Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız!
Asif Atanın “Qutsal Onluğu”ndan “Özüllər Özülü” Bitiqi (kitabı) də çapdan çıxdı.
Artıq bu və bundan öncə çap olunmuş Bitiqləri Kitab evlərindən və satış məntəqələrindən əldə eləmək mümkündür.
Kitabla ilkin tanışlıq üçün burada Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının ön sözünü təqdim edirik.
Mütləqə İnam Ocağı
Varlıq Özüldə dərk olunur
Ön söz kitabı təqdim etmək üçündür, yəni onun içində yazılanları anlatmaqdır. Bu səbəbdən də çox məsuliyyətli işdir. Əslində kitaba ön sözü onu öyrənmiş və anlamış adam yazmalıdır. Biz də Asif Atanı öyrənmişik deyə, cəsarət tapıb Onun Qutsal (Müqəddəs) kitablarını təqdim etməyə, daha doğrusu, anlatmağa çalışırıq.
Biz kitab sözünün yerinə “Bitiq” sözünü işlədirik, təbii ki, Asif Atanın “Onluq”unu nəzərdə tuturuq. Bu yazıda da “Onluq”dan biri – “Özüllər Özülü” Bitiqi haqqında bəhs edirik. Bu Bitiq Asif Atanın 45 kitabından üçünü özündə birləşdirir: – “Əxlaq”, “Ruhaniyyat” və “Mahiyyət”…
“İnsan Əxlaqda Mütləq Xeyirə yüksəlir. Təbiət özündə Xeyiri və Şəri yaşadır, Mütləq Xeyirə çatmır. Bu baxımdan Əxlaq Təbiətdən fərqlidir” (Asif Ata. “Əxlaq” kitabından).
Təbiət daim mövcud olmaq istəyir. Onun olmaması, olmayacağı anlamı yoxdur. Təbiət mövcudluğunda hərəkətdədir, daim dəyişir, yenilənir. Təbiətin bütöv daşlaşması, buzlaşması mümkün deyil. Başqa sözlə, buzlaşma, daşlaşma əbədi deyil. Təbiət dağında, daşında belə, hərəkətsiz deyildir. O, dağında, daşında dağılır, parçalanır. Yenidən dağlaşır, yenidən daşlaşır.
Təbiət canlı qütbündə daha böyük dəyişikliyə uğrayır, yəni daha çox hərəkətlidir. Bu hərəkət zamanı ikili hallar ortaya çıxır: həm təbiətin mənası əlamətləşir, həm də fəlakətlər, faciələr ortaya çıxır. Təzahür Mənanı ifadə eləyir, ancaq həm də, heç vaxt Mənaya bərabər olmur. Olsaydı, Məna olardı, hadisə olmazdı, başqa sözlə, hadisə yaranmazdı. Deməli, hadisə Mənaya bərabər olmadığı üçün bütünlüklə Xeyir tərkibli olmur, naqis tərkibli də olur. Məna hadisələşəndə əksilir. Əksilən isə Mənaya əks axın da yaradır. Məsələn, daş yarılır, dağ uçur, deyək ki, böyük bir dərəni, bataqlığı doldurur. Sonra yaşıllaşır, mənzərələşir, otlağa çevrilir, qidaya çevrilir, – həyatın davamına təkan verir, bir sözlə, həyat nizamına qoşulur. Ancaq həm də altında qalan canlıların hamısını məhv edir. Başqa bir misal: təbiətdə aslan əzəməti var. Bu əzəmət Mənanın (Mütləqin) hansısa bir ifadəsi kimi nişana gəlir (gözə görünür). Ancaq leş üstünə cumanda qarğa ilə aslan arasında fərq olmur. Bu, həyatın ahəngi kimi qavranılır. Ancaq bu səviyyə insan timsalında çox acınacaqlı və faciəli olur. İnsan da mövcudluğunu qorumaq üçün leşin üstünə cumur. Bu cummada İnsanla aslan, insanla qarğa arasında fərq aradan qalxır. Həm də bu gedişat heç də həyatın ahəngi demək deyil, ahəngsizliyi deməkdir. Çünki nə qarğa, nə də aslan ağıl, zəka mücəssəməsi deyil. İnsan isə ağlı və zəkası olduğuna görə, leş üstünə cummadan da, mövcudluğunu tamam fərqli bir mərhələdə sürdürə bilər.
Dünyanı mənimsəyəndə həyat xaosa çevrilir. Dünyanı idrak və mənəviyyatla tənzimləyəndə isə həyat ali mərhələyə keçir.
Bəşəriyyətin tarixində həyatı adidən aliyə qaldırmaq üçün daim zəhmət çəkən, ağıl işlədən, hünər göstərən şəxsiyyətlər olur. Ancaq həm də həyatı adiləşdirməyə köklənən əməllər də olur. Bu əməllər şəxsiyyət əməllərindən daha çox olsa da, Xeyir tərkibli gedişlər tükənmir. Naqis yönlü, Şər tərkibli əməllər də o vaxt aradan qalxır ki, bu gedişlərlə mübarizə dağınıq və lokal xarakter daşımır. Yəni əsaslı olur. Mübarizənin əsaslı olması isə İnsana dayanır, yəni İnsani səviyyəyə. Bu səviyyəni yetirməyi dinlər öhdələrinə götürdülər. Ancaq az mənada nail oldular. Çünki dinlər yalana ümid yaratdılar. Yalan Şərin dostudur. Yalan varsa, həyatda, münasibətdə Şər də qalır.
Asif Ata həyatı Şərdən xilas etmək üçün İnamı yalandan təmizlədi. Başqa sözlə, Yalansız İnam yaratdı. Bundan sonra insan öz mahiyyətini dərk eləmək və mahiyyətinə bərabər yaşamaq haqqı əldə etdi.
Mahiyyətinə bərabər yaşamaq Əxlaq tələbidir.
Yuxarıda Asif Atanın kitabdan bir fikrini örnək göstərmişdik – Əxlaqla təbiəti fərqləndirən bir fikir. Biz də izah eləməyə çalışırıq ki, təbiət mahiyyətə bərabər olmur, ancaq insan mahiyyətinə bərabər yaşaya bilər. Mütləqilik ölçüsü ilə yanaşanda Əxlaq tələbində bu mümkündür. Əxlaq – Gerçəklik üzərində yüksəlir. Yüksələn həm də yüksəldir. Yəni Əxlaqda üstün olmaq və üstün eləmək imkanı var. Üstünlük odur ki, üstün olduqlarını əksik görmək istəmirsən. Üstünlüyünə qıymırsan, əksiklik əhatəsində Üstünlüyün nisbi duruma düşməsin deyə, gözünün gördüyü, qəlbinin duyduğu nə varsa, üstünlüyə çatdırmaq istəyirsən. Yüksəltmədən üstün olmaq istəyi xudbinliyə yarayır, mənəviliyə yaramır.
Əxlaq – qutsal davranma yoludur. Bu yolda Adamın bioloji təbiətində yaşayan xəbislik, xudpəsəndlik, cahillik və i.a. yaramazlıqlar yeriyə bilmir. Yəni Əxlaq – Adamlığın qaranlıqlarını işıqlandırdıqca İnsanilik aşkara çıxır və ömrə hakim olur. Ömürdə Adamlıq qurtarır, İnsan başlayır.
Əxlaq – əsilliyə yönəlik davranış deməkdir. Asif Atanın təlimində bu Davranış – İnam, İdrak, Mənəviyyat və İradə arasında bütünləşir. Yəni Mütləqiliyə uyğun olur. Mütləqiliyə uyğun olan nə varsa, həyatın İnsani ahənginə gərək olur. Əxlaqda həyatın mənası dəyişir. Yəni, özünügizləmə yerinə özündənkeçmə, yaşamaq uğrunda yırtıcı döyüş yerinə ədalət uğrunda insani döyüş bərqərar olur.
Asif Ata deyir ki, “Xeyirə yüksəlməyən – cəmiyyət Şərindən azad ola bilməz”. İnsan Xeyirə çatıbsa, o, heç kəsin içindəki şərə təkan verən davranışda bulunmaz. Başqalarının içindəki Şəri hərəkətə gətirən addım özü şərdir. Şər və Şərə yön verən bir-birindən fərqlənməz…
Bitiqin ikinci kitabı “Ruhaniyyat” adlanır. Bu kitabda Varlığın mücərrəd niyyətlərə bağlanması aradan qalxır və həyatın konkret prinsipləri aydınlaşdırılıb dərk olunur. Bu çağa qədər Ruhaniyyatı İlahiyyat olayı sayıb onu xəyali qüvvələrlə bağlayıblar. Sanki həyatdan sonrakı “həyat” üçün zəmin rolunu oynayır Ruhaniyyat. Səmavi dinlərin təbliğatında məhz bu cür məna edilir. Yəni səmavi dinlərdə Ruhaniyyat həyat məsələsi deyil. Nəinki deyil, hətta dini ruhaniyyatda həyat inkar olunur. Misal üçün dinin təməl prinsiplərindən birinə diqqət yetirək. Dində vurğu edilir ki, bəşər övladının ilk əcdadı olan Adəm və Həvva Rəbbin “cənnət bağındakı buğda ağacına toxunmayın” əmrinə tabe olmamışdılar. Onlar buğda ağacından təam elədikləri üçün ayıb yerləri görünmüş və Rəbbi qəzəblənərək, onları “cənnət məkanı”ndan qovmuşdu…
Bu məntiqi izah eləsək, yuxarıda dediyimizi – “din həyatı inkar edir” fikrimizi təsdiq eləmiş olarıq.
Buğda çörək deməkdir. Çörək isə həyat əlamətidir, mövcudluğu təmin edən nemətdir. Bəs nə üçün buğda yediyinə görə bəşər övladının əcdadı cəzalandırılıbdır? Deməli, burada açıq şəkildə həyata qarşı çıxmaq var. İkinci bir örnək “onların ayıb yerləri göründü” deyimidir. Ayıb yerləri göründü, yəni doğub-törəmə imkanları aşkarlandı. Həyat doğub-törəmə vasitəsiylə mövcud olur. Deməli, ayıb yerlərinin görünməsinə görə, yəni doğub-törəmə imkanlarının aşkarlanmasına görə bəşər övladının əcdadı cəzalandırılır. Bu fikir də həyata qarşıdır. Halbuki “Quran”da o da deyilir ki, “biz onu (Adəmi) palçıqdan (yəni torpaqdan) yaratdıq”. Bəs necə olur, torpaqdan yaranan stimulunu, enerjisini haradan götürməlidir? Təbii ki, torpaqdan…
Başqa bir yerdə bəşər övladına cənnətdə əbədiyaşarlıq, ölməzlik vəd olunur. Deyilir ki, “orda nə isti var, nə soyuq; nə zəhmət var, nə əziyyət. Bütün təamlar hazır şəkildə, qızıl məcməyilərdə qarşınıza gətirilir. Hər şeydən pak olan zövcələrlə ömrünüzü əyləncələrdə keçirəcəksiniz. Bir sözlə, siz orada ancaq kef çəkəcəksiniz”. Biz, insan olaraq, belə yaşamağa tüfeyli həyat deyirik. Bu şirnikdirmələrə də əxlaqsızlıq deyirik. Əməksiz, zəhmətsiz ömür boş pətək kimidir. Bəs atalıq, analıq, qardaşlıq, bacılıq, dostluq, qohumluq bağlantıları necə olacaq?! Axı orada doğub-törəmə yoxdur! Deməli, din bəşər övladını qohumsuz, qardaşsız, atasız, anasız, övladsız… bir həyata çağırır. Yəni mahiyyətsiz bir yaratıq olmağa çağırır. Dində bu yaratığın vətəni, milləti, dünyası olmur. Millət – atadan, anadan, qardaşdan, bacıdan, övladdan… əmələ gəlir. Dinin peyğəmbəri isə deyir ki, hamı mənim ümmətimdir, millət boş şeydir.
Ancaq nədənsə bu “boş şey”in fövqündə ərəb dili, mədəniyyəti, varlığı, təsiri daha da möhkəmlənir. “Bu dünya oyun-oyuncaqdır, heçdir, puçdur, yalnız axirət dünyası həqiqi dünyadır” deməklə antihəyat, antivətən, antimillət niyyətlərini daim möhkəmləndirir.
Ona görə də Asif Atanın fəlsəfəsində deyilir ki, Ruhaniyyat İlahiyyat olayı deyil, o, insanın mənəviyyat əsasında yaşamasının anlamıdır. Ruhaniyyat – insanı dünyadan, həyatdan fərqləndirən yaşam tərzi olsa da, o, dünyanın, həyatın inkarı deyil, təsdiqidir.
Dində insan, həyat, dünya mahiyyətsizləşir. İnamda isə dünyanın, həyatın, insanın mahiyyəti tanınır və dərk olunur. Asif Ata deyir: “İnam – Fərdləşməsə yaşamaz. Fərdləşməyən – Xalqlaşmaz”. Çox böyük ideyadır. Fərddən başlanılmayan başlanılmır. Fərddən başlayan ədalət başqalaşır və başqalarında başlanılır.
Asif Ata fərdiyyətçidir. O, Fərdiyyəti Mənaya tən götürür. Ona görə də İnsanın Özüylədöyüş əsasında Mütləqləşməsinə inanır. Bu İnamdan doğur Onun “İnsanlaşın – İnsanlaşdırın!” çağırışı. İnsanlaşma olmadan Xalq yaranmır. Asif Ata deyir “Xalq – Ruhani Birlikdir”. Ruhaniyyatda təbəqələşmə yoxdur. Xalq – təbəqələşmə aradan qalxanda yaranır. Təbəqələşmə varsa, xalq özündən ayrılmış toplumdur (cəmiyyətdir)…
Burada biz dayanırıq, istəkli oxucu. Bitiqin özünə başlamaq üçün toparlanmağınızı diləyirik. Asif Atanın Bitiqləri yüksək səviyyədə özünütəhsil məktəbidir. Özünə dərs deməyən insan biliksiz bir naşı kimi yaşayır. Özünə dərs demək – özünü kamilləşdirmək üçündür. Özüylə döyüş – ürəyi naqis duyğulardan təmizləyir; özünütəhsil – beyni tüfeyli fikirlərdən təmizləyir; özündənkeçmə – əməllərdəki şər xislətin aradan qalxmasına qulluq edir.
Asif Atada İnsan var olur, Millət var olur, Vətən var olur, Bəşər var olur!
Asif Atanın Yolu – Var olmağın Yoludur!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü