Xəbərlər

Asif Ata. İnsan Azadlığı

Qorxudan azad olmaq. Həsəddən azad olmaq. Mənəvi xəsa­rətdən azad olmaq. Naqis fikirdən azad olmaq. Məkrdən azad olmaq. Rəzalət əsarətindən, küdurət əsarətindən azad olmaq.
Vətənsizlik həqarətindən azad olmaq.
İnamsızlıq fəlakətindən azad olmaq.
Cılız məhəbbətdən, ani mərhəmətdən, süni sədaqətdən azad olmaq.
Xülya zəncirini qırmaq.
Hiylə zəncirini qırmaq.
Fitnə zəncirini qırmaq.
Qibtə zəncirini qırmaq.
Daxildəki ilanı öldürmək.
Yalanı öldürmək.
Özünü sarsıtmaq. Özünə qayıtmaq.
Özündə köləni öldürmək. Özündə öləni öldürmək.
Özündə vəhşini öldürmək. Özündə cəlladı öldürmək.
Yarımdostluq bəlasından imtina.
Yarımsevgi səfasından imtina.
Yarımülfət vəfasından imtina.
Tərəddüd quyusundan çıxmaq.
Təkəbbür quyusundan çıxmaq.
Təşəxxüs quyusundan çıxmaq.
Bədxah niyyətdən imtina.
Naşı qiymətdən imtina.
İblis nemətindən imtina.
Həris qismətindən imtina.
Kölə sahiblikdən imtina.
Kölə qaliblikdən imtina.
Kölə çörəkdən imtina.
Kölə fərəhdən imtina.
Ot kimi biçilmək, kiçilmək aqibətindən imtina.
Daş kimi soyumaq, çöp kimi qurumaq aqibətindən imtina.
Şərafətli köləlikdən imtina.
Dəbdəbəli köləlikdən imtina.
Təmtəraqlı köləlikdən imtina.
Ləyaqətli köləlikdən imtina.
Sədaqətli köləlikdən imtina.
Səadətli köləlikdən imtina.
Azad köləlikdən imtina.
Abad köləlikdən imtina.
Mütləqsizlik köləliyindən imtina.
Səcdəsizlik köləliyindən imtina.
Müqəddəsliyə qayıtmaq.
Ölüb yenidən dirilmək.
Azad azğınlardan imtina.
Azad quzğunlardan imtina.
Azadlıq zindanından imtina.
Qəyyum sədəqəsindən imtina.
Fateh mərhəmətindən imtina.
Alçalmaq azadlığından imtina.
Alçaltmaq azadlığından imtina.
Oynamaq azadlığından imtina.
Oynatmaq azadlığından imtina.
Ətəkdən yapışmaq azadlığından imtina.
Çirkaba qarışmaq azadlığından imtina.
Azadlıq yanğısı.
Azadlıq nağılı.
Aldadan azadlıq.
Çağıran azadlıq.
Çığıran azadlıq.
Azan, azdıran azadlıq.
Xəyalda doğulan, həyatda qovulan azadlıq.
Qəhrəmanların Leylisi.
Loğmanların pərisi.
Ağladan azadlıq.
Sinəni doğrayan azadlıq.
Azadlıq biçimində – cinayət.
Azadlıq biçimində – xəyanət.
Azadlıq biçimində – həqarət.
…Azadlıq ən çox niyyətin olub, İnsan!
Qismətin olmayıb!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir