Hissiyyat
İnsan öz daxili aləminə endi və ŞƏR ehtiraslarla qarşılaşdı. Onun rastlaşdığı ilk duyğu – yırtıcılıq idi. İnsan, içərisində yaşayan bu dəhşətli hissin zəhmindən sarsıldı. Ancaq iradəsinin qüdrətiylə özünü ələ aldı və yırtıcının yerə-göyə meydan oxuyan sözlərini dinlədi:
– Mənim nəşəm, səadətim – parçalamaq, yıxmaq, məhv etmək, yerlə yeksan etməkdir. Ətrafımda nə varsa, pəncəmin əzəmətini bilməlidir. Mən dünyaya dünyanı dağıtmaq üçün gəlmişəm. Mənim xoşbəxtliyim – yıxılanın, heçliyə yuvarlananın, parçalananın fəlakətindən törəyir. Mən bu fəlakətlə yaşayıram, onunla nəfəs alıram. Zəifi, zərifi, məzlumu ayaqlar altında tapdamaq sonsuz sevincdir. Yeri-göyü lərzəyə salan, adamların başı üzərində şimşək tək çaxan, amansız gücün təsdiqi – gözəldir! Sonsuz cazibədarlıq var – parçalamaq həvəsinin sel kimi daşmasında! Bunun heybətli şeiriyyətini sözlə ifadə etmək çətindir. O, insanı bihuş edir. Nifrət mənim ürəyimdir. Kin-küdurət anında o, canavar əzəmətinə malik olur. Qurdun quzunu parçalamasında cazibədarlıq heyrətlidir! Qurd quzunu məhv etməsə, özü olmaz! Canavar qəddarlığında vəhşi bir ardıcıllıq var. Bu ardıcıllığın qorxunc, inadkar gözəlliyi yanında digər gözəlliklər sönükdür.
Mənim arzum odur ki, qan su yerinə axsın, ehtirasımın möhtəşəmliyindən yer-göy titrəsin, vüqarlı görünən – meyid görünsün. Ətrafdakıları ölü, yaralı, parçalanmış görəndə özümün böyüklüyümdən vəcdə gəlirəm. Bir az bundan əvvəl meyidə çevrilmiş bu xilqət sağ idi, indisə ölüdür. Bir az bundan qabaq o, mənim mövcudluğumu hiss etmirdi, mənim gücümdən kənarda yaşayırdı. Mən onu öldürməklə özümü ona təqdim etdim. Mənim içərimdəki nifrət mənə deyir ki, ətrafdakılar sənə yaddırlar, onların səninlə birgə yaşamaları eybəcərlikdir. Həmin duyğu onu da deyir ki, var olanı heçə çevirmədən sən özünü hər şey saya bilməzsən. Sənin böyüklüyün üçün gözəlliklər tapdanmalı, əzəmətlər heçə çevrilməlidir. Özümdən kənardakını məhv etmək – əvəzsiz, ardıcıl, tufanlı, daxili ehtiyacımdır. Qoy hər yerdə pəncəmin izi qalsın, qoy iradəm qan dənizləri törətsin, qoy təbiətlə öcəşim, onun yaratdıqlarını vaxtından qabaq məzara göndərim! Qoy fəlakətlərdən düzəldilmiş meyi iri piyalələrdə nuş edim! Qoy yer, göy, insan, bütün varlıq dəhşətimdən titrəsin! Qoy məni yandıran – dünyanı yandırsın!
Yırtıcının söhbətinə Hakimiyyət ehtirası qoşuldu:
– Mən istəyirəm canlıları cansızlaşdırım, ota, daşa, ağaca çevirim. Mən insanlarla birləşməyi, onlardan biri olmağı dünyada ən dəhşətli fəlakət sayıram. Sənin iradənlə, səlahiyyətinlə, əmrinlə hamı oyuncağa çevrilir – budur səadətin ali nöqtəsi! Hamının biri olmaq və hamı üçün yeganə Qüdrət sayılmaq! Bu iki söz arasında Dünya qədər məsafə var! Hakimlikdə – minlərin məqsədi Sənə – Aliyə, Böyüyə xidmət etmək olur. Sən onları öldürə də bilərsən, dirildə də. Onlarınn nəyi varsa – sənindir. Ancaq onlar hamısı bir yerdə – SƏN deyilsən! Sən onların cəmindən yüksəksən! Müstəqilliyin, fərqlənməyin, möhtəşəmliyin ən gözəli – hakimiyyətdir. Onun verdiyi fərəhin tayı-bərabəri yoxdur. Allahın hakimiyyəti gözlə görünməyən hakimiyyətdir, mənimki isə görünən, duyulan, vəcdə gətirən, qibtə yaradan! Biçimdə sənə oxşayan minlər sənin əsirinə, quluna, kölənə dönürlər, sanki sən onları tilsimə salırsan! Onların sənin şəninə söylədikləri mədhlər, göyləri sarsıdan alqış nidaları ürəyi cuşa gətirir, ömrü təzələyir. Sən özün öz gözündə Allaha çevrilirsən və ətrafdakılara qarşı ürəyində məhəbbət yox, qəribə bir ikrah yaranır. Görürsən ki, onlar köləliklərini köləlik saymır və bu da səndə onlara qarşı ikrah duyğusu oyadır. Bu duyğunun verdiyi nəşə ölçüyə gəlməz! Gör bir nə güc sahibisən ki, İnsanı heç eləmisən! Dünyanın ali sevinci – başqalarını özündən asılı etməkdir, başqasını özündə əritməkdir. Bu məqamda sənin mənliyin başqalarının mənliyini əlindən alır və bu, sənə sonsuz sevinclər gətirir. Adi adamlar həyatda istədiklərinin cüzi hissəsini həyata keçirirlər. Hakimiyyətdə İnsan ehtiyaclarının hamısını, o cümlədən qeyri-əxlaqi tələblərini də ödəyir. Daxildə hansı ehtiyac varsa, hamısı ödənilir.
Bu cəhətdən hakimiyyət insanı xeyir və şər ölçüsündən uzaqlaşdırır, ona intəhasızlıq bəxş edir. Dünyada hakimin istəklərinə, niyyətlərinə qarşı duran qüvvə yoxdur. Hakimiyyət həvəsi möhtəşəm həvəsdir. Bütün dünya həmin ehtirasa baş əyir. Səmanın bağrında parlayan şimşək göyün yer üzərində hakimiyyət cəhdidir. Qışda çaylar buzun hakimiyyətinə tabe olurlar. Hökmsüz olmaq – tapdanmaq, alçalmaq, enmək, kiçilmək, hamılaşmaq, heç olmaqdır. İnsanı yüksəldən, irəli aparan mənəm. Sərkərdə, şair, hökmdar, alim – insanların üzərində hakim olmaq üçün çalışır, çabalayır, qan tökür, mətanət göstərir. Mənim gücüm ölçülməzdir. Hansı qəlbə daxil oldummu, onu bütünlüklə zəbt edirəm, mənəvi aləmə tam hakim olur, onu istədiyim istiqamətə yönəldirəm. Hakim qəlbində adi insani hisslərə yer qalmır, ən mərhəmətli şəxs bir an içində qəddar müstəbidə çevrilir. Mənim qarşıma çıxan qüdrət tanımıram. Çünki hakimiyyətdən doymaq olmur, məni başqa duyğularla əvəz etmək müşkül işdir, çünki hakimiyyət və səadət əkiz qardaşdırlar.
Hakimiyyət ehtirası susanda Şəhvət hissi dilləndi:
– Dünyada bütün canlıların, o cümlədən, İnsanların ən alisinin, misilsizinin üzərində əsil hökmran mənəm! Mən ürəklərə daxil olanda mənəviyyat sönür, iradə sarsılır, insan oyuncağa çevrilir. Vicdan, həqiqət, ülviyyət mənimlə bacara bilmirlər, mən onları insana yaxın qoymuram. Alini, böyüyü, xalisi, əsili tələyə salıram. Məğlub etdiyimi heyvan səviyyəsinə endirirəm və bundan əvəzsiz həzz alıram.
Gözəlliyin ülvi mənasını rədd edirəm, qadını əşyaya çevirirəm. Həya, ismət məndən oddan qaçan kimi qaçır. Nəfəsim şiddətli külək kimi incəlikləri, zəriflikləri qırıb tökür. Mən peyda oldummu, insan insanda insanı görmür, ani nəşə mənbəyini görür.
Mən peyda oldummu, insanın üzərinə agır yük düşür, çiyin yükə tab gətirmir və mən qalib gəlirəm. İnsan ruhuyla, müqəddəsliyiylə, Allah ideyasıyla yox olur, onun əvəzinə miskin, iradəsiz, ehtiras odunda qovrulan, onunla bir olan, onda itən, onun son nöqtəsinə çatan və onunla ikrah hissiylə vidalaşan məxluq yaranır. Mən peyda oldumsa, gözlərdə heyvani qığılcım parlayır, çılğın qovuşma seli daxili aləmi bürüyür, həmin seldə ruhanilik itir, həya, ismət telləri qırılır, vəhşiliyin çılğın gücü insanı insanilikdən məhrum edir.
Mən peyda oldumsa, insanın heyvana yaxınlığı dəhşətli bir aydınlıqla aşkara çıxır. Çünki mən insanları bir-birinə heyvan kimi münasibət bəsləməyə vadar edirəm. Mən insanı heyvan səviyyəsinə endirirəm və əvəzində ona nəşə bəxş edirəm. Mən onu itaətkar qula çevirirəm; o, qarşımda titrəyir, əmrimə müntəzir vəziyyətdə dayanır və dediklərimə əməl edir. Mən qadınlığın ülvi mənasını dəyişdirib onu şəhvanilik təcəssümünə çevirirəm. Bununla mən qadınlığı məhv edirəm. Onu bəsit nəşə mənbəyinə çevirirəm. Bəsit nəşə mənbəyi kimi o, alçaldı, kişilərə xoş gəlmək üçün ruhani zərifliyindən əl çəkdi, şəhvaniliyi qabartdı. Məhəbbət daşlara çırpılıb çilik-çilik oldu.
Qadını məhəbbətə yox, şəhvətə hazırladılar. Bütün bu oyunu adamların başına gətirən mən oldum. İnsanın haqqında əsil həqiqəti mən dedim: o, Allahın bəndəsi yox, mənim bəndəmdir. İnsan mənəm, onun ikinci adı – Şəhvətdir.
Şəhvətin nitqini Paxıllıq davam etdirdi:
– Mən istəmərəm ki, göydə günəş çıxsın, bağda güllər açılsın, çayda sular çağlasın. Mən istəyirəm ki, günəş göyü tərk etsin, güllər açılmamış solsun, sular qurusun! Mən istəmirəm ki, dünyada gözəl qızlar, xoşbəxt analar, qadir kişilər olsun. Mən istəyirəm ki, dünya çirkinliklərlə dolsun, gözəllik dünyanı tərk etsin, idrakın qanadları qırılsın, duyğular, hisslər qurusun! Sevmirəm ağacların ucasını, kişilərin igidini, qadınların sadiqini, seviləni, seçiləni! İstəmirəm böyüklərin yanında cılız görünəm, ona görə də böyükləri sevmirəm! İstəyirəm dünya bilsin ki, mən də varam. Məni görmək istəməsən də – varam, ucaya, xalisə zərbə vura bilərəm, gözəllikdə eybəcərlik taparam, özümü sənə tanıtdıraram. Təbiətin sevimli balasına qəsd edərəm, təbiətdən intiqamımı alaram. Niyə o məni cılız yaradıb? Niyə başqaları vəcdə, heyrətə səbəb olurlar, mən isə adi hörmət də qazana bilmirəm? Təbiət ədalətsizliyə yol verib, ona görə də mən onun şah əsərlərinə qəsd etməliyəm. Bu mənə hədsiz dərəcədə lazımdır. Çünki əks təqdirdə içimdə alışan hiddət məni yandırıb kül edə bilər, rahatlığım həmişəlik pozular, yuxum ərşə çəkilər.
Bağçada qəşəng bir gülün bitməsi qəlbimi qana döndərir. Üzdə gözəllik nişanəsinin görünməsi ürəyimi ağrıdır. İdrakda yeni fikrin yaranması məni cəhənnəm əzabına salır. Hər bir nailiyyət, qələbə daxilimi nifrət zülmətinə qərq edir. İnsanların sevincini, səadətini sevmirəm, müsibətini, məşəqqətini sevirəm və bu sevgiylə yaşayıram. Bəzən daxilimə gizlənirəm, ancaq içərim yanır, hərarətim ətrafdakıları yandırır. Məni yer üzündən silməyə çalışırlar, fəqət bacarmırlar, çünki məni də təbiət yaradıb, deməli, mən də lazımam! Böyüklüyü, ülviliyi, əsilliyi sevənlə yanaşı, onu inkar edən də gərəkdir! Mən yalnız şərə xidmət etməyi bacarıram; bunun üçün dünyaya gəlmişəm. Mən təmizliyin üzərinə çirkab atmalıyam, çünki bacardığım budur, təbii meylim, həvəsim bunadır. Mən içimi didib-parçalamalıyam, ətrafdakılara hiddətimi, nifrətimi aşkara çıxartmalıyam, “mən də varam” – deyə haray qoparmalıyam, çünki damarlarımda axan qan bunu məndən tələb edir. Çünki xamırım belə yoğurulub, çünki ürəyimi dolduran zülmətli duyğular üzə çıxmalıdır.
Miqyaslı fəaliyyətim də olub, məhdud da. Məbədləri yandırmağı da bacarıram, budaqları sındırmağı da. Ölkələr arasında çaxnaşma salmağı da, ailələri dağıtmağı da. Şər qazanı qaynatmağı da, xeyir ocağına su tökməyi də. Yaxşını pis kimi qələmə verməyi də, şikəsti sağlam kimi təqdim etməyi də.
Məkr və riya əlimdən tutur, əmrimi yerinə yetirirlər. Ancaq rahatlığım yoxdur. Çünki bahar yenə də çiçək açır, analar yenə də məlahətli qızlar və qeyrətli oğullar doğur, dahilər yenə də ali əsərlər yazır, məhəbbətlilər – sevir, sevilir. Mən sarsılıram, hiddətlənirəm, ancaq həyatın gedişatını saxlaya bilmirəm və odum özümü yandırır.
Paxıllıq söhbətini qurtaranda Xudpəsəndlik sözə başladı:
– Dünyada nə edirəmsə, nə eyləyəcəmsə – özüm üçün eləyirəm. Qəhrəmanlığım da özüm üçündür: qoy məni tanısınlar, barmaqla göstərsinlər. Yaradıcılığım da, əməli işim də – hamısı özüm üçündür. Şəhərlər salıram, dövlət yaradıram – ancaq özüm üçün. Adilərə oxşamaq istəmirəm, istəyirəm mənə səcdə qılsınlar, pərəstiş etsinlər. Döyüşüm, davam da özüm üçündür: maddi rifahım üçün, dolanışığım üçün. Başqasına daxilən qovuşa bilmirəm, zahirən, ani qovuşuram. Başa düşürəm ki, adamlar yanaşı addımlayanda belə, bir-birindən yerdən göyə qədər aralıdırlar. Məhəbbətim də – özüm üçündür, öz dünyamı yaratmaq üçün. Bilirəm ki, insanlar hamısı – dostluqdan, sevgidən dəm vursalar da – yalnız özlərini sevirlər. Sənin dost saydığın şəxs öz kiçik mənafeyi naminə meyidinin üstündən sakitcə keçər. Dünya möhtəşəmdir, ancaq mən orada təkəm və ümumən dünyadakılar təkdirlər. Hər addımda rəqabətlə rastlaşıram. İnsani münasibətlər və rəqabət – eyni şeydir. İnsanla qarşılaşmaq – rəqiblə qarşılaşmaq deməkdir. Məndə müsbət nə varsa, arxasında özümlük dayanır. Hakimiyyətə gəlirəm – özümü təsdiq etmək üçün! Gecə-gündüz çalışıram, tər tökürəm, qabıqdan çıxıram – özümü təsdiq etmək üçün! Ölkələr fəth edirəm, sülalələr məhv edirəm – özümü təsdiq etmək üçün! Mənim ikinci adım – Şöhrətdir. Ölümü ölümsüzləşdirmək, nəsillərin xatirində qalmaq, heykəlləşmək – ən şiddətli arzum budur.
İnsan dünyada əslində heç kəsi və heç nəyi görmür, özünə meyil edir, özüylə yaşayır, özünü sevir, yüksəldir.
Xudpəsəndlik sözünü bitirdi. Hərisliyin gur səsi ətrafa yayıldı:
– Yerə, göyə, çəmənlərə, bitkilərə, canlılara, cansızlara sahib olmaq istəyirəm. Zəmilər, biyabanlar, göyün ulduzu, ayı, günəşi mənim olmalıdır! Ən nadir daş-qaşlar, üzlərdəki ilahi məlahət, gözlərdəki səmavi cazibədarlıq mənə qismət olmalıdır. Bulaq suyunun şirinliyi, okean dalğalarının əzəməti mənə xidmət etməlidir. Xoşbəxtliklərin, nailiyyətlərin, qələbələrin, sevinclərin hamısı mənə bəxş edilməlidir. Mən onları başqalarının ömründən qoparmalıyam, əlindən yerə salmalıyam. Gözəlliklərin əvəzsiz fərəhi, hakimiyyətin möhtəşəm vüqarı, nəşələrin bütün çeşidləri, təbiətin bütün rəngləri mənim olmalıdır. Şöhrətlərin cəmi, gül-çiçəklərin hamısı, yazın mehi, qışın qarı, çayın axarı mənə məxsus olmalıdır. Ehtiraslarımın, eşqimin hüdudu yoxdur. Göydə uçan quş – mənim olacaqsan! Dağın başına qonan qartal – mənim olacaqsan! Göyün bağrından qopan şimşək – mənim olacaqsan! Çöllərə, çəmənlərə yağan yağış – mənim olacaqsan! Dünyaya sahib olmaq haqqını mənə kim verib, bilmirəm. Ancaq duyğum daxilimi yandırır. Ceyran görürəm, maral görürəm – mənimkisən deyib, öldürürəm. Uca, gözəl ağac görürəm – mənimkisən deyib, baltalayıram.
İncə qamət görürəm, parlaq qadınlıq görürəm – mənimkisən deyib mənimsəyirəm. Arının balını, inəyin südünü əlindən alıram. Bəzən zülmətə də deyirəm mənimkisən, tufana, çovğuna da deyirəm mənimkisən. Ətrafımda nə varsa, mənimsəyirəm, əxz edirəm. Ancaq doymuram, usanmıram, rahatlanmıram! Axtarıram, arayıram, tapıram, sevincim aləmə sığmır. Ancaq daxilimdəki dəhşətli ehtiras – sahib olmaq həsrəti – bir an da azalmır və mən onun arxasınca gedirəm. Kiminin çörəyini əlindən alıram, kiminin məhəbbətini, kimini hakimiyyətdən məhrum edirəm, kimini ümiddən. Bəzən kədərə də, göz yaşına da, əzaba da demək istəyirəm ki, mənimsən! Gecə, mənsiz niyə çıxırsan? Səhər, mənsiz niyə açılırsan? Axşam, mənsiz niyə düşürsən? Düşünürəm, daşınıram, dünyanı mənimsəmək həvəsim aşıb-daşır. Bağçada gül açdı – hamısını dərməliyəm. Ağacda meyvə bitdi hamısını yeməliyəm. Qadınlığın mehri, kişiliyin əzəməti, evlərin işığı – mənimdir. Biri xoşbəxtliyə çatanda hiddətimin hüdudu olmur: elə bil mənim səadətimi ona veriblər. Biri şöhrətlənəndə, varlananda, hiddətim coşur: sanki mənim şöhrətimi, dövlətimi əlimdən alıblar. Biri seviləndə, hörmətlənəndə, fərqlənəndə sevgini, hörməti, fərqlənməni ondan almaq istəyirəm. Daxilimdəki ehtiras mənə deyir ki, dünyada nə varsa, sənindir.
Dövlətlər yaradılır – mənimkidir, binalar tikilir – mənimkidir, adi çay daşlarından başlamış, səyyarələrə kimi dünyada nə varsa, hamısına sahib olmaq istəyirəm.
İstəyirəm ki, yaz günəşi təkcə məni isitsin, torpağın üzərində təkcə mən yeriyim, təbiət təkcə mənim məskənim olsun, ölkələr yalnız məni sinəsində gəzdirsinlər. Gül üstünə şeh düşdümü – mənimdir! Üzlərdə günəş şüaları oynadımı – mənimdir! Dağların başına dolanan yollar – mənimdir! Yaylaqların qoyunları, quzuları, bulaqları, quzeyləri, güneyləri mənimdir! Zərifliklər, məlahətlər, gözəlliklər, səslər, ahənglər mənimdir! Hər şeyə sahib olmayınca rahat olmayacağam. Ya hər şeyə sahib olacağam, ya da məhv olacağam…
Hərisliyin səsi yeri-göyü tutmuşdu. İnsan ətrafına baxdı, özünü dəhşətli cəhənnəmdə hiss elədi və onun qəlbində kədərli bir nida səsləndi: – “MƏN BUYAMMI?”
(ardı var)