Xəbərlər

Asif Ata Ocağının VI “Qutsal Öyrənim Günü”

Tədbirdən görüntü“Gün” (14 Çiçək Ayı, 35-il) “Mütləqə İnam” Qutsal kitabımızın Ocaq Yükümlüsünə təqdim olunması və onun açılış sözü ilə başladı.

Soylu Atalı: Biz Asif Atanı, onun “Qutsal Bitiq”lərini əsaslı şəkildə öyrənməyi bu gün də davam edirik. Xalqımızı qurmayan, onu içəridən qutsallığa doğru dəyişməyən kitablar bizim üçün qutsal deyil. Bizim üçün qutsal kitab bizi, xalq olaraq, gələcəyə aparan kitabdır. Ona görə də biz öz Qutsal Bitiyimizi öyrənib onun əsasında sabaha getmək uğrunda çalışırıq, İnsanilik Amalı ilə yaşayırıq. Mütləqə İnam kitabı bütün kitablarımızın cövhəridir.

İndi “Qutsal Öyrənim Günü”müzə başlayırıq.

Göylü: Mən Ocaq Yükümlüsünün çıxışından sonra bir neçə söz demək istəyirəm. Bu tədbirin yaranma zərurəti barədə. Atanın vaxtında da, Atadan sonra da biz onun müjdəçisiyik. Doğrudanmı biz Atanı dərindən öyrənmişik, nə dərəcədə bilirik Asif Atanı?! Məlum oldu ki, biliyimiz yetərincə deyil. Ona görə də qərara aldıq ki, Atanın bütün kitablarını səhifə-səhifə, cümlə-cümlə öyrənək.

İstəyərdim ki, bu gün Nurtəkin və İnamlı danışsın. Qoyulan mövzularımız  Mütləqə İnam kitabından,  “Təbiətə etiraf”  və “Cəmiyyətlə görüş”dür.

Tədbirdən görüntüNurtəkin: Atanın Mütləqə İnam kitabı  bədiyyat üstədir. O vaxt Atanın evinə gedəndə çox vaxt radio açıq olurdu. Bir dəfə Ataya sual verdim ki, musiqi mane olmur ki, yazı yazanda , Ata cavab verdi ki, o mənə gərəkdir. Ata deyirdi ki, mənim bütün yazılarım musiqi üstədir. Diqqətlə oxu, görəcəksən. İndi “Mütləqə İnam”ı oxuyanda o musiqini hiss elədim. (Nurtəkin hər iki mövzunu əzbərdən söylədi və şərh elədi. Bundan sonra ona suallar verildi – Ü.A.)

Göylü: Birinci sualı mən verəcəm. Elə birinci cümlə: “Sən məni başqa canlılar kimi yaratmışdın”.  İnsanı təbiətmi yaratmış? Nə demək istəyir Ata?

Nurtəkin: Bizim fəlsəfəmizə görə İnsan öz Mənasından yaranıb. İnsan əzəli, əbədi, sonsuz, kamil varlıqdır, yəni o hardansa başlamayıb. Ata deyirdi ki, həyatda nəyinsə başlanğıcı varsa, deməli onun sonu da var. Məhz o başlanğıcı biz götürmürük. Yaratmaq məsələsinə gəldikdə isə…

İsa Mehdioğlu: Ataya görə necə yarandı? Yaxşı sualdı.

Nurtəkin: Ataya görə əvvəli olanın sonu var. Bizə görə əvvəl yoxdu.

Soylu Atalı: Deyirsən ki, bizdə əvvəl yoxdu, əzəl var. Onda belə bir sual yaranır. Sənin bu dediyin nəyə şamil olunur? Əvvəl yoxdu, əzəl var. Bəs mən doğulub ölürəm axı?

Nurtəkin: Bu Mənaya şamil olunur…

Göylü : Mən belə başa düşürəm ki, Ata “Təbiətə etiraf”da insanı bioloji cəhətdən qabardır ki, “sən məni başqa canlılar kimi yaratmışdın”, bioloji cəhətdən yaratmışdın, sonda da onunla qurtarır ki, amma mən ruhani varlığam.

Soylu Atalı: Təbiət, sən mənim cismimi yaratdın, sənin yaratdığın cismimdə isə sənin yaratmadığın Məna var. Necə ki, təbiətdə ali məna var, ruhani qüdrət var, həmin əzəli, əbədi olan qüdrət var, sənin özündəki  Məna fiziki yaratdığının içində (özündə) var. Mən bədən olaraq, cisim olaraq səndən (təbiətdən) yarandım, amma səndəki Mənadan ayrı deyiləm. Səndəki Məna məndə – təzahürdə özünü göstərir, yaşayır. Mənanı təbiət yaratmır, təbiət təzahürü yaradır. Məna özü yaranmır, o əzəlidir, əbədidir. Əzəli, əbədi olan təbiətdədir, təbiəti oluşdurur, təbiətdən oluşdurur.Təbiət ayrı-ayrı cəhətləriylə olur və ölür. Heç vaxt bütövlüyü yox olmur…

İnamlı: Ağıl təbiətinmi insana verdiyidir, bəs ruh insanın sonradan qazandığıdırmı?

Tədbirdən görüntü

Nurtəkin: Ruh sonradan qazanılan deyil, ruh insanın daxilində var. Ata nəyə görə deyir ki, özüylədöyüş sayəsində o, imkanını aşkarlamalıdır. Mən metroda gəlirəm və baxıram insanların üzünə. O insanların üzünə baxmaq mənim ehtiyacımdır. Bəzən də heç baxmıram. Mən daha çox insanların üzündə bədbinlik görürəm, qüssə, kədər görürəm. Nəyə görə insan daha çox fərəhlənməsin, ümidli olmasın, işıqlı olmasın?!  Axı həyat onu əzir, onun həyat qayğıları daha çoxdur. Amma onun ruhu var. Özümü də gətirirəm gözümün qabağına, mən necə olardım? Axı mən də Ocaqda olmasaydım, onlardan biri olardım. İndiki qədər ümidli, inamlı olmazdım. O inamı, o ümidi mənə Ocaq verdi. Ocaq gətirib mənim içimə qoymadı, Ocaq mənim içimdəkini oyatdı. Ruh hər bir insanın içində var, sadəcə onu aşkarlamaq lazımdı. Özüylədöyüş gərəkdir, yol gərəkdir, məqsəd gərəkdir. Ağıla gəldikdə  isə, hər bir insanın ağlı var. Ağılla insan yalnız özünü qoruyur instiktiv olaraq. Təbiətdən faydalanır, təbiətlə özü arasında vəhdətin qırıldığını görür. Vəhdət yaranmadı. Nəyə görə biz deyirik “dağların vüqarında mənliyim yaşayır, çayların axarında mənliyim yaşayır”.  Təbiətdəki o gözəlliyi görən insan olur. O görür və başa düşür ki, təbiətlə vəhdəti var. Bütün o gözəlliklər onun həyatının mənasıdır. Təbiət insanidir. Bunu isə ağıldan daha yüksək bir mərhələdə-idrakilikdə bilirik.

Ramin: Mən bilmək istərdim, ruh deyərkən məcazi məna nəzərdə tutulur, yoxsa həqiqi? Yəni semit dinlərində olduğu kimi, öləndən sonra yaşayan ruh varmı?

Nurtəkin: Bizim fəlsəfəmizdə ruh ağızdan çıxan hava deyil, öləndən sonra gəzən can deyil. Bizim fəlsəfəmizdə Ruh –  İnam, İdrak, Mənəviyyat, İradə birliyi deməkdir. Mən danışarkən, yaşayarkən sən mənim əməlimdə ruhumu görürsən.  İnamımın səviyyəsini, idrakımın səviyyəsini, iradəmin səviyyəsini. Füzulinin ruhu onun yazılarındadır. İnsan daxilində Mütləq daşıyan varlıqdır. Nə qədər ki, o, adi yaşayır, onun inamı, iradəsi nisbidir. İnsan özüylədöyüş vasitəsilə inamını, idrakını, mənəviyyatını, iradəsini Mütləqə çatdırır.

Göylü: O fikrin davamı kimi demək istəyirəm. Belə bir məntiq var Atada, insanın ruhu var, təbiəti duyur. İnsan həm də təbiəti məhv edir, yəni ruhundan ayrılır. Ruhundanmı, yoxsa ruhdanmı? Bir var insanın ruhu, yəni bir fərdin İnamı, İdrakı, Mənəviyyatı, İradəsi, insanda bu keyfiyyətlər nisbidirsə, deməli, onun ruhu da aşağı səviyyədədir. Bir də var ruh anlayışı. İnsan ruhdanmı ayrılır, ruhundanmı?

Nurtəkin: İnsan ruhdan ayrılır, insan əlbəttə ki, öz içindəki ruhundan ayrılır. Ruh deyəndə kənardakı bir şey başa düşülməməlidir təbii ki.

Göylü: Mütləq ruh deyirik. Ölçüdürmü ruh? Konkret fərdlə bağlı bir şeydirmi?

Nurtəkin: Əlbəttə bir ölçu var. Biz bilirik ki, Mütləq olan necə olmalıdır. Mən bilirəm ki, ona çatmalıyam. Mən içimdə ona nə dərəcədə çatıram, o, artıq başqa bir şeydir. Amma o, ölçü kimi var.

Soylu Atalı: Ruh ölçüdürmü?

İstənilən halda mənim yetdiyim ruh üçün ölçü var. Ruh nə qədər bütövdürsə, o bütövün yenə də öz ölçüsü var. Mütləq, ruh deyil, Mənadır. Ruh bütün nəzərlərini, baxışlarını, davranışını, – hər şeyini Mütləqlə müqayisə edir. Mənim inamım Mütləqlə müqayisə olunur, mənim idrakım Mütləqlə müqayisə olunur. Ruh ali keyfiyyətlərin qüdrətidir. İnam, idrak, mənəviyyat, iradə birliyidir ruh. Mən o inamda bütövləşirəm. Yəni mən Mütləq adlı ölçüyə qovuşuram. Mütləqlə vəhdətdə oluram , bir oluram. İnsanlıq adlı əzəli, əbədi Mənaya qovuşuram.

Göylü: Ata deyir “insan səy edirdi, çünki başqa cür sağ qala bilmirdi”. İnsanın məqsədi sadəcə sağ qalmaq idi?

Nurtəkin: İlkin mərhələdə doğurdan da sağ qalmaq idi.

Tədbirdən görüntü

Göylü: Axı orda deyir ki, qurd quzu ilə yemlənirdi, başqasına dəymirdi. İnsan da zəruri olanı götürüb, kifayətlənə bilərdi. Amma o bütünlüklə təbiətə hakim oldu.

Soylu Atalı: İnsanda mövcud olmanı şərtləndirən instinktlər var. Nəyin əsasında mövcud oluram, instinktlərin. Ancaq instinktlərin tabeliyində yaşamıram. Baxmayaraq,  instinktlər məni qoruyur, mənim mövcudluğumu şərtləndirir. Ancaq instinktlər səviyyəsində dayanmıram, yaşamıram, içimdəki ali qüdrətə yetirəm. Ona görə də, Atanın dediyi kimi, bu nöqtədə faciyəvi aqibət yaşayıram, ikiləşirəm. Həm mövcud olmalıyam, həm də içimdəki ali həqiqətə qovuşmalıyam.  Mövcud olmaq üçün qoyunu boğazlamalıyam. Şəhər salıram, ağacları məhv edirəm. Mövcud olmağa can atanda bütövlüyümdən aşağı enirəm. Mənim mövcudluğum, var olmağım nizamını tapmalıdır, özəllikcə təbiətə münasibətdə. Ancaq insana münasibətdə bütöv olmaq imkanım var. Burada vəziyyət fərqlidir. Mövcud olmaq üçün zəruri olanla yetərlənmək, insanı isə talamamaq gərəkdir. Əməl ali hikmətləri məhv etməyə yönəlməməlidir. Ali həqiqətlərə zərər vermədən nizam tapmalıyam.

 İndi keçək mənim sualıma. Zatıqırıqlıq nə deməkdir? Məsələn,

 Xəstə Qasım günü keçmiş qocadır,

Gələn bəzirgandır, gedən xocadır.

 Sərv ağacı hər ağacdan ucadır,

 Əsli qıtdır, budağında bar olmaz.

İnsan zatıqırıqdır, yəni nəcabəti yoxdur. Onda daxilində Mütləq gəzdirən insan nə demək olur?

Nurtəkin: Mən ondan istəməyimlə deyil, gərək o özü-özündən istəsin ki, bir yana çıxsın. Mənim içimdə belə bir inam var ki, hər bir insan özüylədöyüş vasitəsilə özünə yetə bilər. O səviyyəyə çatmasa da, heç olmasa pis əməllər görməz. Pis əməllər onu insanlıqdan uzaqlaşdırır.

Soylu Atalı: Nurtəkin, hesab elə ki,  mən Qədərə inanıram. Bizdən öncəki dünyabaxışlar nə deyir? Məsələn, İslamın kitabında deyilir: “biz onun qulaqlarını tıxadıq, qəlbini möhürlədik.” Yəni Qədəri budur, ondan heç nə umma. O qurtardı.

Göylü: Zatıqırıqlığı din bizə təlqin eləyir. Asif Ata elə demir axı!

Soylu Atalı: Qulaq as, “Əsli qıtdır, budağında bar olmaz” səhv deyir, Sərv ağacının budağında bar olur?

İnamlı: Sərv ağacının bar gətirmək imkanı yoxdur.

Ulusəs: Niyə Sərv ağacı bar gətirməlidir, gərək hamısı bar gətirsin? Onun da gözəlliyi bar gətirməməyindədir.

Soylu Atalı: Deməli əsli qıtdır. Bir milyarddan çox insan Qədərə inanır. Bunu onlara izah etmək gərəkdir…

Nurtəkin: Biz inanırıq ki, insan özünü kamilləşdirə bilər, amma elə ola bilər ki, onun fitrətində problem olsun, yaxud genində problem olsun. Məsələn, deyirlər ki, filankəsin nəsli yalançıdır. Yalançılıq bir ailədən o birisinə keçib. Bəlkə də Qədər deyəndə onu nəzərdə tuturlar? Amma buna Qədər deməzdim, insanın xarakterinin rolu var.

Göylü: Genin rolu var. Bu, millətə də şamil olunur. Hər bir millətin özünəməxsus xüsusiyyətləri var. Deməli, bu, onlarda nəsildən-nəslə ötürülən bir şeydir. Bu, filan millətə xas bir şeydir. Genin rolunu görürəm və zatıqırıqlıq məsələsi də doğrudur bu mənada.

İnamlı: Əvvəla, Xəstə Qasım idrak adamı deyildi. O fikirlə razı deyiləm ki, millətlərə xas bir şey var. Məncə, bu, dəyişilməz bir şey deyil. Mən Asif Atadan sonra bildim ki, istənilən bir xalqın xarakterini dəyişmək olar, yaxşı mənada. Zatıqırıqlığa gələndə, yenə deyirəm, o söz öz məntiqini tapmayıb. O, Xəstə Qasıma adi olan bir kəlamdır. İnsanlar dahilərin sözünü eşitmədi, özünü dəyişmədi. Ona görə də o zatıqırıqlıq ordan gəldi. İnsan öyrənmədisə, təbii ki, zatıqırıqlıq olacaqdı. Asif Ata məktəbindən sonra zatıqırıqlıq aradan qalxacaq.

Soylu Atalı: Mən bir sual verdim, hərə bir cür cavab verdi. Mən Qədərə inanıram. Niyə inanmalıyam, niyə inanmalı deyiləm?

Nurtəkin:  Qədər məsələsinə belə baxıram ki, Qədəri insan özü təyin edir. Zatıqırıq məsələsi də odur. Əgər bu mühitdə böyüyür, nəsildən-nəsilə keçirir, bu onun qədəri olur. Bir də var ki, qədərdən çıxırsan, özünü dəyişmək istəyirsən. Göylü, məncə geni yaradan da ayrı-ayrı dini təlimlərdir. Din bizə təlqin elədi ki, insan əzəli günahkardır. O əzəli günahkarlığı biz içimizdə hiss edə-edə gəlib bu günə düşdük. Asif Ata da gəlib dedi ki, insanın mənşəyində zatıqırıqlıq yoxdu. O içində Mütləq gəzdirir. Bizim üzərimizə düşən odur ki, insan zaman-zaman zatıqırıqlıqdan çıxsın.


Soylu Atalı: Qədərlə bağlı sözümü davam edirəm, sual biçimində. Asif Ata deyir ki, dünya Mənadan yaranıb. Mənadan yaranan gördüyümüz bizim planetimiz. Bu planetdə ağac yaranmalıdır, çay yaranmalıdır, insan yaranmalıdır.Yaranmaya bilər? Yox. Bu təyin olunur. Yaranmaya bilməz. Sən bu Qədəri poza bilmirsən. Doğuluş var,  Qədərdi, sən bunu poza bilmirsən. Yarananın ölümü var, poza bilmirsən. Qədərdi verilib. Dində Allah deyir Qədər vermişəm. Mən də bu Qədərə inanmalıyam, inanmamalıyam?

Nurtəkin: Bizim fəlsəfəmizə görə, doğuluş və ölüm bizdən asılı deyil. Amma doğuluşla ölümə qədərki həyat bizdən asılıdır. Bədən insanı yarı yolda qoya bilər. Əgər Qədər odursa, mən o qədərdən çıxa bilmirəm. Amma necə yaşamaq, o, artıq məndən asılı bir şeydir.

Soylu Atalı: Yəni Qəza sənlikdir, Qədər sənlik deyil. Sufilər də deyir ki, Qəza Allahlıq deyil, Qədər Allahlıqdır.

Nicat  Mübariz:  Baxır Qədərə hansı aspektdən yanaşırsan. Məsələn, doğulmaq. Bu, insanın Qədəridir. Yəni istəsən də, istəməsən də artım təbii yoldur, bu cür baş verir. Bir də var ki, sənin başına gələn hər hansı bir hadisə. Bu başqa bir şeydir.

İsa Mehdioğlu: Onda bu sualı da qoyaq. Allah var, ya yox, O necədir?

…….

Soylu Atalı: Din deyir ki, Qəza-Qədər Allahdandır. Sufilər deyir ki, Qədər Allahdandır, Qəza Allahdan deyil. Bəs sən nə deyirsən?

Nurtəkin: Mənə elə gəlir ki, buna cavab verdim.

SoyluAtalı: Bəlkə başqa cavab vermək istəyənlər var?

İsa müəllim: Ata deyir ki, məni təbiət yaratdı. Heyvan kimi yaratdı, sonra tədricən insan oldum?

Soylu Atalı: Fiziki olaraq yox, yəni “meymundan dönüb adam oldum”  yox. Yəni heyvan dönüb insan olmadı.

Tədbirdən görüntü
İsa Mehdioğlu:
Din də deyir ki, adamı təbiət yaratdı. Onda bu ikisini seçək. Məsələn, torpaq nədir – təbiətdir, su nədir – təbiətdir. Quran da deyir ki, Allah insanı qoxumuş, köhnəlmiş palçıqdan yaratdı. Bu kəlmə Tövratda da var, o birilərində də. Əgər palçıqdan, sudan yaratdısa, bunlar elə  təbiətdir də. Din Allahı insan səviyyəsində görür. Bütün dinlər deyir ki, insan nə cürdüsə, Allah da odur. Tövrat deyir ki, Allah Adəm atanı yaratdı və öz ruhundan ona verdi, özünə oxşatdı. Zaburu götürsək, Bhaqavatgitada da Allah göydən yerə enir seçdiyinin yanına, ona təbliğ edir. Zərdüştdə də bu var. Və bir az da Tövratda var. Nə İncildə, nə Quranda yoxdu. Əgər yerə enir, insanlarla söhbət edirsə, demək bu insandır. Quran da deyir ki, Allah bir nurdu. Allah nurdusa, nur nə olan seydir? Buddizim deyir, Allah böyük bir enerjidir. Enerji də nurdur. Allah elə böyük enerjidir ki, kainat onun rəhbərliyindədir.  Bu boyda varlıq insan ola bilməz. Sufilər nə deyir?  Allah-tala bir enerjidir, yəni nurdur. Amma bu nur insanın fəaliyyətində öz varlığını bircə dəfə verir, o da doğulanda. Ondan sonra insan fəaliyyətində öz ağlını hər şeydən üstün tutmalıdır.  Ağıl vasitəsiylə, cahillikdən tədricən kamilliyə doğru getməlidir. Kamilliyə doğru getdikcə Tanrıya yaxınlaşır. O vaxta qədər yaxınlaşır ki, artıq Tanrıda əriyir. Məsələn, Mənsur Həllac deyir ki, Haqq  mənəm, Haqq məndədir.

Sonra burda deyilir ki, insan və cəmiyyət. İnsan necə yarandı? Qədim türklərin bir əfsanəsi var. Çox hayıf ki, bu mif dinə düşməyib. Niyə düşməyib, çünki türk xalqının özünün dini yoxdur. Biz özgələrin dininin altındayıq. Özgə xalqlar da öz mifologiyasını bizə yerləşdirir. Quranda deyilir ki, Allah insanı palçıqdan yaratdı, ona yuxu verdi, onun qabırğasını çıxardıb qadını yaratdı. Yuxudan ayılanda gördü ki, yanında qadın var, bundan sonra onlar insanları dünyaya gətirdilər. Bu, qədim Misir əfsanəsidir. Misir fironlarının sarayında divarlarda bu yazılıb. Tövrat yazdı, oradan da Quran yazdı özünə. Qədim türklərin əfsanəsinə fikir verəndə, elə gəlib Atanın dediyinə çıxır. Türk əfsanəsi nə deyir, bizim 4 ünsürümüz var – Su, Hava, Torpaq, Günəş. İnsanın yaranmasını necə təsvir edir? Cansız yerə Tanrı hökm elədi. Günəşə hökm elədi ki, Yeri dirilt. Günəş özü bir varlıqdır. Günəş öz istiliyini Yerə saldı, Yeri cana gətirdi, Yerdən buxar qalxdı. Novruz bayramında ocaq Günəşdi, torpaqla birlikdə yeri cana gətirir. Bu ikisinin birləşməsindən buxar-hava əmələ gəldi. Bulud tutdu Yerlə Günəşin arasını, onlar bir-birindən ayrı yaşaya bilməz. Tanrı enerjisi özünün şimşək qamçısı ilə çalxaladı, su ələdi Yerə. Yerdə sel-su bollaşdı, Yerdə palçıqlı sular əmələ gəldi, palçıqlı sular çökəklərə doldu, dənizlər oldu, mağaralara doldu. Yağış kəsəndən sonra Günəş çıxdı, Günəş palçığı qızdırdı, palçıqdan canlılar əmələ gəldi, axırda da palçıqdan insan əmələ gəldi. Bizim qədim türklərin mifologiyasında bu var. Haraya yozursan yoz, insan təbiətdən yaranıb. Tanrı o qədər böyükdür ki, o heç vaxt insanla danışmaz. Çünki o enerjidir, elə enerjidir ki, kainatı o saxlayır.

Nicat Mübariz: Allah şüurludur?

İsa Müəllim: Bayaq nə dedik, enerji şüurludurmu? Amma enerji ilə biz yaşayırıq. Bax, bu saat biz canlı varlıq, gətir yoxla, məndə biotok var.  Biz enerji ilə yaşayırıq.

Soylu Atalı: İsa müəllim, mifologiya mifologiyadır, həqiqət deyil. Həqiqət axtarışları üçün mifologiyanın rolu var, ancaq özü birbaşa fakt deyil. O ki, qaldı Tanrı-enerji məsələsinə, Tanrını enerji sayan baxışlar var. Ancaq Mütləq enerji ola bilməz. Enerji maddidir, o ölçülə bilir, onun ölçü vahidi var. Enerji Mütləqin təzahürüdür, özü deyil. Mütləq adı çəkilənlərdən heç biri deyil.Yəni nə Allahdır, nə Tanrı. Nə də enerji deyil. Bu tamam fərqli Baxışdır. Məna dünyanın ağası deyil, bənnası deyil, enerjisi deyil, ahəngidir, nizamıdır – daxili Qüdrətidir.

Ulusəs: Təbiətin ruhu varmı?  Deyirik biz ruhu təbiətdən aldıq. Onda belə çıxır ki, təbiətin ruhu var.

Nurtəkin: Təbiətin özündə ruhanlik var. Ricamızda da deyirik, dağların vüqarında mənliyim… Amma Təbiətin ruhunu insan kəşf edir. Təbiət özü bilmir bunu, mənasındadır.

Göylü: Kitabda belə cümlə var: “mənim üzərimdə sənin (yəni təbiətin) bəxş etdiyindən çox ruhun bəxş etdiyi var. Eyni zamanda deyir ruhu təbiət verib.

Nurtəkin: Ruhu təbiət verir, amma insan onun üzərində işləyir axı, onunla kifayətlənmir. Təbiətdəki ruhaniliyi insan kəşf edir. Bir ağacı kəsirsən, o pöhrələnir, davam eləyir. Təbiətin nizamı var. İnsan dağların vüqarında özünü görür. Özünün mənasını görür təbiətdə. İnsanla təbiətin arasında ahəng var, birlik var. Təbiətlə təmasda olanda insanı başqa cür tərbiyə eləyir. Təbiətlə bağlı Atanın bir fikri vardı: “ türk milləti və türk xarakteri bir şeydi. Dağda yaşayan insan fərqli olur, səhrada yaşayan insan fərqli olur. Təbiətin insan xarakterinə təsiri var. Təbiətlə insan arasında vəhdət var.”

Ulusəs: İnsan yaşamaq üçün təbiətə ağalıq eləyir, bu zaman isə vəhdəti itirir. Bu vəhdət haçan var imiş? Tarixdə bu vəhdət olub, olmayıb? Olmalıydı, olmadı? Necədir?

Nurtəkin: Ağaca baxırsan, fikirləşirsən ki, bu ağacdan nə düzəltmək olar, yaxud soyuqdan qorunmaq üçün ağacı kəsirsən. Təbiətə Maddi vasitə kimi baxanda sənin əlaqən itir. Ancaq sən həm də onun gözəlliyini qiymətləndirirsən. İnsanın faciəviliyi də elə bundadır. Faydalanmasa  yaşaya bilmir. Şəhər salırsan, torpaq becərirsən, nə qədər ki, biolojilik var, o insanı məcbur edir ki, təbiətdən faydalansın. Sadəcə o yanaşmanın qaydası var, bir ucdan təbiəti məhv eləmək olmaz. Ruhani görüm, ruhani yanaşma, duyum olmalıdır.

İsa Mehdioğlu: Mütləq vəhdət yoxdur, bəs Mütləqə İnam nədir ki, biz ona gedirik?  Sən təbiətdən istifadə eləyirsən, elə bu təbiətlə sənin vəhdətindir. Zəmini biçirəm, onda mən onu biçməyim?

Nurtəkin: Bioloji varlıq kimi mən təbiətdən faydalanmalıyam. Tutaq ki,  taxıl becərməliyəm, axı o torpağın altında canlılar var, istəsəm də, istəməsəm də mən onların həyatına müdaxilə eləyirəm.

Nicat Mübariz: Ağacı kəsmək niyə olmaz ki, axı sən yaşamalısan.

Soylu Atalı: İsa müəllim də, Nicat da o qənaətə gəldi ki, təbiətdən istifadə eləmək təbiətlə vəhdət deməkdir. Bu məsələyə qayıdacağıq. İndi də belə bir sualım var: Fəlsəfədə belə bir fikir: “Azadlıq dərk olunmuş zərurətdir.” Bəs Asif Ata nə deyir?

İnamlı: Azadlıq zəruri olandı. Zərurət tələb olunan şeydir, ondan keçmək olmaz. Ən azı geyimimzi götürək, eybimizi örtmək üçün o bizə lazımdır. Qidamız zəruridir, yeməsək mümükün deyil.

Tədbirdən görüntü

Ağşın bəy: Məncə, bu söhbətlərin hamısı bir yerə aparıb çıxarır. Burda böyük bir həqiqət var. İslam özü də öz dövrünün məhsuludur. Hər bir dünyagörüşü öz zamanına təsir edər, digər dünyagörüşlərinə də təsiri var. İslamda insanın yaranması , Buddizmdə bir cür deyirlər və s. Nurtəkin dediyi kimi, təbiət insanın yaranmasına təsir edir. Bu gun elmdə də var, suya xoş söz deməklə onun formullarında, molekullarında bir dəyişiklik etmiş olursan. Dünyabaxışa gələndə, mən fikirləşirəm ki, Asif Ata onun sintezini gətirir ortaya. Onlardan mayelənmiş və onlardan ilham almış və eyni zamanda öz baxışını ortaya qoymuş, təkmilləşmiş…

Ulusəs: İnsan ikilidirmi? Həm bioloji varlıqdır, həm də ruhani. Burdan sual çıxır ki, təbiət ikilidirmi?

Nurtəkin: Təbiət ikilidir. Ata “Mütləqləşmək -Var olmaq” kitabında onu yaxşı açıb. Deyir ki, təbiət heç də tam mənada Mütləqi ifadə eləmir. Qışın qar saflığı var, amma qışın həm də şaxtası var. Çay gözəldir, amma o sel məqamında qarşısına keçəni dağıdır. Bu, təbiətin öz ahəngidir. Tam bitmir, qurtarmır. Tam gözəllik vermir, onun əks tərəfi də var.

İnamlı: İnsan cəmiyyət yaratdı, idarəçiliyi ələ aldı. Elə bildi ki, onu gözəl quracaq, sonda bu belə olmadı, çünki o, ruhlu deyildi. Tutaq ki, cəmiyyətin idarəçiliyinə ruhlu insan gəldi. O, bu cəmiyyətin indiki halıyla yeni bir səviyyə qura biləcəkmi? Deyək ki, Asif Atanın dediyi şəxs keçdi cəmiyyətin başına, bunun sonrası necə olacaq?

Göylü: Tutaq ki, xaotik bir cəmiyyətin idarəçiliyinə yaxşı bir insan gəldi, o, nəyi dəyişəcək? Yəni dəyişəcək bir mühit yoxdu axı. Birinci olaraq o mühiti yaratmaq lazımdır. Ata ona görə deyir ki, düşündük, daşındıq, Ocaqlaşma yolunu tutduq. Hər şey insanlardan başlayır.

İnamlı: Onda belə çıxır ki, hakimiyyət Ataya desəydi ki, gəl bu cəmiyyəti idarə elə, Ata deyəcəkdi ki, yox mən aşağıdan başlayıram?

Göylü: Hökmdarlar həmişə peyğəmbərlərə qarşı çıxdılar, amma sonra onları dinlədilər.  Dinləmək məcburiyyətində qaldılar. O hala uyğunlaşmağa çalışdılar, amma bacarmadılar, çünki aşağının mühiti mühit deyildi. Elə təlqin elədilər ki, cəmiyyət elə belə də olmalıdır.

(bu sual-cavabdan sonra Soylu Atalı məsələlərə mövqe bildirib, dəqiqləşdirmələr etdi – Ü. A.)

Soylu Atalı: Kim dinləməyi və düşünməyi bacarırsa, o uzağa gedəcək. Çünki bu irfan məsələsidir, ruhaniyyat məsələsidir. Biz insan kimi yaşamaq istəyirik, öz mahiyyətimizi başa düşmək istəyirik. Heç bir hakimiyyət səlahiyyəti olmayan sadə insanlar! Siz böyük bir xalqın, hətta bəşəriyyətin  yaşamının gələcəyini düşünürsünüz. Bizim polemikamız partiya iclasları deyil. Ruhani polemika mədəniyyətini  yaradırıq. Bu da düşüncə istəyir. Bilmədiyimizi bilək, dərk etmədiyimizi dərk edək.

İndi burda qoyulan suallara, deyilən məsələlərə Ocaq ölçüsündə aydınlıq gətirməyə çalışacam. Birinci  Qədər məsələsi. İslam deyir Qəza və Qədər Allahdandır. Qədər nədir? Qədər müəyyən olunmuş və ondan qaça bilmədiyimiz tale. Qəza yaşadığımız müddətdə üzləşdiyimiz zərərli hadisələr. Din deyir hər ikisi Allahdandır. Sufilər deyir ki, Qəza Allahdan deyil. Ancaq Asif Atanın Allah saydığı Mütləqi biz fərqləndiririk. Deyirik  Mütləq Allah deyil, Tanrı da deyil. Təyinatın özündə bir dənə vergül dağnan dərə qədər fərq yaradır. Din deyir Allah doğulan deyil, doğan deyil, ölən deyil. Sonra da deyir ki, hər şeyi biləndir, görəndir, ziddiyyətli deyir. Niyə deyir bunu? Əğər Allah bütün kainatın daxili nizamı kimi qəbul olunursa, onun haqqında sən deyə bilməzsən ki, görür, bilir, danışır. Kainatın daxili qüdrəti kimi dərk eləmirsənsə, mütləq ona adam sifətləri verəcəksən. Çünki sənin təfəkkürün ora qədərdi. Peyğəmbər filosof olmadı, filosofluq mərhələsini keçmədi. Ona görə də o, özü axıra qədər dərk məsələsinə qədəm qoya bilmədi. Elə şeylər var ki, sözə sığmır. Sözə sığsaydı adı Məna olmazdı. Lakin peyğəmbərlər, konkret olaraq Məhəmməd, Allahı adiləşdirdi. Allah cənnətdə sənə filan şey verəcək, cəhənnəmdə filan şey edəcək. Bunlar söz vasitəsiylə müəy­­yən­lik­dir.  Allah sığır müəyyənliklərə.

Bir var təzahürləri deyəsən, təbiət, dağlar yarandı, çaylar yarandı, bir də var məhdudlaşdırırsan, yəni sənə cənnət verəcək, şərab verəcək. Bununla Allahı öldürdü. “Cəhənnəmdə min illər qan-irin içəcəksən”. Allahı öldürməkdir bu. O Allahı mütləq dərk məsələsinə yetmədi, yetə bilmədi. O, məcbur oldu Allahı sənə vermək üçün sözə sığışdırsın, səni aldatsın.

 Tədbirdən görüntüDövr məsələsinə gəlirəm. Peyğəmbər müəyyən bir zamanda başlayır işə. Asif Ataya hansısa dövrün, zamanın diktəsi oldumu? Oldu. Sosializm, kommunuzm deyilən qurluş milli şüurumuzu məhv etməsəydi, Asif Ata bəlkə də öz həyatını yaşayardı. Din cahilliyin üzərində vurğu edib dayanmasaydı, insanı cəhalət burulğanında boğmasaydı, Asif Ata bəlkə də İnam məsələsinə gəlib çıxmayacaqdı. İstər Musa, istər İsa, istər Məhəmməd hər biri öz dövrünün gedişini hesabladı. Asif Ata öz dövrünün gedişini nəzərə alır. Ancaq təməl prinsipləri əbədiyyətə gedir.  Təməl prinsipləri dövrə görə qoymamalısan. Bir var anayasa, birdə var qanunvericilik. Anayasa toxunulmazdı. Qanunvericilikdə hər bənddə yaşayışa uyğun dəyişikliklər gedir. Dövrlə bağlı deyilən qanunvericilikdi, həmişəlik üçün deyilən anayasadır. Təməl prinsip dövrə hesablanmır. Ancaq təməl prinsiplərdə dövrün tələbi yer alırsa, gələcəyi bu cür təməl prinsiplərə pərçimləyə bilməzsən. Əsk halda, inkişafın qarşısını alacaqsan. Konkret olaraq Quranda. Quldarlığın son mərhələsi, Feodalizmin başlanğıcı. Bir çox ayələr buna aiddir. Olmaz. Dövrə aid olan ayələr təməl prinsipləri təşkil etməməlidir. Allah dərk olunmadığı üçün təməl prinsiplər yalan üzərində quruldu. Buna görə də həmin dövr də zədə götürdü, indiki dövr də. Peyğəmbərlər çox qabağa gedə bilmədilər, adiliklərdə bir birini əvəz elədilər. Əslində təməl prinsipdə qabağa getməli idilər. Əgər təməl prinsip yalansız qoyulursa, əsaslı qoyularsa, onun işi bir çox dövrləri əhatə edə bilər. Həmin Təməl prinsiplər üzərində sonrakılar da  çağırışlar edə bilərlər. Onun biçimlərini dəyişəcək, haraylarının üslubunu dəyişəcək.

İnsan biolojidir həm də. Bioloji yaşayan kamil ola bilmir. Ancaq peyğəmbərlər insani mühit yaratsalar, insan özünü dəyişə bilər, kamilləşə bilər.  Ayrı-ayrı insanlar doğulur xislətiylə bir yerdə, geniylə bir yerdə, qüsurlarıyla bir yerdə. Bu insanlar, cəmiyyətdə yeni bir nizamsızlıq yarada bilir. Ona görə min il etkisi olan inam məsələsinin toplumda gücü azalmağa başlayır.Arxayınçılıq yaranır. Yeni Peyğəmbər ona görə gəlib yeni haray çəkir. Təməl prinsiplərdə yalan olsa, heç nə dəyişməyəcək. Asif Ata ona görə dinin təməl prinsiplərinə müdaxilə etdi.

 Tədbirdən görüntü Biz dinin qəzavü-qədər məsələsini qəbul etmirik. Bizdən asılı olmayan məsələlərin olduğunu qəbul edirik. Məsələn, bizim planet müəyyən bir ahəng, müəyyən bir nizam əsasında mövcuddur.  Dağlar, çaylar, ağaclar, heyvanlar, bütün bir nizam, bunu biz dəyişə bilmərik, dəyişməyə heç gərək də yoxdu. Təbiətin nizamına müdaxilə etmək olmaz. Onda fəlakətlər baş verir – hərislikdən, acgözlükdən, ağalıqdan. Sonra, Ulusəs, insan doğulur, təbiət onu bədən kimi yaradır. Təbiət ona ruh vermir. Təbiətin özündə məna var, nizamı, qanunauyğunluğu var. Deyək ki, Tanrı dedikləri odur. O  Tanrı bədənin özündə təcalla tapır, təbiət ona vermir onu. Təbiətin Özündə Olan təbiətin bir parçasında da aşkara çıxır. Bir var məna, bir var ruh. Ruhaniyyat nə deməkdir, ruh əsasında yaşamaq. Təbiət ruhaniyyat əsasında yaşamır, çünki təbiətin ruhu yoxdu, mənası var. Təbiətin mənası, həmin o dediyimiz əzəli, əbədi, sonsuz , kamil Mütləq. Mənayla ruhu qarışdırmaq doğru deyil. Ruh insani qüdrətdir. Başqa canlılarda ruh yoxdur. Təbiət Mütləqə bağlıdır.  Ancaq Ruhda dərk prosesi var, təbiətdə qavram yoxdu, duyum yoxdu. Təbiətdə təzahür var, təcəlla var, yenilənmə var. Ancaq Ruhda qavrama var, dərk var, mənəviyyat var.

Kiminsə istedadla bağlı dediyi suala gəlincə, bəzən fəzilətlərlə yaşayan insanlara deyirlər ki, o istedadlıdır. İnsanlıq istedad deyil. İnsanlıq qüdrətdir. İnsanın özünü ifadə etmə imkanıdır. İstedad mənə verilməyə bilər, başqasına verilər bilər (təbiətdən gələ bilər). Ancaq bizim hamımızın mənası Mütləqdir. Birimizdə bir şey var, o birimizdə yox. Məndə təzahür edən xassələr, atamdan-anamdandır. Başqasında isə ulu babasındandır. Mənim xislətimdə müəyyən bir boşluq ola bilər, lakin mənim mənam var. Mənim ruhum mütləq olmaya bilər, ancaq  mən öz xislətimi qura bilərəm. İnsanlıq adlı Mənanı xislətimdə aşkarlaya bilərəm. Xislətim artiq məndən asılıdır. Mühit mane olur, cəmiyyət mane olur, təbiidir. Əgər Asif Ata mənim ruhani müəllimim olmasaydı, mən öz təbii xislətimdə qala bilərdim, hansısa bir əqidə daşıyıcısı olmazdım. Dövlət də mənə mane olur, şərait də (mənə, yəni insana), amma mənim imkanım var. İnsan öz xislətini insani tərəqqiyə yönəldə bilər. Qədər deyilən bir şey, dinin dediyi, insanı xislətinə bağlayır, mahiyyətindən ayırır. Onu qəbul eləmirəm. Quran deyir ki, biz onun qulağını tıxadıq, qəlbini möhürlədik. Mən çolaq doğula bilərəm, amma sən mənə möhür vura bilməzsən.   İnsan daxilində Mütləq gəzdirir, ona möhür vura bilməzsən. Kamil bir şəxsiyyət olmasa belə, o içində fəzilətlər gəzdirir. Özünü qurmaq imkanını ləğv edə bilməzsən.

“Azadlıq dərk olunmuş zərurətdir” –  məsələsi. Asif Ata deyir ki, Azadlıq  – rədd olunmuş zərurətdir. Bir var doğal zərurət, bir var sonradan zərurət. Admda ağalıq ehtirası aşkarlanır, onun bütün tələbləri zərurətə çevrilir. Mən bu zərurətə boy versəm, guya labüd şəkildə aşkarlanmasını dərk edib, azadlığa çıxıram. Ziqmund Freyd də onu deyir. Deməli, mən bunu dərk elədim, azad oldum. Elə deyil, Asif Ata deyiİnamlıb:r ki, insan özünün balaca heyvani duyğularından çıxa bilər, kamilləşə bilər, cəmiyyətə ziyan verməyə bilər. Bunun üçün o daxilən azad olmalıdır. Daxilən azadlığa çatmaq zərurətdən üstün tələbdir. Bunun  əksini deyən cəmiyyət insanın əlini-qolunu bağladı, bu da bir növ alın yazısı oldu. İnsanı xislətinə bağlamaq, xislətinə bərabər götürmək olmaz. Qəza da xislətə görə baş verir.

Göylünün sualı, istedad  və dahilik məsələsi.

İstedad fərdi başqa fərdlərdən, özünəxas xüsusiyyətləri ilə fərqləndirən qabiliyyətdir. Dahilik zamanı ötə bilən, zamana diktə edə bilən qüdrətdir. Dahilik daha böyük keyfiyyətdir. Məsələn, Səməd Vurğun ona görə dahi ola bilmədi ki, zamana bac verdi. Ölməliydi, amma zamana bac verməməliydi. İmperiyaya bac verdi, Stalini öydü. Böyük düşüncəsini qurban verdi. Stalin də millətin düşünənlərinin başını kəsdi…

İsa Mehdioğlu: Səməd Vurğunun zamana diktəsi yox idi. İstedadı var, amma dahi deyil.

Soylu Atalı: Beləliklə, biz bir sıra məsələləri aydınlaşdırmağa çalışdıq. Ocaq meyarı ilə hadisələri qiymətləndirib, təsəvvürlərimizi aydınlaşdırdıq. Bundan sonra bu işlər davam edəcək. Növbəti “Gün”ümüzdə bir az da qabağa getməyə çalışacağıq.

Atamız var olsun!

                                         Çiçək Ayı, 35 il. Atakənd. (İnam Evi).

                                                 (aprel, 2013. Bakı.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir