Asif Atanın Mütləqə İnam Ocağı
Ötgünün anasına Yas Törəni keçirdi
(Törən Ocağın Yükümlüsü Soylu Atalının aparması ilə başa vardı – U.A.)
Soylu Atalı: “Ölügötürmə Törəni” ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Sizin Xəyyam kimi tanıdığınız (üzünü Ötgünün qohumlarına tutur – U.A.) bizim amaldaşımızdır, Ötgün adını daşıyır. Biz illərdir, bu xalqın içində, onun ləyaqətinin formalaşmasına çalışırıq. Öncə onu deyim, həyatda ayrı-ayrı baxışlar var. Bundan öncə Ötgün başqa bir baxışın daşıyıcısı olub. O baxışa Ateizm deyirlər. Biz o baxışı doğru saymırıq. Ona görə bu qardaşımız da, doğru bildiyi üçün, Asif Atanın Yolunu qəbul elədi. Nədir, niyədir? – bu ayrı qonudur. Qısa şəkildə bir giriş deyəcəm. Ondan sonra ölənimizlə bağlı ağırlama sözü deyək. Deməli, illər öncə mən öz atamın yasında da Ocaq yönündən söz demişəm. Orda molla da vardı, biz də vardıq. Paralellik hələlik qaçılmazdır. Ancaq gələcəkdə molla olmayacaq, biz olacağıq.
Azərbaycanda çox bölgələrdə olmuşuq. Özümüzə yaxın olan insanların yas yerlərində xalqın öz ruhuna, öz kimliyinə uyğun söz demişik.
Yas nədir? – İnsan dünyaya gəlir, ölür. Bu bəllidir, heç bir insan fiziki olaraq əbədi deyil. Ancaq ölüm məsələsi biryolluq yox olmaq demək deyil. İnsan biryolluq yox olacaqdısa, heç onda yaranmasına gərək olmazdı. Buna görə yas yerində gərək ölümün anlamı bilinsin, dərk olunsun. El arasında belə bir söz var: bir adam doğru olmayan bir iş görəndə, deyirlər, ölümü yada sal. Nə deməkdir bu? Yəni bir gün öləcəksən. Özünü insan kimi apar, səndən sonra yaxşı işlərin qalsın. Doğrudur, çoxları bunu başqa anlamda deyir: yaxşı iş gör, öləndə cəhənnəmə getməyəsən. Bu boş sözdür, insan kimi yaşayanın cənnət xülyasına ehtiyacı yoxdur…
İndi bir ana yaşamdan ayrıldı. Bu ananın yaşamdan ayrılmasının anlamı var. Yəni doğulmasının, ölməsinin anlamı var. Bu ana fiziki ölümlə bitmir. Onun oğlu, qızı var. Yəni ondan sonra oğlu, qızı bir soya çevrilir. Eyni zamanda o, təkcə bu soyla davam eləmir. Ana özünün övladlarına çəkdiyi zəhmətlə, öz millətinin ləyaqətini yaşatmaqla, öz övladlarını buna öyrətməklə də var olur. Yəni, bir ana övlad böyüdür, o övladın ağlına, şüuruna zaman-zaman, özü bunu çox hallarda bilməsə də, xalqın gələnəklərini yeridir. Beləliklə, xalqın yolu bilinir, mənliyi bilinir, gələnəkləri bilinir.
Zaman-zaman bizim içimizə ayrı-ayrı baxışlar gəlib, etkilər gəlib, hərəsi özününkünü bizə verib. Sonucda içimizdə qarışıqlıq yaranır. Millət olaraq, xalq olaraq, gələnəklərimizi itiririk. Getdikcə başqa şəkil alıb gələnəklərimiz. Biz bir xalqıq, hər şey özümüzün olmalıdır. Onu-bunu yamsılamalı deyilik. Fransız fransız dilində, öz evinin içində öz gələnəklərini yaşadır, mədəniyyətini yaşadır. Heç bir xalq başqa xalqın etkisində mədəniyyətini yaşada bilməz. Xalqın özündən yaranan mədəniyyəti xalqın özü yaşatmalıdır. Bax, bu da ən çox yasda, toyda özünü göstərir. Deməli, xalqın mədəniyyətinin ən böyük iki cəhəti var. Bunun biri toydur, biri yas. Ölənin ortadan götürülməsi bizdə çox bayağı şəkil alıb. Nə qədər dəyişikliyə uğrayıb. Mən burda toydan danışmaq istəmirəm. Hamınız bilirsiniz, insanlar hansı durumdadır. Şadlıq evinə getməyə ağlaşır hamı. Pulu aparıb restoranlara tökürsən. Yəni davranış tamam pozulub.
İkinci, yas yerində ölən haqqında heç bir yerdə söhbət getmir. Bu yaxınlarda kənddə mənim əmim oğlu öldü. Söhbət elədim, dedim, bura toplaşıbsınız, ancaq ölən haqqında bir kəlmə danışmırsınız. Niyə onun xatirəsini yaşatmırsınız? Kim idi o? Onun yaşatdığı keyfiyyətlər var idi axı. Onun sevinci var idi, kədəri var idi, baxışı var idi. Niyə bunlardan söhbət açmırsız? Yas yerinə gələndə ölənin xatirəsini yaşatmaq gərəkdir. Bilən bilir, bilməyən də onun xatirələrini qoy bilsin. Bax, bu, ölənlərimizə qarşı ən böyük sayğımız olar.
Yas yerində ölənə uyğun olmayan söhbətlər baş alıb gedir. Məsələn, bəzən elə köhnə söhbətlər eləyirlər, heç bu millətə özgün deyil. Ya da hər kəs özünün təsərrüfatından danışır. Bunlar xalqın gələnəklərinin itirilməsinin sonucudur. Asif Ata deyir, hər şey öz anlamına uyğun olmalıdır. Öz anlamına uyğun yaşadılmalıdır. Xalqsan sən. Xalq ol. Oyun oynama xeyirinlə, şərinlə. Onu doğru elə, doğru həyata keçir. Onun yiyəsi kimi çıxış elə.
Mən bunları sizə deməyə özümü borclu bilirəm. Bilirisiniz, bizim xalqımız dünyanın heç bir xalqında olmayan dərəcədə gələnəklərimizi bayağılaşdırıb. Sizə konkret bir məsələni deyim. Anam atamın ölümündən sonra mənə dedi: mən rahatsızam, sən mənim yasımda dana kəsməyəcəksən. Anamı anlamağa çalışdım, çünkü o, belə görüb gələnəyi. Ancaq çox pis etkiləndim. Atam öləndə bir kitabça yazdım. Adını qoydum – “atamın dastanı”. Atamın qeyrəti, çalışmaları, əzabı, nəyi varsa, yazmışam orda, şəkilləri ilə bir yerdə. Mənim atam toplumsal adam deyil, alim deyil, aydın deyil, sıradan bir kəndçi idi. Ancaq qeyrətli bir kişi idi. Bu kitabça ilə onu on illər, yüz illər gələcəyə aparmışam əslində. Nə qədər bu kitab var, yaddaşlarda atam da var.
Anama dedim, sən bir dananı bu əməldən üstünmü bilirsən?! Doğurdanmı elə bilirsən, atamın urvatı dana ilə ifadə olunur?! Neçə danalar o kitabı əvəz eləyə bilər?!
Uzaqdan gələnlərə bir tikə çörək verərik, ancaq hasarın o üzündən gəlib yemək gözləyirlər. Ölən qalır bir yanda, hamı biş-düşlə uğraşır. Ölənin dərdini, kədərini yaşamırlar, ehsan yeməyə gəlirlər. Belə şeylərin ayıb olduğunu bilmək gərəkdir. Əgər ehsan vermək istəyirsənsə, imkanı olmayan, ac-yalavac insanlara bir kisə un al ver, gücün nəyə çatır, onu elə. Elə elə, öz ailən acından ölməsin. Neçə adama gücün çatır o qədər. Ehsan budur. Ölü qalıb bir yanda, kədərimiz qalıb bir yanda, süfrə açırıq. Süfrədə filan şey də olmalıdır. İndiki aclıq çağında özəllikcə. Ölkə batıb gedir. Bunun balası nəylə dolanacaq sonra?! Belə qural olmaz, belə ehsan olmaz.
Pul yığırsan. Pulu borc yığırsan. Bu ölünü niyə borca salırsan axı? Görün, insana yaraşırmı bu?! Uzaqdan gələnə çay verəcəksən, ölünü torpağa qoyacaqsan. Bunun üçün yaxın qohumlar yığışıb köməkləşə bilər. Yoxsa dəftər qoy ortaya, pul yığ, ayıb məsələdir. O dəftər ölünün adına borcdur. Çox pis şeydir. Baxın, bizim hakimiyyətimiz hamımızın adına dövlət səviyyəsində borc yığıb. Azərbaycan insanları borc içindədir. Hamımız buna pis baxırıq, ancaq ölümüzü borca salırıq.
Bütün bunları mən, öz soyuma, kəndə gedəndə anlatmağa çalışıram. Doğru olmayan şeylərdən əl çəkməyi bacarın, qorxmayın. Doğru olmayanı niyə yaşadaq?!..
Bunlar bizim yasımızla bağlı sorunlarımızdır. Ona görə bunları dilə gətirirəm. Mənim atamın yasında məndən xahiş elədilər, icazə verərsənmi, filan məsələni sizin yasınızdan başlayaraq, ortadan götürək? Dedim, nəyi istəyirsiniz, nəyi doğru saymırsınız yığışdırın. Adamlar öz boğazını, tamahını düşünüb xalqın gələnəklərini zay etməməlidir.
Bunu sizə deməkdə məqsədim odur, bizim içimizdə belə şeyləri bacaran oğullar, qızlar gərəkdir. Yoluna qoymağı bacaran insanlar gərəkdir. Əyintiləri düzəltməyi bacaran insanlarımız gərəkdir. Qol zoruyla yox, sevgiylə. Xalqımızı sevirik. Heç kimə zorla nəyisə yeritmək olmaz. Sevgimizlə, aşama-aşama, düz olanı gətirək ortaya. Onda biz xalq kimi varlığımızı anlayacağıq.
Anamız bizə layla çalır. Layla çalanda, öz dili ilə, şüurumuza milli ruhu yeridir. Bizim də anamıza sayğımız odur, onu yerdən qaldıranda bizə öyrətdiyi dildə ağırlayaq. Bunun adına Asif Ata İnsanlaşma yolu deyir.
Hər kəs içində pis şeyləri yaşatmaqla xalqın ümumi ortamına ziyan verir. Mən hesab edirəm, ölənin övladları onun mənliyində, kimliyində yaxşı nə varsa, onu yaşatmağa borcludur. Onda onun ruhu var olur.
Yenə insanla bağlı söhbətimin üzərinə qayıtmaq istəyirəm, insan doğulur, dünyaya gəlir. Niyə gəlir? O gəlmir, heyvan ömrü yaşasın. 50 il, 70 il, 100 il yaşayıb heyvan kimi də aradan getsin. Yəni dünyanı bilmədən, anlamadan. Əslində insan dünyaya ona görə gəlir, öz mənasına bərabər yaşasın. Hər birimiz içimizdə İnsanlıq adlanan Məna daşıyırıq. Dünyaya ona görə gəlirik, o mənamızı – İnsanlığı üzə çıxardaq. Namuslu olaq, qeyrətli olaq, ləyaqətli olaq, kişi kimi olaq, qadın kimi olaq, əsil olaq. O bizim içimizdə var, imkanda. Ya biz onu üzə çıxarıb ömrümüzü ona uyğun qurmalıyıq, ya da biz içimizdə onları gömməliyik, pis keyfiyyətləri yaşatmalıyıq. O pis keyfiyyətlərlə də ölüb getməliyik. Əgər belə olarsa, bu, əslində heyvana bərabər ömürdü. Ona görə gərək insan insana bənzər ömrü yaratsın öz içində. Heç kim bizi bu yaşda tərbiyə eləyəsi deyil. Heç kim bizim, bundan sonra, əlimizdən tutub qeyrətli oldurası deyil. Onu biz özümüz tanımalıyıq, yaşatmalıyıq. Qeyrətin nə olduğunu bilməliyik, ədalətin, vicdanın nə olduğunu bilməliyik. Hər kəs elə bilir, vicdanlıdır, ədalətlidir. Heç kim demir mənim ayranım acıdır, ancaq davranışında, insana, xalqına münasibətində bunlar özünü göstərir. Bax, “ölümü yada sal” bu deməkdir əslində. İnsan niyə gəlmişdi dünyaya, niyə getdi dünyadan? Ölüm nə deməkdir? Doğulmaq nə deməkdir? Bunların mənası açılmalıdır. İnsan bundan örnək götürməlidir. Əslində yas yerində nə deyirsənsə, o, ölən üçün deyil, qalanlar üçün olmalıdır. Bütün böyük şəxsiyyətlər də belə şeylərdən yazıblar, yaradıblar, qalanlara örnək versinlər.
İndi başsağlığı sözü olan buyursun, söz desin.
Nürtəkin Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya, İnam Ataya səcdə ilə! Qardaşımıza başsağlığı verirəm. Hər birimiz əzizlərimizi itirmişik. Adam alışdığı, öyrəşdiyi gülüşü bir daha görməyəcək, səsi eşitməyəcək. Məndə də olub. Başqa adamlarda aramışam o səsi, gülüşü. Ancaq əlçatmaz bir şey olur artıq. Bu gerçəklikdir. Bu gerçəkliklə barışmaq gərəkdir. Eyni zamanda içdən elə bir qüdrətə yetmək gərəkdir, kədər səni yenməsin. O kədər içində yoluna davam eləyəsən. Ölənlə bağlı xatirələr bizim ömrümüzdə yaşayır. Elə yaşamaq gərək, insan ömrü bir soydan o yana keçsin. Yəni, mənasına bərabər yaşamaq gərək. Ölüm bizi ayıldır. Özümüzü, özümlüyümüzü yetirməyə çatdırır. Atamız Var olsun.
Ötgün Atalı (Ataya səcdə edir – U.A.): Təbii, mənim üçün çox ağır oldu, gözlənilməz oldu. Hətta mən belə ağır olacağını təsəvvür eləmirdim. O qədər pis etkiləndim, məndə ağrılar baş verdi. Ancaq sizin sözləriniz mənə dayaq oldu. Nürtəkinin, Güntayın, Göylünün, Ocaq dostlarının köməyi oldu özümü toparlamağıma. Əslində bu, hər kəsin başına gələcək bir gerçəklikdir. Başa düşdüm bu gerçəkliyi, qəbul elədim. Körpələri düşündüm, özümü toparladım. Atamı uşaq vaxtı itirmişəm, əslində atalar haqqında elə də güclü təsəvvürüm yoxdur, yaşamadığım üçün. Düşünürəm, adam hansı yaşda olur-olsun, ananı itirəndə pis olur.
Sizin gəlməyiniz , burada söz deməyiniz mənimçün çox dəyərlidir Soylu bəy. Minnətdaram hər birinizə. Var olun. Atamız Var olsun!
Soylu Atalı: İndi Məna nədir, Dünya nədir, Mütləq nədir, Allah nədir, bax, bu yazıda öz anlamını tapır. Asif Atada allaha yanaşma tamam ayrı cürdür. Mən indi onu sizə oxumaq istəyirəm:
MÜTLƏQ
Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İdrakda, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dostluqda, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu Cazibədarlığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım Odur!
Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!
Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!
Mövcudiyyatda – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xalqın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ənginliyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!
Bunlar Mütləqin təzahürləridir!
Mənim Allahım Mütləqdir!
İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adiliyindən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özündəki Mütləqə yaxınlaşır!
Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsizliyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxınlaşır!
Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Mütləqə yaxınlaşır!
Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuşmaya çevrilirsə – İnsan Özündəki Mütləqə yaxınlaşır!
Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxavətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!
Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!
Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…
Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi – Mütləqin təzahürüdür.
Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!
Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmətdə, Qüdsiyyətdə Mütləq yaşayır!
Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!
Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müdrikliyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!
Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!
Mənim Allahım Mütləqdir!
Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.
Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.
O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsitlikdən ibarətdir.
Dünya heç vaxt tam Mütləq olmur.
Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!
Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxınlaşmağa, onunla bir olmağa meyil var.
Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.
Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.
Mənim Allahım Mütləqdir!
Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəqqi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!
Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.
Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçəkliklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.
Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!
Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.
Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.
Həm Sonsuzdur Mütləq, həm də Sonlu!
Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.
Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!
Həm Görünəndir Mütləq, həm də Görünməz!
Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyətlərdə, Təzahürlərdə!
Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.
Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmürəm!
Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!
Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!
Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuşmağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.
Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiətdə mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bunlar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıqdır.
Mütləq Dünyanı yaratmayıb.
Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kənara çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.
Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:
– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik verən – Mütləq!
Mənə kömək et!
Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlıyam, qəbahətliyəm!
Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!
Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyimdən, naqisliyimdən uzaqlaşım!
Necə varamsa, azam, cılızam, səndən uzağam.
Yaxınlaşdır məni özünə.
Həmişə mənimlə ol.
Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyimdə də, cavanlığımda da, qocalığımda da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!
Ömrüm boyu sənə xidmət edəcəyəm!
Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Müqəddəs nə varsa, hamısını yığacam qəlbimə, onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və ona səcdə qılacam.
Sən mənim Atamsan!
Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!
Bayaqdan sizə dediyim anlam – yəni bütövlük parçalansa da, ayrı-ayrı nişanələriylə qayıdır. Bunu aydınlaşdıran bir yazını Güntay oxusun.
ÖLÜMLƏ GÖRÜŞ
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!
Nurtəkin Atalı (“Aqibət” əsərini oxuyur – U.A.):
AQİBƏT
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.
Soylu Atalı (Matəm Üstə Mütləqlə Təması deyir – U.A.):
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Bununla da, bu gün Xanım anaya keçirdiyimiz Yas Törəni başa çatır. Evində, yurdunda işıq sönməz olsun.
Atamız Var olsun!
1 Çiçək Ayı, 39-cu il. Binə qəsəbəsi.
(aprel, 2017).