Xəbərlər

Asif Atanın “Hüquqdan Haqqa” Bitiqi (Kitabı) çapdan çıxdı

Huquqdan-haqqa2Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Bu dəfə sizə Asif Atanın (İnam Atanın) yeni çapdan çıxardığımız “Hüquqdan Haqqa” Bitiqini (Kitabını) təqdim edirik. Asif Atanın bütün məsələlərə öz yaratdığı Dünyabaxışının ölçüsü ilə yanaşma, qiymətləndirmə üslubu Azərbaycan toplumuna bəllidir. Bu Bitiqdə “hüquq”, “haqq”, “siyasət”… anlayışlarının doğru qiyməti ilə və təyinatı ilə tanış olmaq mümkündür.
Bu günlərdə kitab Bakıda və Sumqayıtda (sonra isə ayrı-ayrı rayonlarda) kitab satışı məntəqələrinə və kitab evlərinə təqdim olunacaq.
Buyurun, bağlantı yaradın, oxuyun.
İndi sizə Ocağın Yükümlüsü Soylu Atalının “Bitiq”ə ön sözünü təqdim edirik.

 

Özgürlük – İnsan Haqqıdır

 Bəşər övladı birgəyaşayışın zəruriliyini anladıqca bu birgəyaşayışı təmin edən məsələləri zaman-zaman düşünüb yoluna qoydu. Ancaq birgə yaşamağın maddi ölçüsünü yaradıb ortaya gətirdi. Halbuki bura­da birgə yaşamağın mənəvi özülü bərqərar olunmalı idi. Sivili­zasiyada dəyişikliklər, deyək ki, Quruluş dəyişilmələri iqtisadi prin­sip­lər üzərində baş verdi. Bir-birini əvəz edən Quldarlıq, Feoda­lizm, Kapitalizm, Sosializm – iqtisadi inkişafın hər cür yolla­rını sınaqdan çıxar­dı. Ancaq heç vaxt insan xoşbəxt yaşamadı. Bu gün sonuncu minilliklərin sonuncu Quruluşu Kapitalizm mərhələ­sidir. Heç kim bunun adına kapitalizm demir, Demokratik  Quruluş deyir. İnan­mıram ki, pulçuluğu həyatın qarşılıqsız meyarı saymağı ayıb hesab eləyirlər deyə belə adlandırırlar. Sadəcə olaraq, huma­nizm görüntüsü yaradırlar ki, ayıblı əməllərin ağırlığı altından milyonların fəryadı aşkara çıxmasın.  Kapitalizm həyatı bütünlüklə bazara çevirib. Gizlin alıb-aldatmaq yoxdur, açıq şəkildə dövlət struktur­larının verdiyi imkan­lardan yararlanaraq insanlara qarşı zorakılıq həyata keçirilir.

Belə görünürdü ki, Quldarlıqdan üzü bu yana daim müsbət dəyi­şik­liklər olmalı idi. Bu müsbət dəyişikliklər də insana münasibətdə özünü göstərməli idi. Ancaq təəssüf ki, tərəqqi təbəqələrin  mənafe  fərqinə yaradı, insani münasibətlərin sağalma­sına yol açmadı. Heç bir inkişaf cəmiyyətin təbəqələşməsini aradan qaldırmır. Təbəqə­ləşmə isə heç vaxt indiki qədər müxtəlifləşməyib. Yəni təbəqələşmə xarakterik olaraq ikiləşmir, başqa sözlə, pis münasibət təkcə varlı ilə yoxsul arasında deyil. Belə olsaydı, yoxsul varlını çoxdan devirərdi.  Pis münasibət varlı ilə varlı, yoxsul ilə yoxsul arasında  da eyni qay­dadadır. Yəni pis münasibət insanlar arasında mövcuddur. Cəmiy­yət­də İnsanlığın olmaması – pis münasi­bətlər “ahəngi” yaradır. Paxıllıq, xudbinlik, mənəmlik, rəqabətçilik kimi xarakterik cəhətlər təbəqəyə bölünmür ki. Təbəqəyə bölünənlər də bu keyfiyyətləri başqa təbəqə­yə buraxmır, özüylə gəzdirir. Asif Ata deyir “cəmiyyət insanın adam­lıq səviyyəsindən yaranıb”. Adam da özündə antiinsani keyfiy­yət­lər yaşadır. Yəni özünə qarşı yaşayır. İqtisadiyat da Adamlıq keyfiyyətləri əsasında  tənzimlənir, inkişaf edir, – mahiyyətcə insana qarşı inkişaf edir. İnsana qarşı inkişaf isə təkcə insanın varlı və yoxsul olmasında özünü göstərmir, həm də təbiətə dəhşətli zərbə vurulur. Bu isə özlüyündə insanın fiziki sağlamlığını da təhdid edir. Deməli, Adamlıq niyyətlərinin gerçək­ləş­məsi  əsasında iqtisadiyyatın inkişaf etməsi təbii fəlakətlər bolluğu deməkdir. Həyat getdikcə faciəviləşir. İnsanın insan üzərində ağalığı, eqoizmi ictimai, iqtisadi, siyasi  problemlər adıyla yaşayır. Ancaq məsələ Adamın təbiətə qarşı tamahında, insana qarşı ağalığın­dadır. Təbiətin xilasının da bir yolu var – sənayeləşmə minimuma enmə­li­dir. Sənayeləşmə təbiətsizləşmə demək­dir. Asif Ata da vurğulayır ki, bundan xilas olmaq üçün Adam İnsanlaşmalı­dır. İctimai dəyişik­liklər iqtisadi yürüş əsasında yox, İnsa­nilik əsasında olmalıdır. Onda hər kəs başqasından qazanc götür­mək yox, başqasına xeyir vermək haqqında düşünər. Başqasına xeyir vermək istəyən təbiətə zərər vurmaz.

Əməl qarşılıqlıdır, – başqasını özün üçün qazanc vasitəsinə çevir­sən, o da səni çevirəcək. Başqasına xeyir vermək istəsən, o da sənə xeyir verəcək…

Bütün bunları “İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” kitabından öyrənmək olar.

“X Bitiq”in ikinci kitabı “Həqiqət Azadlığı – Cəfəngiyyat Əsarəti” adlanır. Asif Ata bu kitabında insanı cəfəngiyyat əsarətindən qurtar­ma­ğın tələbini irəli sürür. Əslində cəmiyyət din vasitəsiylə ruhani əsarətə düşüb. Bu əsarət həm də iqtisadi təbəqələşməyə qulluq edir. Din deyir ki, Allah dünyanı idarə edir. Bu fikir Mənaya çatmır, ger­çək­likdən gəlir və adilikdə qalır. Cəmiyyəti – ağalıq səviyyəsində yaşa­yan bir zümrə idarə edir. İnsanlaşma olmadığı üçün cəmiyyəti ağa­lı­ğın idarə eləməsi əməlindən fərqli bir əməl ortalığa çıxmayıb. Demə­li, ağanın, ağalığın cəmiyyəti idarə eləməsi “qaçılmazlığı” şüurlara işləyib.

İnsanın insan üzərində ağalığını Allahın insan üzərində ağalığı ilə əvəz edən din dünyada ortaqsız Allah hakimiyyəti bərqərar etmək istədi. Bu, Don Kixotluq idi. Olmayan bir hakimiyyət, olmayanın idarəçiliyi. Nəzəri bir boşluq.

Ümumiyyətlə isə, dünyada Allah hakimiyyətini bərqərar etmək niyyətində ikiüzlülük vardı. Axı dinə görə dünyanın hakimiyyəti bünövrədən İblisə tapşırılıb. Cəmiyyətin varlığında Allahın deyil, İblisin yaşaması qərarlaşdırılıb. Bütün yer əməlləri  də Allah məzmu­nuna deyil, İblis məzmununa uyğundur…

Bir sözlə, bəşəriyyətin şüuruna hakim kəsilən cəfəngiyyat dünyanı qaranlığa bürüdü. Qaranlıq Yalandan törəyir, Yalan xeyirxahlıq doğ­mur, zülm doğur, istibdad yaradır. Yalan dünyanın ölümünə qərar verir, xilasına yox. Dünyanı Həqiqət xilas edir. Çünki Həqiqət insana azadlıq gətirir. Dünya insani münasibətlərin saflığından müqəddəs nizam tapır.

Cəfəngiyyat azadlığı əvəz edəndə insanın idrakı qaranlığa düşür. İnsan öz növündən olanın ağalığını rədd eləmək üçün öz üzərində Göydəki Allahın ağalığını yaradır. Bəndənin ağalığındansa Allahın ağalığı yaxşıdır deyə düşünür. Özünə mənasız təsəlli verir ki, yerdəkinin ağalığı-filan boşdur, hamı Allahın quludur. Əslində ağalığı rədd eləmək üçün insandan öz İnsani mahiyyətinə  bərabər yaşamaq tələb olunur. Bu olmayanda insan özü üçün ağanın yerini dəyişməklə qul psixologiyasından azad olmur.

İnsanlığın geniş, sonsuz Məna olduğunu bəşəriyyət dərk eləsəydi, uzaqlarda Allah-ağa axtarmazdı.

Dünyanın mənaca geniş, sonsuz olduğunu dərk eləsəydi, axirət dünyasına ümid bəsləməzdi…

“Siyasətdə Dünyanı Nizamlamaq onu Buxovlamaq deməkdir əslində” – (Asif Ata).

Bu fikir Asif Atanın “Siyasətdən Üstün” kitabındadır. Asif Atanın Dünyabaxışına görə siyasət adamın İnsanlaşmasının qarşısını alan əməldir. Dövlət xalqa qulluq eləmir, ona görə də siyasət yaranır. Yəni cəmiyyəti yalanlarla, zorakılıqla idarə etməyin adı siyasətdir.

İç siyasət – xalqı mənasından ayırır, cəmiyyətə (sürüyə) çevirir və idarə edir. Şəxsiyyəti olmayan, böyükləri olmayan cəmiyyəti idarə eləmək asandır. Ona görə də hakimiyyət xalqın içindən çıxan şəxsiy­yətləri xalqdan ayırır, titullaşdırır, vəsiqələşdirir, məmurlaş­dırır – cəmiyyətin bir ünsürünə çevirir. Şəxsiyyətsizləşdirilən xalq başsız qalır və cəmiyyətə çevrilir. Hakimiyyət xalqa qulluq göstər­məkdən “azad”  olur və cəmiyyəti özünə qulluq etdirərək idarə edir.

Dış siyasət – başqa ölkələri kiçildir və idarə edir. Öz xalqına ağa­lıq eləyən dünyaya da ağalıq eləmək istəyir. Bunun üçün başqa ölkələrin iç işinə, idarəçiliyinə nüfuz edir və onun milli prinsipləri əsasında yaşamasını aradan qaldırır. Ancaq balaca dövlətlərin dünya ağalığında qatqısı olmur. Ona görə də onlar öz içində ağalığını qoru­maq üçün beynəlmiləlçilik prinsipi ilə yaşamağa üstünlük verir. Çünki milli prinsiplərlə yaşasa, xalqa ağalıq edə bilməz.

Beynəlmiləlçilik əsasında yaşamaq davamlı şəkildə xariciləşmək (özgələşmək) əməlidir, başqa sözlə, daim xarici təsirlərdən asılı olmaqdır. Xariciliyin təsirində yaşayan dövlət heç vaxt xalqına qulluq göstərməz, göstərə bilməz. Ona görə də dış siyasət iç siyasətin üzərində təşəkkül tapır.

Dövlətin xalqı qoruması və ona qulluq eləməsi üçün dövlətin başında şəxsiyyət durmalıdır. Bunun üçün dövlət idarəçiliyinin xarakteri dəyişməli, – siyasilikdən çıxmalı, ruhaniləşməlidir. Asif Atanın tələbi, Yolu budur.

Asif Ata “Haqq – Haqsızlıq”, yaxud “Haqq” kitablarında ardıcıl şəkildə hüququn haqq olmadığını və insana yaramadığını sübut edir.  Hüquq qıraqdan (dövlətdən, siyasətdən) insana verilən imtiyazdır. Haqq – insanın daxili məziyyətidir – İnsanlığın tələbidir. Hüquq adamı içindəki naqisliklərlə bir yerdə qoruyur, yaxud adamı cəzalandıranda onun içi naqisliklərdən təmizlənmir.

Hüquq canini cəza evinə salır, ancaq cinayəti canidən ayırmır, – cani canilik dərdindən sağalmır. O, cəza evindən çıxanda içindəki cina­yət imkanı ilə birlikdə azad olur. Cani qorxudulur, ancaq onun içindəki cinayət qorxmur, gizlənir. Fürsət düşəndə yenidən əmələ qayıdır. Beləliklə, cani-hüquq münasibəti əslində  dərin mənada heç nəyi həll eləmir.

Hamı qanun qarşısında bərabərdir deyirlər. Axı qanun qarşısında bərabərliyin təminatı nə deməkdir? Varlı ilə yoxsul, ağa ilə qul, pullu ilə pulsuz nə vaxt qanun qarşısında bərabər olubdur? Hansı cəmiy­yətdə, hansı dövrdə? Bütün bunlar ritorik yalanlardır. İnsanlaş­ma yox­dursa, bərabərlik də yoxdur. Adamın içindəki əyrini, canini öldür­mək üçün onu İnsanlaşdırmaq gərəkdir. Adam İnsana yüksəl­dik­cə Hüquq da Haqla əvəz olunur. Budur Asif Atanın çağırışı.

Beləliklə, Ata Yaşamın yeni ölçüsünü müəyyən edir – Mütləqilik ölçüsünü.

Yalana Dəyişməzlik statusu verəndə o, ehkama çevrilir. Həqiqətin Dəyişməzliyi isə ona verilən status deyil, özümlükdür…

Bununla da, biz, Asif Atanın “Hüquqdan Haqqa” Qutsal Bitiyi haqqında  yığcam bir mənzərə yaratmağa çalışdıq. Lap doğrusu isə Asif Atanın kəlamlarını öz kitablarından oxumaqda və düşün­məkdədir.

Atamız Var olsun!

 

Mütləqə İnam Ocağı

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir