Xəbərlər

Asif Ata. İnsan Möhtəşəmliyi

Peyğəmbərlik. Cəngavərlik.
İztirab zirvəsi. Fəda zirvəsi. Aşiqlik zirvəsi.
Mütləqə səcdə zirvəsi. Özüylədöyüş zirvəsi. Ülvi kədər zirvəsi. İnsana çatmaq zirvəsi.
Yandırılmaq. Parçalanmaq. Paralanmaq.
İradə mətinliyi. Ağıl zənginliyi. Duyğu dərinliyi.
Dahi Qayğı! Dahi Arzu! Qorxusuzluq. Ölümsüzlük. Vətən­sevər­lik. Bəşərsevərlik zirvəsi! Naqisliyə nifrət zirvəsi! Zirvə səsi! Zirvə sözü! Zirvə hikməti!
Hünər qisməti! Müqəddəs yolçuluq zirvəsi! Nurlu idrak zirvəsi! Sədaqət zirvəsi!
Zəmanəyə əyilməmək! Rütbəyə sığmamaq! Müasir sayılma­maq! Zorluya alçalmamaq! Xəbisə yaramamaq! Çirkə bulaş­ma­maq! Zülmə alışmamaq! Yadla barışmamaq!
Fitnəni əvvəldən duymaq zirvəsi! Şeytanı görmək zirvəsi!
Yolsuzlar içində yolundan dönməmək! Zülmətdə sönmə­mək! Şaxtada daxili hərarət zirvəsi! Ölü öyüddən imtina zirvəsi! Diri meyitdən imtina zirvəsi! Qorxaq sözündən imtina zirvəsi! Bədxah gözündən imtina zirvəsi! Mühitə sığmaqdan imtina zirvəsi! Kölələr içində məğrurluq zirvəsi! Əyrilər içində doğruluq zirvəsi!
Sürünənlər arasında yerimək! Ölənlər arasında dirilmək! Korlar arasında görmək! Karlar arasında eşitmək! Gəda ədasına dözmək! Matəm sədasına dözmək! Rəzil ittihamına dözmək! Zail töhmətinə dözmək! Müstəbid “mərhəmətinə” dözmək! Xəbis “səxavətinə” dözmək! Nacins səlahiyyətinə dözmək! Rüzgar sərtliyinə dözmək! Tülkü mərdliyinə dözmək!
Sinədə dağ gəzdirmək, Ürəkdə kin gəzdirməmək! Xeyirə həsrət qalmaq, Şəri qəlbə qoymamaq! Küldən alışmamaq. Ölüyə qarışmamaq. Yalanla barışmamaq.
Həqiqət görməmək və həqiqətə inanmaq! Insan görməmək və insana inanmaq! Aldanmaq və aldatmamaq! Gözəllərdə yanı­lıb, gözəlliyə inanmaq! Dostlarda yanılıb, dostluğa inan­maq! Bütlərdə yanılıb, Mütləqə inanmaq! Adamda yanılıb, bəşərə inanmaq! Alimdə yanılıb, idraka inanmaq! Qadında yanılıb, qadınlığa inanmaq! Kişidə yanılıb, kişiliyə inanmaq! Bugündə yanılıb, Sabaha inanmaq!
Şübhəylə rastlaşmaq, inama tapınmaq! Pislərlə yaşayıb, yaxşıya inanmaq!
Dəhşət görmək – sarsılmamaq! Vəhşət görmək – sarsılma­maq! Fəlakət görmək – sarsılmamaq! Xəyanət görmək – sarsıl­ma­maq! Cəhalət görmək – sarsılmamaq! Şəri taxtda görmək – sarsılmamaq! Xeyiri ayaqda görmək – sarsılmamaq!
Qeyrətsizlər arasında qeyrət saxlamaq! İsmətsizlər arasında ismət saxlamaq! Yetimlər arasında atalı qalmaq!
Möhtəşəmsən, İnsan! Yoxsa dünyada yaşaya bilməzdin!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir