Ölüm ölümə sığmır. Arzu ömürə sığmır.
Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır.
Günlər illərə sığmır. Heyrət hörmətə sığmır.
Səcdə izzətə sığmır.
Siqlət xislətə sığmır.
Qanad göylərə sığmır.
Ayaq yerlərə sığmır.
Məslək həvəsə sığmır.
Qeyrət qorxuya sığmır.
Məna sözlərə sığmır.
Fikir yazıya sığmır.
Hicran kədərə sığmır.
Vüsal sevincə sığmır.
Dahi zamana sığmır.
İgid cürətə sığmır.
Ölmək şöhrətə sığmır.
Xəyal gerçəyə sığmır.
Hünər zəfərə sığmır.
Ehtizaz hissə sığmır.
Vicdan ölçüyə sığmır.
Cürət zindana sığmır.
Ehtişama sığmayan möhtəşəmlik.
Dəbdəbəyə sığmayan ülvilik.
Bugünə sığmayan sabah.
Arzuya sığmayan Amal.
Dünyaya sığmayan xəyal.
Təsəvvürə sığmayan fədakarlıq.
Heyrətə sığmayan qəhrəmanlıq.
İdraka sığmayan həqiqət.
Duyğuya sığmayan məhəbbət.
Fəhmə sığmayan qabiliyyət.
Zəhmə sığmayan əzəmət.
Bədənə sığmayan ruh.
Xəyala sığmayan müqəddəslik.
Əzəmətə sığmayan vüqar.
İmkana sığmayan əməl.
Ali kişilik. Ali qadınlıq. Ali müdriklik.
Qüdrətə sığmayan qüdrət.
Sədaqətə sığmayan sədaqət.
Səadətə sığmayan səadət.
Mühitə sığmayan ünsiyyət.
Qəşəngliyə sığmayan gözəllik.
Gözəlliyə sığmayan ülvilik.
İşgəncəyə sığmamaq. Təhqirə sığmamaq.
Tənhalığa sığmamaq.
Tənəyə sığmamaq. Tərəddüdə sığmamaq.
Ətalətə sığmamaq.
Əsarətə sığmamaq. Cəhalətə sığmamaq.
Qəbahətə sığmamaq.
Mühitə sığmamaq. Aldanışa sığmamaq.
Yanlışa sığmamaq.
Etirafa sığmamaq. İzhara sığmamaq.
Zəfərə sığmamaq.
Fərəhə sığmamaq. Kədərə sığmamaq.
Taleyə sığmamaq. İmkana sığmamaq.
Məqama sığmamaq. Zamana sığmamaq.
Gözəlliyə sığmamaq. Biliyə sığmamaq.
Diləyə sığmamaq. Körpəliyə sığmamaq.
Cavanlığa sığmamaq. Yetkinliyə sığmamaq.
Qocalığa sığmamaq.
Fəsillərə sığmamaq. Nəsillərə sığmamaq.
Torpağa sığmamaq. Səmaya sığmamaq.
Dünyaya sığmamaq. Rahatlığa sığmamaq.
Əzaba sığmamaq. İşrətə sığmamaq.
Şöhrətə sığmamaq. İşığa sığmamaq.
Alova sığmamaq. Özünə sığmamaq.
Azsan, İnsan, ancaq özündə qalmayansan, özündən kənara çıxansan, özünəsığmayansan, İnsan!
Ona görə də böyüksən, alisən, gözəlsən, İnsan!