Xəbərlər

Asif Ata Təbiətdə  Mütləq

Dağların vüqarı – Mütləqin ifadəsidir.
Çünki burada dağın adi xassəsi yox, gözəl mənası aşkara çıxır.
Qürub çağının qüssəsi – Mütləqin ifadəsidir.
Çünki burada təbiət məqamının sadə cəhəti yox, ali xüsusiyyəti aşkara çıxır.
Qışın qarı – Mütləqin ifadəsidir. Çünki burada təbiətin paklıq, saflıq, xalislik rəmzi olan keyfiyyətləri meydana çıxır.
Göyün şimşəyi – Mütləqin ifadəsidir. Çünki burada göyün möhtəşəm qüdrəti təsdiq olunur.
Fəsillərin bir-birini əvəz etməsi – Mütləqin təzahürüdür. Çünki burada əbədi, pozulmaz, qırılmaz Məntiq təsdiq olunur.
Ceyran məsumluğunda, şir əzəmətində, durna uçuşunda Müt­ləq yaşayır. Səhər oyanmasında, gecə sehrində Mütləq yaşa­­yır. Günəşin öz şəfqətini yerə səxavətlə paylamasında, yağı­şın torpağa hərarətlə səpələnməsində, sərv ağacının göyə ucalan qamətində, çayın axarında, yolların sonsuzluğunda, çöl­lərin genişliyində Mütləq yaşayır. Torpağın insanla doğma­laşma­sında, Vətən səviyyəsinə qalxmasında Mütləq yaşa­yır. Yara­nışda, doğuluşda Mütləq yaşayır. Bülbülün nəğməsi, çiçə­yin məlahəti – Mütləqin ifadəsidir. Bunlar nisbi hadisələrin daxilində olsalar da, nisbiyə sığmırlar, nisbidə dayanmırlar. Mütləq keyfiyyətlər hadisələrə yeni məna, gözəllik, ülvilik verir.
Dağın vüqarı dağın mənasını dəyişdirir. Qürub çağının qüssəsi qürub çağının mənasını dəyişdirir. Qışın qarı – qışın mənasını dəyişdirir. Bülbülün nəğməsi – bülbülün mənasını dəyişdirir, onu nisbilikdən ayırır.
Təbiətin əlindən Mütləqliyi al və o, həmin an solsun, sön­sün. Torpağın vətən səviyyəsini əlindən al və torpaq – kiçilsin, adiləşsin, bəsitləşsin! Yolların sonsuzluğundakı, çöllərin geniş­li­yindəki şeiriyyəti onlardan al və çölləri, yolları həmin an öldür.
Mütləqsiz təbiət ölü təbiət olardı! O, yox olan kimi var olar­dı. Nisbiylə kifayətlənərdi, nisbidə dayanardı, qalardı. Qəlbi çağırmazdı, sevindirməzdi, kədərləndirməzdi, riqqətə gətirməz­di. Özünü realizə etməzdi, natam qalardı.
Nəğməsiz bülbül – bülbül deyil, yeri lərzəyə salmayan şimşək – şimşək deyil, vüqarsız dağ – dağ deyil!
Təbiət təkcə Mütləqdən ibarət deyil, onda nisbi keyfiyyətlər daha çoxdur. Onda Mütləqin tam özü yox, nişanələri, əlamət­ləri yaşayır və həmin əlamətlər, nişanələr nisbi keyfiy­yət­lərlə yanaşı yaşayır. Təbiət tam Mütləqə çevrilə bilmir, ancaq təkcə nisbiylə də kifayətlənmir, Mütləqi özündə daşıyır. Lakin Mütləq əlaməti təbiətə tamamilə yeni məna verir, təbiət adi mənasından kənara çıxır. İnsan artıq təbiətə təbiət kimi baxmır. O, dağla, çəmənlə, çayla, asimanla daxilən bir olur, onlarda özünü görür, onlarla qaynayıb-qarışır, onlara qovuşur. Təbiətlə insan arasında sədd aradan qalxır. İnsan indi təbiətdə yalnız nemət axtarmır, müqəddəslik axtarır. Təbiətdə isə nisbi Mütləqlə yanaşı yaşayır, özünü təsdiq etməyə can atır və buna nail olur.
Qış yalnız qar gözəlliyindən ibarət olmur, həm də şaxta amansızlığından ibarət olur; baharda oyanma, canlanma sehriylə yanaşı, dağıtma şəri də olur; payız yalnız ali kədərlə yox, həm də təbiətin saralıb-solmasıyla səciyyələnir. Qartal məğrurluğunda həris yırtıcılıq da yaşayır, şir əzəmətində quzu fəryadı səslənir; şimşək gözəlliyə qıyır.
Hadisə Mütləqi heç vaxt tam ifadə etmir, o həmişə Mütləqin bir tərəfini ifadə edir, Mütləq nisbiylə əhatə olunur. Günəş – göyün ali səxavətidir və bu baxımdan Mütləqin təzahürüdür. Ancaq günəş istisində canlı üçün təhlükə var. Günəş səxa­vəti canlını yandırmaq təhlükəsini də özündə yaşadır. Təbiə­tin elə bir gözəlliyi, ülviyyəti yoxdur ki, onda natamlıq, nisbilik, naqislik olmasın. Lakin təbiətdə həmişə Mütləqin təzahürləri, ifadələri, nişanələri var. Təbiət tam Mütləq olmur, ancaq Mütləqsiz də olmur. Təbiət Mütləqin böyüklüyünü, qeyri-adiliyini naqisliklə təzad şəklində göstərir; şər ilə xeyiri yanaşı yaşadır, onların vəhdətindən mürəkkəblik yaradır və Mütləqi həmin vəhdətin işığında təqdim edir. Dünyanı qaranlığa qərq edən gecə – ürəyimizi riqqətə gətirir; sevinclə yanaşı, qəm doğan səhər – xəyalımızı qanadlandırır; təbiəti solduran payı­zın nəğməsindən doymuruq; şaxtasında donduğumuz qışa mahnılar qoşuruq; cismimizi isladan yağışda səma sehri görürük.
Ən çətin vəziyyətdə, ən ağır məqamda belə, Təbiət bizə Mütləqin təbəssümüylə gülümsünür.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir