Ölüm, aldanış, məkr, kin, riya, şəhvət, xurafat, qəbahət, köləlik, zülm, xəyanət, həqarət!
Çağırırsan, cəlb edirsən və məhv edirsən, düz yol adıyla azdırırsan, dəniz vəd edib, damla verirsən, mələk libasında görünürsən – ifritə xislətində olursan, mərhəmətli bilinirsən – qəddar davranırsan, xilas yolu göstərirsən – quyuya salırsan, yola dəvət edirsən – yarı yolda qoyursan, mərifəti – qəlbdən, həyanı – üzdən, qeyrəti – kişilikdən, isməti – qadınlıqdan qovursan, böyüklüyə qənim kəsilirsən, zəifi tapdalayırsan, həqiqəti endirirsən, yalanı ucaldırsan, körpə məsumluguna, gənclik hərarətinə, yetkinlik möhtəşəmliyinə, qoca müdrikliyinə düşmənsən, müqəddəsliyi ürəkdən silmək istəyirsən, Mütləqi danırsan, gözəlliyə qıyırsan, insanı maddiyə pərçimləyib, rühanilikdən uzaq salırsan, onda ilanı, canavarı bərpa edirsən, qəbahət toxumunu usanmadan, yorulmadan səpirsən, qadınlığı dişilik, kişiliyi erkəklik səviyyəsinə alçaldırsan, duyğu çiçəklərini soldurursan, fikir ağaclarını sındırırsan, biçim ilə məzmun arasında nifaq salırsan, güləni ağladırsan, dinəni susdurursan, nakam ömürlər, talelər yaradırsan, üzün məlahətini, biləyin gücünü, qadın zərifliyini, kişi əzəmətini, zəka qüdrətini, duyğu coşğunlugunu oğurlayırsan, məhəbbətə qarışıb xəyanət, ülviyyətə qarışıb səfatət törədirsən, naqisliyi – xalislik, naşılığı – aqillik, xəbisliyi – xeyirxahlıq, riyakarlığı – müdriklik libasında göstərirsən! Şərinlə dəhşətlisən!
Sənə nifrət edərdim, səndən üz döndərərdim Şərlə məhdudlaşsaydın, həm də Xeyirli Dünya olmasaydın!