Bu günlərdə Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı özünün ulusal-ruhsal qurallarına uyğun olaraq, Beşikbaşı Törəni keçirmişdir. Yaşamını Ocaq ideallarının tələblərinə bağlayan Göylü Atalı Pərviz adlı soydaşımızla evlilik (ailə) qurmuşdur. Asif Atanın Evlənmə qurallarında göstərildiyi kimi, evlənənlər Ocaq ortamına gəlmiş, Ocaqdan uğurlama almışlar. Törənə Ocağın yaxın dostlarından da qatılanlar vardı.
Öncə Mütləqə İnam ocağının Yükümlüsü Soylu Atalı evliliyin Ulusal-İnsani anlamına yönəlik söz demişdir: “Evlənmə – xalqın yaşamını iki yöndən davam eləməkdir – həm fiziksəl-bioloji, həm də ulusal-ruhani. Yəni həm soy yaratmaqla, həm də insani dəyərlərini, ulusal gələnəklərini yaşatmaqla. Bu açıdan evlənənlər ciddi sorumluluq daşıyırlar. Heç kim övladını yalnız özü üçün böyütmür, xalq üçün böyüdür. Xalq insanın qalıcılığıdır. İnsanın nəyi var, ya da nəyi üzə çıxırsa xalqda qalır, xalqda yaşayır. Əslində evlilik olayında verilən uğurlama – evliliyi gerçəkləşdirənlərə ismarıcdır: dünyaya övlad gətirin, xalqın dəyərlərini ona tanıdın, xalqın dəyərlərini yaşatmağı ona öyrədin. Bu anlamdan qıraqda evlilik bioloji xarakter daşıyır. Yəni ruhsal anlamını itirir.
Bu gün biz evlənənlərimizə hansı dərinlikdə sorumluluq daşıdıqlarını xatırladırıq. Evliliyin uğuru da bu həqiqəti bilməkdədir”…
Bundan sonra Ocaq Yükümlüsü evlənənlərə Ata-Ocaq adından Ruhsal Bəlgə sundu.
Evlənənlər Ocaq qarşısında Evlilik Sədaqətinə and içdilər.
Ocaq Yükümlüsü evlənənlərə Asif Atanın Birinci Qutsal Bitiyini – Mütləqə İnamı bağışladı. Bitiq iki abedə – həm latın qrafikalı Azərbaycan abesində, həm də Ocaq-Türk abesində hazırlanaraq, köynəyin içinə salınmış şəkildə bağışlandı.
Evlənənlərin görüşünə gələnlər ürək sözlərini dilə gətirdilər. Göylünün əqidə yolu, yönü haqda söz deyildi. Onun arı, sağlam mənəviyyatı, özündənkeçmə əməlləri yüksək dəyərləndirildi.
Törəndə bədii çalarlar da gerçəkləşdirildi. Yəni Saz çalğısı, şeir söyləmələr, milli məişətimizə uyğun süfrə, milli-ideoloji söhbətlər – Törənin bir bölümünü təşkil edirdi.
Doğmalarımızın evliliyi qutlu olsun. Onlara başarılar, uğurlar diləyirik.
Atamız Var olsun!
Mütləqə İnam Ocağı
Od Ayı, 40-cı il. Atakənd.
(iyul, 2018. Bakı).