan ictimai, iqtisadi qanunlar? Onların mənim taleyimə təsirini inkar etmək olarmı?
– Belə yanlış fikirlərə uyduğun üçün özünə qovuşa bilmir­sən. İnsan taleyini ictimai qanunlar yox, insan özü həll edir. Çünki ictimai münasibətlər İnsanı yaratmır, əksinə, insan ictimai münasibətləri yaradır. İctimai münasibətlərin səviyyəsi insan mənəviyyatının, hissiyyatının, idrakının səviyyəsiylə müəyyən olunur. Cəmiyyətdəki naqislik insani naqisliyin ifadəsidir.
Yaxşı cəmiyyət qurmaq üçün yaxşı insan olmalısan. Dünya­nı dəyişdirmək üçün özünü dəyişdirməlisən. Dünya sənin ikinci MƏNİNDİR. Sən – İnsan nəsənsə – Dünya odur. İctimai münasibətləri dəyişdirmək vasitəsiylə İnsanı dəyişdirmək iddiası yanlış xülyadır. İnsanı dəyişdirmədən, ondakı böyük­lüyü, kamilliyi, ülviliyi təsdiq etmədən ali cəmiyyət qurmaq olmaz; həmin cəmiyyət tez bir zamanda öz əksinə çevrilər, köhnə vəziyyətinə qayıdar.
İctimai münasibətləri kim dəyişdirir: kamil, yaxud qeyri-kamil adam, vicdanlı, yoxsa vicdansız adam, ülviliyə tapınan, yaxud bəsitlikdə səadət tapan adam, insanı sevən, yaxud insana nifrət bəsləyən adam?! Bütün məsələ bundadır. Naqis insanın yaratdığı dünya mütləq naqis olacaq. Kamil dünyanı yalnız kamil insanlar yarada bilərlər.
– Eybəcər mühitdə, insana zidd şəraitdə İnsan özünü necə kamilləşdirə bilər?
– Sənin səhvlərindən biri də odur ki, şəraiti, mühiti insandan güclü sanırsan, insanı mühitin, şəraitin məhdud çərçivəsində görürsən. Sənə elə gəlir ki, mühit insanı istədiyi şəklə sala bilər, özünə inanmırsan, anlamırsan ki, öz böyük­lüyünlə, aliliyinlə mühitdən, şəraitdən yüksəksən. Dərk etmir­sən ki, sən mühitin qulu deyilsən, onunla daim gizli və aşkar şəkildə döyüşürsən, heç vaxt ona sığmırsan. Ona görə də ən eybəcər mühitdə belə, insan olaraq qalmaq, özünü mənən kamilləşdirmək imkanın var və yalnız özünə yüksəlmək yolun­da sən əsil insani cəmiyyət qura bilərsən.
Cəmiyyətdə İnsanlığını saxlayırsan, artırırsan, öz Ali Mənəvi səviyyənə can atırsan, yüksəlirsən – bununla da cəmiy­yəti dəyişdirirsən, indiki səviyyənə uyğunlaşdırırsan. Tərəqqinin əsil yolu budur.
– Deməli, mən əvvəl özümü mənən yüksəltməliyəm və yalnız bundan sonra həyatı dəyişdirməliyəm?
– Sənin özünə yetməyin və dünyanı dəyişdirməyin vahid hadisədir. Sən daxilən təmizlənirsən, böyüyürsən və eybəcər mühitdən mənən aralanırsan, ona qarşı nifrətin, etirazın artır, onun sənin üzərində hakimiyyətini heçə endirirsən, onu zəruriyyət taxtından salırsan, ona zidd olan yeni həyat arzusunu qəlbində və zəkanda yetirirsən və gerçəkliyə çevirirsən.
Sənin İnkarın əsil, dərin, yetkin İnkar olur, zahiri, kal, tələ­sik İnkar olmur. Sən arzunu daxilində bəsləyirsən, böyüdürsən və bu səbəbdən də o, uzun ömürlü, davamlı, təbii olur. Sənin yaratdığın Sabah Mənəvi İntibahın Bəhrəsi kimi meydana gəlir, İnsanın yeniləşməsi, kamilləşməsi, böyüməsi, özünə qayıtma­sıyla vəhdətdə yaranır.
İnsan mənəvi böyüklüyünə yaxınlaşdıqca əsil insani cəmiy­yətə yaxınlaşacaq.
Bundan kənarda yaranan yeniliyi tərəqqi saymıram. Ədalət­sizliyə qarşı vuruşurlar, ədalətsiz ictimai quruluşu ləğv edirlər, yenisini yaradırlar, ancaq ədalətsizlik yenidən bərpa olunur.
Anlamırlar ki, ədalətsizlik – insanın hissiyyatında, mənə­viy­yatında, idrakındadır və onu insanın daxili dünyasından silmədən – cəmiyyətdən silmək olmaz.
Bərabərlik axtarırlar, zorla fərdi mülkiyyəti ümumi mülkiyyətlə əvəz edirlər, lakin bərabərlik yaranmır. Çünki bərabərsizliyi bir mülkiyyətin başqa mülkiyyətlə əvəz edilməsiylə aradan qaldırmaq olmaz. Əgər insan hissiyyatında, mənəviy­yatında, idrakında bərabərsizliyə meyil məhv olma­yıbsa, o, cəmiyyətdə də məhv olmayacaq,  mütləq başqa biçimdə aşkara çıxacaq. Çünki ləğv olunan fərdi mülkiyyət insanın mənəvi səviyyəsindən doğub, həmin səviyyədən yüksəyə qalxmamı­sansa, bərabərlik xülyan əbəsdir.
Sənin ən böyük səhvin onda oldu ki, özündən kənar qüvvə­lə­rin gücünə uydun, onlarda nicat axtardın, özünü qiymətlən­dirmədin.
O dərəcədə özünü alçaltdın ki, səni istehsal əlaqələrinin adi ünsürü səviyyəsinə endirdilər. Unutdun ki, cəmiyyəti də, istehsal münasibətlərini də, dövləti də, ictimai quruluşu da yaradan sənsən, onlar sənin mənəvi halını göstərən güzgülərdir. Yanlış fikirlərinlə özünü dəhşətli dərəcədə kölələşdirdin, yaratdıqlarının alətinə çevrildin, miskinləşdin, səadətini özündə yox, ictimai, iqtisadi qanunlarda aradın. Azadlıq axtardın –   fikirlərində, təsəvvürlərində zəncirləndin, ona görə də azadlığa qovuşmadın. Həqiqət axtardın – ehkamla buxovlandın. Ağlının kəsiri səni naşılıq bataqlığına yuvarladı… Naşılığın sənə dedi ki, dünyanı yalnız zorla dəyişdirmək olar. Bu, daxilindəki yırtıcılıq hissini alışdırdı. Nifrət, hiddət, kin odu aləmi yandırdı. Ocaqlar söndü, dünya qan dənizinə çevrildi, nifrətdən nifrət doğdu, qan qanı çağırdı, dünyanı qəzəb suyunda çimdir­dilər, ancaq dünya təmizlənmədi, çünki insan məhv oldu.
Müəssisələr dəyişdi – insan dəyişmədi, mənəviyyat söndü. Zorla yaranmış yeni həyat görünməmiş zor yetirdi, zor yalana tapındı, yalan ürəklərə çirkli su kimi axdı, mənəviyyatı bulan­dırdı. İnsan neçə əsr geri düşdü. Ağlının kəsiri səni inandır­mışdı ki, bütün bəlaların səbəbi fərdi mülkiyyətdir. Onu ümu­mi, ictimai mülkiyyətlə əvəz edən kimi bütün fəlakətlərə, müsibətlərə son qoyulacaq, insan özünə qayıdacaq. Lakin ümumi mülkiyyət insana səadət vermədi, onu əşyalaşdırdı, cansızlaşdırdı, miskinləşdirdi. Məlum oldu ki, insan yenə də özündən Yerdən Göyə qədər uzaqdır. Fərdi mülkiyyətin ümumi mülkiyyətlə əvəz olunması – insanı mülkiyyətin sahibi eləmədi, aləti elədi.
Zorun yaratdığı dünyaya İnsan yox, Zor özü sahib oldu və Zor insana dedi ki, sən ağ günə çıxmısan, əgər bunu anlamır­sansa, deməli, cinayətkarsan və səni məhv etmək gərəkdir.
Zor QORXU yaratdı və qorxu ildırımı insanı vurdu. İnsana dedilər ki, arzuladığın səadət elə budur. O, sənin gözünə səadət yox, fəlakət kimi görünürsə, bu, gözün təqsiridir.
Zor dedi ki, həyatın əsasını maddi amillər təşkil edir, ancaq maddi amillərin mənəviyyatdan asılılığını unutdu və maddi rifah yaranmadı. Maddilik xurafatı ruhaniliyi inkar etdi. İnsanı maddi nemətlər istehsal edən alətə çevirdi, ancaq maddi güzəran yarada bilmədi.
Son nəticədə insan cəmiyyətdə itdi. “Yeni həyat” yarandı, ancaq orada insana yer tapılmadı. Çünki insan dərdin əlacını özündə yox, özündən xaricdə axtardı.
Əgər müəssisələrdə döyüşə həsr elədiyin gücün cüzi bir hissəsini özünü kamilləşdirməyə həsr eləsəydin, istədiyinə çatar­dın. Ancaq sən mənəviyyatını, idrakını, hissiyyatını çir­kab­dan təmizləmədən dünyanı çirkabdan təmizləmək niyyətinə düşdün, maddini ruhanidən üstün tutdun və fəlakətli surətdə yanıldın.
– Bəs nicatımı nədə görürsən?
– Səndə Mütləq Mənəvi Qüdrət – Allah var. Onu özündə tap.  Onda ali dünyanı taparsan.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir