Xəbərlər

Asif Ata Ocağı Yas Mərasimi həyata keçirdi

Asif Atanın Mütləqə İnam Ocağı yarandığı vaxtdan özünün ruhani kuralları ilə yaşayır və fəaliyyət göstərir. Ocaqdaxili kurallar Evladların münasibətlərində, həyat tərzində artıq oturuşmuşdur. Hətta bəzi kurallar ictimai həyatda da ara-sıra gerçəkləşdirilməkdədir. Məsələn,Ocağa rəğbət bəsləyən insanlar bir-biri ilə və Ocaqçılarla ünsiyyət qaydalarını, eləcə də Ocaq təqvimini istifadə edirlər. Hesab edirik ki, bu, İnamın yeni bir mərhələyə keçməsinin başlanğıcıdır. Ocaq ədəbiyyatlarının, görüntü diskləri vasitəsilə tədbirlərin, qaydaların addım-addım evlərə gedişi İnama marağı artırır, onun öyrənilməsini zəruri edir. Eyni zamanda Ocağın yas və toy kurallarını ictimai həyatda tətbiq etmək  imkanları açılır. Belə tədbirlərin keçirilməsi məhz Ocaq rəğbətçilərinin, eləcə də Ocaqçıların vasitəsilə gerçəkləşir. Bu zaman İnamın özəlliklərini və üstünlüklərini öyrətmək imkanı əldə edirik. Məsələlər qarşıdurma yaratmadan açıq şəkildə qoyulur.

Xalqlar ölüsünü torpağa qoymaq üçün söz deyir, ayinlər icra edir. Bizim fəlakətimiz ondadır ki, ölümüzün üstündə anlamadığımız bir dildə (ərəb dilində) söz deyirik. Hamı buna kortəbii şəkildə əməl edir. Nə ölənin kimliyi bilinir, nə həyatın mahiyyəti dərk olunur, nə ölümün mahiyyəti açılır. Tamam bəsit, anlamsız bir mərasim. Milli özünüdərkdən necə danışmaq olar?! Ərəb dilini, ünsürlərini qırağa qoymaqdan qorxan bir toplum hansı inkişafdan danışa bilər?! Asif Atanın yaratdığı kurallar mədəniyyətsizləşmə fəlakətinin qarşısını almağa qadirdir. Ona görə biz, Ocaq olaraq xalqın mövcud yadlaşmış adət-ənənələrinə müdaxilə edir, əslində yeni halın, yeni mərhələnin başlanması üçün ruhani toxum səpirik…

Bu günlərdə İnamçı Yasin Türksoyun babası vəfat etmişdir. Bununla əlaqədar keçirilən Yas Mərasiminə Mütləqə İnam Ocağı da qatılmışdır və Ocaq qaydaları ilə törən keçirilmişdir. Öncə Ocağın Yükümlüsü Soylu Atalı giriş sözü söylədi, sonra Ocağın yas kurallarına uyğun qaydalar icra olundu. Ocaq Yükümlüsü Yas Mərasiminin mahiyyəti haqqında aşağıdakıları demişdir: “Bizim bura gəlişimizin iki səbəbi var. Əvvəla, Yasin bizim dostumuzdur, vətənpərvər, ziyalı bir oğlandır. İkinci, biz Mütləqə İnam Ocağıyıq. Mütləqə İnam Yeni dünyabaxış olmaqla xalqın yönünü dəyişmək, Yeni Bəşər halı yaratmaq məqsədi daşıyır. Ona görə də bizə təklif olunan ünvanlarda xalqın özgələşmiş ənənələrinə milli-insani yöndən müdaxilə etməyi özümüzə borc bilirik və özümüzdə haqq görürük. Yas Mərasimi elliklə olan bir mərasimdir. Çünki hər bir fərdin xalqa dəxli var. Konkret yasına toplaşdığımız Əsəd kişinin övladları, nəvələri var. Bu, artıq bir nəsildir – xalqın bir hissəsidir. Fərd istər fiziki, istər mənəvi-ruhani olaraq, nəslində, böyük mənada, xalqında davam eləyir. Xalq – Fərdin əbədiliyidir. Xalq heç vaxt ölmür. Fərdə aid bütün keyfiyyətlər xalqda davam edir. Mütləq ölüm yoxdur. Ölüm bir biçimi aparır, həyatı təzələyir. Əslində ölümün mahiyyəti Həyatdır. Həyat olmasaydı, ölüm də olmazdı. Bu səbəbdən də, hər bir fərd özündəki ali nə varsa, aşkarlamalıdır. Çünki xalq onun aşkarladığı ilə var olur, müqəddəsləşir, ruhaniləşir, daha geniş anlamda bəşərləşir…”

“Matəm üstə Mütləqlə Təmas”ı hamı ayaq üstə dinlədi. Mərasimi hər kəs xüsusi maraqla izlədi və məmnun qaldı…

Yasin bəyə, onun valideynlərinə bir daha başsağlığı veririk. Əsəd kişi balalarında yaşasın və evindən işıq əskik olmasın.

Qürub Ayı, 34-il. Atakənd.

(avqust, 2012. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir