İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsəməlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünyanın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq tapmalısan, ondan istifadə etməlisən. Adi çöpdən başlamış, əzəmətli təbiət möcüzələrinə qədər nə varsa, öyrənməlisən, öz məqsədlərinə tabe etməlisən! Dünya – sənin yaşamaq məskənindir, burada, ömür sürmək üçün lazım olan hər şey var. Sən onları tapmalısan, bilməlisən ki, torpaq sənə nə verə bilər, yağış sənə nə verə bilər, yazın günəşi, qışın qarı sənə necə yarayar, özünümühafizə uğrunda döyüşdə qələbə çalmaq üçün dünyadan necə bəhrələnmək olar. İldırımın gücü, şimşəyin nərəsi, heyvanat aləminin yırtıcılığı, tarixin gedişatındakı ziddiyyətlər, insani münasibətlərin faydalı və faydasız tərəfləri, dənizlərin, dağların, çöllərin sərvətləri – sənin yaşayışına nə verə bilər. Dünya Ağılın güzgüsündə mənimsənilən varlığa çevrildi.
Bu varlıq insandan kənarda idi, ondan böyük və geniş idi, ona yad idi, ondan uzaq idi, ancaq insana nə lazım idisə özündə cəmləşdirmişdi! İnsan dünyadan öyrənirdi, dünyadan faydalanırdı, ancaq özüylə dünya arasında sədd görürdü. O, dünyadan istifadə edirdi, ancaq dünyanı özümləşdirmirdi, dünyaya qovuşmurdu. Dünya Ağılın gözündə vəhdət təcəssümü idi, ancaq bu vəhdətin mənasını dərk etmirdi. Ağıl ağacların meşəyə çevrilməsini, meşə yaratmasını görürdü. Ancaq meşə mahiyyətini anlamırdı. Çünki onun üçün meşə müxtəlif ağacların sadəcə məcmuu idi. Ağıl İnsanın da mənasını dərk etmədi. O, insanın fiziki xüsusiyyətlərini təhlil etdi, onun dünyadakı, canlılar və cansızlar arasındakı yerini müəyyən etməyə çalışdı, ancaq İnsan ülviyyətini kəşf etmədi, çünki insana məqsəd kimi yox, vasitə kimi baxdı. Bu səbəbdən də İnsan əvəzinə orqanizm, ət, sümük, qan, hüceyrə yığımı, yaxud cəmiyyətdə itən adi əşya göründü! Ağıl insanı dünyaya yaxınlaşdırdı, ancaq dünyanı İnsandan ayırdı, insan ilə dünyanı bir-birinə qarşı qoydu və nəticədə dünyanın insani mənası gizli qaldı.
İnsanı dünyaya ZƏKA qovuşdurdu. O, insana dedi ki, dünya sənin faydalanmağın, bəhrələnməyin üçün yaranmayıb. Dünyanın mənası bundan sonsuz dərəcə böyükdür və bu məna sənə qətiyyən yad deyil, sən özünün ülviliyinlə ona qovuşursan, onunla bir olursan. Çünki əslində sənin özünün də mahiyyətin həyatdan sadəcə bəhrələnmək, faydalanmaq, dünyaya uygunlaşmaq deyil. Bu, olsa-olsa sənin ən ibtidai mövcudluğundur. Əslində sənin mahiyyətin bu mövcudluğa sığmır, ondan kənara çıxır, dünyayla birləşir. Bu möhtəşəm, əbədi, qədim və daim yeni dünya və sən – birsiniz! Həmin dünya öz ali mənasıyla səni özünə, böyüklüyə, ülviliyə çağırır, sən – Yerin, Göyün, ölkələrin, xalqların taleyindən kənarda yaşaya bilməzsən. Sən öz insaniliyinlə dünyaya labüd şəkildə qovuşmalıydın və bilməliydin ki, dünya ağılın əks etdirdiyi varlığa qətiyyən bənzəmir, onun faydalı məziyyətlərindən hədsiz dərəcədə ali olan mənası var. Dünya – ülviyyət, gözəllik, ahəngdarlıq, müxtəliflik və vahidlik, təzad və vəhdət timsalıdır və həmin xüsusiyyətlər insana doğmadır, ancaq həmin doğmalığı insan yalnız dünyaya qovuşanda hiss edir. Zəka insana söylədi ki, dünya insandan fərqlidir, ancaq onun ali mənası insandan kənarda deyil, İnsandan kənar olan, uzaq olan – dünyanın keçici əlamətidir.
İnsan dünyaya qovuşmasa, onu dərk edə bilməz. Dünyaya qovuşmaq – dünyanın mahiyyətini aşkara çıxarmaq deməkdir.
Ağlın dərk etdiyi vəhdət – zahiri vəhdətdir. Bu vəhdət müxtəlifliyi adi mövcudluqdur. Zəka tamamilə başqa vəhdəti kəşf edir, burada hadisələrin yeni mənası yaranır. Meşə ağacların sadə məcmuu deyil, onları birləşdirən daha geniş, daha dərin mənanın ifadəsidir! Bəşəriyyət – ayrı-ayrı fərdlərin sadə məcmuu deyil, onlardan fərqli, geniş mahiyyətin ifadəsidir! Tarix müxtəlif hadisələrin, illərin, ayların, qərinələrin cəmi deyil, onlardan daha yüksək mənadır. İnsan – bədən üzvlərinin məcmuu deyil, onlardan kənara çıxan, ciddi surətdə fərqlənən hadisədir. İnsanın dünyaya ağıllı münasibətində insan dünyadan ayrılır.
İnsanın dünyaya zəkalı münasibətində insan dünyayla bir olur.
İdrakın sonuncu – Ruhani pilləsində insan dünyadan kənara çıxır, yəni dünyanın dünyadan böyük mənasını kəşf edir. Ruh deyir ki, dünyanın mənası dünyadan böyükdür, dünya görünən dünya deyil. Dünya hadisələrinin görünən cəhətləriylə yanaşı, qeyri-adi, ülvi mənası da var. Qeyri-adi məna dünyadan kənara çıxan, təzahürə sığmayan mənadır. Sevimli Şəxsin Üzü Aşiqin nəzərində Müqəddəs Kitabdır. Bu qiymət adi məntiqə sığmır, ancaq burada əsil, böyük məna öz parlaq ifadəsini tapır. Adi qiymət – müqəddəslik tanımır, onu izah edə bilmir, onun qeyri-adi məntiqini anlamır. İnsani gözəllik – sadəcə cismani kamillik deyil, həm də ilahiliyin ifadəsidir. Bəsit şüur ilahilik tanımır. Buna görə də gözəlliyi dərk etmir. Çörəyin, torpağın, səmanın, analığın müqəddəs mənası – dünyəvilik səddini aşır.
İdrakın Ruhani pilləsində insan dünyaya sığmır, dünyadan kənara çıxır, dünyanın mənasını dünyadan kənarda tapır. Bu, insanın öz adiliyi, cismaniliyi üzərində yüksəlməsidir. Dünyanı tanımaq, dünyaya qovuşmaq, dünyadan kənara çıxmaq – İnsan idrakının üç başlıca xüsusiyyəti bunlardır.
İdrakın sonuncu – Ruhani mərhələsində Vəcdin, Ehtizazın və Vəhyin atəşin fəaliyyəti başlanır.
Vəcddə – İnsan coşğun ehtiraslar burulğanına düşür, hərarətli heyrət məqamında, həqiqəti, yəni ali mənanı dərk edir.
Ehtizazda – İnsan özünü ali mənada itirir, ona çevrilir, özünü Onda, Onu özündə görür.
Vəhydə – vəcdin və ehtizazın təsiri ilə insan həqiqəti riqqətlə, coşğun, ülvi hissiyyat məqamında ifadə edir. Həm vəcd, həm ehtizaz, həm də vəhydə İnsan həqiqətlə birləşir, Ali məna İnsanın taleyinə çevrilir. Bu səbəbdən də Ruhani bilik – adi bilik olmur, insanı sarsıdan, öldürən və dirildən, insanları öz arxasınca aparan, ürəklərə, iradələrə sahib olan, dünyanı dəyişdirə bilən, insanı özü üzərində ucalda bilən bilik olur. İnsan idrakla dünyanı dərk edir, ancaq dünyaya sığmır, dünyadan kənara çıxır, dünyanın mənasını dünyadan kənarda tapır və daha ali dünyaya yüksəlir!..