Zülmət görürəm – kədərlənirəm, zillət görürəm – kədərlənirəm, yadlıq görürəm – kədərlənirəm, yalan görürəm – kədərlənirəm, naşılıq, hərcayilik, miskinlik görürəm – kədərlənirəm, ananı balasından, duyğunu ürəkdən, hikməti sözdən, insanı Mütləqdən ayrı salırsan, izzəti azaldıb, möhnəti artırırsan, məhəbbət çayını bulandırırsan, ülvilik bulağını qurudursan, möhtəşəmliyi parçalayırsan, mətanəti sındırırsan, məlahəti soldurursan, körpəliyin paklığına, gəncliyin hərarətinə, yetkinliyin rəvanlığına, qocalığın müqəddəsliyinə qəsd edirsən; torpağı çürüdürsən, arzuları gözdə qoyursan, ədaləti ədalətsizə, gözəlliyi eybəcərliyə, alini naqisə tapşırırsan, ürəklərdə iblisə yer verirsən, xalisi ağladırsan, xəbisi güldürürsən, göz yaşıyla suvarılırsan, Dünya!
Vəcdli zəkaları susdurursan, parlaq gözləri kor edirsən, vüqarlı qaməti əyirsən, nurlu üzü qırışdırırsan, gülü soldurursan, bülbülü susdurursan!
Elə bir ömür binası yoxdur ki, uçurmayasan, elə bir ağac yoxdur ki, qırmayasan, elə bir çıraq yoxdur ki, söndürməyəsən, elə bir xeyir yoxdur ki, şərin ayağına verməyəsən, elə bir yanlışlıq yoxdur ki, həqiqət kimi təqdim etməyəsən.
Ülviləri bəlalara düçar edirsən, bəsitləri səadət gölündə üzdürürsən, mərdi namərdə möhtac edirsən, qüdsiyyətin qarşısına çəpər çəkirsən, dodaqları kilidləyir, səsləri kəsirsən, çayları məcrasından, insanları vətənindən, odu ocağından, quşu səmasından ayırırsan, aqili aldadırsan, yazılanı pozursan, bitəni itirirsən!
Kədərin sonsuzdur, Dünya! Səndən bezərdim, əgər həm də Sevincli Dünya olmasaydın.