Xəbərlər

Asif Atanın ildönümü anıldı

Ürəyinizdə Ata Günəşi olsun, sayğılı yurddaşlarım!

23 il bundan öncə, Ocaq günsırası ilə 19-cu il, Şölə Ayının 5-də (miladla iyun 1997-ci il) Asif Ata aramızdan getdi. Olduqca çətin dönəmlərimiz başladı. Nə bir təcrübə vardı, nə də yetkin idrak adamları idik. Ancaq yenə də toparlanıb Onun Ocağını yaşatmağa, davam etməyə and içdik, söz verdik. Ayrı-ayrı hallarda aramızda düşüncə ayrılıqları yarandı, yerli-yersiz iddialarımız ortaya çıxdı, düşüncə ayrılıqlarına varanlarımızın hər biri özünü haqlı saydı. Ancaq hər kəs Asif Atanın sözünə dayandı, hər kəs Asif Atanın dediklərini o birilərə anlatmağa çalışdı. Dil tapılmadı, ancaq Yol gedildi. Ocağın həqiqətini taleyinə çevirə bilməyənlər qırağa durdular. Bir kəsim adamlar öz ömürlərini yaşadılar, ancaq Ataya olan sevgilərini itirmədilər, onun adını, xatirəsini andılar, ayrı-ayrı hallarda yazılarını, müsahibələrini yaydılar. Bir kəsim adamlar da Ocağı özlərinin yaşam yolu elədilər. Ocağın bütün qurallarını, Atanın buyurduğu kimi, yaşatdılar. Asif Ata dünyabaxışının bütün irsini toplayıb arxivini yaratdılar, üzünü köçürüb yaydılar, kitablarını çap elədilər, çoxsaylı tədbirlər, görüşlər keçirdilər, bölgələrə səfərlər edib xalqın arasında onun hədəflərini təbliğ etdilər. Bu gün də bu işlər davam etdirilir, işin miqyası azalsa da.

Ocaqçılıq işini bacarmayanlar oldu, Ocaqdan getdilər, ancaq Ocağa yeni insanlar da qatıldılar. İndiki çağda bölgələrdən yeni qatılanlarımız da var.

Beləcə, Ocaqçılıq da bir prosesdir – insanlarının yanlışlarıyla, doğrularıyla, geri duranlarıyla, sadiqləri ilə, gücsüzləri, hünərliləri ilə yaşayır, qurulur, gedir. Dönə-dönə hüquq mühafizə orqan­larının idarələrində olduq, dindirildik, araşdırıldıq; Dönə-dönə haqqımızda dezin­formasiyalar yayıldı; dönə-dönə aşağılamağa, küçümsəməyə çalışdılar; dönə-dönə Asif Atanı savunanlar, işini alqışlayanlar oldu. Bu gün də bu var, yarın da olacaq. Ancaq Asif Ata bütün bunlardan yüksəkdə durur, bütün bunlardan yüksəkdə qurdu Ocağını. Biz bunu yaşayırıq, sübut edirik.

Xatırladırıq ki, Ocaqçılar hər il bu günsırada (təqvimdə), yəni 5 Şölə (iyun) ayında, Ağstafaya səfər edərək, Asif Atanın sonevini ziyarət edirlər. Bu il bəlli olaylara (koronavirus məsələsi ilə bağlı yaranan karantin rejiminə) görə Bakıdan çıxış yoxdur. Bu üzdən Ağstafaya səfər edə bilmədik. Ancaq Bakıda toplaşdıq, ziyarət sözümüzü dedik, qurallarımızı yerinə yetirdik.

Yeri gəlmişkən, Asif Atanın ölümünün ildönümü ilə bağlı kulis.az saytında bilgi verilib. Bu açıdan kulis.az-ın əməkdaşlarına, diqqət ayırdıqları üçün, təşəkkürümüzü bildiririk. Eyni halda, bilgidə gedən bəzi yanlışlara düzəliş vermək istəyirik: Deyilir ki, Asif Atanın ilk dəfə torpağa qoyulduğu Beyləqanda, sonev üzərində, 6 sütun ucaldılıb, onlar kəmərlə bir-birinə bağlanılıb, üzərində ideyanın adı yazılıb. Bildiririk ki, bu tikili Beyləqanda yox, Ağstafada qurulub. Asif Ata Beyləqanda cəmi bir gün qaldı, İran əlaltılarının həşiri ilə sonev (qəbir) açılıb Ağstafaya köçürüldü. Beyləqanda isə həmin yerin qarşısında İnam Evi (Məbəd) ucaldılıb.

Sonra, bilgidə vurğulanır ki, Asif Ata Ağstafada İslam qaydası ilə torpağa qoyulub. Belə bir şey olmayıb! Asif Ata torpağa qoyulandan sonra söz deyildi, hamı oradan uzaqlaşan zaman, Asif Atanın uzaq qohumlarından biri, yenicə mollalığa başlamaq istəyən cavan bir adam axıra qalıb, ərəb dilində bildiyi şeyləri oxuyub.

Başqa bir yerdə deyilir ki, Asif Atanın ardıcılları onu peyğəmbər saymırlar. Bu, doğru deyil. İnanmıram, bu deyilişdə qərəz olsun, görünür onlar bizi yaxşı izləmirlər. Yutubda çıxışlarımız var, orada biz dönə-dönə vurğu edirik: bizim istəyimiz Azərbaycanda Peyğəmbərlik hadisəsi yaratmaqdır. Bu məsələ, bu istək artıq yetərincə hər yerə yayılıb. Yayılmaqda davam edir.

Hər halda, verilən bilgiyə görə bir daha sağ olun deyirik!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

 

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 06 Şölə Ayı, 42-ci il.
(iyun, 2020)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir