Soylunun təmsil etdiyi “Uluyol” ailəsinə
Xeyir-Dua
Evladlarıma Müqəddəslik Ucalığı tələbilə!
Dünyanın gedişatını meyar saymaq olmaz.
Dünyanın gedişatı ilə İnsaniliyi ölçmək olmaz.
Ocaq ona görə Ocaqdır ki, o, öz ölçüsünü, meyarını Gerçəklikdən almır, İnsanilikdən alır. Dünya İnsansızlığa yönəlib. Gündən-günə İnsansızlıq artır. Ocaq isə İnsaniliyə yönəlib və İnsaniliyi Gerçəkliyə qarşı qoyur. Bu hadisələrə münasibətdən başlamış Ocaqçı həyatına qədər Ləyaqət, Ədalət, Həqiqət əməli tələb olunur – Gerçəklikdən üstün!
Gerçəklik hansı səviyyədə olursa olsun, Ocağın səviyyəsi ucadır. Ən alçaq Gerçəklikdə belə Ocaq ucadır. Bu, Ocağı dünyadan fərqləndirir. Ata hökm edir ki, bu fikirləri ömrünüzə çevirin. Ağlınıza və duyğularınıza həkk edin. Kim ki, bu duyğulara çata bilməyəcək, o, Ocağı tez tərk eləsə, özü üçün də yaxşı olar, Ocaq üçün də.
Biz dünyada mövcuduq, Amalda yaşayırıq. Dünya bizə dərs deyə bilməz. Dünya Mənadan aşağıdır. Gedişatı İnsanlığa İdrakçılıq yönəldir. Mənə elə gəlir ki, bəşəriyyət tarixinin, indiyə qədər, İdrakçılıq cəhəti bəlkə də heç olmayıb…
Hər gün bir şey baş verir. Yerə-göyə sığmayan qeyri-müəyyənlik. Ocaq İdrak əməlidir. Ona görə də Gerçəkliyin idrakını görür, bilir, amma ona uymur, uyğunlaşmır. Ocaq dünyadan üstün bir dünyadır. Ocaqçı özünü İdrak üstə kökləyir ki, İdraksızlığa enməsin.
Dünyanın gedişatı Mənəviyyatsızlıq yaradır. Heç bir dövrdə, bəlkə də, vicdansızlıq bu səviyyədə tüğyan eləməmişdi. İnsanlarda olan bütün pis cəhətlər hayqırır. Bu hal keçici olduğu üçün vicdan tək qalır bu dünyada. Onun bu dünyada Ocaqdan başqa yeri yoxdur. Onun dünyada yeri yoxdur, Ocaqda isə yeri var.
Təmənnaçılıq adamın ülvi duyğularını yoxa çıxarır. Fədakarlıq gözdən itib, çünki adamlar güclə özlərini çox cüzi bir səviyyədə yaşada bilirlər. İnsanlar yemək-içmək adlanan cəngəllikdə itib-batıblar. Özləri dolanırlar. Gərək dünyanın bu halına uymayasan. Biləsən ki, bu, dünyanın mənası deyil, mənasızlığıdır. Ocaq onu ötəcək, keçəcək, vaxtı var. Fil yerişimizlə ötəcəyik, dovşan yürüşü ilə yox.
Nəhayət, dünyanın gedişatı iradəsizlik yönündədir. İradəni fəndgirlik əvəz edib, fitnə əvəz edib. Ocaq isə İradə evidir. Bir daha özünüzün kimliyinizi dərk edin. Dünyaüstü ləyaqətinizi təsdiq eləyin, səhv eləməyin. Onda qaranlıqlar yarılacaq və dünyanın indiki fəlakətli, həm də mənasız halı aradan qalxacaq. Biz dünyaya uyğunlaşmırıq, istəyirik ki, dünya bizə uyğunlaşsın. Ocaqçı vüqarı bu deməkdir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
– Soylu Atalı: Ata Ruhunu ürəyimizdə aparırıq!
(arxivdən)