Xəbərlər

Asif Ata. NİZAMİLİK (Son hissə)

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik”, “Sənət və Kəşf”,  “Elmin hüdudları və zamanın üfüqləri”, “İnsan və Sənət” adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır.

Qeyd edək ki, Asif Atanın “İnam və Şübhə” kitabı 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən Asif Əfəndiyev imzası ilə çap edilmişdir.

 

 

Asif Ata (İnam Ata)

(Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası)

 

 

 

NİZAMİLİK

 

(Bədii-fəlsəfi esse)

 

(davamı)

 

VI. Qəhrəmanlıq və İnsani kamillik

 

 

Qüdrətli bəs kimdir dünyada?

Qılınc gücünə güvənənmi, ürəkləri fəth edənmi?

Tam, mütləq özünütəsdiq hansı yolla qazanılır?

Mərhəmət duyğusundan məhrum olan gücdən fəlakət doğar.

Məhəbbət hissindən məhrum olan qüvvədən eybəcərlik törəyər.

Ağılsız güc, irsdə ülviliyi sındırar, çirkinliyi, zalımlığı, hərisliyi dağ başına qaldırar.

Mayasında sevgi olmayan hiddətə inanma!

Mayasında xeyir olmayan əzəmətə inanma!

Mayasında ürək çırpınmayan möhtəşəmliyə inanma!

Dağıdan, öldürən, yıxan, qalib gələn gücdə yaradan, sağaldan, qaldıran, yaşadan böyüklük axtarma!

Böyük hikmətdir qəhrəmanlıq!

Yenilməzlik, mətanət, dözüm, qorxmazlıq, həm də məhəbbət, açıqürəklik, alicənablıq!

Qələbə əzmi, döyüş hünəri, qalibiyyət zəhmi, həm də mərhəmət müdrikliyi, haqqa, ədalətə tapınmaq ehtirası!

Nizaminin İsgəndəri dünya fatehi olan bir şahdır. Onun qəlbində fatehlik hissi alışıb-yanır.

Bu hiss qəhrəmani bir qüdrətlə birləşdiyindən o, istədiyinə nail olur. Ordular basır, cəbhələr yarır, sonsuz bir hökmranlıq səlahiyyəti qazanır, dünya ona baş əyir.

Şair qəhrəmanın bu cəhətlərini dahiyanə bir parlaqlıqla göstərir.

Ancaq o, həmişə sərkərdə İskəndərin, döyüşkən İskəndərin insani keyfiyyətlərindən: Mərdliyindən, ədalət-haqq tərəfdarlığından, mənəvi səxavətindən danışır.

Fatehlik – İskəndər şəxsiyyətinin tam məzmununu qətiyyən ifadə etmir.

Əksinə, xilaskarlıq, xeyirxahlıq, həyanlıq, ürəyiyuxalıq kimi insani məziyyətlər ön plana çəkilir.

Təbiət İskəndərə həm güc, həm ağıl, həm də gözəl qəlb vermişdir.

Üstəlik Ərəstu kimi dostu, vəziri və müəllimi var.

O özünü dərk edən çağdan ölkələri qarış-qarış gəzmək həvəsiylə yaşayır.

İskəndər ölkələr alır, ordular məhv eyləyirsə, bu, əsərdə ədalətli və gərəkli bir fəaliyyət kimi mənalan­dırılır.

İskəndər xilaskar kimi hərəkət eləyir, insanları zülmdən azad edir.

 

İskəndər hər yerə atını çapdı,

O yerlər şənləndi, səadət tapdı.

 

Zər saçdı hər yeri abad edərək,

Qırdı tikanları, əsdi gül-çiçək.

 

İskəndər döyüşdə hamıdan üstün bir pəhləvandır. O, düşmənin ən güclü həmləsini özü dəf edir.

Ancaq İskəndər həm də döyüşün çirkin mahiyyətini dərk edir, öldürdüyü düşmənlərinə acıyır, mühari­bənin dəhşətiylə sarsılır. Bu, onu filosofa çevirir.

Böyük, ali qəhrəmanlıq haradasa filosofluqla birləşməlidir.

Filosof döyüş zəruriyyətini anlar, ancaq dağıtmaq, məhv etmək hərisliyini alqışlamaz!

Filosof rəşadəti bəyənər, ancaq müharibə çirkinliyini lənətləyər.

Filosof ehtiras atının qantarğasını əlində saxlar, atı istədiyi səmtə sürər!

İskəndər qəhrəmanlığının əsilliyi onun İran şahı Dara ilə münasibətində meydana çıxır. Dara, İskəndərə yalnız düşməni kimi baxır. İskəndər Darada ən əvvəl insanı görür. Dara yalnız özünə inanır, ona görə də İskəndərə inanmır.

İskəndər də özünə inanır, ancaq Daranı bir heç saymır.

Dara üçün hökm etmək – başqalarını əsarət altına almaqdır.

İskəndər üçün hökmranlıq insani böyüklüyü təsdiq etməkdir.

Dara öz əsil-nəcabəti ilə öyünür.

İskəndər əsil-nəcabətinin ləyaqətini qoruyur.

Daranın silahı döyüşdür, İskəndərin silahı mənəvi güc!

Dara silahdaşlarını itaətdə saxlayır, İskəndər onlara həmdəmdir.

Dara yalnız hökmdardır, İskəndər həm də filosofdur.

Dara müstəbiddir, İskəndər xilaskar!

Daranı hiddət cuşa gətirir, İskəndəri müdriklik.

Müstəbidin sözünü iki eləməzlər. Dara mühitinin tələbi, imperativi budur.

Qəhrəmanı sındırmazlar.

İskəndər mühitinin tələbi, imperativi budur.

İskəndər məğrurluğu, İran şahına xələt göndərməmək, Dara üçün böyük qəbahətdir.

Əslində isə İskəndərin bu hərəkəti olduqca təbiidir.

“Özün güclü, qüdrətli olasan, ədalətə xidmət edəsən, həm də başqa bir şaha xələt göndərəsən, ona baş əyəsən, nə üçün?”

Çünki Dara Kəyan nəslindəndir, çünki indiyə qədər hamı ona baş əyib.

İskəndər Dara qənaətlərini alt-üst eləyir, onu möhtəşəmlik taxtından həmişəlik salır, ömrünü tar-mar edir və… ağlayır.

Heç vaxt İskəndər bu qədər ülvi olmamışdır.

Heç yerdə, heç vaxt İskəndər bu qədər mürəkkəb, bütöv olmamışdır.

Heç yerdə İskəndər bu qədər ülvi olmamışdır.

Heç yerdə İskəndər qəhrəmanlığının bəşəri məzmunu bu qədər kamil şəkildə ifadə olunmamışdır.

Dara öldürülməlidir, bunu mövcud vəziyyət tələb edir: İskəndərin ləyaqəti və arzuları, rəiyyətin vəziyyəti, tarixin gedişi.

Ancaq Dara insandır.

İskəndərin geyindiyi paltar möhkəmdir. İskəndərin köksünün altındakı ürək zəifdir.

Qəhrəmanlıq İskəndərə bəzən ağır başa gəlir.

İnsan öldürmək onu sarsıdır.

İskəndər qəhrəmandır, amma adam öldürmək, qan tökmək istəmir. Ancaq qan tökülməlidir. Çünki bunsuz arzuladığı möhtəşəmliyə qovuşa bilməz, istədiyi niyyətləri həyata keçirə bilməz.

İskəndərin yolu qanlı dənizlərdən keçir. Fəqət o, bunu ağlaya-ağlaya eləyir.

 

Heyhat, mən qocaman dənizlər aşdım,

Köksümə qədər al qana bulaşdım.

 

Təəssüf, azmadım bu yollarda mən,

Atımın dırnağı qopmadı nədən?

 

İskəndər xarakterində təsdiq olunan əsas məziyyət filosofluqdur.

Çünki İskəndər ən çox hikmətamiz hadisələrlə, insanlarla rastlaşır.

Çünki həyatı qılıncla yox, idrakla dərk etmək olar.

Çünki dünya hökmdar səlahiyyətindən daha çox müdriklik səlahiyyətinə baş əyir.

Çünki dünya qan gölündə yox, ağıl gölündə düzgün əks olunur.

Çünki əsil möhtəşəmlik alınan şəhərlərin sayı ilə deyil, dərk olunan sirlərin mənası ilə ölçülür.

Çünki zora meydan verən dünya, həm də zəkaya qanad verir.

İskəndər ölkələri gəzdikcə dünyanın mənasına dalır, bu mənanın döyüş, pəhləvanlıqdan hədsiz dərəcədə geniş olmasını dərk edir.

Dünya onu yeni-yeni hikmətlərlə tanış edir və İskəndərin ürəyində yaşayan filosof közü alovlanmağa başlayır.

Dünya İskəndəri öyrədir və dünyanın təqdim etdiyi ən böyük mənalardan biri Nüşabədir.

Əslində Nüşabə ilə İskəndərin münasibətində Nüşabə müəllimdir, İskəndər tələbə.

Əslində Nüşabə ilə İskəndərin münasibətində Nüşabə – qalibdir, İskəndər – məğlub.

Nüşabə fatehlik imtiyazlarının puçluğunu İskəndərə ilk dəfə sübut eləyən şəxsdir.

“Ey fatehlikdə qürurlanan şəxs!

Həyat müdrikliyinin yanında sənin möhtəşəmliyin cüzidir.

Sənin dünya üzərində hökmün də mütləq deyil.

Torpağı yeyə bilməzsən”.

Nüşabə əsərdə bu sözləri demir, ancaq onun davranışından bu sözlər oxunur.

Əslində Nüşabə İskəndəri fatehlik atından salıb, onu hikmət atına mindirir.

Ona sübut eləyir ki, sənin, böyük İskəndərin məntiqi həyatın məntiqi yanında çox sönükdür.

Nüşabə həm də qadın haqqında bəzi yanlış təsəvvürləri alt-üst eləyir.

Nüşabə həyatsevərdir, ismətlidir, zərifdir, ağıllıdır, gözəldir, həm də əzəmətlidir, qüdrətlidir!

İskəndər belə qadın görməmişdi.

İskəndərin daxili aləmində heç kəs belə gərginlik yaratmamışdı.

Nüşabə İskəndərə dəyərli və unudlmaz fəlsəfə dərsi keçmişdir.

İskəndər arzularına tam nail olur.

Ədalətlə, mərdliklə, ləyaqətlə, hünərlə hakimiyyət zirvəsinə qalxır.

Ancaq bu onun daxili narahatlığını yox etmir.

İskəndər hökmranlıq səlahiyyətində dayanıb qalmır. Hökmranlıq İskəndəri dünyadan, onun əzəli gözəlliyindən, faciəviliyindən ayırmır.

Bəzən insana elə gəlir ki, ordulara qalib gələn, ölkələr fəth edən bir iradə ölümü də özünə ram edə bilər.

İskəndər dirilik suyu axtarır və tapa bilmir.

Bu, onun ən böyük məğlubiyyəti olur.

O, sözün əsil mənasında iradəsinin, niyyətinin qarşısına çəkilmiş dəmir çəpəri görür.

Burada İskəndər yenidən filosofluğa qayıdır.

O “sonsuz imkan” xülyasından ayrılır, müdriklik yollarında bir addım da irəliləyir.

Şahlığın, “fatehliyin mədhi deyil “Şərəfnamə”!

Müdrikliyin qılınc hökmranlığı üzərində qələbəsinin vəsfidir – “Şərəfnamə”.

Mərhəmətin, məhəbbətin, insaniyyətin hökmranlığı üstələməsi haqqında hekayətdir – “Şərəfnamə”!

Fatehliyin, keçici filosofluğun sonsuz mənası haqqında söhbətdir – “Şərəfnamə”!

Qəhrmanlığın idrakla və mənəviyyatla qohumluğu haqqında söhbətdir – “Şərəfnamə”!

İnsan arzularının imkanı və sərhədi haqqında həqiqətdir – “Şərəfnamə”!

Məhəbbətlə birləşməyən, zorun, gücün, naqisliyin haqqında hikmətdir – “Şərəfnamə”!

Dünyaya hakim olmaq ideyasının bədii-fəlsəfi inkarıdır – “Şərəfnamə!”

Nizaminin dünyada və insanda gördüyü mürəkkəbliklər, ziddiyyətlər haqqında həqiqətdir – “Şərəfnamə!”

Nizaminin həm böyük kədəri, həm böyük sevinci, həm böyük şübhəsi, həm böyük inamıdır – “Şərəfnamə!”

 

 

  1. VII.           DÜNYAYA  HEYRƏT

 

Ən böyük müəllim belə, dünyanın tələbəsidir. Ən ali öyrədən belə öyrənəndir.

Dünyaya hökmran olarsan, aləmi lərzəyə salarsan, ancaq həyat sirlərinə vaqif olmaq yollarında sarsılarsan, özünün cüziliyini duyarsan, sınarsan.

Qılınc hökmranlığına yiyələnmək nisbətən asandır.

Bu hökmranlıqda mürəkkəblik adiləşir, aləm iki qütbə ayrılır – sən və düşmən.

Fəqət narahat zəka hökmranlığına yiyələnmək çətindir.

Burada üfüqlər geniş, yollar sonsuz, sirli, dünya məchul hadisələr və suallar məcmuu…

Vaxt var idi ki,  İskəndər əsasən öyrədirdi.

Qılınc İskəndəri dünyanın hədsiz mürəkkəbliyindən, ziddiyyətindən ayırmışdı.

Alim olandan sonra İskəndər əsasən öyrənir. Öyrətmək istədikdə belə.

Dünya müəllimə çevrilir, İskəndər tələbəyə.

Dünya İskəndərə görünməmiş möcüzələr bəxş edir, onu qeyri-adi mənalarla, hikmətlərlə rastlaşdırır, möhtəşəmliyi, intəhasızlığı, sirli xilqəti, faciəviliyi, ahəngdarlığı ilə heyrətləndirir.

Dahi bir sərkərdə dünya qarşısında uşağa çevrilir.

Dünya kitabını səhifə-səhifə oxumağa başlayır.

Dünya İskəndərə öyrədir ki, daxilindəkini üzə çıxarmağa tələsmə, əks təqdirdə üfunət dünyanı bürüyər və bu da sənin iradəndən asılı deyil.

Dünya öyrədir ki, ən böyük iksir insanın zəkasıdır, bu qeyri-adi iksiri heç nə ilə əvəz edə bilməzsən.

Dünya öyrədir ki, İskəndərin müəllimlik iddiası xülyadır, o, dünya qarşısında yalnız tələbə ola bilər.

Dünya şahlıq səlahiyyətinin sərhəddini müəyyən edir.

Sokrat ilə İskəndər başqa dildə danışırlar.

İskəndər şahlıq ləhcəsində danışır. Sokrat filosof şivəsində.

İskəndər üçün Sokratın şaha tabe olması təbiidir, çünki hakimiyyət şahın əlindədir.

 

Dur, aranı et mənimlə saz,

Dünyadan eyləyim səni biniyaz.

 

Sokrat üçün belə münasibət qeyri-təbiidir, çünki filosofun var-dövləti hümətdir, maddi sərvət gərəksizdir, çünki filosofun mənəvi dünyadan başqa aləmi yoxdur.

 

 

Hümmətdə varlıyam mən qat-qat səndən,

Mən bir az yeyənəm, sənsə çox yeyən.

 

İskəndər fərman alandır, çünki həvəsinin quludur;

Sokrat fərman verəndir, çünki həvəsinin şahıdır.

 

Mənim həvəs adlı bir nökərim var,

O daim önümdə fərmanda durar.

 

Haman o nökərin nökərisən sən,

Bizə qul olana qulluq edənsən.

 

İskəndər üçün Sokratın şah hüzurundan imtina etməsi gözlənilməz hərəkətdir.

Sokrat üçün bu təbiidir, çünki zəka padşahı qılınc padşahının ayağına gəlməz.

İskəndər Sokratı öz hökmranlığı ilə əfsunlamaq istəməsi gülüncdür, çünki Sokrat belə hökmranlığı qəbul etmir.

Nəhayət, İskəndər filosofluq səlahiyyətinə söykənir. Bu isə əbəs cəhddir.

Çünki filosofluqda, mənəviyyatda İskəndər Sokratdan hədsiz dərəcədə aşağıdır.

 

Səndə ki, pak olmaq iddiası var,

Bəs nədən heyvantək edirsən rəftar?

 

Yataraq dovşantək, coşub pələngtək,

Sən ayıq aslanla qovğadan əl çək!

 

Sokrat İskəndəri öyrədir.

İskəndər daim öyrənir.

İnsan zəkasının möcüzələr yaratmağa qadir olduğunu İskəndərə Əflatunun hazırladığı musiqi aləti öyrədir.

Dünyanın mürəkkəb təbiətini İskəndərə dahi alimlərin dünyanın yaranması haqqında müxtəlif, mübahisəli fikirləri öyrədir.

Hindli hakimlə söhbətində İskəndər müəllimlik eləməyə müvəffəq olur.

Ancaq ardıcıl şagirdlik vaxtaşırı müəllimliyə həmişə üstün gəlir.

Dünya İskəndərə demək olar ki, həmişə bilmədiyi, eşitmədiyi, görmədiyi şeylərdən danışır.

Dünya İskəndəri filosofluq taxtına çıxarmaqla onu tilsimli oda salır, çətinliklər, narahatlıqlar, gərginliklər axarında itirir.

İskəndər sirlər xəzinəsinə düşür və bu xəzinə onun qulağına nəhayətsiz kəlamlar pıçıldayır.

İskəndəri heyrət bürüyür.

Bəlkə də bu heyrətdə öz idrak məhdudluğuna, qeyri-kamilliyə hiddət də yaşayır.

Hər halda, İskəndər dünya çağırışına əzəmətli bir ciddiyyətlə cavab verir.

Hər halda, İskəndəri peyğəmbərlik səfərlərinə filosofların nəsihətləri yola salır.

İskəndərin peyğəmbərlik səfəri başlayır.

O, çeşid-çeşid insanlarla, təbiət hadisələriylə, dəniz möcüzələriylə, kəskin təzadlarla qarşılaşır.

Ürəklərdə ümid çırağı yandırır, hər yanda mərhəmət və ədalət toxumu səpir, sirlərlə, sehrlərlə, Əfsunlarla dolu dünyanın mənasına qovuşduqca idrak həvəsi coşub-daşır.

İskəndər dünyadan doymur.

Bəlkə, sarı qumlu səhralardan, burulğanlı dənizlərdən keçən İskəndər artıq dünyanın mənasına dalıb müəllimlik səlahiyyətinə malik olur?

Xeyr, İskəndər peyğəmbərlik libasında da öyrənir.

Dünya İskəndərə yeni-yeni, gözlənilməz hikmət bəxşişləri verir.

Dünya İskəndərə əsil, böyük, ədalətli, ideal cəmiyyət haqqında heyrətamiz bilik verir:

 

Cənnət tək içində hər nemət olan,

Bir şəhər gördülər onlar uzaqdan.

                      

Gəlib darvazaya yetcək İskəndər,

Gördü ki, qapıdan yoxdur bir əsər.

 

Gördü çox bəzəkli, dolu dükanlar,

Ancaq nə qapısı, nə qıfılı var.

 

Bu hadisə əslində İskəndər peyğəmbərliyinin süqutudur. İnsanlara bilmədiklərini öyrətmək arzusu ilə səyahətə çıxan İskəndər əsil həqiqəti dərk edir, anlayır ki, ictimai bərabərliklə mənəvi kamillik birləşəndə insan həyatı gözəl və ülvi olur.

 

– Əgər zirəksən,

İbrət al, bu heyrət verən sirlərdən.

 

Dünyanı gəzmərərm mən, daha bəsdir,

Hər ovlaqda bir tor qurmaq əbəsdir.

 

Bütün yığdıqlarım qalsın bir yana,

Burdan öyrəndiyim bəs edər mana.

 

Nizami ideal bərabərlik cəmiyyətini düşünəndə nə Kampanella vardı, nə Tomas Moor, nə də Sen-Simon.

Nizami bu idealı İskəndərin fəlsəfi, idraki axtarışlarının son nəticəsi, yekunu sayır.

Həyatın İskəndərə öyrətdiyi ən ibrətli dərs bu olur.

 

İskəndər həyatla yanaşı ölümü də duyur.

Hər kəsin həyatda ömür adlanan bir şamı var. Gec-tez o şam sönür.

İskəndərdən sonra onun filosof dostları Sokrat, Əflatun, Ərəstu dünyanı tərk edirlər.

Ölüm qarşısında onlar öz zəka və biliyinin nisbi mənasını duyurlar.

Onlar görürlər ki, ölümün qarşısında qılınc gücsüz olduğu kimi zəka da gücsüzdür.

Zəka insanı yüksəldir, ölüm insanı torpağa endirir.

Torpağın yaşı çoxdur, ömrün yaşı az.

Ömür fərqləndirir, ölüm eyniləşdirir.

Dünyanın fərd üzərində qələbəsi haqqında dastandır – “İqbalnamə”.

Dünyanın əzəməti, böyüklüyü sirli, sehrli, möcüzəli təbiəti haqqında hekayətdir – “İqbalnamə”.

Şahlıq səlahiyyəinin səddi, həddi, sərhəddi haqqında həyat dərsidir – “İqbalnamə”.

Dünya məntiqinin zəka məntiqini üstələməsi haqqında kəlamdır – “İqbalnamə”.

İnsan arzularına cavab verən bərabərlik cəmiyyətinin vəsfidir – “İqbalnamə”.

Dünya sirlərinə vaqif olmaq ehtirasının tərənnümüdür – “İqbalnamə”.

Dünyanın və dünyaya layiq insanın bədii təsdiqidir – “İqbalnamə”.

Dünyaya Nizaminin dahiyanə, bənzərsiz heyrətidir – “İqbalnamə”.

 

 

  1. VIII.        NİZAMİLİK

 

Dünya Nizami qələmində sonsuz dərəcədə cəlbedicidir, əfsunludur, şeiriyyətlidir, ülfətlidir.

Lakin o həm də Nizamini sonsuz bir dərdə salan, qəlbini göynədən, sevincini söndürən, əzablı düşüncə­lərə sövq edən, təlatümlü hisslər axarında yaşadan, yandıran, yaxan bir varlıqdır.

Bu səbəbdən də Nizamini sırf epik şair adlandıranlar yanılırlar.

“Xəmsə”nin ruhuna sakit və sabit epik ahəng yaddır.

Homer epikdir. Çünki ən faciəli anlarda belə əsərin ümumi epik ahəngini saxlayır. Nizami isə daxilən qeyri-epikdir, narahatdır, şikayətlidir, hadisəyə müdaxilə eləyəndir, öz hisslərini hadisə arxasında gizlə­dən deyil.

 

Getdi təb oxşayanlar, artıq zəriflər getdi,

Kimlə oturacaqsan, çoxdan həriflər getdi.

 

Hədəf olma noxtalı, naxışlı çarxa, artıq,

Sən gəl bu dairənin cızığından kənar çıx.

 

Səndən qorxan bu evdən durma, bir deşik aç sən,

Bəlkə bir gün bu yolla asan qaça biləsən.

 

Sənin tək çoxlarını öldürmüş namərd fələk,

Səndən güclülərini sildi həyatdan tək-tək.

 

Homer bütün fikri, konsepsiyası ilə təsvir elədiyi epikliyə sığır, ondan kənara çıxmır. Onun yaradıcı “mən”i epik axara uyuşur, onda özünü tapır.

Nizamiyə epik axar bəzən kifayət eləmir.

Onun daxili dünyasındakı qəzəb, hiddət, sevinc, kədər püskürür, epik ahəngə sığmır.

Bir-birini inkar eləyən iki cəhət bir-birinə qovuşur, bir-birini tamamlayır, bir-biriylə vəhdət yaradır.

Şirinin  Xosrov üçün göz yaşı tökməsi təbiidir.

Ancaq Şuriyyənin Xosrovu xaincəsinə öldürməsi qeyri-təbiidir. Bununla insanlıq barışmaz.

Ancaq zəmanə barışır.

Ona görə də Nizami sevdiyi, şeiriyyətini ehtirasla vəsf etdiyi dünyanı damğalayır.

Dünya gözəlliklərini duymaq, sevmək, onlardan bəhrələnmək xoşdur və zəruridir.

Fəqət gözəlliyə meyil həddini aşsa, eybəcərləşər, bayağılaşar.

Bu səbəbdən də həyatsevərliklə mənəvi kamillik vəhdət yaratmalıdır.

Döyüş səhnəsi mərdanəlik, qəhrəmanlıq meydanıdır.

Lakin o həm də yırtıcı ehtirasların coşması, tüğyan etməsidir.

Sevindirən, heyrətləndirən döyüş həm də kədərləndirir, hiddətləndirir.

Gözəldir insanın ağlı, qəlbi, sifəti!

Fəqət sabah onların palçığa çevrilmək məqamı var.

Nizamilik – ülvi vəhdətdir.

İlahiləşdirmə, ideallaşdırma, romantikləşdirmə siqlətinin və gerçəklik duyğusunun vəhdətidir.

Sonsuz bir səmavilik var Nizami şeirində!

Qəhrəmanlıq yüksək bədii-idraki səviyyəyə qaldırılır. Xosrovlara, İskəndərlərə, Şirinlərə, Fərhadlara, Bəhramlara, Nüşabələrə ilahi qüdrət bəxş edilir.

Ancaq səmavilik – təbii gerçəkliyi azaltmır və Nizami möcüzəsi elə bundadır.

İdeallaşan, romantikləşən, ilahiləşən insanlar, təbiət mənzərələri, hadisələri, gözəllikləri, gerçəkliyə xas olan mürəkkəbliklərini, təbii axarını, zənginliyini saxlayırlar.

Xəyal gerçəkliklə bir vəhdətdə birləşir, təbii şəkildə biri digərinə keçir, biri digərini tamamlayır.

Nizami qəhrəmanları intəhasız möhtəşəmliyə malik olan, başı göylərə dəyən şəxsiyyətlər kimi təsvir olunur.

Nizaminin təbi yerə sığmır və Xosrovlar, Fərhadlar, Şirinlər nağıllaşır, əfsanələşir.

 

O taxt taxt deyildi, bir asimandı,

O şah şah deyildi, sahibqərandı.

 

Onun hökmündəydi yerlərlə göylər,

Süfrəsi ulduzdan torpağa qədər.

 

Məclisində zinət behiştək yüksək,

Onun boynu bağlı quluydu fələk.

 

Fəqət səmaya ucalan Nizami yeri də çox sevir. Onun gözəlliyini, cazibədarlığını, əvəzsizliyini dərindən duyur.

Xosrovun gücünü, gözəlliyini, şahanə möhtəşəmliyini vəsf edərkən Nizami coşğun pafosla romantikdir!

Ancaq Xosrovun məhəbbət yollarında büdrəmələrini, daim Şirinə qayıtmasını təsvir edərkən Nizami realistdir.

Əslində o məhdud mənada düşünülən realizm və romantizm məcralarının heç birinə sığmır. Nizaminin özünəməxsusluğu bundadır.

Nizami dünyaya vəcdlə baxır. Vəcddə ideallaşdırma, ilahiləşdirmə, idealizəetmə var.

Nizami dünyaya həm də açıq gözlə, ayıq nəzərlə, dərindən baxır.

Bu baxımda dürüstlüyü, təbiiliyi, bədii təhlil dəqiqliyini, həyatı mürəkkəbliyi, ziddiyyəti,

əlvanlığıyla təsvir etməyə meyil çox güclüdür.

Tarixən bir-biri ilə döyüşən, biri digərini əvəz edən estetik normalar Nizamilik adlanan misilsiz vəhdətdə bir-birinə qovuşur, biri digərini yaradır.

Xəyal qartalı gerçəkliyin dərinliyinə enir.

Gerçəklik xəyal qanadında ucalığa yüksəlir.

Nizami dünyanı hədsiz bir həssaslıqla duyur, təsvir edir, canlandırır.

O, həm də dünya haqqında dahi bir mütəfəkkir dərinliyiylə düşünür.

Bu iki xüsusiyyət bir-biri ilə daim vəhdətdə olur.

Nizaminin fəlsəfi düşüncələri bədiiliyin nəticəsi, davamı kimi meydana çıxır. Bədiilik fəlsəfi düşüncələrlə tamamlanır. Dünya, insan, gözəllik, ədalət haqqında fəlsəfi fikirlər dahi rəssam, dahi psixoloq, dahi şair ilhamının qanadında pərvazlanır.

Filosofluq sənətkarlığın zəruri cəhəti kimi meydana çıxır.

Nizami dahi təkiyəçidir. Bu baxımdan Firdovsiyə bərabərdir. Ancaq Nizami həm də nəql etdiyi hadisələrin dahiyanə fəlsəfi şərhçisidir.

Təsvir Nizamiyə fəlsəfi zirvəyə qalxmaq üçün təkan verir və dünya öz əzəmətli fəlsəfi izahını tapır.

Tarixdə fəlsəfi şeirin və epikanın dahi nümayəndələri olub. Fəqət tarixdə dahiyanə epik vüsəti ona bərabər fəlsəfi vüsətlə birləşdirən sənətkarlar olduqca azdır.

Bu baxımdan da Nizamilikdə ümumbəşərilik siqləti böyükdür.

İnsan dünyanı görür, duyur. Lakin bununla yanaşı onda dünyanın mahiyyətinə varmaq, onun ali mənasına dalmaq ehtiyacı, tələbi də azalmır.

Nizamilikdə bu iki tələb dahiyanə vəhdətdə birləşir. Əxlaqın, gözəlliyin elə bir cəhəti yoxdur ki, Nizami onun haqqında gərgin düşünməsin.

İnsanın, həyatın, təbiətin elə bir əhəmiyyətli cəhəti yoxdur ki, Nizami onu qeyri-adi bir parlaqlıqla təsvir etməsin, onun şeiriyyətini bizə təqdim etməsin, hiss etdirməsin.

Bu baxımdan Nizami üçün sənət həm məqsəddir, həm vasitə.

Məqsəddir – dünyanı ilhamın süzgəcindən keçirmək üçün.

Vasitədir – dünya haqqında düşünmək, danışmaq, fəlsəfi kəlamlar söyləmək üçün.

Nizami dünya sənətinə, mürəkkəb təbiətə, epik vüsətə malik olan obrazlar bəxş etmişdir. Həmin qəhrəmanlar möhtəşəm hadisələr fonunda təsvir olunur. Ancaq Nizami həm də öz daxili dünyasının bütün çalarlarını, incəliklərini yülsək bədii səviyyədə ifadə etmişdir.

Nizaminin dünyası əzəmətlidir. O, İskəndər, Bəhram, Xosrov, Şirin, Məcnun, Leyli kimi rəngarəng surətlərlə özü arasında daxili uyarlıq görə bilmiş və bunu bənzərsiz bir ustalıqla ifadə edə bilmişdir.

Nizami həm də öz şəxsi, subyektiv dünyasının bir çox məqamlarını: qəm, heyrət, vəcd, hiddət, sevinc anlarını parlaq bədii obrazlarla əks etdirmişdir.

Nizaminin mənəvi aləmi təsvir olunan hadisələrə uyğundur, ancaq orda itmir, öz müstəqil şeiriyyətini saxlayır.

İnsanda çılğın bir dünyaya qovuşmaq, möhtəşəm hadisələrin içərisində yaşamaq həvəsi var!

İnsanda həm də öz daxili “mən”ini saxlamaq, onu epik hadisələr axarında hifz etmək məqsədi var.

Nizami həm özündən xaricdəki aləmi, həm də öz daxili aləmini, könül dünyasını eyni dahiliklə əks etdirir.

Nizami müqəddəsliyi dərindən duyan, müqəddəsliyə tapınan munis şəxsiyyətdir! Onun nəzərində dünya möcüzəli, müqəddəs varlıqdır! Nizami vəcdinin mənası budur.

Məhəbbət, dostluq, ülfət, gözəllik Nizaminin təsəvvüründə hədsiz dərəcədə pak, mənalı, gərəkli, zəruri sərvətlərdir. Ancaq onlar həm də çox həyati, qəlbə yaxın keyfiyyətlərdir.

Sevgilisi – sevənin gözündə bütdür, ilahi qüdrətdir.

Ancaq həm də həyati, canlı şəxsiyyətdir.

Gözəllik müqəddəsliyin timsalıdır. Həm də könül oxşayandır, yaxındır, doğmadır.

Nizaminin bütləri yerə enən pərilərdir, yer məlakələridir.

Möcüzəsiz, vəcdsiz, heyrətsiz əsil ali, mənəvi həyat yoxdur.

Ürək nəyəsə, kiməsə səcdə qılmalıdır. Gözlərdə ülvi məhəbbət işığı daim yanmalıdır! Fəqət ürək həm də yaxın həmdəm arzular. Gözlər gözlərdə doğmalıq axtarar. İnsan həm uzaqlığa, həm yaxınlığa can atır.

Fəqət müqəddəsliyə can atan, müqəddəsliklə çırpınan qəlbin adi, sadə həyati duyğulara: mehrə, nəvazişə, həmdəmliyə, yaxınlığa da ehtiyacı var.

Adətən geniş hadisələr qəhrəmanın daxili aləmini, özünəməxsusluğunu, fərdiliyini kölgədə qoyur.

Nizamidə vəziyyət başqadır. Monumentallıq mənəvi aləmin tədqiqiylə üzvi surətdə birləşir.

Biz qəhrəmanın mənəvi aləminə səyahət edirik, onu bütünlüklə görürük, ona xas olan ən zərif, incə cəhətləri duyuruq, daxili dünyanı səhifə-səhifə vərəqləyirik.

Nizami qəhrəmanlarının heç biri standart tip qəlibinə sığmır. İskəndər yalnız şah deyil, həm də filosof və peyğəmbərdir.

Nizami İskəndərin şahlıqdan əlavə onun insani keyfiyyətlərini qabardır.

Nəticədə biz İskəndər dünyasının şahlıq dünyasından geniş və böyük olduğunu anlayırıq.

Xosrov şahdan daha çox aşiqdir və əsərdə aşiqlik şahlığı kölgədə qoyur.

Dastanın bədii-fəlsəfi məğzi ən çox məhəbbət motivində açılır.

Şirinin şahlığı onun heyrətamiz məhəbbəti yanında heç görünmür də.

Fərhad ilk növbədə aşiqdir, onun əzəməti ən çox məhəbbətdə aşkar olur.

Qəhrəmanları standart tip qəlibindən çıxaran Nizami onların könül aləmini tədqiq etmək üçün sonsuz imkanlar əldə edir və bu imkanlardan dahiyanə bir məharətlə istifadə edir.

Şirinin ürəyində yaranan məhəbbət, onun daim Xosrovdan ayrılması və daim Xosrova yaxınlaşması mənəvi əzaba çevrilir.

Əzəmətli, vüqarlı İskəndərin Daraya ağlaması, Bəhramın eyş-işrət dünyasından əl çəkib mənəvi aləmə qədəm qoyması, Məcnun ilə Leylinin sevgi məqamları bədii psixologizmin nadir nümunələrindəndir.

“Xəmsə”də təsvir olunan hadisələr vüsətlidir. Fəqət qəhrəmanlar bu hadisələrin içərisində itib-batmırlar.

Əsksinə, özlərinin bütün insani, fərdi cəhətlərini aşkara çıxarırlar.

Nizami ən çox hökmranlıq səlahiyyətinə malik olan şəxslərdən danışır.

Qəhrəmanların daxili aləmi ilə həmin səlahiyyətdən kənara çıxır.

Nizamini hökmdarlıq səlahiyyətindən çox, insanlıq səlahiyyəti maraqlandırır.

Nizami insanlıq səlahiyyətini hərtərəfli tədqiq edir, onun zənginliyini aşkara çıxarır, şeiriyyəti ilə qanadlandırır.

“Xəmsə”də insan ilə dünya arasındakı münasibətlər əks olunur!

Nizamilik – yüksək vəhdətdir! Həyatsevərlik ilə kamilliyin vəhdəti! İnsan mənəvi kamilliyə iki cür qovuşur:

Həyat nemətlərindən əl çəkməklə! Buna zahidlik deyirlər;

Həyatı sevməklə, onun yaratdığı gözəlliyə pərəstiş etməklə. Buna aşiqlik deyilir.

Nizamilik qeyri-adi vəhdətdir. Dahiyanə sənət ilə sənət haqqında dərin fəlsəfi düşüncələrin vəhdəti.

Nizamilik rəmzdir. Ülviləşdirən, torpağa endirən və səmaya qaldıran, həyatı sevdirən və idealı təsdiq edən, romantikləşdirən və müdrikləşdirən rəmz!

Rəmzləşənlərə ölüm yoxdur!

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir