Ocaq Günsırası ilə 25 Ata Ayı, 42-ci ildə (sentyabr, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ata Günü” Mərasimini keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Günümüz qutlu olsun. “Ata Günü” mərasiminə, genel olaraq bütün mərasimlərə yalnız Ocaqçılar qatılır, söz deyir. Bu gün dostumuz Abil bəy də qatılıb. Burada biz Atanın 85 illiyi ilə bağlı söz deyəcik. Atanın 85 illiyi bizim üçün nə deməkdir, “Ata Günü” özü nə deməkdir, bu yöndə düşüncələrimizi bölüşəcəyik. Bilirsiniz, toplumda yubiley deyə bir gələnək var. Yubiley gələnəyi Ocağımızın istəklərinə, prinsiplərinə uyğun deyil. Çünkü yubileydə insanı ifadə eləmək özünü doğrultmur. Yubiley rəsmi bir toplantıdlr. Rəsmi toplantıda heç vaxt rəsmiyyətə uyğun olmayan həqiqətlər dilə gətirilmir. Məsələn, böyük bir şəxsiyyətin varlığı haqqında söz deyilir, o şəxsiyyətin ömrü, çalışmaları, savaşı rəsmi toplantılarda hardasa ört-basdır edilir. Gəlin baxaq, əgər Asif ataya rəsmi yubiley keçirsək bizdən nə tələb olunar, ya da genel olaraq, yubiley keçirilən tədbirlərdə nə tələb olunur, nəyi danışmaq önərilir? – Neçə kitab yazıb, neçə monoqrafiya yazıb, neçə ödül alıb, haranı bitirib, harda çıxış edib, belə şeylər deyirlər, belə məsələlər vurğulanır.
Baxın, Atanın 85 illiyi ilə bağlı hər hansı bir rəsmi ünvanda tədbir keçirsək, bizə onun haqqında həqiqətləri deməyə imkan verməzlər. Ona görə biz deyirik, yubiley balacalığın ifadəsidir. Yubileydə böyüklük tanınmır, dərk olunmur, bilinmir. Biz də bu açıdan üzümüzü tuturuq toplumumuza, Asif Atanın Günü ilə bağlı həqiqətləri öz bildiyimiz, istədiyimiz şəkildə sərgiləyirik. Asif Ata bizimçün nə deməkdir, onun günü, onun yaşı ilə bağlı keçirilən toplantı nədir?
Asif Ata elə bir zamanda ortaya çıxıb ki, orada insan haqqında, vətən haqqında, millət haqqında düşüncə sərgiləmək mümkün deyildi.
O, dünyanı araşdıranda öz vətənini, yurdunu gözünün önünə aldı, necə eləyək, indiki Azərbaycandan həqiqi Azərbaycan düzəldə bilək. Necə eləyək, Azərbaycanı dünya səviyyəsində ifadə eləyə bilək, onun yerini özümüz üçün bəlirləyə bilək. Asif Ata belə bir çabalarla çalışmağa başladı. Bu zaman o, əslində gəlib başqa bir məsələyə çıxdı: Vətənin, millətin yönünü bəlirləmək üçün insanı dəyişmək gərəkdir. Insanı dəyişməkdən qıraqda hansı çabanı göstərirsən göstər, nə xalqı, nə də vətəni ifadə eləyə bilməyəcəksən. Yarımçıq, nisbi savaş böyük dəyişikliklər yarada bilməyəcək. Yarımçıqlıq ödəmədi Asif Atanın istəklərini. Əgər ödəsəydi, Asif Ata, ən yaxşı halda, indiki siyasilər düzeyində savaş aparardı. “Ata Günü” mərasimində heç kimi aşağılamaq düşüncəm yoxdu, genel olaraq belə bir düşüncəm yoxdu. Asif Ata gedişi dərindən araşdırırdı. Ona görə dedi: “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Ocaqlaşma yolu nədir – insanı dəyişmək. Əgər insanı dəyişə bilməyəcəksənsə, sənin savaşın sadəcə papağı günə yandırmaq kimi olacaq. O zaman sənin savaşın ötəri həvəslər dalğasına çevriləcək, sonuca varmayacaq. Belə bir istəklərlə Asif Ata öz ömrünün yolunu bəlirlədi, savaşa başladı. Bu savaş, Atanın az qala həyatı bahasına başa gəldi.
Asif Ata bu savaşa başlayarkən başa düşdü ki, insanı qurtarmaq, milləti qurtarmaq böyük imtinalar tələb edir. Böyük imtinaları bacaracaqmı bacarmayacaqmı? Böyük imtinaları bacarmaq böyük ideyaları ortalığa gətirməklə sonuclana bilir. Məsələn, bizim çevrəmizdə yubileyi keçirilən, haqqında danışılan insanların heç birinin böyük imtinalarını görmürük. Asif Ata bu boyda imtinalar eləməsəydi, onda Mütləqə İnam dəyər sistemini yarada bilməyəcəkdi. Onda dünyanı dəyişmək, İnsanı dəyişmək istəklərini ortaya qoya bilməyəcəkdi. Ona görə də Asif Ata qarşısına nə çıxardılarsa atladı, heç birində dayanmadı. Mənim hər zaman vurğu elədiyim kimi, nağıllarımızdakı qəhrəmanlarımız kimi yaşadı. Qarşısına nə qədər zəngin qapılar açıldısa, bütün qapılardan yan keçdi, əzabı seçdi. Öz xalqı uğrunda, insanlıq uğrunda əzabı seçdi. Ona görə də Asif Ata oldu. Bizim üçün Asif Atanın “Günü” əslində onun ömrünü bu cür incələyib öyrənmək deməkdir. Məsələn, mən onun 85 illiyini keçirirəm yeni bir düzeydə. Onun 85 illiyini yaxını-qohumu keçirə bilər hamının biri kimi. Hərçəndi heç bu da yoxdu.
Asif Atanın 85 illiyi belə bir vurğuları tələb edir: Mütləqə İnam yaratdı, niyə yaratdı, özü də Mütləqə İnamı yaratmaq odla oynamaq kimi bir şeydi. Sovetlərin içərisində durub Mütləqə İnam yaratmaq, kommunizmin xalqlarla bağlı irəli sürdüyü ideyaları rədd etmək – ölümlə oynamaq idi. Asif Ata Mütləqə İnam dünyabaxışını ona görə yaratdı ki, insanı bununla qurtara bilərəm. Mən İnsana, indikilər kimi, yalançı vədlər verə bilmərəm. Konkret olaraq, ortaya böyük mübarizə əzmi qoymalıyam, onu həyata keçirməliyəm. Asif Ata belə bir ağır yükün altına girdi. Həyatın hər cür eybəcərliyinin üstünə yeridi. O deyirdi, biz istəyirdik şər yuvası SSRİ dağılsın, ancaq onu ləyaqət yıxsın, təəssüf ki, onu ləyaqətsizlik yıxdı. Asif Atanın dediyi baxışdan, Mütləqə İnam sistemindən qıraqda, doğruçu milli düşüncələrdən qıraqda SSRİ yıxıldı, yerində nə yarandı – bataqlıqlar. Ona görə o cür quruluşları, antiinsani gedişləri yıxmaq üçün Asif Ata böyük bir yükün altına girdi. Onu yıxım, yerinə filan şey qoyum. Dini qırağa qoyub insanın özünə inamını, güvənini bərpa eləyim. İnsan özünə inamını bərpa eləməsə, dünyada özünün varlığını dərk eləməsə, onda insan kommunizm quracaq, onda insan məscid qurub orda ağlaşma quracaq. Onda insan öz növündən olanların ayağından dartıb üzü üstə yıxacaq. Onda insan öz növündən olanların boğazını kəsəcək. Buna görə də, belə məsələləri düşünərək, Asif Ata üzərinə ağır yük götürüb imtinalara başladı. Təsəvvür edin, SSRİ-ni yıxdılar, yerinə demokratiya gətirdilər. Demokratiya Asif Ata üçün nə demək oldu? – Asif Atanın ideyası “Ruhani Cəmiyyət” adlanır. “Ruhani cəmiyyət”də insan özünü başqasında tapır, başqasının qədrini bilir, ləyaqətini tanıyır. İnsanın insana inamı bərpa olunur. İnsan şəxsiyyətə çevrilə bilir. “Ruhani cəmiyyət”-in bir adı “Xəlqi Birlik”dir. Xəlqi birlik nə deməkdir – dil birliyi, etiqad birliyi, əxlaq birliyi, idrak birliyi, mənəviyyat birliyi… Ancaq SSRİ-ni yıxanlar xalqların içərisinə demokratiya gətirdilər. Demokratiya bir xalqın içərisində min dənə etiqad tanıyır. Necə etiqad birliyi yarada bilərsən? Balaca ilə böyüyün arasına bərabərlik işarəsi qoyur. Necə sən xəlqi birlik yarada bilərsən?!
Bütün bunların hamısını araşdırdıqca, öyrəndikcə, vurğu elədikcə gəlib bir həqiqətin üzərinə çıxırıq. O həqiqət odur ki, Asif Ata özünü bütövlükdə dünyanın gedişinə qarşı qoyub. Harda eybəcərlik varsa, onu yıxmağa qalxıb. Halbuki bütün eybəcərliklər Asif Atanın üstünə yeriyirdi. Asif Atanın yıxmaq istədikləri Asif Atanın özünü yıxmağa çalışırdı. Görün mübarizə hansı aşamaya, səviyyəyə qalxıb. Görün mübarizə necə baş verib, necə gedib. Bundan daha böyük, daha amansız mübarizə ola bilməz. Belə bir yükün altına girib Asif Ata. Biz Asif Atanın ömrünü bu kontekstdən araşdırıb öyrənirik. Yoxsa biz heç kimin nə qəhrəmanlığına qarşıyıq, nə kiminsə mübarizəsinə. Toplumda hansısa mübarizəyə qarşı deyilik. Söhbət ondan gedir ki, sənin mübarizənin yönü nədir, mübarizən sənin şəxsiyyətini necə bəlirləyir. Mən sənin şəxsiyyətinə güvənə bilərəmmi, sənin mübarizənə güvənə bilərəmmi, sənin arxanca gedib qurtuluşa yetə bilərəmmi?! Bax bu açıdan yanaşırıq biz Asif Atanın ömür yoluna, Asif Atanın 85 illiyinə. Ona görə də mənim bütün düşüncələrim, yazılarım hamısı bilirsiniz, Asif Atanın inamı ilə şəxsiyyətinin birliyini araşdırıb onunla bağlı gücüm çatan düşüncələri ortaya qoymaqdır. Mənim mübarizəm budur. Mən Asif Ata ilə bağlı çox danışa bilərəm. Mənim ömrümün məzmunu budur. Mən Asif Atanı yetərincə tanıyıram, yetərincə dərk edirəm, yetərincə öyrənmişəm. Sadəcə olaraq, onun ömründən bəlli parçaları sizinlə paylaşmaq istədim. Asif Atanın 85 illiyində onun qarşısında ayağa durub səcdə qılıram. Atamızın Günü münasibətilə hər birinizi qutlayıram. Hər birinizə məni dinlədiyiniə görə təşəkkür eləyirəm. Atamız Var olsun! Atamızın bayrağını öpürəm.
(Yazını səsdən sözə çevirəndə Günev Atalının səsini eşitmək mümkün olmadı. G.A.).
Nurtəkin Atalı (Ataya səcdə edir – G.A.): Günümüz qutlu olsun! Ata haqqında söz demək doğrudan da çətindir. Çünkü Ata haqqında söz demək Atanın bütövlükdə İnamı, Ocağı haqqında söz deməkdir.
24 ildir Ocaqdayam. Hardan hara gəldiyimi düşününcə, nə yaxşı Atanı tapdım, Ocağı tapdım deyirəm. Həyatı gördükcə, yörəmi gördükcə, fərqimi anladıqca, ömrümün yiyəsi olduğumu gördükcə Atanı tapdığıma sevinirəm. Mənim ömrüm dəyişdi. Çünkü Ata vardı.
Adam özünü tanıyanda millətini tanıyır. Dünyaya gəlişin səbəbini anlayırsan özünü tanıyanda, millətini tanıyanda. Millət səndən qıraqda baş verən, yaşayan bir varlıq, olay deyil. Sənin özünsən. Onun keçmişini öz keçmişin, ağrılarını öz ağrıların, sevincini öz sevincin, gələcəyini də öz gələcəyin hesab etməlisən. Sən nəsənsə, millətin də odur. Ya da sən nəsənsə, millətin də o olmalıdır. O olması üçün əlindən gələni eləməlisən. Həyatın anlamı budur. Ömrün anlamı budur.
Ata gəncliyində hansı filosofu oxusa da milliləşdiyini vurğulayır. O qədər özü idi ki, həm də milli idi. Milli olduğu üçün milllətinə yaradı, yarayacaq hələ.
Türk öz peyğəmbərini yetirmədi. Türkün fəlakəti budur dedi. Peyğəmbər millətin, bəşərin aparıcısı, onu işıqlı sabaha aparandır. Ata yeni İnam yaradaraq, türk millətini özgələşməkdən, özünə yadlaşmaqdan qurtulmağa çağırdı. Bu yol ömürlərə çevriləcək, ömürdən ömürə keçərək əbədiləşəcək. Ya özümləşməli, ya özgələşib yox olmalı. Bunu düşünməlidir türk milləti. Atanı öyrənməli, öyrətməli, aqibətə çevirməli. Çıxış yolu budur.
Çox inanclar yaranıb, çox inanclar döyüşüb, çox inanclar yarışıb. Dünyanın mənzərəsi göz önündədir. Hər kəs ağalıq hayında, var-dövlət qamarlamaq hayında. İnsan məqsəd deyil, İnsanlıq məqsəd deyil. İnsanlıq ən sonuncudur. İnsan haqları deyə-deyə İnsanı haqsızlaşdırdılar. Sülhməramlı qüvvələr adıyla ölkələri işğal etdilər. İnsan insana qənim kəsilib, ölkələr ölkələri tapdayır, işğal edir. Güclü güzsüzü əzir, talayır. İnsanın əlini tutan olmadı, qaldıran olmadı. İnancların insansızlaşdırdığı bir zamanda yaşayırıq. Özülündə insan duran, İnsanlıq duran Mütləqə İnam dünyabaxışı yaratdı Ata – İnsana gərək olan, millətə gərək olan, bəşərə gərək olan. Zamanın, dövrlərin, ortamın, genlərin yaratdığı qüsurları soydan-soya daşımağın qarşısını kəsir Ata. Yenidən başla deyir İnsana. Yenidən başlan, Özünü qur, yarat. Millətinə yara, Bəşərə yara. Özünə inan, İnsanlığa inan, İnsanlığı yaşat deyir. İnsan olmaq, İnsanlığı yaşatmaq böyük sorumluluqdur. Millətinə yaramaq daha böyük sorumluluqdur. Bəşərə yaramaq daha böyük sorumluluqdur. Bu sorumluluğu anladığımız üçün, yaşadığımız üçün xoşbəxtik. Yaşasın Ata!
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edir – G.A.): Ürəyinizdə Ata Günəşi olsun deyirəm həm amaldaşlarıma, həm də qonaq kimi qoşulanlara. Hər birinizin Ata Günü qutlu olsun! Ata haqqında bəzi düşüncələrimi qeyd etmişəm onu sizinlə paylaşacam.
Yeni İnam yaradıcısı Asif Atanı öyrəndikcə İnamın nə olduğunu, onun bir insan həyatında hansı rol oynadığını daha yaxşı anlayır insan. Ata İnamının əsasında İnsana yüksək qiymət verib onu göylərə qaldırmaq dayanır.
Bu günkü yaşamımızda hər şey gəlişsə də İnsanlıq məhv olub gedir. İnsanların bir-birinə inamı itmiş, hər kəs bir-birinə yadlaşmış durumdadır. Üzlərdə inamsızlıq, ümidsizlik hökm sürür. Heç kim bu həyatda nə üçün yaşadığını anlamır. Bəziləri bu barədə heç düşünmək istəmir. Çoxları isə illərlə şüurunda formalaşmış bəsit inamın etkisi ilə hər şeyin göylərin məsləhət bildiyi biçimə uyğun getdiyi düşüncəsi ilə yaşamağa davam edir. Şüurlar özgəçiliyin əsarəti altına alınmış, düşüncələrə bu dünyanın gərəksiz olduğu yeridilmişdir. Öz dəyərlərindən, milli kimliyindən uzaqlaşdırılmış insanlar bu dünyanı sınaq meydanı sayır, o biri dünyanın varlığına yarıminamla yanaşaraq çaşqın bir ömür sürür. Onların içində Mütləq İnam yoxdur, Dünyaya sevgidən uzaqdırlar. İnsanın hər şeyə qadir olduğunun fərqinə belə varmırlar. Ya da qorxu ilə üstələnmiş yalançı inamın basqısı altında bunu düşünmək belə istəmirlər. Müharibələri, azğınlıqları törədən insan çarəsini əl açıb göydən diləyir. Bəs onların “hər şey Allahdandır” məntiqi ilə bu istəkləri ziddiyyət təşkil etmirmi?
Belə çaşqın bir duruma gətirilmiş İnsana onun öz böyük Mənasını anladaraq, ona qaranlıqdan işığa dogru yol göstərir Asif Ata İnamı. İnsana nə vaxtsa sınıb dağılacaq bir oyuncaq kimi tanıdılan dünyaya doğru münasibət yaradaraq, nikbinliyi, ümidi İnsan ömrünə qaytarır.
Özgəçiliyin əsarəti altına alınmış insan get-gedə öz milli kimliyindən uzaqlaşır. Dünyanın faniliyinə inandırmaq vətənə sevgini də sual altına alır. Az-çox mübarizə hissi ilə yaşayan insan içində mənəvi azadlığının öldürüldüyünün fərqinə varmadan dağınıq halda azadlıq arayır. Özündən başqa, öz milli kimliyindən başqa hara gəldi, necə gəldi üz tutur, heç nə əldə edə bilmir. Çünkü ona qədimliyi, dəyərləri doğru çatdırılmır, milliliyə söykənərək irəliləmək öyrədilmir. Ata İnamının əsasında Milli dəyərlərimizə – Zərdüşt işığına, Dədə Qorqud ağsaqqallığına, Babək inamına, Nəsimi ucalığına, Füzuli aşiqliyinə, Saz, Muğam qüdrətinə söykənib irəliləmək dayanır. Bizə milli kimliyimizi anladaraq hardan gəldiyimizi göstərir, gedəcəyimiz yolu bizim üçün bəlirləyir.
Bu İnamın yaradıcısı öz millətimizdən doğulan Peyğəmbərdir!
Bu peyğəmbərliyin etkisi içdə var olduqca, yaşadıqca böyüdür İnsanı. İşıq salır ömürlərə!
İnsanlığın xilası Ata İnamındadır. Atanın “İnsanlaşın-İnsanlaşdırın! Bəşərin nicatı – İnsanlaşmaqdadır!” çağırışına dayanıb çətin, fərəhli yolda addımlamağı seçdik! Atamız Var olsun!
Yurdtəkin Atalı (Ataya səcdə edir – G.A.): … Çıxış yolu Ali həqiqətdədir. Ali həqiqətin də sifəti birdir. Gərək bu ali həqiqət yoluna düzgün düşəsən. Mən bugünkü partiyalar haqqında düşünürəm. Çoxlu partiyalar yaranır xalqın içində. Hərə bir yandan demokratiya, azadlıq deyir, xalqı düşündüyünü söyləyir. Necə olur ki, onlar bir araya gələ bilmirlər, birinin sözü o birinin boğazından keçmir, bir-biri ilə döyüşürlər. Çünkü bunu sözdə deyirlər, ruhani olaraq yaşamırlar. Mən görürəm, inamın gücü sonsuzdur, hədsizdir.
İnam hansı şəkildə gəlirsə gəlsin, o başlanğıcda hansı xalqı yaradırsa, onun həyatında qabaqcıl rol oynayır. Tarixdən belə bir misal gətirmək olar, ərəblər tayfa halında mövcud idi, hər tayfada hər ailənin öz gücü vardı. Onları birləşdirən bir tək inamları yox idi. Tayfalar arasında elə uyğunsuzluqlar olub, xırda bir misal çəkim, bir tayfa o biri tayfadan qız qaçırardısa, o tayfanın axırıncı adamına qədər öldürərdilər. Axırda bir peyğəmbər gəldi, dinini qoydu ortalığa. İnandıra bildiyini inam gücünə, inandıra bilmədiklərini qılınc gücünə. Həmin inam əsasında ərəb tayfalarını birləşdirdi, dünyaya meydan oxuyan güclü bir millət yaratdı. İslam dini ərəbi xilas elədi, ancaq başqa xalqlara fəlakət gətirdi. Ya da Rusiya məhv olub gedirdi. Lenin kommunizm adlı maddiyyat gətirdi. Ona əsaslanaraq bir ideologiya, bir inam qoydular ortaya. Rusiyanı onun əsasında xilas elədilər. Rusiya dünya miqyasında güclü bir dövlətə çevrildi. Ancaq çox keçmədi, bu da başqa xalqların başında bəlaya çevrildi. Düzdür, başqa xalqlar üçün bir bəlaya çevrilir, ancaq inam sistemi hansı xalqın içində ki yaranır, onu bəlli səviyyədə qoruya bilir. Bu gün hər hansı bir Azərbaycan adamına sual verəndə ki, sən çıxış yolunu nədə görürsən, o həqiqət yolunu düzgün ifadə edə bilirsə, o yola düşə bilirsə, bizim xilasımız ondadır. Düşə bilmirsə, bizi gələcəkdə fəlakətlər gözləyir. Asif Ata bu gün Azərbaycan üçün hava, su qədər gərəkli olan bir İnam yaratdı. Bu təkcə bizim xalqımız üçün yox, bütün bəşər üçün yararlı bir inamdır. Soylu qardaşım bunu çox gözəl şəkildə vurğu edir: “əgər mən bilsəydim ki, bu inamın içində başqa xalqlara qarşı biganəlik var, mən bu İnamı tam qoruya bilməzdim”. Çox doğru yanaşmadır. Bu inam dünyaya ancaq qurtuluş gətirə bilər. Atamız var Olsun!
Soylu Atalı: Mən yenidən Ocağın var olması açısından Ocağın işi ilə, çalışmaları ilə bağlı, Asif Atanın 85 illiyinə yönəlik bir neçə söz demək istəyirəm.
Hər biriniz bilirsiniz, yenidən xatırlatmaq istəyirəm, biz Asif Atanın 85 illiyi qarşısında Asif Ataya hesabat olaraq bir neçə addım atdıq, işlər gördük. Söz yox, Ocaq olaraq Asif Atanın 85 illiyi də olsa, 87 illiyi də olsa, bizə fərq eləməz. Biz Ocaq olaraq daim iş başındayıq, iş başında da olmalıyıq. Bizim ayrıca gün üçün, ayrıca il üçün çalışmalarımızı sıralamağımız doğru olmaz. Bununla belə, istər 85 illik üçün məqsədli olsun, istərsə də Ocaq əməlinin davamı olsun, biz öz işlərimizi görürük, gördük. Son iki-üç ayın içində iki dəfə bölgələrə səfərimiz oldu. Birincidə Göyçaya, ikincidə Cəlilabada, Yardımlıya, Beyləqana, Göyçaya səfər etdik. Bizim səfərimizdən öncə də bu bölgələrdə ayrı-ayrı Ocaq addımları atılıb, ayrı-ayrı Ocaq soraqları verilib. Məsələn, Göyçayda Bilən dayanmır. Harda imkan düşürsə, insanlara Ocaq sorağı çatdırır, insanların baxışlarını Ocağa yönəltməyə çalışır. Ocağa gələndən sonra Göytəkin özünün xanım dostu ilə, anası ilə cəsarət göstərir, söhbət aparır, özünün yolunu, amalını tanıdır.
Bunlar hamısı başlanğıc əməllərdir, davamlı, sistemli aparılmalıdır. Günev Beyləqanda, Amal bağında Məbədi – İnam Evini tamamilə mərasim keçirmə səviyyəsinə qədər işləyib, başa çatdırıb. İçini hazır edib, çölündə də iş aparır. Böyük iş görüb. Bu işi görərkən də, ayrı-ayrı insanlara Ocaq sözü deyib, Ocaq sorağı çatdırıb. Addımlar atır, iş görür. İnam Evinin tikilməsi onun görəcəyi işlərin bir hissəsidir. Elə Günevin çevrəsində ayrı-ayrı gənclərin son günlərdə ona üz tutması, Ocaq ədəbiyyatları götürməsi, maraqlanması elə Məbədin görməli olduğu işin həm başlanğıcıdır, həm də davamıdır.
Cəlilabadda Yurdtəkin qardaşımızın ayrı-ayrı adamlarla apardığı işlər, hələ Bakıya gələrkən burda öz yaxın qohumları içərisində ciddi söhbətlər aparması, Ocağa çağırışlar etməsi, Ocağın ideyalarını anlatması, insanlara açıq şəkildə Asif Ata peyğəmbərliyinin, İnamının mövcudluğunu sərgiləməsi gərəkən işlərdən biridir. Hər yerdə, hər aşamada Atanın dediyi kimi ağac-ağac, hal-hal, fərd-fərd, Ocağın işi yeriyir, addımlar atılır, genel Ocaq quruculuğu işlərinin üzərinə gəlir. Güntayın kimlərləsə apardığı söhbətlər bu yöndədir, Nurtəkinin işləri bu yöndədir. Nurtəkinin Ocaq quruculuğuna birbaşa qatqısı bu işlərdəndir. Göylünün radioda Asif Atanın 85 illiyi ilə bağlı görüş təşkil eləməsi, televiziya ilə bağlı başqa çabalar göstərməsi Ocağın genel işlərinə özgündür. Əlbəttə, bu işlərlə yetərlənmək olmaz, arxayınlaşmaq olmaz, daha böyük işlər görülməlidir.
Sonra bizim çap etdirdiyimiz kitablar Asif Atanın 85 illiyi qarşısında verəcəyimiz hesabatlardan biridir. Dörd kitab çap elədik. Onlardan ikisi Asif Atanın kitabıdır. Dördüncü, Yeddinci Bitiqlərdir. “Görmək İnsaniliyi”, “Yetməli Olduğunuz” adlanırlar. Hər ikisinin də həcmi böyükdür. Hər ikisi də bu gün hər bir Ocaqçının, başqa adamların əlində olmalı, öyrənilməli olan dəyərli kitablardır.
Göytəkinin sual-cavablarla başa gətirdiyi “Qaranlıqdan İşığa” kitabı, kimlərinsə əlində hələ yoxdur, onlara da çatdırarıq. Bu kitab bir gənc xanımın ömür axtarışlarının, Ocaq axtarışlarının, həqiqət axtarışlarının sonucu olaraq yaranıb. Suallar-cavablar əsnasında formalaşan bir kitabdır. Mən ona görə o kitabı dəyərli, gərəkli hesab edirəm. Sonra mənim Asif Atanın yolunu, işini anladan, öyrədən, dəyərləndirən “Söz İşığı” kitabımdır, hər kəsə Ocağı öyrətməyə qadir olan bir kitabdır.
Mənim ayrı-ayrı söhbətlərim, görüşlərim davamlı olaraq var. Ocağın bu gün fiziki olaraq gücü içində gördüyü işlər var, Asif Atanın qarşısında sunulacaq hünərləri, əməlləri var.
Bunlara görə bu gün Asif Atanın 85 illiyi qarşısında, başqa sözlə, Ocağımızın Ata Günü mərasimi qarşısında bu işlər hər bir Ocaqçının üz ağlığıdır. Hər bir amaldaşımın üzü ağ olsun, hər birinin ləyaqəti, qeyrəti təpərli olsun, uğurlu olsun, yaşarı olsun. Doğrudan da, bu çətin günlərdə, yurdumuzda, dünyada baş verən ağır antiinsani gedişlərin arasında, yaşamağın çətin olduğu bir dönəmdə dişlə-dırnaqla Asif Atanın işini, adını, ləyaqətini yaşatmaq, xalqlaşdırmaq hünərdir. Bu hünəri yaratmağın yeganə yolu isə insanın özünü qurması, özünü yaratmasıdır. Özünün idraki səviyyəsini, mənəvi səviyyəsini yetirməsidir. Əgər insanlarımız öz üzərində işləyib, öz şəxsiyyətləri ilə məşğul olmasalar, əlbəttə, bu işlər ötəri həvəs şəklində qırıla, dayana bilər. Ona görə də, hər bir an, hər bir gün Asif Atanın qarşısında özünü görməli, Asif Atanın qarşısında özünə hesabat verməli, Ataya hesabat verməlidir.
Dəfələrlə mən vurğu eləmişəm, hər bir Ocaqçı içində bir Asif Ata obrazı yaratmalı, onun qarşısında hesabat verməlidir. Onunla, yəni içində yaratdığı Asif Ata obrazı ilə, obrazın ömrünə saldığı işıqla öz inkişafını sağlamalıdır. Öz gələcəyini ruhani intibaha yönləndirməlidir. Elə Asif Atanın qarşısında dayanmaq, onun xalqına söz demək, yön vermək, bu cür davamlı doğmalıq mühitinin yaranması, şəxsiyyətlərin özü üzərində işləməsi, böyük ruhani əməllərin həyata keçirilməsi ilə olur. Bu münasibətlə hər birinizi yenidən qutlayıram, hər birinizə başarılar, uğurlar diləyirəm. Hər birinizin gözünüz aydın olsun, hər birinizin Ata Gününüz qutlu olsun. Bununla da bu günkü mərasimimizi başa çatdırırıq. Biz yenidən toparlanmalı, yeni əməllər ortaya gətirməliyik. Hər birimizə bu yöndə mənəvi-ruhani qüdrət diləyirəm. Atamız Var Olsun!
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetir.
Xəzan Ayı, 42-ci il. Göyçay.
(oktyabr, 2020).