(Kamançanın ifasında Ata “Doğmalarıma” izharını oxuyur, sonda alqışlar).
Xarici gözlə baxanda Azərbaycan balaca görünür. Daxili gözlə baxmaq lazımdır Azərbaycana. Heç bir mənanı xarici gözlə görmək olmaz, Mənanı yalnız daxili gözlə görmək olar. Daxili gözlə baxanda Azərbaycan böyük görünür.Şumer tarixiyik – həmin o Şumer ki, dünya mədəniyyətini, mahiyyətini özündə ilk dəfə yaradıb ifadə elədi. İlk şəhər oldu, ilk Allah ideyası oldu, ilk əlifba oldu, ilk …. oldu….
Xalq var ki, o nə Şərqi ifadə eləyə bilir, nə də Qərbi…
Azərbaycansız Şərq yoxdur, Şumersiz dünya yoxdur. Şumer tarixliyik, ona görə böyüyük.
Zərdüşt tarixliyik, – həmin o Zərdüşt ki, o zaman nə Məhəmməd var idi, nə Din var idi, nə bir Allahlıq var idi, nə Musa var idi, nə İsa var idi. O dövrdə Xeyir və Şərin mahiyyəti haqqında fəlsəfi bir hikmət yaratdı. Yerdəkiylə Göydəki arasında döyüş böyüklüyü yaratdı. Zərdüştün timsalında bəşəriyyət ilk dəfə başa düşdü ki, Xeyirlə Şər arasında döyüş, Qaranlıqla İşıq arasında döyüş əbədidir və bu döyüşdə gec-tez Hürmüzd qələbə çalacaq. Hürmüzdlüyük biz!
Göydə dəhşətli bir qartal var, göydəki qartalın sinəsində nifrət var insanlara. O qartalın adı Əhriməndir – Yerdə ilan kimi sürünən, fəlakətli. Lakin qanada çevrilən Hürmüzd var, Hürmüzd işığı var. Hürmüzd Göyə qalxır, Göydə vuruşur və yenidən Yerə enir. Döyüş gedir, bu döyüşdə, gec-tez, mütləq Hürmüzd qələbə çalacaq.
Dialektika da burdan başlayır, burda Hegel də başlayır. Burda bütün Şərq başlayır, burda bütün Dünyanın işıqlanmaq ideyası başlayır. Zərdüşt bizə deyir ki, İşıqlanın, nurlanın. Bu, xristian erasından öncə, VII əsrdə yaranan böyüklükdü, o zaman nə Platon var idi, nə Aristotel var idi – heç kəs yox idi. O zaman nə fikir var idi böyük mənada, sənin Zərdüştün var idi, sənin Midiyan var idi, tamam, hərtərəfli, bütöv ifadəsi ilə.
Dədə Qorqud mahiyyətliyik. Dədə Qorqudun Ağsaqqallıq mahiyyətilə biz yaşayırıq. O Dədə Qorqud ki, ağsaqqallığı həm sazda deyib, həm ağlında deyib, həm böyüklükdə deyib. İndiki ağsaqqallar kimi olmayıb, indikilər qocalırlar, amma ağsaqqallaşmırlar, müdrikləşmirlər.
Biz belə bir Dədə Qorqudun böyüklüyündən söz açacağıq bu günlərdə.
Ona görə biz böyüyük.
Nəsimi nəslindənik! Həmin o Nəsimi ki, “İnsan Allahdır” ideyasını deyib, heç kəs onu deyə bilməyib, heç kəs o səviyyəyə qalxmayıb. Bütün Şərq fəlsəfəsində, bütün Qərb fəlsəfəsində, öyrənmişəm, bilmişəm, dərs demişəm mən bundan, heç kəs “İnsan Allahdır” deməyib. Onu bizim Azərbaycanlılarımız – Şamaxılı Nəsimi deyib, Bakıda iqamətgahı olan Nəimi deyib. Küçəylə gedəndə, balacalarla, kiçiklərlə, yaltaqlarla rastlaşanda heç vaxt özünüzü itirməyin. Bu küçələrdə iz var – Nəimilərin izi var, Nəsimilərin izi var…
Ona görə biz böyüyük.
Füzuli tariximizdədir. Həmin o Füzuli ki Eşqi din səviyyəsinə qaldırıb. Eşq haqqında çox yazıblar, heç kəsdə Eşq elə din deyil, heç kəsdə Eşq ilahilik deyil, heç kəsdə insan bu qədər böyümür, heç kəsdə sifət, qaş-göz, əl bu qədər ilahiləşmir sənin Füzulindəki kimi.
Ona görə biz böyüyük.
Muğamatımız! Baxı da mən bilirəm, Bethoveni də bilirəm, sevirik də onları, inkar eləmirik. Heç kəsdə Muğamdakı kimi hikmət yoxdur – pillə-pillə insan qalxır. Muğamın bir məqamında, bir anında insan allahlaşır, allaha qarışır, kamilləşir. Pillə-pillə “Bayatı Şiraz”da, “Çahargah”da, “Segah”da addımlayır, bir məqamda Mənsuriyyə başlayır. Orda həm Məna var, həm zəriflik var, həm möhtəşəmlik var, həm mərhəmət var, bunların vəhdəti var. Ona görə biz böyüyük.
Kim deyirsə ki, Azərbaycan xalqı balacadı, o nadandır, onun xarici gözləri var, onun daxili gözü yoxdur. Heç bir xalq bu dərəcədə Şərqi ifadə eləmir. Şərqi ifadə eləmək də, əslində dünyanın ülvi, gözə görünməyən pünhan mahiyyətini ifadə eləməkdir.
Ona görə mənim birinci sözüm budur ki, Azərbaycan sözü gələndə ayağa qalxın! İndi bu saat ayağa qalxın! Azərbaycandan gedir söhbət. (Hamı ayağa qalxır – Soylu Atalı.)
Əyləşin.
Mən “İnam və Şübhə” kitabının müzakirəsinə gəlməmişəm. “İnam və Şübhə” kitabı mənim kölgəmdir, olsa-olsa mənim yazılarımın cüzi bir hissəsidir. Mən bura sizinlə görüşə gəlmişəm. Adamların az olması məni pərt eləmir, mən heç vaxt kəmiyyətçi olmamışam, həmişə keyfiyyətçi olmuşam. Bir nəfər var – min nəfərə bərabərdir, min nəfər var bir nəfərə bərabər deyil. Ona görə siz elə mənə bəssiniz, ona görə söhbət hərtərəfli olacaq, açıq olacaq, yalan olmayacaq. Bugünkü bizim görüşümüzün ikinci adı olacaq antiyalan. Bəsdir, heç olmazsa, bir gün də olsa, yalansız yaşayaq.
Mən “İnam və Şübhə” kitabını… Bir az həyəcanlıyam, bu təbiidir. Belə sözləri elə-belə danışmaq olmaz, belə sözləri elə-belə danışmaq günahdır, ürəkdən gəlməlidir, yana-yana deməlisən, pəltəkləşməlisən. Bu müqəddəs sözlərdir. Bu sözləri balacalandırmışıq ki, onu soyuq danışırıq, günahdır Azərbaycan haqqında soyuq danışmaq.
“İnam və Şübhə” ona görə yazılıb ki, həyatımızda yavaş-yavaş, addımbaaddım, ardıcıl şəkildə ölən, məhvə doğru gedən Şərq ruhu bərqərar olsun. Heç olmasa, müəyyən mənada insaniyyat adlanan ülviyyəti, bəzi ehkamlarda əzbərçi filosofların tutuquşuluğunda öldürülür insaniyyat məsələsi, ön plana çəksin, o bərqərar olsun. Demirəm ki, bir əsərdə bu böyük məqsədləri həyata keçirmək olar, müəyyən mənada nəsə eləmək gərəkdir. Hədsiz dərəcədə yadlaşırıq özümüzə qarşı, balacalaşırıq, təqlidçilik dolubdur həyatımıza, mahiyyəti azalır. Eşq əvəzinə şəhvət, dostluq əvəzinə faydalıq, təmənnalıq, pis mənada Avropanın təqlidi, həyasızlıq, abırsızlıq – qardaş qardaşı sevmir, ata atanı sevmir. Soyuqluq, elə bil ki, onlarda yaşayırıq. Buna qarşı Şərqin o alovlu ehtirasını, eşqini, Məcnunluğunu qoymaq lazımdır. Sevəndə Məcnun kimi sevmək lazımdır. Mütləq deyil ki, elə yalnız sevgilinin (qadının) Məcnunu olasan, vətənin də, dostun da Məcnunu olmaq gərək. Ya hər şey, ya heç nə. Məcnun kimi Yer də, Göy də mənimdir, məndə bütövləşir, bütün dünya məndədir.
Bəli, insan üçün Vətən də belə olmalıdır. Birtərəfli olmalısan böyük mənada çoxtərəfli olmuşuq – bir az yaxşı, bir az pis, bir az gözəl, bir az çirkin, bir az yaltaq, bir az məğrur. Ona görə heç olmuşuq. Bütövlüyə, o Eşqə, o vahidliyə içinin tələbinə – Füzulinin Şəbi-hicranına qayıtmaq lazımdır. Onda biz özümüz olacağıq. Amma elə deyil, bizə deyirlər ki, Məcnun dövrü qurtarıbdır. – Məcnun dövrü zahirən qurtara bilər, Məcnun elə bir əbədiyyətdir ki, qurtara bilməz. Məcnunluq nə deməkdir? – Mən sənin qardaşını, bacını, xalqını o qədər sevirəm ki, sənsiz mənim həyatım bütöv deyil. Əgər bir gün, 10 gün, yüz gün sənsiz yaşayıramsa, onda mən səni sevmirəm. Burda sevginin tam, hərtərəfli, möcüzə səviyyəsində hakimliyi var. Amma indi gəlin görək biz onu eləyirikmi? Kimlərsə eləyir, puldan ötəri, varidatdan ötəri. Hanı bizim mənliyimiz?! Qabiliyyət, biclik, karyera və beləcə həyat sönür, balacalanır, günlər bir-birinə oxşayır, heç bir qeyri-adilik yoxdur. Amma gör Məcnun necə sevir Leylini, hətta Leylinin atasının əsgərlərinə kömək eləyir…
Şübhə o zaman gərək olur ki, İnamı təsdiq eləyir. Bir sözlə, bu kitabın məqsədi ədəbiyyata xidmət eləmək deyil. Bu kitabın məqsədi az-çox xalqa, zamana, insana, yurdumuza xidmət eləməkdi. Hansı yaxşıdı, hansı pisdi, siyahı getdi, bu, Asif müəllimi və fəlsəfi-bədii tənqidi qətiyyən maraqlandırmır. Mənim arzum budur ki, Azərbaycan özümləşsin, Şərqləşsin, elə gözəl həyat quraq ki, insan çox olsun. Adamlar çoxalır, insan azalır.
Birinci söhbətimizi bununla qurtarıram. (Alqışlar səsi – S.A.).
Bir nəfər yerdən: Haqqında danışdığımız “İnam və Şübhə” kitabı barədə bir neçə söz demək istəyirəm. Bu kitabı, insana baxışın yeni bir fəlsəfi konsepsiyası adlandırmaq olar. O, bəşəri ideyaların zirvəsi saydığımız Məcnun nurunun, Xaqani nurunun, Nəsimi inamının, Nizami inamının, həyatiliyin təhlili və təsdiqidir.
Burada mətləbdən uzaqlaşmaya bilmirəm. Kitaba üz tutaq: “Sual oluna bilər: Necə olur ki, bu, fəlsəfi konsepsiya adlanır, mərkəzində isə insan, insana inam durur. Axı vərdiş etdiyimiz fəlsəfi təlimlərdə “istehsalata inam olur, maddiyyata inam olur, cəmiyyətə inam olur, tarixi şəraitə inam olur, obyektiv qanunlara inam olur. İnsanilik və mənəviyyat isə bunalrdan törənən ikinci dərəcəli bir şey rolunu oynayır. Öz növbəmdə soruşuram – bu, insanı alçaltmırmı? “İnsan istehsalçıdır” hökmünü doğrultmurmu, təsdiq etmirmi? Asif müəllim “İnam və Şübhə” kitabında İnsana İnam mahiyyətini göylərə qaldırır, dahi klassiklərimizin bədiiyyatı timsalında onu araşdırır. Eşqdə dahilik zirvəsinə çatmış, ali bir sığmazlığa tapınmış, ömrünün sonuna qədər yanmaq səadətinə çatmış Məcnun yanğınından da ülvi, müqəddəs bir ruh ola bilərmi? Fikir, duyğu hökmdarı olmağı ilə Mənuçöhrdən, Axsitandan üstün olan, söz səlahiyyəti ilə qılınc səlahiyyətini üstələyən, mənəvi gövhəri ilə şah xəzinəsini üstələyən Xaqani inamından da ülvi, müqəddəs bir inam ola bilərmi? Vəcd məqamında məhdudluq, səfillik sərhədlərini qırıb tökən, cahan sığmazlığını, ənəlhəqliyini dərk edən, cəzb olunduqca itən, kiçildikcə böyüyən itdikcə tapılan, ümumən insanlığını, ümumın bəşəriliyini dərk edən Nəsimi inamından da yüksək, ülvi, müqəddəs bir inam ola bilərmi? Gözəlliyilə bütöv bir şairanə konsepsiya yaratmış, bir çox yüzillər üçün Şərq sənətinin inkişafını müəyyənləşdirən, aşiqliyi qeyri-adi mətanət, dözüm, sədaqət, ağıllı ehtiras kimi qiymətləndirən, yerdəki ülviyyəti, məhəbbəti, gözəlliyi, əsilliyi səmavi müqəddəslik səviyyəsinə qaldırmaq müdrikliyinə yüksələn Nizami inamından da ülvi və müqəddəs bir inam ola bilərmir? Yox, olmaz! Ola bilməz.
“İnam və Şübhə” kitabında Şübhə tələbi, Şübhə qüdrəti və Şübhə cəhalətində geniş təhlil verilir. Şübhə nədən doğur – acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən? Naşı İnam İnsanı həqiqətdən uzqlaşdırdıqda şübhə onu həqiqətə yaxınlaşdırırsa, bu, müdrik şübhədir. Əgər naşı İnam İnsanı fiziki cəhətdən kor qoyursa, şübhə isə mənəviyyat korluğuna son qoyursa, insan kor ola-ola dünyanı, insanı görə, mahiyyətə vara bilirsə, bu, müdrik şübhədir, həqiqət axtarışıdır. Əgər o mənada dövr …… ömür sürüb, məişətdə rahatlıq tapırsa, dövründə isə şübhə əzabına, axtarışına qatlaşaraq özünü məişətçi, rahatçı, təhlükədən asanlıqla qaçan əksəriyyətə qarşı qoyursa, bu, müdrik şübhədir. Elmlər aləmində yaşayan, nəticədə ağır xalq dərdi yaşayan kefli İsgəndər də müdrik Şübhə timsalıdır. O, hamının dəlicəsinə, naşıcasına aldanıb inandığı bir “qüdrətə” şübhə etdiyi üçün hamının nifrətini qazanır. İsgəndər müdrik olduğu üçün kefli, yalqız …. faciəvidir. Ancaq həm də möhtəşəmdir. Gördüyümüz kimi, Müdrik Şübhə faciəvi, eyni zamanda əzəmətli səslənir. Çünki Müdrik Şübhə Həqiqətin əkiz qardaşıdır. Müdrik Şübhəylə yanaşı Şübhə cahaləti də olur. Dövrümüzdə İnsan taleyini hiddətli, nifrətli Şər qüvvələrinin iradəsindən asılılığını, bütün sevgilərin keçiciliyini iddia edən, igidliyi, fədakarlığı, eqoizmin pərdələnmiş biçimi sayan pessimizm şübhə cəhaləti var. Ürəksizlikdə, zorakılıqda, hünəri “mədəni dünya”nın qladiator savaşlarında görən Nitşe şübhəsi…”
(Ata söhbəti davam edir- S.A.)
Daha bunu sübut etməyə ehtiyac da yoxdur. Təsəvvür eləyin, dünya o zaman gözəldir ki, müxtəliflik var, çiçəklərin ayrı-ayrı rəngləri, səslərin ayrı-ayrı zərbləri var, səslərin müxtəlifliyi var. Həyat yeknəsəq olanda ölür. O dünyada hamı bir-birinə oxşayır. Ölülərdə fərq yoxdur. Müxtəliflik yaşamaqdı, ona görə qoy çiçəyin birinin rəngi qırmızı olsun, birininki ağ olsun. Qoy çox millətlər olsun. Bunsuz dünya heçdi.
Bütün məsələ ondadır və bu mənim əqidəmdir. Bəs sizin əqidəniz necədir? Bu cəhətdən millətçi sözünün özündə pis şey yoxdur. Əgər bunu biz yaxşı mənada, siyasi məqsəd kimi yox, elə özünü götürsək, millətçilik özü yurdçuluqdur. Lakin millətçi sözünün ikinci mənası o zaman yaranır ki, xalq özünü bütün başqa xalqlara qarşı qoyur, yaxud zəbt eləyir onun bir hissəsini. Heyvancasına. (Alqışlar-S.A.). Sən gedirsən ona çörək almağa, gəlib görəcəksən qapını bağlayıb deyir ki, ev mənimkidi. O zamankı Hitler kimi, Almaniya yaşasın, dünya məhv olsun. Çünki Almaniya elə dünyadı, qoy hamısı onun ayağının altında olsun. Qoy ölsünlər, təki bir xalq böyük olsun. Çünki alman xüsusi xalqdı, alman böyük xalqdı və s. Bu millətçilik murdarlıqdı. Bu, Hitlerizmə gətirib çıxaran şeydi. Amma mənim zənnimcə, ayrı söz tapmaq lazımdır, millətçilik deyil bu. Millətçilikdə pis şey yoxdu. Bu, tamam ayrı şeydi. Ona görə mən sizə məsləhət görürəm ki, yurdçu sözünü qəbul edəsiniz. Öz xalqımı sevirəm – Sabir kimi, Hadi kimi. Onların doğrudan da, millətdən başqa istəkləri yox idi. Millət-millət-millət. Onlar millətçiydilər böyük mənada. Bax, o sözə, gəlin Yurdçu deyək. Sabirə, Hadiyə ki özlərini millətçi hesab edirdilər.
Onlar millətçi sözünü pis mənada hesab eləmirdilər. Azərbaycan xalqının pis mənada millətçilik ənənəsi olmayıb. Bizim heç bir böyüyümüz bir xalqın əleyhinə yarım cümlə deməyib. Nə Sabir, nə Füzuli… tapmazsınız. Əksinə, bizdə millətçiliyə biganəlik var. Əgər biz millətçi olsaydıq, 20-ci illərdə, 18-ci ildə durub deyərdik ki, 26 Bakı Komissarı necə Azərbaycan komissarıdır ki, bunların yalnız 2-si azərbaycanlıdı – Qədirov, bir də Əzizbəyov. Qalan hamısı ermənidir, yəhudidir, bir nəfər də rus var. Biz bunu demirik, çünki biz millətçi deyilik. Biz qul kimi adamlarıq. Əgər biz millətçi olsaydıq, deyərdik ki, necə oldu “NKVD”-nin başçılarından biri daşnak oldu, o, Hüseyn Cavidin başını kəsdi və anasına yazdı ki, mən sənin andını yerinə yetirdim. Hardaydı bizdə millətçilik. Çünki biz qul kimi adamlarıq. Bizdə millətçilik olmayıb. Əgər millətçilik olsaydı neçə ildə biz deyərdik ki, gəlin Cənubi Azərbaycan məsələsini SSRİ ilə İran arasındakı məsələ kimi yox, Azərbaycan xalqının milli fəlakəti kimi qoyaq. Bizi şaqqalayıblar. Eləmirik. Hardadı bizdə millətçilik. Azərbaycan xalqının millətçilik ənənsi yoxdu. (Alqışlar-S.A.)
Sonuncu mənim fikrim, – bundan sonra yalnız sizin sualınıza cavab verəcəm. Bizim görüşümüzün belə qısa olmağı daha yaxşıdı. Çox olanda adiləşərdi. Mən istəyirəm hamımız, Azərbaycanlı olduğumuz üçün, bu son sözümə qulaq asaq, ayaq üstə.
(Hiss olunur ki, zaldakılar ayağa qalxır. Musiqi səsi eşidilir – S.A.)
Zərdüşt nəslindənik. Zərdüşt işığı yanır taleyimizdə, tariximizdə.
Zərdüştümüzə layiq olaq.
Babək nəslindənik. Babək yenilməzliyi yaşayır tariximizdə, taleyimizdə.
Babəkimizə layiq olaq.
Dədə Qorqud nəslindənik. Dədə Qorqud Ağsaqqallığı yaşayır tariximizdə, taleyimizdə.
Dədə Qorqudumuza layiq olaq.
Nəsimi nəslindənik. Nəsimi fədailiyi yaşayır tariximizdə, taleyimizdə.
Nəsimimizə layiq olaq.
Muğam sədalıyıq. Muğam hikməti yaşayır tariximizdə, taleyimizdə.
Muğamımıza layiq olaq.
Füzuli nəslindənik. Füzuli eşqi yaşayır tariximizdə, taleyimizdə.
Füzulimizə layiq olaq.
Saz səsliyik. Saz dəyanəti yaşayır tariximizdə, taleyimizdə.
Sazımıza layiq olaq.
Dünyada ləyaqətdən böyük səadət yoxdur. Sağ olun. (Alqışlar – S.A.).
Bir təklifim var, onunla mən söhbətimin bu hissəsini qurtarıram, bundan sonra söhbətimiz başlayır suallar ətrafında.
Mən belə bir təklif deyim sizə – döyüşçülərə. Sizin hamınızın indi adını qoydum döyüşçülər. Küçədə bir-birinizi görəndə salam verirsiniz. Döyüşçülər, ərəblərin bizə qılıncla, yalanla gətirdikləri “salam əleyküm” əvəzinə ki indi onu hamıya veririk, ürəyimiz iştirak eləmir – itə də, qurda da deyirik, onun əvəzinə gəlin “Ürəyinizdə Günəş olsun!” deyək bir-birimizə. (Alqışlar səsi – S.A.)
“Ürəyində Günəş olsun!” sözünü ürəksiz demək olmaz. Həm də Ürəyinizdə Günəş olanda ən şaxtalı havada belə üşüməzsiniz.
(Yenə alqışlar – S.A.)
İndi suallarınıza cavab verəcəm.
(Suallar Ataya yazılı verilirdi. Əlinə keçən ilk yazı kiminsə şeiri oldu –S.A.)
Çox əla bir şeirdi – oxuyun bunu. Sualdı, həm də şeirdi və cavabı şeirin özündə var.
“Namus, arı olmayan kəs,
Bir kəlməsi qalmayan kəs,
Yerə kölgə salmayan kəs,
Şah olsa da nökər gedər”.
(Ata şeiri bütöv oxuyub, ancaq kasetdən yaxşı eşidilmirdi – S.A.)
Əla (Yerdən alqış səsləri – S.A.). Burda şeirdən artıq ehtiras var. Şeir bəzən forma kimi olur yalnız. Burda içəridən gələn bir kədər var. Avropa, Asiya Şərq təfəkkürü və Qərb təfəkkürü, bunların müqayisəsi. Bu sözləri ona görə dedim ki, müəllif sual yazıb ki, öz fikrinizi izah edə bilərsinizmi? Mən də məmnuniyyətlə dedim, ancaq qısa dedim. Mənim üslubum belədir. Mən qısa danışıram. Mənim yazım da elədi. Orda ki Qərb nöqtə qoyur, orda Şərq həmişə nida qoyur. (Alqış səsləri – S.A.).
Sual: “Asif müəllim, sizdən xahiş edirəm, əgər mümkünsə, Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” fikrinin fəlsəfi… (Ata sualı sonacan oxumur –S.A.).
Məmnuniyyətlə. “Məndə sığar ikən deyil, “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam”dır. Nəsimi ortodoksal islama qarşı vuruşurdu. Nəsimi “Lailahəilləllah”ın əleyhinə idi. Nəsimi də, onun müəllimi Nəimi də, – onun xüsusi əsəri var, “Cavidannamə”. İraqdadı. Onu biz tərcümə eləmirik, gözləyirik avamcasına. Gözəl bir əsərdi. Fars dilində yazıb. O deyir ki, İnsan özü Allahdı. İnsan özü, onun mahiyyəti, nə varsa onda allahlıqdır. Ona görə Laihəilləllah – Allahdan başqa Allah yoxdur – səhvdir.
İki cahan məsələsi. Bu “ikən” məsələsi Bəxtiyar müəllimin səhvidi. Bəxtiyara bilirsiniz ki, millətçilik cəhətdən mənim
hörmətim var. Xüsusilə son vaxtlarda. Ancaq bu şey onun fantaziyasıdır. Burda “ikən” deyil, “iki cahan”dı. Yəni, hər halda islamın ki, o dünya, bu dünya ideyası var və onu guya ki, qəbul edirlər, Nəsimi də deyir mən o qədər böyüyəm ki, sizin qəbul elədiyiniz iki cahanın ikisindən də artığam, Allahdan da. Yəni iki cahanın ikisi də məndə sığır əslində. Yəni burda islamla döyüşür islamın özünün əliylə. Onun üsuluyla. Deyir, lap tutalım ki, o dünya, bu dünya var. Nə olsun? Mən varam və ikisindən də artığam. (Alqış səsi – S.A.).
Sual: Axundovun dini baxışlarına necə baxırsınız?
Cavab: Axundov haqqında mənim fikrim yüksək deyil. (Alqışlayırlar – S.A.). Bu məsələni gəlin saxlayaq, çünki gərək mən bunu xüsusi açam. Sonra bir dəfə də əgər siz məni dəvət eləsəniz, elə Axundovdan başlayaram. Hər halda Axundov Şərqi qəti anlamayıb, nəinki Füzulini, Şərqin heç yanından keçməyib.
Sual:Vəzifə məsələsini mən “qarğa müğənni, bülbül dinləyici” kimi başa düşürəm indiki dövrdə.
Cavab: Mən sizinlə razıyam. Bircə bunu əlavə etmək istəyirəm ki, bu vəzifəpərəstliyin hamısının arxasında yurdpərəstliyin azalması dayanır. Yurdpərəstlik azalanda enerji qalır, düşürlər vəzifə dalınca. Məsəlçün, Sabirin, Hadinin enerjisi hardaydı ki, vəzifə dalınca düşsünlər, doktor olsunlar, akademik olsunlar. Onlar kömək eləməliydilər xalqa, onlar xalqı çıxartmalıydılar. Elə ki, bunlar olmur, daha nə qalır ki?! Yurdsuzluq yaradır vəzifəpərəstliyi və bunda xalqın vaxtı yoxdu ki, özünnən məşğul olsun. Bir az açıq danışaq da. Hardadı bizim o qədər vaxtımız, bu qədər işimiz var, bu qədər dərdimiz var. Amma elə ki, bu olmur, onda enerji qalır, vaxt qalır başqa şeylərə. (Alqışlar – S.A.).
(ardı var)