Xəbərlər

Asif Atanın Mütləqə İnam Ocağının “Bəşərilik” Bayramı

Tədbirdən görüntü

Mütləqimiz, Müqəddəsimiz, Ulu Peyğəmbərimiz Asif Ataya – İnam Ataya Ali Səcdəylə!

12 Sərt Ay, 32-ci il (dekabr, 2010) tarixdə Asif Atanın Mütləqə İnam Ocağı özünün “Bəşərilik” Bayramını həyata keçirdi. Hamı ayaq üstə Bayrağı qarşıladı və rəmzi məşəllər yandırıldı. Məşəllər altında tədbirin məzmununa yönəlik fikir səsləndi. Üstün Atalı “Amal məqamıdır” harayını bəyan etdikdən sonra “Təbiətdəki Mütləqlə Gündüz Təması” və “Ataya Günorta Ricası” deyildi. Məşəllər Odadan çıxarıldıqdan sonra Ocaq Yükümlüsü Soylu Atalı Bayrama açılış sözü söylədi: “Bu gün Müqəddəs gündür – “Bəşərilik” Bayramı keçiririk. Mən Bayramda söz deməzdən öncə Ataya səcdə qılıram və Bayrağımızı öpürəm. Qeyd edim ki, Ocağımızın müxtəlif səpkidə tədbirləri həyata keçirilir. Bayram tədbirləri onlardan biridir. Biz Ocaq olaraq yaratdığımız İnam halı ilə yaşayırıq. Bu hal xəlqi, bəşəri mahiyyətə bağlıdır. Biz yaratdığımız və yaşadığımız halı sizinlə bölüşmək üçün burdayıq. Çağdaş dünya din, siyasət və dövlət məsələlərinə münasibət baxımından rəqabət mühitinə çevrilib. Belə bir mühit bəşəriyyəti öz mahiyyətinə qarşı yaşamağa vadar edir. Bəşəriyyəti özündən ayıran əməllər Şər əməlidir. Təəssüf ki, böyük mənada şər əməllər cavabsız qalır. Heç kim özünü şərə qarşı qoymaq istəmir. Çünki şər dünyanın nizamına, ahənginə qarışıb. Çünki şərə qarşı getmək özünü dünyaya qarşı qoymaqdır. Özünü dünyaya qarşı qoymağa ruhani güc lazımdır. Asif Ata özündə bu gücü yaratdı və dünyaya qarşı durdu. Bu duruş həm Qədimlikdən gələn ruhani ənənələrə söykənir, həm də Asif Atanın özünün yaratdığı Mütləqə İnam Dünyabaxışına dayanır… Biz əslində Peyğəmbər İşini həyata keçiririk, Peyğəmbər Yolunu gedirik. Peyğəmbərin amacı dünyada böyük dəyişikliklərin həyata keçməsini yetirməkdir – İnsani yön yaratmaqdır. Eyni zamanda milli varolmaya zəmin hazırlamaqdır… Biz bəşər halını xalqların öz ülvi, müqəddəs dəyərləri ilə bir araya gəlməsi kimi təsəvvür edirik. Mütləqə İnam Ocağının öz bəşər obrazı var – İnam Bəşəri. Biz ona xidmət edirik…”

Tədbirdən görüntü

Bundan sonra Ulusəs Atalı “Millilik – Bəşəriyyətin kamillik həqiqətidir” mövzusunda fikirlərini bildirdi: “Həyatda, xalqda, dünyada ali, ülvi nə varsa bəşəridir. Buna görə də bəşəriliyi bayram eləmək bizim insani haqqımızdır. İnsanın qayğılarından, kədərindən tutmuş peyğəmbərlərin əməllərinə qədər hər şey bəşəridir. Asif Atanın yaratdığı Dünyabaxış əslində bir xalqın bəşər səviyyəsinə yüksəlməsinin, eləcə də bəşəriliyin bir xalqda ruhani imkanları ilə təcəlla tapmasının göstəricisidir…”

Daha sonra Türkel Atalı “Bəşərilik – xalqların ruhaniyyat əsasında yaşamasıdır” mövzusunda düşündüklərini dilə gətirdi. O, Atadan oxuduqlarını özünəməxsus izah eləməklə bayram təbriklərinə qoşuldu.

Göylü Atalı Bayram mövzusunu əməli faktlarla izah elədi. Habelə Ocağa gəlişi ilə bayramların həyata keçirilməsinin eyni vaxta düşməsini əlaqələndirərək fikirlərini söylədi: “Ürəyinizdə Günəş olsun! Hər birinizi Bayrama qatılmağınız münasibətiylə uğurlayıram və bayramlı gününüz, bayramlı ömrünüz mübarək olsun deyirəm. İlk öncə mən sizə Ocaq bayramlarının keçdiyi yol haqqında qısaca demək istəyirəm. Ocaq bayramları mənim Ocağa gəlişimlə eyni vaxtda başlayıb. Asif Atanın hələ nəzəri şəkildə olan Bayram ideyasını Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı işləyib biçimə saldı və həyata keçirdi. O vaxtdan indiyə qədər Bayram tədbirləri keçiririk. Mən hələ Ocağın Təməl İdeyalarını düz-əməlli eşitməmişdim. Eyni halda nəyin uğrunda mübarizə getdiyinin və mənim kimə, nəyə qoşulduğumun o qədər də fərqində deyildim. Ocağın çeşidli tədbirləri həyata keçirilirdi. Buna görə də Ocaqçılar çox sıx şəkildə ünsiyyətdə olurdular. Doğrusu, ömrünü bu işə tam kökləmədən Ocaq işlərinin ardıcıllığında iştirak eləmək elə də asan deyil. Bəlkə də Ocağa üz tutan çoxları buna görə tab gətirməmiş və qırağa çəkilmişdir. Bəli, bir ömrü həm Ocağa vermək, həm də həyatın əhatəli işlərinə həsr eləmək çətindir. Amma adam İdealı tanıdıqca, Ocağın uzaq hədəflərini anladıqca onun üçün həyatda mövqe tutmaq aradan gedir. Və bütünlüklə Amala bağlanır. Bu hal illərin zəhməti hesabına formalaşır. Biz bunu yaşadıq…”

Tədbirdən görüntü

Bundan sonra Ocağımızın dostu Ağşın Ağkəmərli Ocaq ideyalarının təkcə yurdumuza deyil, bütövlükdə bəşəriyyətə gərəkliyindən bəhs etdi. Milli Qurtuluş Partiyasının Başkanı Vüqar Bəyturan Ocağı milli dəyərlərin qurucusu və qoruyucusu kimi qəbul elədiyini söylədi və bu dəyərlərdə bəşəri məzmunun yüksək səviyyədə yaşadığını vurğuladı. Yazıçı Rafiq Tağı bayram münasibətiylə təbrikə qoşuldu və bəzi təkliflərini dilə gətirdi. Ocaq ideyalarının genişlənməsi və inkişaf eləməsi üçün aktiv mexanizmin işlənib hazırlanmasını arzuladı. “Biz öz içimizə də tənqidi yanaşmalıyıq ki, işimizdə uğurlar əldə eləyə bilək”, – deyə fikrini əsaslandırdı. Digər iştirakçılar da Bayram təbrikinə qoşuldular. Şair Ayaz Şıxalıoğlu və şairə Əzizə Ağahüseynqızı bayram üstə təbrik sözü söylədikdən sonra bəşəri duyğuların ifadəsi kimi şeirlərini söylədilər. Bayramın gedişi sazçı xanım Qızqayıtın ifası ilə müşayiət olundu. Sonra “Bəşərilik” Şərqisi dinlənildi və “Bayram üstə Mütləqlə Təmas” izaharı ilə tədbirin mərasim hissəsi başa çatdı. İştirakçılara Atanın görüntülərini əks etdirən disqlər, “Ruhani Evladlıq” Özəl Buraxılışı və digər ədəbiyyatlar hədiyyə olundu.

Sonda bayram süfrəsi təşkil olundu və Ocaq Yükümlüsü Soylu Atalı müxtəlif suallara cavablar verdi. Eləcə də ayrı-ayrı ideyalarımıza yönəlik mülahizələr sərgiləndi.

Atamız var olsun!

Göylü Atalı
12 Sərt Ay, 32- il. Atakənd (dekabr, 2010).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir