İNSAN
Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir.
Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir.
Ürəyin də çaylar kimi bir sel məqamı var.
Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – alovsuz ocaqdır.
Ağıl adi halda görmədiyini, duymadığını vəcd anında görür, duyur, vəcd bəsit təfəkkür sədlərini dağıdır, dünyanın yeni sirləri, mənaları kamalın üzünə açılır.
Vəcd idrakı alışdırır.
Vəcd şöləsinin işığında qeyri-adi hikmətlər görünür.
Məhdudluq, səthilik kölgələri çəkilir və gözəlliyin, ülviliyin, əsilliyin, xalisliyin ali və intəhasız mənası aşkara çıxır.
Anlayırsan ki, İnsan cahana sığmaz. Ən möhtəşəm, kamil cəhətlər İnsanın varlığında cəmləşib. Yerdə, göydə nə varsa, o, İnsanla təmasdadır. İnsanın ülviliyini vəsf etmədə söz acizdir. İnsan böyüklüyü hədd tanımır.
Ona görə də İnsan – allahdır.
Bu fikri adi təhlil yox, vəcd söyləyir.
Coşğun vəcd məqamında “ənəlhəq” kəlamı yaranır. Həmin anda İnsan öz əsil təbiətini anlayır.
Vəcd deyir ki, İnsan bütün təzadları özündə birləşdirir, həm də bütün təzadlardan üstündür, onun müəyyən məkanı olsa da – məkansızdır (laməkandır), çünki öz əzəməti, qüdsiyyəti və idrakı ilə heç bir məkana sığmır. O, keçici ölümə məhkum olsa da, əslində, ölümsüzdür, çünki əsil mahiyyətinə ölüm heç bir xələl gətirə bilmir.
İnsan bir şey olsa da, əslində hər şeydir, bu gün yaşasa da, dünən də, sabah da onundur.
Vəcd məqamında qeyri-adi bir müdriklik yaranır ki, onu bəzən “vəhy” adlandırırlar.
Vəhydə “ağlasığmaz həqiqətlər” dərk olunur:
Mən mülki-cahan, cahan mənəm, mən.
Mən həqqə məkan – məkan mənəm, mən.
Bu həqiqət vəcd məqamında yaranıb və bəsit şüura sığan deyil.
Nəsimilik – vəcdli idrakdır.
Mən cümlə cəhani-kainatəm,
Mən dəhri-zəman, zəman mənəm, mən.
İnsan “cümlə-cahan” ola bilərmi? İbtidai təsəvvür baxımından – yox! Vəcdli idrak baxımından – bəli!
İnsanı tam dərk etmək istəyirsənsə, ona soyuq, biganə baxma, atəşli bax.
Mən fəqirəm, həm dilənçi, həm mələk, həm padişah,
Həm mənəm ustadi-sənət, həm anın muzduriyəm.
Zahirəm, zahirdə faşəm, məzhərəm, həm müzhərəm,
Batinəm, hər şeydən, yəni batinin məsturiyəm.
Həm təbibəm, həm əliləm, həm əlacəm, həm səqəm,
Həm şəfanın səhhəti, hər nemətin rəncuriyəm.
İnsan həm dilənçi, həm də şah, həm təbib, həm də əlil olarmı?! Olar. Çünki insanın mahiyyəti sığmazlıqdır, heç bir keyfiyyət insan adlanan qüdrəti tam əhatə eləyə bilməz.
Dünyada – təbiətdə təzadlar çoxdur! Ancaq insan təzadlardan yüksək olduğu üçün onları özündə əridib yox edir.
Dənizəm, bəhrəm, mühitəm, qətriyəm, dəryayi-eşq,
Laməkan bünyadiyəm, həm bəhrənin qəvvasiyəm.
Bir qətrədən dəniz olmaz! Məkansız – mühitsizdir! Adi təsəvvür buna əmindir. Çünki o, qeyri-adilik, intəhasızlıq tanımır.
Vəcdli idrak isə bilir ki, adi təsəvvürlərin bir-birindən ayırdığı mənalar ülvilikdə birləşir.
Adi təsəvvürün hüdudundan kənarda elə qüdrət var ki, burada damla dəniz, müəyyənlik sonsuz olur.
Bu qüdrətin adı İnsanın ali mənasıdır.
Adi təsəvvür insanı görür, fəqət tam duymur.
Adi ağlın sürəti insan şeiriyyətinə çatmır.
Vəcdin sürəti geniş üfüqlərə çatır.
Vəcdli duyğu, tam duyğudur.
Leylinin gözəlliyini Məcnun tam dərk etmişdi. Çünki vəcdlə duymuşdu.
Vəcdlə ülviyyətə qovuşar, çox şeydən hali olarsan.
Vəcdlə qeyri-adiliyi asanlıqla görürsən, çünki ülvilik səviyyəsində dayanırsan.
Ülviliklə yaşayırsan, çünki o, qəlb evinə gəlmişdir!
Heç kəsin görmədiyini görürsən. Çünki heyrətlənmisən, cəzb olunmusan, özündən keçmisən, özünü yeni bir alidə tapmısan, onun qətrəsi olmusan, ona qayıtmısan.
Damla dənizdə itir. Həm də özünü dənizdə tapır. Vəcd anında özünü unudursan. Fəqət ən çox özünü elə həmin məqamda tapırsan.
İnsanlığa vurulursan, onun ilahi qüdrətini duyursan, vəcd səni cuşa gətirir, ehtiras seli aşıb-daşır, gözəl, zəngin, duyğulu, idraklı yaşayırsan, özünün böyüklüyünü dərk edirsən.
Cəzb olduqca itirsən. Kiçildikcə böyüyürsən.
İtdikcə tapılırsan.
Son nəticədə anlayırsan ki, sənin özündə qoruduğun şəxsi insani ləyaqətin – bəşəri ləyaqət imiş.
Damla dənizdə itir, həm də dənizə çevrilir.
Anlayırsan ki, bəşər haqqında deyilənlər sənə də aiddir.
Nəsimi insan haqqında danışarkən həmişə özü haqqında danışır.
Nəsimi özü ilə insanlıq arasında sədd görmür.
Çünki Nəsimi öz qeyri-adi vəcdiylə insanlığa tam qovuşub, özü ilə bəşər arasındakı fərqi duymur.
Məcnun ilə Leyli vəhdətinə bənzər ali mənəvi qovuşma yaranır.
Surəti-rəhmanı buldum, surəti-rəhman mənəm!
Rəhi-mütləq həq kəlami qəf-i-vəl-Quran mənəm!
Bu Nəsimidirmi, yoxsa ümumən insanlıqdırmı?
Həm Nəsiminin özüdür, həm də ümumən bəşərdir.
Nəsimi məğrurluğunun təbiiliyi bununla bağlıdır.
Nəsimi bəşərin vüqarını, qeyrətini, əzəmətini təsdiq eləyir. Ona görə də onun ən məğrur etirafları son dərəcə səmimi səslənir.
Ancaq Nəsimi həm də öz ağlına, hisslərinə, qüdrətinə tam inanır, öz şəxsiyyətini də hərtərəfli təsdiq edir.
“Mənəm allah!” – deyəndə Nəsimi özünü də allah sayırdı. Çünki vəcd məqamında bəşərdən kənar Nəsimi, Nəsimidən kənar bəşər yox idi.
Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm.
Həm həqq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm –
Sözlərini deyən Nəsimidir.
Fəqət Nəsimiylə bərabər insanların yanına gələn həm də bəşərin mənasıdır, mahiyyətidir, ölməz, itməz idraki mayasıdır.
Həm xəyaləm, həm cəmaləm, həm süfatəm, həm tələb,
Həm nüquşəm, həm bu nəqşə valehü heyran mənəm.
Bu Nəsimidirmi, yoxsa cümləbəşər?
Həm Nəsimidir, həm də bütöv insanlıq.
Nəsimi öz bəşəri vəcdində bəşərə çevrilir, özüylə bəşər arasında fərqi unudur, ona görə də özü haqqında danışmaq istərkən bəşər haqqında danışır və əksinə.
Nəsiminin özü haqqında dediyi sözlər bəşəriyyətə aiddir.
Gəlmişəm həqdən ənəlhəq, görə nə Mənsur olmuşam,
Ruhi-qüdsin nitqiyəm, sər ta qədəm nur olmuşam.
Bu Nəsiminin öz səsidir.
Fəqət “ənəlhəq” (“mənəm həq, mənəm allah”) kəlamı bəşəri kəlamdır.
Burada Nəsimilik və bəşərilik son dərəcə bir-birinə yaxınlaşır.
Mən Nəsimi –zəmanənin Mənsuriyəm, çünki ənəlhəqəm.
Ancaq allah tək mən deyiləm, ümumən İnsandır.
Mən İnsanı allah saydığım üçün Mənsur olmuşam.
Mən insana heyran olduğum üçün onu allah sayıram.
Mənim özümü təsdiqim vəcdimin təsdiqidir.
O səbəbdən də şeirlərimdə İnsan tərənnüm edilir.
İnsan isə heç nəyə sığmayan hər şeydir.
Ərş ilə fərşü kafünun, məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şəhri-bəyanə sığmazam.
Vəcdin verdiyi bilik tamamilə yeni bilikdir.
İnsan məzara sığır! Bəsit şüur bunu bilir və vəcdin həqiqətini qəbul etmir.
Ancaq Məzara sığan İnsanın bədənidir, mahiyyəti deyil. Fikri, duyğusu, amalı deyil.
İnsanın imzası bəyana sığar, ancaq adı sığmaz.
İnsanın ürəyi bədənə sığar, amma ürəyindəkilər sığmaz.
İnsanın ömrü zəmanəyə sığar, mənəvi həyatı sığmaz.
İnsanın güzəranı ömrün illərinə sığar, əzəməti illərə sığmaz.
Yalnız zahiri cəhətlər keçicidir, ölümə məhkumdur.
Daxili məna isə sonsuzdur, ölümsüzdür, sığmazdır.
Əsil hünər – əsrlərə sığmaz.
Əsil məhəbbət – ürəyə sığmaz.
Əsil mənəvi kamillik – bəsit təsəvvürlərə sığmaz.
Əsil dahilik – ehkamlara sığmaz.
Əsil şöhrət – zəmanəyə sığmaz.
Əsil gözəllik – qəşənglik hüdudlarına sığmaz.
Əsil müdriklik bəsit ağıl qəlibinə sığmaz.
İnsani xalislik və əsillik – bəsit münasibətlər çərçivəsinə sığmaz.
Əsil ehtiras ölçüyə sığmaz.
Əsil sevgi – maraqda, həvəsdə, meyildə dayanmaz, vəcdə keçər, vəcdlə həqiqətə qovuşar.
Mən vücudi-mütləqəm, mütləq derəm,
Həqqə tanıqdır, həq bilir ki, həm derəm.
Dünyada mütləq heç nə yoxdur.
Bəsit şüur buna mütləq şəkildə inanır.
Vəcdli idrak isə buna inanmır. Çünki vəcdli idrak insan ülviyyətinin, qədirliyinin, möhtəşəmliyinin mütləq mənasına inanır. Çünki ülviliyə bütünlüklə qovuşur.
Gözəlləşir, ülviləşir, müdrikləşir, onların ali mahiyyətini anlayır.
Mütləq inam və mütləq idrak mütləq mənəvi tələb yaradır.
Həqqə yar ol, ey könül, yar ol, yetər,
Həqqi çün yar eylədin, var ol, yetər.
Nurə nur ol, narə var ol, yetər,
Aləmə oldur sazə var, ol yetər.
Haqqa yar olmaq, haqqın özü kimi əbədi var olmaqdır.
Yalnız cılız olan ölümə məhkumdur.
Gözəl sifət, gözəl duyğu, gözəl idrak ölmür.
Gözəl sifət yeni çöhrələrdə və yeni mahnılarda yaşayır.
Gözəl duyğu və fikir daimi oda dönür, yanır.
2. MƏHƏBBƏT
Məhəbbətin əsil qiymətini adi duyğu yox, vəcd verir.
Məhəbbətdə ürək tüğyan edir, qeyri-adi coşğunluq, heyrət əhvali-ruhiyyəsi yaranır, sevgili dünyanı əvəz edən ecazkar varlığa çevrilir, ehtiras seli-aşıb daşır.
Məhəbbət dilə sığmır.
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.
Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,
Xüdavəndim, cahandarım, əmirim, bəyimü xanım.
Dünyada gözəl, ülvi, ali nə varsa, aşiq sevgilisinə şamil edir.
Ancaq bunlar alovlu ehtirasa azlıq edir, vəcd onlarda dayanmır, usanmır, alovlarını ətrafa yayır:
Şahım, mahım, dilaramım, həyatım, diriliyim, ruhum,
Pənahım, məqsədim, meylim, muradım, sərvərim, canım.
Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,
Dürüm, mirvaridüm, kanım, əqiqim, ləlü mərcanım.
Belə də məhəbbət olarmı?
Bir şəxsi hər şey hesab etmək olarmı?
Bəli! Əsil məhəbbət birinin başqası üçün hər şey olması, dünyaya çevrilməsidir!
Nəsiminin sevgilini vəsf etdiyi şeirləri sanki yarımçıq şeirlərdir.
Hiss eləyirsən ki, şair sevgilinin vəsfini axıra çatdıra bilmir.
Çünki ehtiras sonsuzdur, çünki sevgi vəcdi min şeirə sığmaz, çünki söylənilən nə qədər çox olsa da, yenə azdır, çünki şair sevgilini nə qədər vəsf etsə də, ürəyindəkiləri tam bəyan edə bilmir.
Bu səbəbdən vəsf seli çağlayır, nəvazişli, həsrətli, heyrətli etiraflar bir an da susmur, bitmir, nəhayətsiz, vüsətlə səslənir:
Mənim rəhbanimü deyrim, səlibim, dinim, imanım,
Həbibim, rəhatim, ruhum, rəfiqim, munisim, canım.
Bənövşəm, sümbülüm, vərdim, rəyahim, zanbağım, laləm,
Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.
Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,
Səlatim, təatim, zöhdüm, səvabım, həccü ərkanım.
Qəribə bir gərginlik var bu şeirin ahəngində! Bu, vəcd gərginliyidir.
Duyğu misralara sığmır, ona görə də gərginlik yaranır. Çox şey deyilir, ancaq məhəbbətin mənası deyilənlərdən sonsuz dərəcədə böyük olur.
Vəcd sığmazlıqdır.
Vəcdə gəlmək – nəyisə, kimisə əvəzsiz, misilsiz bir xilqət, möcüzə saymaqdır.
Bu baxımdan vəcdə layiq şəxs ölçüyə sığmır.
Vəcdə gəlmək ülvi təmizlənmədir (katarsisdir).
Bu soyuq, rasional əxlaqi ehkamlara sığmır.
Vəcdə gəlmək sehrə, möcüzəyə inanmaqdır.
Bu sıravi elmilik biçiminə sığmır.
Vəcdə gəlmək bir anda bir ömür yaşamaqdır.
Bu cismani sağlamlıq tələbinə sığmaz.
Vəcdə gəlmək – gözəllik qarşısında sarsılmaqdır.
Bayağı vüqar bunu öz şəninə sığışdırmaz.
Vəcd idrakın uçuşudur.
Bu nasiranə fəhm qəlibinə sığmaz.
Vəcd ürəyin fırtınasıdır. O duyğu ölçüsünə sığmaz.
Özündə vəcdi duymamısansa – sevməmisən!
Ehtirasın qəlbində sevgiliyə qarşı vəcd yaratmayıbsa, onun adını məhəbbət qoyma!
Sevsən, sevgilinin ayrılığı səni ağladar, özünə kömək axtararsan, yalvararsan, mədəd dilərsən.
Ey müsəlmanlar, mədəd ol, yari-pünhan ayrılır,
Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır.
Sevən, yarın gəlişini ali səadət sanar, onun sevinciylə pərvazlanar.
Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb, yari-şirin, laməkanım, mərhəba!
Sən sevgilim, gözümün nuru, bilirsənmi gəlişin mənim üçün nədir! Əhsən ki, gəlmisən!
Mənim bundan şirin, bundan əziz, bundan ülvi məqamım olmaz. Qiymətin üçün, şəfqətin üçün sağ ol!
Sevsən, hicran məqamında yanarsan, yaxılarsan, fəryadın yerə-göyə sığmaz.
Firqətindən yandı bağrım, ürəyim qan oldu, gəl!
Gəl ki, didarın bu sayru cana dərman oldu, gəl!
Sevsən, mütləq vəcd məqamının şeiriyyətini duyarsan!
3. MÜQƏDDƏSLİK
Sifət, göz, qaş müqəddəslik rəmzinə çevrilə bilərmi? Onlara büt kimi, ilahi bir qüvvə kimi, əvəzsiz sərvət kimi səcdə qılmaq rəvadırmı? İnsana, gerçəkliyə, yerə xas olanı göy, allah səviyyəsinə yüksəltmək olarmı? Müqəddəsliyi yerdə tapmaq olarmı?
Vəcdli idrak bu suallara müsbət cavab verir.
Çünki vəcdli idrak insan sifətində, yerdə, gerçəklikdə bəsit təsəvvürün görmədiyini görür.
Vəcdli idrak anlayır ki, gözəl sifət, ali mənanın təsdiqidir.
Gözəl üz səcdəyə layiqdir. Çünki gözəlsiz dünya günəşsiz səmadır, gözəlliyi heç nəylə əvəz edə bilməzsən.
Çünki gözəllikdəki sehr gücü sonsuzdur, ürək həmin möcüzədən ayrı yaşaya bilməz.
Müdriklər müqəddəsliyi yerdə tapırlar.
Çiçək müqəddəsdir, çünki baharın bəzəyidir.
Övlad müqəddəsdir, çünki ailənin çiçəyidir.
Məhəbbət müqəddəsdir, çünki insan yalnız sevgi məqamında şeiriyyətin, ülviyyətin zirvəsinə qalxır.
Çay, dağ, meşə, çörək müqəddəsdir, çünki insan həyatının ulu mənasına xidmət edirlər.
Ana, Vətən müqəddəsdirlər, çünki əvəzsiz, misilsiz, qeyri-adi dərəcədə qiymətlidirlər.
Gözəl üzə biganə gözlə baxanda, ondakı ilahiliyi görməzsən.
Gözəl üzə məhəbbətin gözüylə baxanda, o, sənin ürəyində hədsiz duyğular oyadar, səni zəngin ehtiraslar axarında sarsıdar, vəcdə gətirər, sevindirər, coşdurar və qəlb ona heyrətli mahnılar qoşar:
Rövzeyi-rizvan üzündür, vəssalam!
Surəti-rəhman üzündür, vəssalam!
Ərşi-həq, ey can, üzündür, vəssalam!
Lövh ilə Quran üzündür, vəssalam!
Sifətdə gözəllik görmək əslində, onda böyük məna görməkdir.
Çünki ali məna özünü sifətdə gözəllik biçimində büruzə verir.
Bu səbəbdən də həmin gözəllik insanı bu qədər həyəcanlandırır, onda belə hərarətli, coşğun, titrək, kövrək duyğular oyadır.
Buna görə də sevimli çöhrəni görmək haqqı görməyə bərabər olur.
Gər üzün ayin görənə, ey cahanın fitnəsi,
Şübhəsiz, həqqi görən sahibnəzər dersəm, nola!
Gözəl sifəti oxumaq, müqəddəsliyi oxumaqdır. Bu səbəbdən də üzə rövnəq verən, qaş, göz, saç, kirpik və sifət gözəlliyini tamamlayan qamət də müqəddəsdir.
Qaşınla kirpiyin vəhyi mana gəldivi, bildirdi,
Ki, sənsən ərş ilə kürsü, üzün yazusu Qurandır.
Qamətin qəddi qiyamət eylədi,
Gör bu qəddi ki, nə qamət eylədi,
Kəbədə hər dəm iqamət eylədi,
Gözlərin ona imamət eylədi.
Sifət, qamət fizioloji varlıqdır. Onlarda heç bir müqəddəslik yoxdur. Adi təsəvvürün qənaəti belədir. Çünki adi təsəvvür, gözəlliyi gözə həzz verən cismani kamillik kimi anlamağa qadirdir. Çünki adi təsəvvür üçün gözəllik olsa-olsa bəzəkdir. Adi təsəvvür gözəlliyin mənəvi mahiyyətinə varmır.
Aşiq gözəllik qarşısında sarsılır.
Cismani gözəllik – duyan insan üçün heç vaxt yalnız forma gözəlliyi olaraq qalmır, o həmin gözəllikdə ali bir məna tapır.
Bu cəhətdən gözəllik həmişə rəmzi məna daşıyır.
Gözəl üz, qamət, saç, göz – əslində yüksək mənalar ifadə eləyən rəmzlərdir. Həmin rəmzləşmə vəcd məqamında yaranır.
Gözəllikdə məhəbbət ehtirası tüğyan etdiyindən, gözəlliyin keçici cəhətləri unudulur, dərin mahiyyəti aşkara çıxarılır.
Duyursan ki, gözəllik səni adilikdən çıxarır, ülviliyə aparır, müdrikləşdirir.
Duyursan ki, gözəllik əlifbası dahiyanə kitabədir.
Var üzündə bistü-yek hərfi-qədim,
Çün üzün oldu siratül-müstəqim.
Qaşların kim, qayət əla tağ imiş,
Ruh onun meracına müştaq imiş.
Kirpiyin, zülfün, qaşın, ümmül-kitab.
Duyursan ki, müqəddəsliyin əsil mənası ilahi yox, insanidir.
Gözəlliyə səcdə qılmaq – kamillik nişanəsidir!
Mömünlər allaha, filosoflar gözəlliyə sığınırlar.
4. ÖLÜM
Vəcdli idrak ölüm tanımır.
Çünki o bilir ki, ölən insanın bədənidir, mənası, qüdrəti, əzəməti deyil.
Bu səbəbdən də vəcdlilər ölümə inanmırlar.
Nəsimiləri dabanından soyanda belə, onlar ölümlə üzləşmirlər, əzabla üzləşirlər.
Çünki onlar öləndə də yaşayacaqlarına tam inanırlar.
5. AŞİQLİK SƏLAHİYYƏTİ
Vəcdlilər – xalislərdir.
Dünya vəcdə layiqdir.
Ən böyük alimlik – aşiqlikdir.