Xəbərlər

Asif Ata. Üzübərk Özgəçiliymiz

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

1

Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşul­du, biz də qoşulduq.
Rusiya parlamentçiliyə qoşuldu, biz də qoşulduq.
Rusiya bunu sivilizasiyaya qovuşmaq adlandırır. Biz də…
Qərbçi Rusiya yaranır – qərbçi Azərbaycan yaranır.

 2

Türkçülük şüarı haykırdıq

Rəsmi Türkiyə siyasətində Qərbçilik Türkçülükdən üstündür.
Nazarbayev «Kazaxstan milləti» yaradır.
Rəsmi Özbəkistan və Türkmənistan Türçülükdən uzaqdırlar.
Ümumtürk ruhaniyyatı əvəzinə – Türkçülük şüarı…
Ümumtürk tarixi əvəzinə – Türkçülük şüarı…
Türk ölkələrinin hərbi birliyi əvəzinə – Türkçülük şüarı.
Yenə də «bakılılar xüsusi millətdir!» özgəçiliyi səslənir paytaxtımızda…

 3

Xarici siyasətimizin nəticəsi
qəbul olunmaq, sayılmaq
bunlardan alınan körpə sevincidir

 Bizi filan birliyə qəbul elədilər, saydılar – Qələbə!
Bizi filan ölkə qəbul elədi – Qələbə!
Bakıdan filan paytaxta uçduq – Qələbə!
Filan nümayəndə heyətilə görüşdük – Qələbə!
Filan nümayəndə heyəti Bakıya gəldi – Qələbə!
Paytaxtımızda təzə səfirliklər açıldı – Qələbə!
Xarici ölkələrdə təzə səfirliklərimiz açıldı – Qələbə!
Belə «qələbələrlə» böyümək olmaz!

 

4

Xalqçılıq əvəzinə

hökumətçilik bərqərar olunur

Plüralizm – çoxrəylilik əvəzinə – hökumətaltılıq təsdiq olunur.
Diplomlar, imtiyazlar, «fəxri adlar» tilovunda mədəniyyət əvvəlki tərzdə oynadılır.
Xalq adından hökumətaltı «fəxri» qulluqçular hazırlanır. Xalq şairləri, xalq artistləri, əməkdar elm xadimləri…
Təzə Süleyman Rüstəmlər yaranır.
Vicdan azadlığı əvəzinə — İşğalçılıq tüğyanı püskürür.
Hökumətaltı ziyalılarla hökumətüstü dinçilər birliyi yaranır.
Babəklərin, Nəsimilərin, Sabirlərin az qala  mollalaşdırılması quraşdırılır.
Təzə farsçılığımız, ərəbçiliyimiz yaranır.
Riya baş alıb gedir.
Bütün yaradıcılığı Müsavatın ifşasından və bolşevizm vəsfindən ibarət olan Əlövsət Quliyevin adına küçə qoyulur və Müsavat ideal­larına sədaqətdən gecə-gündüz danışılır.
Bolşevizm ifşa olunur. Nərimanovdan, Əzizbəyovdan kənarda.

 

5

«Elm fədailəri» Siyasətə Yüyürürlər.
«Həqiqət Aşiqləri mənfəət Aşiqliyinə» təşnədirlər.
«Antiimperialistlər» imperiya diplomlarını bayraq kimi başları üzərində qaldırıblar.
Elmdə kamilləşməyi bacarmayanlar siyasətdə kamilləşirlər.
Siyasətə professorlar, dosentlər, namizədlər axını yön açıb.
Vəsiqə istedadı əvəz eləyir, bu səbəbdən də siyasət kağız üzərində qalır – ayaq açıb yeriyə bilmir.

 

6

Rusiyada kommunizm dirçəlir.
Bizdə də dirçələcək.
Bunun əsası – özgəçiliyimizdir: özgəçilik özgələri dirçəldir.

 

7

MDB-yə qoşulmaq Təhlükəsi aradan qalxmayıb: ümumi iqtisadi zona biçimində. İqtisadiyyatla siyasət – qoşadır: MDB hər vəziyyətdə SSRİ-çilik yoludur.
Rusiya krediti də havayı vermir.
Rusiyayla iqtisadi bağlılığımız haqqında havalanan söhbətlər də məqsədsiz deyil.

 

8

Üzü bərk oldu özgəçiliyimizin. Tufandan sağ çıxdı.

 

9

Özümlüyümüzə doğru yol gedirik – uzun, çətin.
Bu gündən üstün, uca – özgəçi zamanda – doğma yol – İnam yolu. Ocaq yolu.

24 İşıq ayı, 15-ci il. Bakı.

(May, 1993).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir