Xəbərlər

Asif Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını həyata keçirdi

Ocaq ilsırası ilə 14 Günəş Ayı, 34-ildə (mart, 2012) Asif Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını həyata keçirdi. “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsilə Bayram başladı. “Ata çağırışı”nı Üstün Atalı, “Təbiətdəki Mütləqlə Gündüz Təmasını” Türkel Atalı, “Ataya Günorta Ricası”nı Nurtəkin Atalı söylədi. Günev Atalı əlində 6 ideyanı əks etdirən məşəllərlə Ata ideyalarının mahiyyəti üstə söz dedi.
Sonra Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı və Bayram münasibətilə hamını kutladı: “Ocaq təqvimi ilə 20-ci ildən Bayramlar keçirilməyə başlayıb. 14 ildir ki Bayramlarımız ardıcıl keçirilir. İlk dəfə təbiət qoynunda keçirmişik. Asif Ata ideya vermişdi, məzmunu yazmışdı. Bayramı gerçəkləşdirmək, onu biçimə salmaq çətin idi, lakin biz bunu gerçəkləşdirdik. Doğrudur, indi də elə düşünürük ki, biçimcə tam həllini tapmayıb… Biz ilk dəfə Ceyranbatan gölünün kənarındakı meşə zolağında böyük bir tonqal qaladıq, bayrağımızı qaldırdıq. Söz dedik, Bayram alındı.  Bu günə qədər də davam edirik.
…Əqidəçi olmaq çox çətin məsələdir. Əqidə aşiqlikdir. Əqidə uğrunda ölmürsənsə, əqidəli deyilsən. Gecən-gündüzün əqidəyə bağlı deyilsə, əqidəli deyilsən. Əqidəli insanlar bəşər tarixində barmaq sayda olub. Gərək heç şəstin olmaya, mənəmliyin olmaya, “belində gümüşlü xəncərin olmaya” və verəsən özünü millətə, vətənə,  insana.
Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışı çox mühüm bir məna daşıyır. Nədir bu məna? Bəşəriyyət min illərdir bayramlar keçirir. Qurban bayramları düzənləyir. Min illərdir onun qurban mərasimləri təbiətin şıltağına qarşı Allahdan diləməkdi, məbudlara səcdələr əsasında bayramlar keçirməkdi, Allahlara qurbanlar vermək səviyyəsində bayramlar keçirməkdir. Təbiətdən ruzi-bərəkət istəyirlər qurbanları vasitəsilə. Allahları razı salmaq istəyirlər arzularına uyğun olaraq. Asif Ata bəşər tarixində bəşəriyyətin yaşadığı və yaşatdığı cəfəngiyyata son qoyub insanlaşma hadisəsi ilə. Bütün diqqəti insana yönəltmək. Azərbaycanda Hürufilik olub, təəssüf ki, yaşamayıb, davam etməyib. Əgər Allahlara olan münasibət, bütlərə olan münasibət insana yönəlsə, onda insan səcdəgaha çevrilər. İnsana sevgi və inam verə bilmədi bəşər. Özünü balaca saydı insan. İnsan öz içinə – mahiyyətinə enmədi. Dərk eləmədi özünü, tanımadı. İnsana yarımçıq və nisbi münasibət əsasında dünya tamamilə ahəngsizləşdi və ahəngsizləşməkdə davam edir. İnsan özünü cəmiyyətdən gizləməməlidir. İnsan qorxur cəmiyyətdən. İçindəki balacalığı üzə çıxara bilmir, İçini çıxaran kimi o saat təhqirə, böhtana məruz qalır. Gərək içindən çıxarasan ki, onu ləğv edəsən…

Ata deyir ki, İnsan şəraitdən, mühitdən üstündür və Mütləqləşməyə qadirdir. Biz insanın içindəkinə inanırıq, daxilindəkinə inanırıq. Düşünürük ki, insanın xilası ondadır. Balacalığında insanı öldürmək var. Asif Ata deyir ki, insan göründüyünə bərabər deyil. Onun daxilində Mütləq var, İnsanilik var, ona çatmalıdır. Çatmasa dünya necə var elə qalacaq. Çatsa, dəyişəcək ahəng.

Biz Asif Atanın davamçıları olaraq öz evimizdə mühit yaratmışıq. Hamı balasını biznes məktəbinə qoyur. Biz öz balalarımızı İnam Ocağının məktəbinə qoymuşuq. Biz İnsaniliyi bayram eləyənlər nəsli yetişdiririk. Biz bunun aşiqiyik…”

Günev Atalı Ataya Səcdə ilə sözünə başladı: “İnsanilik Bayramı bəşər tarixində yeni addımdır. Onu xalqa vermək üçün Ocaqçılardan çox ciddi və məsuliyyətli hal tələb olunur. Sən zamana və mühitə sığmayan fikri verirsən xalqa, bəşəriyyətə. Hər yerdə səni xoş qarşılamırlar. Çünki illərlə, əsrlərlə oturuşmuş dünbaxışlara qarşı fikir deyirsən, onları çözürsən və onlardakı çatışmazlıqları deyirsən. İç qurulub bu yöndə – bəndəlik timsalında. Birdən-birə bu quruluşları sökürsən. Xalqa peyğəmbərini verirsən. Çaşqınlıq və etriazlar yaranır. Son dövrlərdə çox səfərlərdə olmuşam, qapılar döymüşəm, söhbətlər eləmişəm. Buna biz “Xalqlaşma” deyirik. Özümüzün içini zənginləşdirdik. Xalqımızın içini zənginləşdirmək gərək. İnamdan danışırsan, hər kəs özünü inamlı sayır. Dünya belə gəlib belə gedəcək deyirlər, onda niyə yaşayırsan?! Vətəndən danışırsan, görürsən ki, içində vətən duyğusu yoxdur. Vətənə sevgi nə deməkdir?! Asif Ata deyirdi ki, Vətən üçün yaşamaq Vətən üçün ölməkdən çox çətindir. Qarabağ savaşında nə qədər şəhidlərimiz getdi. Ölə bildilər bunlar. Amma ömrünü bütünlüklə vətənə həsr edənlər əbədi yaşaya bilirmi?! Xalqımız yadlıqlara alışıb. Xalq xalqlığa yadlaşıb. Nə deyirsən qəbul edirlər. Avropaya apar, gedəcək, amma öz kimliyini özünə göstərəndə özündən hürkür. Öz kimliyini ortaya qoyursan, sən axı insansan, türksən. Məscid tikəndə, sinaqoq, kilsə tikəndə hamı alqışlayır. Nurçuların məktəbinə uşaq aparıb qoymaq üçün can atırlar. Amma öz kimliyini ortaya qoymaq üçün dörd divar, – İnam Evi tikmək üçün illərlə döyüşməli olursan. İtirdiklərini ona vermək, gələcəyini ona göstərmək istəyirsən o dörd divarın içində. Amma səni süngüylə qarşılayırlar.

Gileylənmirik, hər cür döyülməyə, təhqirə dözmüşəm. Amma bircə nəfər demədi ki, bunun yanğısı nə deməkdir?! Geri durmamışam. Asif Ata peyğəmbərliyini xalqa vermək, xalqa çatdırmaq lazımdır. Ata Mütləqə İnamı yaratdı. Mən insanam, İnsanlıq adlı mahiyyətim, mənam var, odur Allahım. Asifçilərdən güclü sevgi və qayğı tələb olunur. Dörd bayramımızın da birincisi İnsanilikdir. İnsan kamil olmasa, xalq kamilləşməyəcək, Şərq özümləşməyəcək, bəşəriyyət bəşərilik halına çatmaycaq. Ona görə də yeganə yol İnsanilik qapısından keçir. İnsan keçməlidir bu yolu. Atamız var olsun!”

Nurtəkin Ataya Səcdə edərək sözünə başladı: “Biz Bayrağımızın üstünə “İnsanlaşın – İnsanlaşdırın yazmışıq!” – bu, həm özümüzə tələb, həm də insanlara çağırışdır. Həyat və ölüm arasında qısa ömür yaşayan insan Mütləqə çatması ilə ölümü ötür. …Öz ömründə insanlığa yetmək olar, lakin bunu öz ömründən kənara çıxarmaq, yaymaq çətindir. “İnsanlaşdırın” tələbi burdan yaranır. …Ata deyir ki, “İnsanın xarici həyatı onun daxili həyatının güzgüsüdür”. Bugünkü dünyanın halı onu göstərir. Əyilməmək dünyanın gedişatına, saymamaq. Çünki saydıqca böyüyür, böyüdükcə əzir. Dünyanın amansızlığına qarşı insanlığımızla, vicdan gücümüzlə, mərhəmətimizlə çıxa bilərik. Ədalətin olmasını kitablarda deyil, ömrümüzdə göstərə bilərik. O zaman səslər ucalacaq dünyadan. “Mənim fəlakətimi gör” deyə yox, “mənə etdiyin zülmdə yox olduğunu gör” deyə. Ədalətin səsi, həqiqətin səsi ömürlərdən yüksələcək, birləşəcək, insanlığın gücünü yaradacaq…”

Abil Ulusoy bayram münasibətilə hər kəsi kutladı: “Çıxışları diqqətlə dinlədim. “İnsanilik” Bayramının bu cür qeyd olunması insanlıq üçün hələlik bir avans kimi qəbul oluna bilər. İnsan hadisəni qeyd edəndə həmin hadisənin baş tutmasını qeyd edir əslində. Hələlik həmin hadisənin baş tutacağına gedilən bir yoldur. Və insan insanlaşanda, insanlaşdıranda baş tutan hadisə qeyd olunur. Bəşər tarixində yarandığı ilkin dövrlərdən –  ibtidai dövrdən başlamış daxilində gəzdirdiyi insani keyfiyyətlər həmişə olub. Sadəcə o insani keyfiyyətlərin üzə çıxarılması çox böyük zaman istəyibdi. Məncə, məsələyə ayrımçılıq baxımından yanaşmasaq, deyə bilərəm ki, türk millətinin “İnsanilik” Bayramını qeyd eləməyə daha çox haqqı çatır. Bəşərə verdiyimiz ilk peyğəmbər Zərdüşt əslində insan uğrunda mübarizə edirdi. Onun təlimindəki xeyirlə şərin mübarizəsi sonda insanlaşmaya gətirib çıxarırdı. İnsanlaşmanın nəticəsi olaraq bayram hadisəsinə çevrilə bilərdi. İnsan daxilində döyüşürdü, təmizlənirdi və işığa çatırdı. Və təmizlənən insan başqalarının qaranlıq həyatına da işıq saçırdı. Əslində İnsaniliyə ilk çağırış idi Zərdüştçülük. Bizim söykənə bildiyimiz digər zirvələr İnsanlıq üçün, insana məxsus olan keyfiyyət üçün vuruşurdu. Bu gün həm də faciəli gündür – Böyük Babəkin qətl günüdür. O qəhrəman Azərbaycanı torpaq kimi qorumurdu, insani keyfiyyətlərin azadlığı üçün döyüşürdü. Bütün dövrlərin məhəbbət şairi Füzuli də insanilik  misraları yaratdı və insanilik tarixində qaldı. Dədəmiz Qorqud ağsaqqallığa çağırırdı, insanlığa, təmizlənməyə, ülviyyətə çağırırdı. Bu gün məsələ qaldırılıb ki, gender bərabərliyi olsun. Həmin dövrdə qadına azadlıq da verilmişdi. Qadın ən yüksək mahiyyətinə yetmişdi – ana, yar, yoldaş, dost, insan idi. Hərəmxana yaratmırdılar. Ərəb gələndə hərəmxana gətirdi, bu isə qadınlığın ölümü, insanlığın ölümü idi. Sazı sinəmizə sıxırdıq, insan göyləşirdi. Təbiətlə doğmalaşırdı, insana məxsus olan keyfiyyətləri ifadə edirdi. Nəimi də insanlıq fəlsəfəsi verdi. İnsanda Ənəlhəqlik vardı, sığmırdı özünə. Nəimi fəlsəfəsinin şairi Nəsimi də İnsana səcdəyə çağırırdı: “Hər kim etməsə insana səcdə, ol məndə şeytan gələr, şeytan gedər”. Muğamla insanı böyüdürdülər, təmizləyirdilər. Kimliyindən asılı olmayaraq, kim dinləyirsə muğamı katarsis prosesi gedirdi. İnsan Allahlaşırdı. Bunların hamısı Azərbaycanda yarandı. Mənim üçün İnsanlıq Bayramının mahiyyətində Şərqi mahiyyət var. Asif Ata adlı bir peyğəmbər bütün bunları analiz edərək sonda bir zirvə harayı çəkdi: “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”

Türkel tarda “Mənsuriyyə” çalır.

Ulusəs Atalı Bayram münasibətilə kutlamadan sonra Babəklə bağlı düşüncələrini dilə gətirdi. “Babək – Azadlıq Peyğəmbəridir!” adlı yazısı haqqında bilgi verdi. Sonra İnsaniliyin bayram olunmasının bəşər tarixində yeni hadisə olduğunu vurğuladı: “İnsan əslində kamil olmalıdır. Bu, insanlığın tələbidir. Cəmiyyət isə Kamillərə gülür, onu daşa basır, tonqalda yandırır, dərisini soyur, şaqqalayır. Dünyanın gözəlliyini yaradanlar da, qoruyanlar da məhz şaqqalananlar, dərisi soyulanlar, tonqallarda yandırılanlardır. Dünya bu insanların sayəsində dağılmır, Dünya heç vaxt dağılmayacaq – çünki bu cür insanlar həmişə olacaq.

…Biz Ocaq olaraq insanın təfəkküründə inqilab etmək niyyətindəyik – İnsana, İnsanlığa inam meyarı ilə. Bu, Bəşər tarixində yeni addımdır. Ata fikri: “Həyat dəyişir, bu səbəbdən də düşüncə dəyişir – deyirlər. Düşüncənin həyatı dəyişdirdiyini bilmirlər. Düşüncə həyatı dəyişir və həyatı dəyişdikcə özü də dəyişir – demək lazım”.

…Kamillikdə inkişaf qurtarmır, başlayır. Burada insan bütövlük üstə inkişaf edir. Bütöv inkişaf edir. Biz Ocaq olaraq, İnsaniliyi Bayram eləməklə insanın bu bütövlük üstə inkişafını təmin edirik və bununla Bəşər tarixinə yeni səhifə yazırıq”.

Ağşın Ağkəmərli bayram kutlamasından sonra dedi ki: “Mənsur Həllac deyirdi ki, hər cümlədə, hər başlanğıc nöqtədə mən dururam. Asif Ata bizim tariximizə, taleyimizə düşən böyük bir hadisədir. Eyni halda bizi özümüzə, kimliyimizə qaytaran yeganə qurtuluş yoludur. Tarixdə bu günü biz həsrətlə axtarırıq. Nəsimini axtarırıq. Fəzlullahı axtarırıq, Babəki həvəslə, sevinclə öyrənirik, təəssüf ki, onun da mislində, bərabərində örnəyimiz yoxdur. Asif Atada o fikir, o ideya bizi özümüzə qaytarmaqla bərabər türk kimliyini, türk varlığını qurtarmaqda, üstəlik bəşəriyyəti qurtarmaqda böyük bir hadisədir. Məncə, bu tarixi boşluğumuzu Tarix boyu götürə bilmədiyimiz, addım ata bilmədiyimiz uzun illər, dolu bir addımı Asif Atanın kimliyində və onun fəlsəfi və ictimai fikrində atırıq. Və belə bir ümidlə özümüzü görmək, özümüzə qayıtmaq gərək! Mütləqə İnamdaböyük addımlar irəli sürülür”.

Sabir Yanardağ Ata ilə ilk görüş çağlarından danışdı. Ata ilə münasibətlərinin yaxınlığını  vurğuladı. Bayramda iştirakdan fərəh aldığını söylədi. Bayram münasibətilə gələnləri kutladı.

Nəsibə xanım bayram münasibətilə hamını kutladı. O, bu gündə həm də öz tanışlarını təbrik etdiyini söylədi. Xalqlaşma fərəhini bölüşdü.

Əjdər bəy bayrama dəvət edildiyinə görə təşəkkürünü bildirdi. Bu gün Babəkin qətl günü olduğunu və “İnsanilik” Bayramının da bu günə təsadüf etdiyini – yəni Azadlığın qələbəsi gününə təsadüf etməsini bildirdi: “Mən ilahiləşdirməyi sevmirəm. Müqəddəs anlayışlar mənə görə individualdır. Amma Babək mənə görə individual şəxs deyil. O mənə görə ümumi bir məsələdir, dünya üçün nümunəvi şəxsdir. Azadlıq eşqi yaratdığı üçün ideallaşıb. Qəhrəmanlıq anlayışları millətlərə görə fərqlidir. Məsələn, ingilislər üçün fərqlidir, ruslar üçün fərqlidir. Pyotr öz qadınını Prut savaşında mühasirəyə düşəndə Osmanlı paşasının yanına göndərməklə indiki Rusiyanı qurdu. Amma türk tarixində belə hadisə yoxdur. Azadlıq anlayışı bizdə fərqlidir. Qəhrəmanlıq da, insanlıq da bizdə fərqlidir.

… Bizim indi mübarizə tərzimiz dəyişməlidir. Babək üslubu indi yaramasa da, o üsul nədir onu düşünməliyik, Mütləqə İnam bu həqiqəti ödəməlidir.”

Sabir Yanardağ Babəkin bənzərsiz və qüdrətli qəhrəman olmaqdan başqa Xürrəmdin  olmasını, peyğəmbər və böyük alim olmasını vurğuladı.

Tədbirdə iştirak edən başqa qonaqlar – Dilarə xanım, Ziba xanım, Şəhriyar bəy, Ramin bəy  bayramda iştirakdan duyduqları məmnunluğu dilə gətirdilər.

“İnsanilik Şərqisi”ni Soylu Atalı oxudu, sonda “İnsanilik Bayramı üstə  Mütləqlə Təması” Günev Atalı dedi.

 Ocaq Yükümlüsü Atanın hökmünü çatdırdı: “İnsanlaşın – İnsanlaşdırın!” Hamı “İnsana and olsun, İnsaniliyə xidmət edəcəyəm” dedi.

Bayram çay süfrəsi ətrafında doğmalaşmaqla davam elədi.

Günəş Ayı, 34-il. Atakənd (İnam Evi).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir